31 May 2019 23:53
1446
Təhsil
A- A+

ADA Universitetində “Məzun günü 2019” keçirilib

Mayın 31-də ADA Universitetində "Məzun günü 2019” keçirilib.

AZƏRTACxəbər verir ki, bu il ADA Universitetində 7 bakalavr və 5 magistr ixtisası üzrə 406 nəfər tələbə məzun olub. Məzunlar arasında bu il Azərbaycandan başqa, 11 müxtəlif ölkə, o cümlədən Əfqanıstan, Baham adaları, Gürcüstan, Qazaxıstan, Maldiv Respublikası, Meksika, Moldova, Monteneqro, Nigeriya, Rusiya Federasiyası və Türkiyə təmsil edilib.

Tədbir universitetdə təhsil alan, təmsil etdikləri dövlətlərin bayraqlarını gətirən əcnəbi tələbələrin marşı ilə başlanıb. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

46 ölkəni təmsil edən beynəlmiləl mühit

Mərasimdə məzunlar adından Nərmin Babayeva (beynəlxalq münasibətlər ixtisası, bakalavr) və Tərlan Abbasova (təhsil üzrə menecment ixtisası, magistr) çıxış edərək bu əlamətdar günün sevincini tədbir iştirakçıları ilə bölüşüblər.

ADA Universitetində tələbə həyatını əks etdirən videokadrlar qonaqlar tərəfindən alqışlarla qarşılanıb. Qeyd edək ki, universitet tələbə, məzun, müəllim və işçi heyəti 46 müxtəlif ölkəni təmsil edən beynəlmiləl mühiti, müasir tələbə şəhərciyi, fəal və maraqlı tələbə həyatı, yüksək akademik göstəricilərlə oxuyan tələbələrə təhsil haqqında güzəştlər, dünyanın 70 aparıcı universitetində təhsil mübadiləsi imkanı, məzunlar arasında 89 faiz məşğulluq göstəricisi ilə fərqlənir.

ADA Universitetində bakalavr pilləsi üzrə kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları və sistem mühəndisliyi (bu ixtisas üzrə buraxılan sinfin hazırkı məşğulluq göstəricisi 100 faizdir), biznesin idarə olunması, iqtisadiyyat, dövlət və ictimai münasibətlər, beynəlxalq münasibətlər tədris edilir. Magistr pilləsi üzrə diplomatiya və beynəlxalq münasibətlər, dövlət idarəetməsi, biznesin idarə edilməsi, MBA, Exectuive MBA, təhsil üzrə menecment tədris edilir.

Real mühitə tam hazır olan məzunlar

Tədbirdə ADA Universitetinin tədris işləri üzrə prorektoru Vəfa Kazdal bu ali təhsil müəssisəsində tədrisin real dünya təcrübəsinə əsaslandığını bildirib. Qeyd edib ki, ADA Universitetinin tələbələri tədris ənənələri, burada aldıqları təhsil sayəsində real dünyaya tam hazırlıqlı olurlar.

Mərasimdə məzun gününün xüsusi qonağı kimi Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək ölkəmizdə elmin və təhsilin inkişafına göstərilən böyük diqqət və qayğıdan danışıb. "Xalqımızın gələcəyi sizdən – həm yerli tələbələrdən, həm də xaricdən gələrək burada təhsil alan tələbələrdən asılıdır. Biz istəyirik ki, əcnəbi tələbələr öz ölkələrində Azərbaycanın necə olduğunu, Azərbaycanın haqqını təsdiq etsinlər”, - deyən Xalq yazıçısı Anar xalqımızın bundan sonra da xoşbəxt yaşayacağına əminliyini bildirib.

Tədbirdə Xarici İşlər Nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev ali təhsil müəssisəsinin builki nailiyyətləri və gələcək planları barədə danışıb. "Tələbələrin aldığı diplom onların yeni həyatına vəsiqədir”, - deyən rektor onların gələcək vəzifələrini sevgi ilə, vicdanla və ən əsası məsuliyyətlə yerinə yetirəcəyinə ümidvar olduğunu deyib.

ADA Universitetinin 13 il əvvəl Azərbaycan Diplomatik Akademiyası kimi yaradıldığını xatırladan rektor Hafiz Paşayev qeyd edib ki, o zaman, ölkənin xarici siyasət sahəsində tələblərin artması savadlı, bacarıqlı kadrlara ehtiyac yaratmışdı.

"Fəaliyyətimizə başlayanda biz, necə diplomat yetişdirmək istədiyimizi tarixi nümunələrdən görürdük. Bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan diplomatiyasının banilərinin 1919-cu ildə Paris Sülh konfransında Cümhuriyyəti dünyaya tanıtmaqda göstərdikləri fədakarlıq xalqımız üçün məsuliyyətli yanaşmanın parlaq nümunəsidir. Daha müasir tariximizə nəzər salsaq, bugünkü müstəqil Azərbaycanın memarı Heydər Əliyev çətin dönəmdə xalqını böhrandan xilas etmək üçün fövqəl iradə və heyrətamiz məsuliyyət göstərmiş və gələcək nəsillərin fəxr edəcəyi bir dövlət qurmuşdur.

Şübhəsiz ki, hər hansı vəzifədə ölkəsini mükəmməl şəkildə təmsiletmə məsuliyyəti bu gün 12 müxtəlif ixtisas üzrə məzun olan tələbələrimizin də üzərinə düşür”, - deyə Hafiz Paşayev bildirib.

ADA icmasında vəzifə dedikdə, tək tutduğun mövqe və ya post deyil, həm də insanlıq vəzifəsi başa düşülür

Rektor qeyd edib ki, ADA icmasında vəzifə dedikdə, tək tutduğun mövqe və ya sahib olduğun post yox, həm də insanlıq vəzifəsi başa düşülür. Təcrübə göstərir ki, ikincisi mükəmməl olmadan, birincisini layiqincə yerinə yetirmək mümkün deyil. "Azərbaycançılıq məfkurəsinə sadiq əsl azərbaycanlı milli mədəniyyətini, elmini, ədəbiyyatını bilən, eyni zamanda, özündə bəşəri dəyərləri cəmləşdirən ziyalı bir insandır. Mən istərdim ki, bütün fəaliyyət, yaradıcılıq və varlığınızın baş mövzusu kimi Vətəni, xalqı və insanlara xidməti seçəsiniz. Məhz belə olan təqdirdə, vəzifəniz sizə uzunmüddətli uğur və ad qazandıracaq. Belə ümdə məqsədlərə yönəlmiş arzular həyata keçəndə, nəticələrin miqyası gözlədiyinizdən də geniş olacaq”, - deyə rektor qeyd edib.

Hafiz Paşayev vaxtilə gənc alim kimi ABŞ-da Kaliforniyanın İrvine Universitetinə tədqiqatçı kimi getməsi barədə xatirələrini də bölüşüb: "Universitet kampusunun çox gözəl təbiəti və landşaftı var idi. Orada olan laboratoriyalar, universitetdə müəllim-tələbə münasibəti, hətta yaşıl qazonda tələbələrin rahat uzanıb dərs oxuması və idmanla məşğul olmasına baxaraq fikirləşirdim: ola bilərmi ki, bizdə də yaşıl qazona ayaq basmaq qadağan qoyulmuş bir şəraitdə - belə məkan, belə universitet yaransın?

Məncə, bugünkü tədbir onu göstərir ki, arzuların arxasında Vətənin gələcəyinə xidmət edən məqsədlər durduğu təqdirdə çox şey etmək, o cümlədən Azərbaycanda dünya səviyyəli təhsil ocağını yaratmaq mümkündür”.

ADA Universitetində builki yeniliklər

Ali təhsil müəssisəsində əsas meyarın keyfiyyətli təhsilin təmin edilməsindən ibarət olduğunu bildirən rektor Hafiz Paşayev qarşıya qoyulan məqsəd və vəzifələrin ildən-ilə artdığını bildirib. Diqqətə çatdırıb ki, bu yaxınlarda ADA Universitetində yeni iki tədris binası tələbələrin istifadəsinə veriləcək. Sentyabrda dərsə başlayanda onlar bu binaları öz enerjisi, elmə həvəsi və gənc ruhu ilə dolduracaqlar.

ADA tələbə icmasına sentyabrda daha bir üzv qoşulacaq - ADA şagirdi. Yeni tədris ilində 200-dən çox şagird bu il fəaliyyətə başlayan kollec tipli ADA Məktəbində oxuyacaq. Məktəbin tədris proqramı şagirdləri akademik baxımdan universitet illərinə daha hazırlıqlı yetişdirəcək və XXI əsrin tələblərinə cavab verən kommunikasiya, kreativlik, komanda işi, tənqidi düşüncə kimi bacarıqların inkişafına mühüm yer ayıracaq.

Məktəb tək universitetlərə daxil olmaq istəyən abituriyentlər yox, ümumən geniş biliklərə və dünya görüşünə sahib olan savadlı yeniyetmələr hazırlayacaq.

"Azərbaycanın qurmağa çalışdığı bilik iqtisadiyyatına töhfə kimi ADA Universiteti dəqiq elmlər və mühəndislik ixtisaslarının tədrisi və tətbiqini genişləndirmək niyyətindədir. Artıq ABŞ-ın aparıcı Corc Vaşinqton Universiteti ilə kompüter elmləri, elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə ikili diplom magistr proqramının və doktorantura proqramının təsis edilməsi barədə razılıq əldə edilib. Mühəndislik üzrə ali və orta təhsil verən, elmi tədqiqatlar aparan və sənaye qurumlarını bir araya gətirən elmi-tədris mərkəzinin yaradılması da planlarımızdadır. Bu istiqamətdə bizi ruhlandıran amil Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetinə verdiyi dəstəkdir.

Gələcək bu günün sinif otaqlarından başlayır. Əminəm ki, bu gün məzun olan tələbələrimiz ADA dəyələrini, universitetimizin yenilikçi ruhunu özləri ilə həyat boyu daşıyacaq, Azərbaycanın inkişafı üçün yeni istiqamətlər, yeni imkanlar yaradacaqlar”, - deyə Hafiz Paşayev bildirib.

Sonra məzunlara diplomlar təqdim edilib. Tədbir konsert proqramı ilə davam edib.

ADA Universitetinin məzunları Fidan Həsənova, Nərmin Babayeva və Tərlan Abbasova, Efreyn Abuseco (Nigeriya) tədbir çərçivəsində öz təəssüratlarını jurnalistlərlə bölüşərək, ADA Universitetində təhsil almağın çox maraqlı olduğunu, gözəl müəllim-tələbə münasibətlərindən məmnun qaldıqlarını, çoxlu dost qazandıqlarını bildiriblər.

Qeyd edək ki, universitetin məzunları hökumət və ictimai qurumlarda, biznes və konsaltinq xidmətlərində, maliyyə və bank, neft və qaz, QHT sektorlarında və istehsal sənayesi sahələrində çalışırlar.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video