Alternative content

02:31 21 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
01:50 21.06.2019 Xanım maestro
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ölkədə həyata keçirilən islahatlar meliorasiya və su təsərrüfatının da dayanıqlı inkişafını təmin edir
Ölkədə həyata keçirilən islahatlar meliorasiya və su təsərrüfatının da dayanıqlı inkişafını təmin edir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:39 04.06.2019


5 iyun ölkə melioratorları üçün əlamətdar gündür. Hər il həmin gün onlar böyük fərəh və sevinc hissi ilə öz peşə bayramlarını qeyd edirlər. Pezident İlham Əliyev meliorasiya və su təsərrüfatının ölkə iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatındakı rolunu nəzərə alaraq Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə olaraq 1996-cı ildə ulu öndər Heydər Əliyev tərəfindən "Meliorasiya və İrriqasiya haqqında” qanunun imzalandığı tarixi - iyunun 5-ni "Meliorator günü” peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixli sərəncam imzalamışdır. Bu sərəncamın imzalanması su təsərrüfatı və meliorasiya işçiləri tərəfindən minnətdarlıqla qarşılanmışdır.

Qədim suvarma əkinçiliyi ölkəsi olan Azərbaycanda kənd təsərrüfatının yüksəlişində, məhsul bolluğunun yaradılmasında, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının həllində mühüm rol oynayan meliorasiya və su təsərrüfatının inkişafı, bu sahədə aparılan islahatlar, böyük quruculuq işləri, geniş meliorasiya potensialının yaradılması və perspektiv proqramların qəbul edilməsi dünya siyasətinin tanınmış lideri, müdrik və uzaqgörən siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yorulmaz fəaliyyəti, gərgin zəhməti və uzaqgörən siyasəti ilə bağlıdır. Ölkənin əsas kənd təsərrüfatı bazası sayılan Kür-Araz düzənliyinin ərazisi quraq və arid zonada yerləşdiyinə görə burada suvarma aparılmadan, meliorasiya və su təsərrüfatını inkişaf etdirmədən kənd təsərrüfatı məhsullarının yetişdirilməsi mümkün deyildir. Bunu böyük uzaqgörənliklə qeyd edən və "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini deyən Heydər Əliyev meliorasiya və su təsərrüfatı sahəsini daim diqqət mərkəzində saxlamış, onun inkişafına xüsusi əhəmiyyət vermişdir.

Azərbaycanda meliorasiya və irriqasiya işləri keçən əsrin əvvəllərində təşəkkül tapsa da, onun genişmiqyaslı, intensiv inkişafı ulu öndər Heydər Əliyevin respublikaya ilk rəhbərlik etdiyi dövrdə baş vermişdir. O vaxtdan etibarən Azərbaycanın kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə iqtisadiyyatın bütün sahələrində xüsusi bir yüksəliş dövrü başlanmışdır. Həmin illər respublikada kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul edilmişdir. Bu qərarlarda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsini təmin etmək məqsədilə kompleks meliorasiya proqramları hazırlanmış və meliorasiya olunmuş torpaqlarda kənd təsərrüfatı istehsalının sabit şəkildə artırılması üçün mühüm tədbirlər işlənib həyata keçirilmişdir. Ulu öndər keçmiş ittifaq rəhbərliyində olduğu illərdə də respublika iqtisadiyyatının, o cümlədən meliorasiya və su təsərrüfatının inkişafını daim diqqət mərkəzində saxlamışdır.

Lakin böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, o, keçmiş ittifaq rəhbərliyindən getdikdən sonra kənd təsərrüfatının, xüsusilə də meliorasiya və su təsərrüfatının inkişafı, demək olar, tamamilə dayandı. Keçmiş respublika rəhbərliyinin səriştəsizliyi və bu sahəyə laqeyd münasibəti nəticəsində meliorasiya və su təsərrüfatı üzrə aparılan işlərin həcmi kəskin surətdə azaldı, kapital qoyuluşu heçə endirildi, sistemlərin istismarına ayrılan büdcə vəsaitinin həcmi xeyli aşağı düşdü. Nəticədə mühüm dövlət əhəmiyyətli obyektlərin saxlanılması, istismarı, təmir-bərpası son dərəcə çətinləşdi.

Belə bir vaxtda 1993-cü ildə Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı meliorasiya və su təsərrüfatı sahəsini məhv olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona dövlətin diqqət və qayğısı bərpa olundu, mövcud meliorasiya potensialından daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Ölkənin bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar aqrar sahə ilə paralel olaraq meliorasiya və su təsərrüfatında da islahatların həyata keçirilməsinə başlanıldı, onların normativ hüquqi bazası yaradıldı. Bu məqsədlə 40-dan artıq normativ hüquqi sənəd hazırlandı. Onlardan ən mühümü 1996-cı ildə imzalanmış "Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunudur. Qanun meliorasiya və irriqasiya sahəsində dövlət idarəçiliyinin əsaslarını, meliorasiya və irriqasiya tədbirlərinin aparılması qaydalarını müəyyən etdi.

Ulu öndərin göstərişlərini əsas tutaraq ölkəmizə qoyulan xarici investisiyalar ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Xarici investisiyaların səmərəliliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qalmış 150 obyektdən ölkə üçün mühüm əhəmiyyət kəsb edən 11-i seçildi və onlardan iqtisadiyyatımız üçün ən vacib olan üç obyektin - Baş Mil-Muğan kollektorunun tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının və Naxçıvan Muxtar Respublikasında Vayxır su anbarının inşasının ilk növbədə maliyyələşdirilməsi qərara alındı.

Ümummilli lider Heydər Əliyevə İslam dünyasının böyük hörmətinin və ehtiramının rəmzi olaraq İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsinə güzəştli kredit və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması sxeminin hazırlanmasına əvəzsiz olaraq vəsait ayırdı. İslam İnkişaf Bankının krediti və respublika büdcəsindən ayrılan vəsait hesabına 1998-ci ildə kollektorun tikintisinin davam etdirilməsinə başlanıldı və 2000-ci ilin noyabr ayında kollektorun 52,7 kilometr uzunluğunda 2-ci buraxılış kompleksinin tikintisi yüksək keyfiyyətlə başa çatdırıldı. Bunlardan əlavə, Heydər Əliyevin yaxından köməyi sayəsində Dünya Bankının krediti ilə 2003-cü ildə Baş Mil-Muğan kollektorunun 28,5 kilometr uzunluğunda 3-cü buraxılış kompleksinin tikintisinə başlanıldı.

Samur-Abşeron suvarma sistemi ölkəmizin şimal bölgəsinin, eləcə də Bakı-Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrini, kənd təsərrüfatı və sənaye müəssisələrini içməli, suvarma və texniki su ilə təmin edən irimiqyaslı kompleks su təsərrüfatı obyektidir. Uzun müddət ərzində suya daim artan ehtiyacı ödəmək məqsədilə Samur-Abşeron magistral kanalı əsaslı təmirə dayanmadan fasiləsiz olaraq istismar olunurdu. Bunun nəticəsində kanalın beton örtüyü dağılıb hissə-hissə sıradan çıxmış, qurğuların bir hissəsi funksiyasını itirmiş, su itkisi artmışdır. Ulu öndərin tapşırığına əsasən bu problemin həlli yolları araşdırıldı və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlərin işlənib həyata keçirilməsi təklif olundu. İslam İnkişaf Bankının texniki yardımı ilə beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmış sxemin birinci mərhələsində Samur çayı üzərində baş sugötürücü qurğunun və Samur-Abşeron kanalının Vəlvələçay çayına qədər olan hissəsinin yenidən qurulması, Xanarx kanalının, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanallarının və Taxtakörpü su anbarının tikintisi nəzərdə tutuldu.

Başqa bir fakt: Vayxır su anbarının inşasına 1983-cü ildə başlanılmış, lakin maliyyə vəsaitinin olmamasına görə tikinti işləri yarımçıq dayandırılmışdı. Heydər Əliyev 2002-ci ildə Naxçıvan Muxtar Respublikasında olarkən onun su anbarının istismara verilməsi barədə göstərişindən sonra dövlət büdcəsindən ayrılmış vəsait hesabına Türkiyənin tikinti şirkətləri tərəfindən bu obyektin tikintisi başa çatdırıldı.

Ümumiyyətlə, həmin illərdə 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 825 min hektar sahədə suvarma sistemləri yenidən qurularaq onların su təminatı artırılmış, 460 min hektar sahədə əsaslı hamarlama və 150 min hektar sahədə əsaslı yuma işləri aparılmış, texniki cəhətdən mükəmməl irriqasiya və meliorasiya sistemləri yaradılmışdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq Prezident İlham Əliyev tərəfindən məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, ictimai-siyasi, sosial-iqtisadi həyatda mütərəqqi dəyişikliklərin edilməsi, onun qətiyyətli addımları, səriştəli idarəçiliyi sayəsində ölkənin dayanıqlı inkişafına nail olunmuş, idarəetmə mexanizmi mütəmadi olaraq təkmilləşdirilmiş, ölkədə təhlükəsizliyin, sabitliyin gücləndirilməsi ilə bağlı vaxtında görülən tədbirlər müstəqilliyimizin daha da möhkəmlənməsini, dövlətimizin qüdrətinin artmasını, xalqımızın əmin-amanlığının və rifah halının yüksəlməsini təmin etmişdir.

İlham Əliyevin rəhbərliyi altında qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının və strateji yol xəritələrinin dəqiq mexanizmlərlə icrası inkişafın dinamizmini artırmış, əhatəsini daha da genişləndirmişdr. Sürətli, yüksək templi bu irəliləyiş dövlətin yürütdüyü daxili və xarici siyasətin düzgünlüyünün düşünülmüş olması və müasir tələblərə cavab verə bilməsi sayəsində mümkün olmuşdur. Təbii ki, qazanılan nailiyyətlərdə ölkə rəhbərinin güclü, prinsipial siyasi iradəsinin, vaxtında düzgün qərarlar qəbul etməsinin, xalqımızın da Prezidentin strateji kursunu dəstəkləməsində ona olan inamının böyük rolu olmuşdur.

Son 15 il ərzində Azərbaycan şərəfli yol keçmiş, ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmış, Azərbaycanın beynəlxalq nüfuzu artmışdır. Bütün bunlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Beynəlxalq reytinqlərdə Azərbaycan qabaqcıl yerlərə layiq görülür.

Meliorasiya və su təsərrüfatı sistemi də ölkə iqtisadiyyatının mühüm və ayrılmaz bir parçası olaraq qazanılmış bu nailiyyətlərdə öz payı olan sahəyə, eyni zamanda başlanılmış genişmiqyaslı islahatların ünvanına çevrilmişdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi və digər sahələrdə müvafiq tədbirlər həyata keçirilmişdir.

Bütün maliyyə mənbələri hesabına 2004-2018-ci illərdə ümumi uzunluğu 4,2 min kilometr olan suvarma kanallarının, 2,8 min km uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidənqurulması və bərpası, 413 min hektar sahədə torpaqların su təminatının və 264 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilmiş, 166 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir. Mövcud torpaq mühafizə bəndlərinin 800 km-dən artıq hissəsi əsaslı surətdə hündürləndirilərək möhkəmləndirilmiş, çaylarda sel və daşqınlara qarşı 187 kilometrdən artıq mühafizə tədbirləri həyata keçirilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2273 subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. Ümumi sutututmu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilmiş, eləcə də ümumi sututumu 15,5 milyon kubmetr olan 3 su anbarı (Pirsaatçay, Zoğalavaçay, Ləvain) təmir-bərpa edilmişdir.

"Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan Xanarx kanalının tikintisi 2006-cı, Samur çayı üzərində yerləşən Baş suqəbuledici qurğunun bərpası, Samur çayı yaxınlığında Baş sudurulducunun tikintisi, Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin və bu hissədə yerləşən, uzunluğu 185,7 km olan təsərrüfatlararası kanalların yenidənqurulması işləri 2007-ci ildə başa çatdırılmışdır. Ölkənin 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan kollektorunun 3-cü hissəsinin tikintisi 2006-cı ildə başa çatdırılaraq Mil-Qarabağ kollektoru ilə birləşdirilmişdir.

Samur-Abşeron kanalının 50-ci km-dən suyun Taxtakörpü su anbarına verilməsi məqsədilə 2008-ci ildə tikintisinə başlanılmış və uzunluğu 32 km olan Vəlvələçay-Taxtakörpü kanalının, ümumi sututumu 268,4 milyon kubmetr olan Taxtakörpü su anbarının (ümumi gücü 25 MVt olan su elektrik stansiyası ilə birlikdə) və uzunluğu 108 km-ə yaxın olan Taxtakörpü-Ceyranbatan kanalının tikintisi işləri 2013-cü ildə başa çatdırılmışdır. Həmçinin 2014-cü il noyabrın 15-də Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilmiş Şəmkirçay su anbarı zonasında 60,5 kilometrlik magistral kanalların tikintisi yekunlaşmışdır. Keçmiş Sovetlər birliyi dövründən tikintisi yarımçıq qalmış Tovuz və Şəmkir rayonlarının 20000 hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və yeni suvarılacaq torpaqların istifadəyə verilməsinə imkan yaradan və ümumi sututumu 20 milyon kb/m olan Tovuzçay su anbarının inşası isə 2016-cı ildə tamamlanmışdır. Ümumiyyətlə, Prezident İlham Əliyev 26 meliorasiya və su təsərrüfatı obyektinin təməlqoyma, işlərin gedişi ilə tanışlıq və açılış mərasimlərində iştirak etmişdir ki, bu da onun sahəyə olan diqqət və qayğısının təzahürüdür.

Dövlət başçısının ölkədə taxılçılığın, pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı, eləcə də aqroparkların və iri təsərrüfatların yaradılması ilə əlaqədar verdiyi tapşırıqların icrası olaraq kollektivimiz meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sahələrin genişləndirilməsi, sel və daşqın sularına qarşı mübarizə və digər istiqamətlərdə 2018-ci ildə də öz uğurlu fəaliyyətini davam etdirmişdir. Bu sırada Prezidentin ölkədə iri taxılçılıq və pambıqçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar müvafiq sərəncamlarının icrası çərçivəsində Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əliləmbəyli kəndlərinin 11648 hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılması üçün 11,52 km uzunluğunda magistral təzyiqli boru kəmərinin, nasos stansiyasının, 31 km uzunluğunda dəmir-beton üzlüklü magistral və paylayıcı kanalların qurğularla birlikdə tikintisi üzrə işlər yerinə yetirilmiş və obyektin tikintisi tamamlanmışdır. Eyni zamanda, Ağcabədi rayonunun 1900 hektar yeni suvarılacaq torpaq sahəsinə suvarma suyunun çatdırılması üçün Yuxarı Mil kanalının davamı olaraq onun 6 km-lik hissəsi qurğularla birlikdə tikilmiş, Sabirabad rayonunun 14319 hektar və Biləsuvar rayonunun 1631 hektar qış otlaq sahəsinə Kür çayından suvarma suyunun çatdırılması üçün 15 km-lik dəmir-beton üzlüklü magistral kanalın, 9,74 km-lik basqılı boru kəmərinin, 14 km-lik açıq kollektorların və 3277 p/m monolit dəmir-beton üzlüklü sutullayıcı kanalın tikintisi işləri yerinə yetirilmişdir. Eləcə də Hacıqabul rayonunun Qarasu kəndinin 2720 hektar yeni suvarılacaq torpaq sahəsinə suvarma suyunun çatdırılması üçün Qarasu magistral kanalının 2,6 km uzunluğunda olan hissəsinin və 26,5 km uzunluğunda paylayıcı kanalların tikintisi tamamlanmış, Qazax rayonunun Qaymaqlı kəndinin 500 hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür.

Bunlardan əlavə, Araz çayının 54,2 km uzunluğunda yeni qol-kanal beton üzlüyə alınmış, əlavə olaraq 13145 hektar olmaqla ümumilikdə 53 min hektar yeni suvarılacaq torpaq sahələrinə suvarma suyu çatdırılmışdır.

2018-ci il oktyabrın 22-də Prezident İlham Əliyevin iştirakı ilə Araz çayının yeni qol-kanalının istifadəyə verilməsinin açılış mərasimi keçirilmişdir. Arazın yeni qolundan torpaq sahələrinə suvarma suyunun verilməsi üçün paylayıcı kanalların tikintisi üzrə birinci mərhələdə İmişli və Biləsuvar rayonlarının 16863 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün 37 km uzunluğunda paylayıcı kanalların qurğularla birlikdə tikintisi aparılmışdır. Neftçala rayonu ərazisində isə uzunluğu 24,9 km olan Neftçala magistral kanalının son 11,4 km hissəsinin hidrotexniki qurğularla birlikdə tikintisinin başa çatdırılması ilə 12433 hektar sahənin su təminatı yaxşılaşdırılmış və bununla da layihə üzrə 20205 hektar (ondan 6805 hektar yeni suvarılan) sahəyə suvarma suyunun çatdırılması təmin edilmişdir.

2018-ci il iyunun 5-də yenə də dövlət başçısının iştirakı ilə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 km-lik hissəsinin açılış mərasimi keçirilmişdir. Kanalın son 14 km-nin 5,5 km-lik hissəsinin tikintisi ilə 11788 hektar (onun 1570 hektarı yeni suvarılacaq sahələrdir) torpaq sahəsinə suvarma suyu çatdırılmışdır.

Şabran rayonu ərazisində 1553 hektar sahədə yaradılmış Aqropark suvarma suyu ilə təmin edilmiş və onun ərazisində meliorativ tədbirlər aparılmışdır. Həmçinin Qax rayonunda yaradılan Aqroparka məxsus 1553 hektar yeni suvarılacaq torpaq sahəsinə suvarma suyunun verilməsi üçün tikinti işləri başa çatdırılmış və 2018-ci il oktyabrın 28-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə "Ulu Aqro” MMC-nin Qax Aqroparkının açılış mərasimi keçirilmişdir. Bu dövrdə habelə Şəki-Oğuz rayonları ərazisində 12300 hektar sahədə yaradılması nəzərdə tutulmuş Aqroparkda salınacaq qoz və badam ağaclarının Türyançay çayından suvarma suyu ilə təmin edilməsi məqsədilə nasos stansiyasının, təzyiqli boru kəmərinin və sututumu 700 min kubmetr olan su anbarının tikintisi işləri davam etdirilmişdir.

Eyni zamanda Xəzər rayonunun Qoşaqışlaq ərazisində 758 hektar yeni torpaq sahələrinə suvarma suyunun çatdırılması üçün 7 km-lik təzyiqli boru kəmərinin və 50 min kubmetrlik basqılı hovuzun beton işləri tamamlanmışdır. Xəzər və Pirallahı rayonlarında yerləşən 1227 hektar torpaq sahələrinə Abşeron Magistral kanalından, Xızı rayonu ərazisində yerləşən 380 hektar torpaq sahəsinə Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi üçün müvafiq tədbirlər başa çatdırılmış, Abşeron magistral kanalının 14,8 km-ə yaxın hissəsinin yenidənqurulması işləri davam etdirilmiş, obyektin tərkibində Mehdiabad və Novxanı qəsəbələrinin 590 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması üzrə layihə sənədləri hazırlanmışdır.

Şirvan düzünə yeni həyat verəcək Yuxarı Şirvan kanalının yenidənqurulması üzrə layihə sənədlərinin hazırlanması işləri də davam etdirilmişdir. Layihə çərçivəsində mövcud suvarılan və suvarılması nəzərdə tutulan yeni sahələrin müəyyənləşdirilməsi üçün Yevlax, Ağdaş, Ağsu, Kürdəmir, Ucar, Göyçay, İsmayıllı, Hacıqabul və Şamaxı rayonları üzrə yer quruluşu, topoqrafiya, geoloji-axtarış və digər işlər yerinə yetirilmiş, kanalın 123 km-lik hissəsinin yenidənqurulmasının layihə-smeta sənədləri hazırlanmışdır. Hazırda aidiyyəti qurumlarla razılaşdırma işləri aparılır.

Kanalın yenidən qurulmasında əsas məqsəd 1958-ci ildə istifadəyə verilmiş və uzun müddət fasiləsiz olaraq istismar olunmuş kanaldan baş verən sızma itkilərinin azaldılması, suvarma suyundan daha səmərəli istifadə olunması, gələcəkdə kənd təsərrüfatı sektoruna xidmət etmək üçün suburaxma qabiliyyəti daha böyük olan yeni magistral kanalın yaradılmasıdır. Buna görə yeni Yuxarı Şirvan kanalı ümumi uzunluğu təxminən 190 km, suburaxma qabiliyyəti saniyədə 180 kubmetr olan beton üzlükdə inşa olunacaq və əlavə sahələri suvarma suyu ilə təmin edəcəkdir. Bundan savayı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı (400 hektar) və Füzuli rayonunun ona bitişik Mirzənağılı kəndlərinin (280 hektar) olmaqla ümumilikdə 680 hektar əkin sahəsinə Araz çayından suyun verilməsi üzrə işlər tamamlanmış və obyekt istismara verilmişdir.

Prezidentin 12 mart 2018-ci il tarixli sərəncamı ilə 38 şəhər və rayonun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 300, 5 noyabr 2018-ci il tarixli sərəncamı ilə Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün əlavə olaraq 35 subartezian quyusunun qazılması işləri tamamlanmışdır. Eyni vaxtda sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə məqsədilə Samur-Abşeron və Xanarx kanallarının Qudyalçay, Qusarçay, Vəlvələçay çayları ilə kəsişmələrindəki qurğularda və Vəlvələçay çayından sugötürücü qurğuda yaranmış qəza vəziyyətinin aradan qaldırılması tədbirləri üzrə tikinti işləri başa çatdırılmış, Göyçay, İsmayıllı, Qəbələ, Oğuz, Ağsu, Şəki, Qax, Zaqatala, Balakən, Qusar, Astara, Lənkəran, Ağcabədi, Qazax və Gədəbəy rayonlarının ərazisindən keçən çaylarda sahilbərkitmə tədbirləri üzrə 4195 p/m mühafizə divarları tikilmişdir.

Dünya Bankının krediti ilə həyata keçirilən "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə” çərçivəsində respublikanın 5 rayonunda (Şabran, Siyəzən, Lerik, Yardımlı və Cəlilabad) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmişdir. Lerik rayonunda işlər yekunlaşmış və Prezident İlham Əliyev 2018-ci il oktyabrın 15-də şəhərin içməli su sisteminin və kanalizasiya şəbəkəsinin əhalinin istifadəsinə verilməsi mərasimində iştirak etmişdir.

Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan "Şabran, Siyəzən və Xızı rayonları ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsi üzrə Şabran rayonunda 4762 hektar yeni suvarılan torpaqlara suvarma suyunun çatdırılması və 7172 hektar sahədə su təminatının yaxşılaşdırılması üçün suvarma və kollektor-drenaj şəbəkəsinin tikintisi işləri aparılmışdır. Şimal çaylarında sugötürən qurğuların və nəqledici kanalların tikintisi obyekti üzrə Quba rayonu ərazisində Qaraçay çayında sugötürücü qurğunun və nəqledici kanalın tikintisi tamamlamış, Samur- Abşeron kanalına əlavə suyun verilməsi ilə yanaşı, Quba rayonunda 6000 hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılmışdır.

2018-ci ildə həyata keçirilmiş yenidənqurma və tikinti tədbirləri hesabına 92284 hektar (ondan 40108 hektar yeni suvarılan) sahədə torpaqlara suvarma suyu çatdırılmış və 8860 hektar sahədə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmışdır. 1392,8 min hektar sahədə isə kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təmin edilməsi üçün mənbələrdən 9000 milyon kubmetr su götürülmüş, suayrıclarından 6300 milyon kubmetr su verilmiş və bitkilər suvarma suyu ilə təmin edilmişdir. Bunun üçün suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 62 milyon kubmetr həcmində lildən təmizləmə işləri görülmüş, 5900 hidrotexniki qurğu, 156 subartezian quyusu, 270 nasos və mühərrik təmir edilmişdir. Həmçinin çay məcralarında 17 milyon kubmetr həcmində məcratəmizləmə, 10 min kubmetr həcmində şax-daş, faşın və qabion bəndlərin quraşdırılması, torpaq mühafizə bəndlərində 6300 min kubmetr həcmində möhkəmləndirilmə, 2800 kubmetr həcmində daş və beton məmulatları ilə sahilbərkitmə və daş-beton bəndlərdə 18 min kubmetr həcmində təmir işləri yerinə yetirilmişdir.

Cari ildə 1393 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılması nəzərdə tutulmuşdur. Mayın 25-nə olan məlumata görə, taxıl bitkiləri 535 min hektar sahədə 1,9 dəfə suvarılmış, 73 min hektar sahədə pambıq bitkisinin arat suvarılması aparılmışdır. Hazırda kənd təsərrüfatı bitkilərinin suvarılması davam edir. Onu da qeyd edək ki, ASC meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi, yenidənqurulması işlərinin davam etdirilməsi üzrə təkliflərini aidiyyəti qurumlara təqdim etmişdir. Bundan əlavə, 41 şəhər və rayonun 254 yaşayış məntəqəsində 8362 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçun cari ildə qazılması nəzərdə tutulan 300 subartezian quyusunun layihə-smeta sənədləri hazırlanmışdır. Artıq 108 quyuda qazma işləri başa çatdırılmış, 28-də bu işlərə başlanılmıdır.

Şəmkir-Samux-Goranboy magistral kanalının ikinci növbəsinin tikintisi də davam etdirilmişdir. Son 8,5 km-lik hissəsinin tikintisi tamamlandıqdan sonra Goranboy rayonunda daha 6796 hektar (onun 5743 hektarı yeni suvarılacaq torpaqlardır) sahəyə suvarma suyu çatdırılacaq. Kanalın üçüncü növbəsinin layihə sənədləri də hazırlanır. Şəmkir-Samux-Goranboy magistral kanalının keçən əsrin 80-ci illərindən tikintisi yarımçıq qalmış Kür çayı üzərindəki mövcud 1-cı və 2-ci pillə nasos stansiyalarının hər birində 3 nasos aqreqatının quraşdırılması və 7315 p/m basqılı boru kəmərinin tikintisi ilə suvarma qabiliyyəti artırılacaq. Bununla da Şəmkir, Samux və Goranboy rayonlarında mövcud suvarılan torpaqların su təminatı yaxşılaşdırılacaqdır.

Cari il həmçinin Xəzər və Pirallahı rayonlarında zeytun və badam bağları salınacaq ərazilərin Abşeron Magistral kanalından suvarma suyu ilə təmin edilməsi üçün tikinti işləri başa çatdırılacaq, Yuxarı Şirvan kanalının yenidən qurulmasının işçi layihə sənədlərinin hazırlanması işləri davam etdiriləcək.

Sabirabad və Salyan rayonlarında isə az məhsuldar qış otlaq sahələrində meliorativ tədbirlər aparılır. Eyni zamanda, "Şabran, Siyəzən və Xızı rayonlarında mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsi çərçivəsində Vəlvələçay-Taxtakörpü kanalında sugötürücü qurğunun tikintisi və "Şabran Aqropark” MMC-nin torpaq sahəsinə əlavə su mənbəyinin yaradılması işlərinin yerinə yetirilməsinə hazırlıq görülür. Eləcə də sel və daşqın təhlükəli çayların zərərli təsirlərinin qarşısının alınması məqsədilə Göyçay, Zaqatala, Balakən, Qax, Oğuz, Qəbələ, Ağsu, Gədəbəy, Astara və Lənkəran rayonlarında sahilmühafizə tədbirlərinin aparılması planlaşdırılıb.

2019-cu ildə kənd təsərrüfatının inkişafına bilavasitə təsir edən iri infrastruktur layihələrində nəzərdə tutulan meliorativ tədbirlərin həyata keçirilməsi sayəsində yeni suvarılacaq torpaqların istifadəyə verilməsi və əkin sahələrinin su təminatının yaxşılaşdırılması nəticəsində ölkədə ixracyönümlü kənd təsərrüfatı məhsullarının inkişafına geniş imkanlar yaradılacaq. Bu sırada Yevlax, Goranboy, Ağcabədi, Füzuli, Oğuz, Şəki, Xaçmaz rayonlarında yaradılması nəzərdə tutulan iri təsərrüfatlara və aqroparklara məxsus 21166 hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün layihə-smeta sənədləri hazırlanmaqla meliorativ tədbirlərin aparılmasına başlanılmışdır. Habelə Qobustan (988 hektar) və Biləsuvar (1980 hektar) rayonlarında yaradılacaq aqroparklara və iri təsərrüfatlara məxsus torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsinin layihə-smeta sənədləri hazırlanır.

Araz çayının yeni qol-kanalından Saatlı, İmişli və Biləsuvar rayonları ərazilərində suvarma suyunun paylanması üçün paylayıcı kanalların, Ağcabədi rayonunun 3800 hektara yaxın torpaq sahələrinə suvarma suyunun verilməsi üçün Yuxarı Mil kanalının tikintisi işləri davam etdirilir.

Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə respublikamızda pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün, sitrus meyvələrinin və digər kənd təsərrüfatı məhsulları istehsalının inkişafı ilə əlaqədar təsdiq edilmiş dövlət proqramları və tədbirlər planlarında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritələrində meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur. Bu tədbirlərin həyata keçirilməsi ilə suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək və ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərinin sel, daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaranacaqdır.

Əhməd ƏHMƏDZADƏ,

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM