04 Iyun 2019 01:21
949
CƏMİYYƏT
A- A+

Şəhid Aqil Omarovun ailəsinə “Şücaətə görə” medalı təqdim edilib


Ermənistan silahlı qüvvələrinin törətdiyi qanlı təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarovun doğulub boya-başa çatdığı Qax rayonunun Lələpaşa kəndində ölümündən sonra layiq görüldüyü "Şücaətə görə” medalının ailəsinə təqdim edilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mərasimdə nazirliyin rəsmiləri, Qax və Xocavənd Rayon İcra hakimiyyətlərinin rəhbərliyi, ziyalılar, hüquq mühafizə orqanlarının, qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi dostları və ailə üzvləri iştirak ediblər.

Respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar təşviqat maşını vasitəsilə şəhidlərin xatirəsinə rekviyem səsləndirilib.

Müdafiə Nazirliyinin əməkdaşı, əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani şəhidin ailəsinə, doğmalarına başsağlığı verərək onlara səbr, dözüm arzulayıb. Qeyd olunub ki, Aqil Omarov 1983-cü ildə anadan olub. Ailənin böyük övladıdır. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunudur. Hərbi xidmətdə, döyüşlərdə fərqləndiyinə, göstərdiyi şəxsi şücaətə görə sağlığında 5 döyüş medalı ilə təltif olunub. Dəfələrlə fəxri fərman və təşəkkürlərə layiq görülüb. Komandirlərin, xidmət yoldaşlarının, eləcə də tabeliyində olan şəxsi heyətin böyük hörmətini qazanıb.

Polkovnik A.Qurbani dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında söylədiyi bir fikri mərasim iştirakçılarının nəzərinə çatdırıb: "Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Azərbaycan əsgəri, zabiti Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır... Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Biz hər an hazır olmalıyıq ki, torpaqlarımızı işğaldan azad edək”.

Şəhidin dəfn mərasimində birlik və həmrəylik, təmkin və qələbəyə inam nümunəsi göstərməklə qaxlılar bir daha Ali Baş Komandanın işğal altında olan torpaqların azad edilməsi naminə hər bir əmrinə hazır olduqlarını təsdiq ediblər.

Aqil kimi peşəkar və bacarıqlı bir hərbçinin həlak olmasını ordumuz üçün ağır itki hesab edən Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev şəhidin atası Akif Omarovu hələ ötən əsrin 90-cı illərinin əvvəllərindən, könüllü olaraq cəbhəyə gəldiyi vaxtlardan tanıdığını diqqətə çatdırıb. Nazir müavini bildirib: "Şəhidimizin atası vətənpərvər insandır. Mən onu qanlı-qadalı döyüş meydanlarından tanıyıram. Könüllü olaraq cəbhəyə gəlmişdi. Hələ onda Aqil orta məktəbi bitirməmişdi. Ağır döyüşlərin nə olduğunu yaxşı bilən Akif Omarov nəinki oğlunun çətin və şərəfli zabitlik yolunu seçməsinə mane olmadı, hətta bu yolda ona xeyir-dua verdi, uğurlar arzuladı. Bir ata kimi ilk övladının uğurları onu çox sevindirərdi və inanıram ki, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda müqəddəs savaş başladıqda şəhid atası Akif Omarov və digər iki oğlu da bizimlə birgə döyüşlərə atılacaq”.

Bütün mərasim iştirakçıları bir ağızdan "Şəhidlər ölməz, Vətən bölünməz!” şüarını səsləndiriblər.

Sonra Azərbaycan Respublikasının Prezidenti adından hərbi qulluqçu Aqil Akif oğlu Omarovun "Şücaətə görə” (ölümündən sonra) medalı ilə təltif olunması haqqında müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri oxunub.

General-leytenant Kərim Vəliyev həmin medalı şəhidin böyük oğlu Uğurun yaxasına sancıb. Atasının əvəzindən generaldan icazə alan Uğurun "Azərbaycan Respublikasına xidmət edirəm!” deməsi mərasim iştirakçılarına duyğulu anlar yaşadıb.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə şəhid ailələrinə, döyüşlərdə sağlamlığını itirənlərə, eləcə də müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə rayon sakinləri adından minnətdarlığını bildirib. İcra başçısı ATƏT-in Minsk qrupu üzvlərinin münaqişəni tənzimləmək məqsədilə Azərbaycana gəldiyi bir vaxtda Ermənistan silahlı qüvvələrinin törətdiyi bu qanlı təxribatın bütün xalqımız kimi, hər bir qaxlını da hiddətləndirdiyini və ermənilərin bu hiyləgər və məkirli əməllərini lənətlədiklərini bildirib.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bütün xocavəndlilərin şəhidin ailəsinə başsağlığını çatdırıb.

Milli Məclisin deputatı Azər Kərimli, şəhidin vaxtilə xidmət etdiyi hərbi birliyin zabiti polkovnik Babək Səmidli və başqaları çıxış edərək Azərbaycan Ordusunun uğur və nailiyyətlərindən, Aprel və Günnüt zəfərlərindən danışıb və istənilən vəzifəni yerinə yetirməyə hər an hazır olduqlarını bəyan ediblər.

Təntənəli mərasimin sonunda şəhidin valideynləri Akif və Ahuzar Omarovlar oğulları ilə fəxr etdiklərini və onun xidmətlərinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyinə görə minnətdarlıqlarını bildiriblər.

Mərasim "Biz gəlirik, Qarabağ!” vətənpərvərlik marşının ifası, şəhidin məzarının ziyarət olunması, ehsan süfrəsinin açılması və dualar oxunması ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video