02 Iyun 2019 01:05
805
İQTİSADİYYAT
A- A+

Azərbaycan qazlaşdırmanın səviyyəsinə görə dünyanın lider ölkələrindəndir


İndi əsas məqsəd qazın keyfiyyətinin yüksəldilməsi, bu sahədə şəffaflığın tam təmin edilməsidir


Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarına uyğun olaraq, ölkədə mavi yanacaq almayan yaşayış məntəqələrinin qazlaşdırılması sahəsində son dövrlər genişmiqyaslı işlər həyata keçirilib. İndi qaz xətləri ucqar dağ kəndlərinə də çatıb. Hətta sovet dönəminin ən inkişaflı illərində qazdan istifadə etmək imkanı olmayan yaşayış məntəqələrindəki evlərdə indi mavi alov şölələnir.

Təkcə onu qeyd etmək kifayətdir ki, bu gün dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən, Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunmuş Lahıc qəsəbəsinin sakinləri də qazdan istifadə edirlər. Bu, son illərdə ölkədə vüsət alan qazlaşdırma sahəsində əldə olunmuş mühüm nailiyyətlərin təzahürüdür. İsmayıllı rayonunun adıçəkilən qəsəbəsindən əlavə bu xətt boyunca yerləşən kəndlərdə də qazlaşdırma həyata keçirilib. Lahıcın mavi yanacaq alması üçün qəsəbəyə qaz borularla 19 kilometr kənardakı qazpaylayıcı məntəqədən gətirilib. Bununla bərabər, keçən il Qaraqaya, Gəndob, Namazgah kəndləri də qazlaşdırılıb. Təkcə Lahıcın daxilində ümumi uzunluğu 39 min metr olan borular çəkilib.

Hazırda çətin relyefə malik ərazilərin qazlaşdırılması "Azəriqaz” İstehsalat Birliyinin qarşısında duran əsas hədəflərdəndir. Ölkədə qazlaşdırılan ucqar dağ kəndləri yüzlərlədir. Məlumdur ki, dağlıq ərazilərdə relyefin xüsusiyyətlərinə, iqlim şəraitinə görə qaz çəkilişi çətinliklə aparılır. Bu, həm texniki cəhətdən çətin işdir, həm də böyük maliyyə vəsaiti tələb edir. Bununla belə qarşıya qoyulan vəzifələr müvəffəqiyyətlə yerinə yetirilir. Xətlər dağlardan, qayalıqlardan keçdiyi üçün hətta bəzən borular iş gedən ərazilərə əllə daşınır.

Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev demişdir: "Bu gün qazlaşdırmanın səviyyəsinə görə Azərbaycan dünyada lider ölkələrdəndir, qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb. Biz ən ucqar dağ kəndlərinə qaz xətləri çəkdik. Halbuki bu, iqtisadi cəhətdən səmərəsizdir. Biz Azərbaycanda qazın mövcud olan aşağı tarifi ilə o xərcləri heç vaxt qarşılaya bilmərik. Onu da bildirməliyəm ki, Azərbaycanda təbii qazın tarifləri dünya miqyasında ən aşağı səviyyələrdən biridir, bəzi qonşu ölkələrdən iki-üç dəfə aşağıdır. Qazın olmaması insanları narahat edən məsələ idi. İndi bizim təqribən 2-3 faiz yaşayış məntəqələrimiz var ki, orada qaz yoxdur. Biz o işləri də görəcəyik”.

Qazlaşdırmanın belə yüksək səviyyədə həyata keçirildiyi ölkələr dünyada tək-təkdir. Belə ki, Prezident İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi islahatlar, o cümlədən yaşayış məntəqələrinin qazla təmin olunmasına göstərdiyi böyük diqqət nəticəsində 2009-2019-cu illər ərzində 2349 qəsəbə və kənddə qazlaşdırma işləri tam başa çatdırılıb.

Qazlaşmanın səviyyəsi 95,7 faizə çatıb. Ölkə üzrə təbii qazla təmin olunan əhali abunəçilərinin sayı 2 milyon 183 mini keçib.

Ötən dövr ərzində ümumilikdə uzunluğu 51915 kilometrdən artıq müxtəlif diametrli daşıyıcı və məhəllə daxili qaz xətti çəkilib, 9742 kilometrə yaxın boru xətti isə əsaslı təmir edilib. Təkcə keçən il ümumi uzunluğu 3 min 193 kilometrə yaxın qaz kəmərləri quraşdırılıb, 526,6 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir olunub.

Uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin, həmçinin indiyədək qazlaşdırılmayan kənd və qəsəbələrin mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər davam edir. Ötən il Azərbaycanın müxtəlif rayonlarında 150 yaşayış məntəqəsi qazla təmin olunub. Bunlar Ağstafa, Bərdə, Zərdab, Tovuz, Quba, Şamaxı, Göyçay, Gədəbəy, Goranboy, Oğuz, Lerik, Yardımlı və bir sıra digər rayonların kənd və qəsəbələridir. Bu yaşayış məntəqələri arasında elələri var ki, ilk dəfə qazdan istifadə etmək imkanı qazanıblar. Neftçala rayonunun Cəngan və Ərəbqardaşbəyli, Qax rayonunun Meşəbaş kəndləri də bu sıradadır. Keçən il, eləcə də Yevlax rayonunun Rüstəmli və Qaraməmmədli kəndlərinə təbii qaz verilib. Rüstəmli və Qaraməmmədli iri kəndlərdir, odur ki, burada ümumilikdə 537 fərdi ev qazlaşdırılıb. Bu sevinci Saatlı rayonunun Mərzili kəndinin sakinləri də yaşayıb. Belə ki, burada 223 fərdi ev qazlaşdırılıb.

Ağdam, Ağcabədi və Sabirabad rayonlarında məcburi köçkünlərin məskunlaşdığı 4 qəsəbə də təbii qazla təmin edilib.

Nazirlər Kabinetinin sözügedən iclasında dövlət başçısı qazlaşdırma sahəsində əldə olunan mühüm nailiyyətləri qeyd etməklə yanaşı mövcud çatışmazlıqlara da toxunmuşdur. Şəhərlərin bəzi yerlərində qazın təzyiqinin aşağı olduğu göstərilmiş, bunun aradan qaldırılması üçün tapşırıqlar verildiyi, əhalinin keyfiyyətli qazla təmin olunması üçün işlər görüldüyü bildirilmişdir. İnsanlara problem yaradan bütün hallara son qoyulması tələb olunmuşdur. Bunlar əsasən sayğaclarla və qazın keyfiyyəti ilə bağlı problemlərdir. Dövlət başçısı "Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır” demişdir.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video