31 May 2019 01:05
1018
İDMAN
A- A+

Azərbaycan və futbol qalib gəldi


Mayın 29-da Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və ailə üzvlərinin də Bakı Olimpiya Stadionunda baxdığı Londonun "Çelsi” və "Arsenal” klubları arasında UEFA Avropa Liqasının 48-ci finalı "Çelsi”nin 4:1 hesablı qələbəsi ilə başa çatdı. Səbirsizliklə gözlənilən matç əsl futbol bayramına çevrildi.

Möhtəşəm açılış mərasimi və gərgin mübarizə ilə yadda qalan final oyunu bitdikdən sonra bir neçə rekord və maraqlı nəticələr əldə olunub. Belə ki, son beş ildə dördüncü dəfə finalda bir oyunçu iki dəfə fərqlənib; ardıcıl olaraq dördüncü finaldır ki, fransız futbolçusu qol vurur; Oliviye Jiru Bakıda vurduğu 11-ci qolla Avropa Liqasının bombardiri oldu; "Çelsi” bu kuboku bir dəfədən çox qazanmış 13-cü klub kimi tarixə düşdü; 60 yaşlı baş məşqçi Mauritsio Sarri Avropa Liqasının kubokunu qazanmış ən yaşlı məşqçidir; 140 kubok oyunu keçirmiş (ümumilikdə 851 oyun) və bunların 59-da qol buraxmamış "Arsenal”ın qapıçısı Petr Çex futbolçu karyerasını başa vurdu.

Digər maraqlı məqam ondan ibarətdir ki, 68 min 700 nəfər tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionu UEFA Avropa Liqasının 20 illik rekordunu yeniləyib. Oyuna stadionda tamaşa edən azarkeşlərin sayına görə (51 min 370 nəfər) isə bu, Avropada son 10 ildə üçüncü nəticədir. Bundan əlavə, ilk dəfə VAR (videonəzarət) sistemindən istifadəyə, oyun əlavə vaxta keçəcəyi təqdirdə dördüncü əvəzetməyə icazə verilirdi. İtaliyalı arbitr Canluka Rokkinin yüksək səviyyədə idarə etdiyi final qarşılaşmasının ən yaxşı futbolçusu görüşdə iki qol vurmuş Eden Hazard oldu.

Xatırladaq ki, iki il öncə UEFA İcraiyyə Komitəsi Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi barədə qərar qəbul etmişdir. Mötəbər yarışın kubok səyahətinə martın 9-da İsveçrənin Cenevrə şəhərində start verilmişdi. Sonralar İspaniyanın Sevilya, Almaniyanın paytaxtı Berlin, İngiltərənin paytaxtı London, İtaliyanın Milan, Rusiyanın paytaxtı Moskva və Fransanın paytaxtı Parisdə, mayın 19-da Gəncədə, mayın 21-də isə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində nümayiş etdirilmişdir.

Paytaxt sakinləri və şəhərə gəlmiş on minlərlə əcnəbi turist üçün müxtəlif əyləncə zonaları yaradılmış, yaxın keçmişin ulduz futbolçuları ilə görüşlər təşkil edilmişdir. Silsilə tədbirlər çərçivəsində Dənizkənarı Bulvarda təşkil olunmuş azarkeş festivalında İtaliya millisinin sabiq qapıçısı Françesko Toldo, İngiltərə milli komandasının keçmiş hücumçusu Maykl Ouen avtoqraf paylamışlar.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət idman siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi sayəsində hazırda ölkəmiz dünyada idman ölkəsi kimi də tanınır. Son illər ölkəmiz bir çox mötəbər turnirlərə evsahibliyi edib. Bunlara misal kimi 17 yaşadək qadın futbolçular arasında dünya çempionatı, UEFA futzal kuboku, 17 yaşadək futbolçular arasında Avropa çempionatının final turniri, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışlarını göstərmək olar.

UEFA Avropa Liqasının final oyununun böyük uğurla keçirilməsi bir daha Azərbaycanın iri beynəlxalq tədbirlərin, o cümlədən bütün dünyanın diqqət mərkəzində olan idman yarışlarını yüksək səviyyədə təşkil etmək bacarığını nümayiş etdirdi. Təsadüfi deyil ki, hazırda əksər ölkələrin KİV-i bu matçın təşkili ilə bağlı növbəti dəfə heyranlıqlarını ifadə edirlər. Məsələn, Rusiyanın news.ru portalı yazır: "Heç bir mübaliğə olmadan deməliyik ki, Bakıda keçirilmiş Avropa Liqasının final oyunu yüz faiz alındı və futbol tarixinə növbəti parlaq səhifə kimi daxil oldu”.

Belə sitatlardan çox gətirmək olar. Görüşdən bir neçə saat əvvəl UEFA-nın prezidenti Aleksander Çeferinin dedikləri də maraqlıdır: "Dünyanın hər yerindən olan futbol azarkeşlərini həyəcanlandıracaq bu hadisə üçün Azərbaycanı və onun gözəl paytaxtını ziyarət etmək bizim üçün şərəfdir”.

Eyni zamanda UEFA Avropa Liqasının final oyununun keçirilməsi ilə bir daha sübut olundu ki, Azərbaycan belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura - idman komplekslərinə, xidmət sektoruna, təhlükəsizliyə və s. malik ölkədir. Hər hansı bir problemin baş verməməsi matçın yüksək səviyyədə təşkil olunduğunu aydın şəkildə nümayiş etdirdi.

Düzdür, hər dəfə ölkəmizdə mötəbər yarışların keçirilməsi ərəfəsində antiazərbaycançı qüvvələr baş qaldırır, qarayaxma və böhtan kampaniyasını işə salırlar. Lakin hər dəfə bədxahların cəhdləri boşa çıxsa da, onlar öz isterik haray-həşirlərindən əl çəkmirlər. Bu dəfə də belə oldu. Gah Azərbaycanda əcnəbilər üçün hansısa təhlükənin mövcudluğu, gah hotellərin və aviabiletlərin bahalığı kimi bəhanələr gətirilirdi. Sonra isə erməni kartı ortaya atıldı. "Arsenal”ın oyunçusu Henrix Mxitaryan və onun havadarları idmanı siyasiləşdirməyə başladılar. Azərbaycan hökumətinin onun təhlükəsizliyinə dəfələrlə təminat verməsinə baxmayaraq, Mxitaryan guya həyatı üçün qorxduğundan komandasına qoşulmadı və Bakıya gəlməkdən boyun qaçırdı. Onun bu məntiqsiz addımı sağlam düşüncəli insanlar tərəfindən qınandı. Məşhur futbolçular, veteran idmançılar bu hərəkətin yolverilməz olduğunu bildirdilər. Hətta bu günlərdə Bakıda keçirilmiş aerobika üzrə Avropa çempionatının rusiyalı erməni əsilli iştirakçıları Qarsevan və Duxik Canazyan Bakıda gözəl idman ab-havasının olduğunu, Milli Gimnastika Arenasında azarkeşlərin bütün idmançılara güclü dəstək verdiyini etiraf etdilər və Mxitaryanın hərəkətlərinə münasibət bildirdilər: "Düşünürük ki, idmanla siyasəti qarışdırmaq düzgün deyil. Biz onun yerinə olsaydıq, komandamızı dəstəkləmək üçün yanında olardıq”.

Bəlkə də, matç ərəfəsində "Arsenal”da Mxitaryan hoqqabazlığı baş verməsəydi, komanda oyuna daha yaxşı köklənər, acı məğlubiyyətə uğramazdı. İngiltərənin "Mançester Yunayted”, "Everton” və "Mançester Siti” klublarının sabiq oyunçusu Andrey Kançelskis isə qorxaq erməni futbolçusuna öyüd-nəsihət, həm də məsləhət verib: "Sən kimdən qorxursan? Hansı siyasi münasibətlər? Sən futbol oynayırsan. Get, oyna. Bu, nə cəfəngiyyatdır?.. Bu, nə sirkdir? Futbol futboldur, siyasət deyil. Get, oyna, göstər ki, heç kimdən qorxmursan... Sənə heç kim toxunmayacaq. Əgər belə qorxursansa, özünə pampers al... Avropa Liqasını uduzsalar, onda günahkar Mxitaryan olacaq. Çünki o, Bakıya getmədi, komandasına kömək etmədi”.

UEFA Avropa Liqası final oyununun yüksək səviyyədə keçirilməsi xaricdəki antiazərbaycançı qüvvələrin və onların daxildəki uzantılarının bütün iddialarını alt-üst etdi, başladıqları qarayaxma kampaniyası uğursuzluğa düçar olub heç bir effekt vermədi. Bu dəfə də Azərbaycan və idman qalib gəldi!

Başqa bir məqamı da qeyd etmək yerinə düşər. Azərbaycan UEFA Avropa Liqası final oyununu tələb olunan səviyyədə keçirməklə bir daha sübut etdi ki, gələcəkdə hər hansı beynəlxalq idman tədbirini, o cümlədən 2020-ci ildə Avropa futbol çempionatının dörd matçını da yüksək səviyyədə təşkil etmək bacarığına malikdir.

Rizvan HİLALOĞLU,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video