01 Iyun 2019 14:07
1093
İDMAN
A- A+

Atletlər kəndində Olimpiya Günü qeyd olunub


"Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının başlanmasına 50 gün qalması və Olimpiya Günü münasibətilə iyunun 1-də Bakıdakı Atletlər kəndində təntənəli mərasim və idman yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, müasir Olimpiya hərəkatının yaranmasının 125 illik yubileyinə həsr olunan tədbir "Baki 2019” Əməliyyat Komitəsinin və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə təşkil edilib. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə keçirilən yarışa "Olimpiya mədəniyyəti və təhsil” proqramının iştirakçısı olan 500 məktəbli də qatılıb.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Təhsil nazirinin müavini Firudin Qurbanov, MOK baş katibinin müavini Azər Əliyev, "Bakı 2019” Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov, Olimpiya çempionları, idman ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Gənclər və İdman naziri Azad Rəhimov yarışa hazırlığın plana uyğun getdiyini qeyd edərək deyib: "Bugünkü tədbirdə uşaqların iştirakı çox vacibdir. Çünki biz texniki və əməliyyat tədbirləri ilə yanaşı, uşaq və yeniyetmələr arasında idmanın təbliğini qarşımıza məqsəd qoymuşuq. Biz mümkün qədər çox uşağın idmana maraq göstərməsini və sağlam həyat tərzi sürməsini istəyirik".

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında müasir Olimpiya hərəkatının 125 illik yubileyinin Avropa Gənclər Yay Olimpiya Festivalının başlamasına 50 gün qalması münasibətilə təşkil olunan bu tədbirlər eyni günə təsadüf etməsindən məmnunluğunu bildirib: "Dostluğu, qarşılıqlı hörməti, sülhü və mükəmməlliyi özündə ehtiva edən Olimpiya hərəkatı dərin məna və məzmuna malikdir. Məhz bu səbəbdən Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır”.

Təhsil nazirinin müavini Firudin Qurbanov Avropa Gənclər Yay Olimpiya Festivalı və onun irsi çərçivəsində həyata keçirilən "Olimpiya mədəniyyəti və təhsil” proqramının məktəblilər üçün əhəmiyyətindən söz açıb. O, bildirib ki, belə beynəlxalq proqramlar məktəblilərin hərtərəfli inkişafında, onların dünyagörüşünün formalaşmasında misilsiz rola malikdir.

Tədbirdə "Zirvələrə doğru” idman kampaniyasına start verilib. Kampaniya çərçivəsində 13-16 yaşlı yeniyetmələr basketbol, velosiped idmanı, atletika, tennis və üzgüçülük yarışlarında güclərini sınayacaqlar. Beş həftə ərzində federasiyaların hər biri bütün iştirakçılar üçün "açıq qapı” günləri elan edəcək.

Avropa Gənclər Yay Olimpiya Festivalı Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov ən yaxşı nəticə göstərən uşaqların "Bakı 2019”da iştirak etmək və festivalı yaxından izləmək imkanı qazanacaqlarını bildirib. O, idmanı sevən bütün uşaqların bu turnirə dəvət olunduğunu vurğulayıb. Qeyd edib ki, uşaqlar burada idmançılar, məşqçilərlə şəxsən tanış ola və onlardan çox vacib məsləhətlər ala biləcəklər.

Tədbirdə atletika, basketbol, tennis, üzgüçülük və velosiped idman növləri üzrə milli federasiyalar həmin növlər üzrə interaktiv təqdimatlar edib.

Sonra müasir Olimpiya hərəkatının və Beynəlxalq Olimpiya Komitəsinin təsis olunmasının 125 illik yubileyi münasibətilə Atletlər kəndində kütləvi qaçış yarışı təşkil edilib. Avropa Gənclər Olimpiya Festivalının layihəsi olan "Olimpiya mədəniyyəti və təhsil” proqramında iştirak edən və 49 təhsil müəssisəsini təmsil edən 500 məktəbli finiş xəttinə birinci çatmaq üçün yarışıblar.

Turnirin sonunda iştirakçılar və qaliblər Milli Olimpiya Komitəsinin hədiyyələri və diplomları ilə təltif olunub.

Tədbir çərçivəsində "Olimpiya mədəniyyəti və təhsil” proqramında iştirak edən məktəblilərin Atletlər kəndinə ekskursiyası təşkil edilib. Uşaqlar festival zamanı Atletlər məskunlaşacaq idmançıların yaşayış, əyləncə və idman zonaları ilə yaxından tanış olublar.

Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə gələcək. Atletlər gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video