30 May 2019 10:49
967
İQTİSADİYYAT
A- A+

Bakıda 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransı keçirilir


Mayın 30-da Bakıda 26-cı Beynəlxalq "Xəzər Neft və Qaz” konfransı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransdakı çıxışında Energetika naziri Pərviz Şahbazov ümummilli lider Heydər Əliyevin neft strategiyasının başlanğıcı ilə eyni vaxta təsadüf edən "Xəzər Neft və Qaz” sərgi-konfransının neft sənayemizin yeni mərhələdə inkişafına dünyanın diqqətini cəlb edən birinci tədbir kimi mühüm rol oynadığını bildirib. Deyib ki, 26 il əvvəl Azərbaycan bu sərgi-konfransla öz enerji potensialını dünyaya tanıtmağa çalışırdısa, bu gün strateji tərəfdaşlığın, beynəlxalq inteqrasiyanın və enerji təhlükəsizliyinin etibarlı təminatçısı missiyasını təqdim edir.

Nazir dünya enerji bazarında cərəyan edən proseslərə toxunaraq ölkənin enerji sektorunun yeni çağırışlara uyğun inkişafından da danışıb. Bildirib ki, 2014-cü ilin ikinci yarısından bu günə qədər neft bazarında qeyri-sabitlik müşahidə olunur. "OPEC plus” formatında bazarda dəyişən vəziyyətə uyğun çevik tənzimləmə tədbirlərinə baxmayaraq, qeyri-sabitlik hələ də qalmaqdadır. Hazırda neftin 70 ABŞ dollar/barrel ətrafında qərarlaşan qiyməti qənaətbəxşdir.

"Bununla belə, həm istehsalçılar, həm də istehlakçıların maraqlarına uyğun qiymət sabitliyinin və bu məqsədlə tələb-təklif balansının qorunub saxlanılması ehtiyatlı düşünülmüş addımlar atılmasını zəruri edir. Mövcud iqtisadi və siyasi amillərin təhlili də göstərir ki, hazırda tələb-təklif tarazlığı üçün başlıca meyar kommersiya meyarıdır. Belə ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində neft ehtiyatları son 5 ilin orta göstəricilərindən çoxdur. Həmçinin təşkilatdan kənar ölkələr, o cümlədən ABŞ son illər şist nefti hesabına əldə etdiyi hasilat göstəriciləri ilə ənənəvi neft hasilatçılarını geridə qoyub. Buna görə də, "OPEC plus” çərçivəsində əldə edilmiş razılığın bu ilin aprelində 168 faiz yerinə yetirilməsi, üstəlik razılaşmadan kənarda qalan bir sıra OPEC ölkələrində hasilatın azalması, qlobal neft bazarında ticarət məhdudiyyətlərinə və geosiyasi qeyri-sabitliyə baxmayaraq, neft tədarükündə çatışmazlıq və bundan irəli gələn yüksək qiymət dəyişikliyi müşahidə olunmur”, - deyə nazir qeyd edib.

P.Şahbazovun sözlərinə görə, razılaşma çərçivəsində hasilatda gündəlik təxminən 2 milyon barrellik azalma, bazardakı artıq təklifi tam konpensasiya edə bilməyib: "Buna görə də, hazırda "OPEC plus” ölkələri qarşısında duran prioritet məsələ kommersiya neft ehtiyatlarını müvafiq səviyyəyə çatdırmaqdır. Bu, qlobal tələbatla bağlı müşahidə olunan risklərdən sığortalanmaq üçün də əhəmiyyətlidir”.

Nazir, həmçinin deyib ki, ötən il neftin qlobal istehlakında artım 1,4 faiz olsa da, bu il dünyada neftə gündəlik tələbatın 1,2 milyon barrelə qədər azalacağı proqnozlaşdırılır: "Ötən il dünyada enerjiyə tələbatın son illərdə ən yüksək səviyyədə olmasına baxmayaraq, Avropada enerjiyə tələbat xüsusilə də bərpaolunan enerjidən istifadənin genişlənməsi və enerji səmərəliliyi nəticəsində azalıb. 2050-ci ilədək neft və qazın ümumi idxalındakı nisbəti 55 faizdən 20 faizə düşəcək. Hazırda ABŞ və Çin arasındakı ticarət mübahisələri də qlobal iqtisadi inkişafa təsir edir və neftə tələbatı azaldan amil kimi nəzərdən keçirilir. Bütün bunlar isə göstərir ki, bazarda qiymətlərin sabitliyi üçün hasilat vasitəsilə tənzimləmə əsas nailiyyətdir”.

O bildirib ki, ötən 23 ildə ölkə iqtisadiyyatına 263 milyard dollar investisiya yatırılıb. Bu vəsaitin 100,6 milyard dolları məhz neft sektoruna yönəldilib: "Bu yaxınlarda 6 milyard dollarlıq "Azəri-Mərkəzi-Şərqi” layihəsinin təsdiqlənməsi ilə indiyədək təxminən 485 milyon ton neft və 158 milyard kubmetr qaz hasil olunan və 36 milyard dollardan çox sərmayə qoyulan "Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsində ikinci mərhələyə başlanılıb”.

Energetika naziri, həmçinin XXI əsrdə qazın enerji resursu kimi ön plana çıxmasının mənbə və marşrutların şaxələndirilməsi və enerji təhlükəsizliyi kimi məsələlərin də əhəmiyyətini artırdığını deyib və bu kontekstdə Cənub Qaz Dəhlizinin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi ilə bağlı görülmüş işlər artıq öz nəticələrini verir: "TANAP-la indiyə kimi Türkiyəyə 1,8 milyard kubmetr Azərbaycan qazı nəql olunub. "Şahdəniz” yatağından qaz hasilatının cari ildə ötən müqayisədə 6 milyard kubmetr, 2020-ci ildə isə 2018-ci ilə görə 8,5 milyard kubmetr artacağı, beləliklə də 2020-ci ildə ölkədə ümumi qaz istehsalının 40 milyard kubmetri ötəcəyi gözlənilir”.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev artıq ənənəvi olaraq, 26-cı dəfə keçirilən konfransın Azərbaycanın regionlararası energetika layihələrinin həyata keçirilməsi istiqamətində apardığı birgə fəaliyyətlər üçün effektiv kommunikasiya platforması olduğunu deyib. Bildirib ki, aparıcı beynəlxalq şirkətlərlə olan işgüzar əlaqələr hər il daha yeni səviyyəyə qalxır: "Əminəm ki, builki konfrans da gələcək layihə və işlərin planlaşdırılması baxımından faydalı olacaq”

R.Abdullayev qeyd edib ki, Azərbaycan xalqı ölkəmizin tarixində mühüm strateji rol oynamış "Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümünü qeyd edəcək: "Dövlət müstəqilliyimizin ilk illərində, olduqca ağır geosiyasi şəraitdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin gərgin səyləri nəticəsində imzalanmış bu müqavilə Xəzər dənizi hövzəsində beynəlxalq əməkdaşlıq üçün əlverişli zəmin yaradıb, regionun enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişib. Müqavilə çərçivəsində Xəzərin Azərbaycan sektorundakı dərinsulu yataqların işlənilməsi üçün ölkəyə zəruri texnologiyalar, müasir istehsalat üsulları cəlb edilib, kəşfiyyat, hasilat, qazma, neft-qaz emalı və kimyası, informasiya texnologiyaları, insan resursları - bir sözlə, bütün sahələr üzrə innovativ metodlar tətbiq edilib.

"1994-cü ilin sentyabrında həmin kontraktın imzalanması bu gün müstəqil Azərbaycanın inkişafını böyük dərəcədə təmin edib. Bu kontraktdan əldə edilən gəlirlər ölkəmizin bütün sahələrində özünü büruzə verir. Ölkə sənayesi müasir tələblər səviyyəsində modernizə edilib, yeni istehsalat sahələri və iş yerləri yaradılıb, qeyri-neft sektoru gücləndirilib. Zəngin tarixə malik neft-qaz sənayemiz öz inkişafının yeni, daha yüksək mərhələsinə qədəm qoyub. Nəticədə, bu gün həyata keçirdiyimiz regional və qlobal birgə layihələrdə bütün istehsalat, inşaat və quraşdırma işləri ölkə daxilində, SOCAR və digər yerli müəssisələr tərəfindən icra olunur”, - deyə SOCAR-ın prezidenti vurğulayıb.

"Azəri-Çıraq-Günəşli”nin dünya səviyyəli nəhəng yataqlar bloku olduğunu deyən R.Abdullayev bildirib: "25 il əvvəl onun ehtiyatları 500 milyon ton civarında təxmin edilirdisə, bu gün həmin həcm çıxarıldıqdan sonra yataqda ən azı bir o qədər də karbohidrogen ehtiyatlarının qaldığı məlumdur. Layihənin bütün tərəfdaşları bu yatağın işlənməsində iştiraklarından məmnundur və onun böyük gələcəyi olduğuna inanırlar. Biz bu inamımızı hələ "Əsrin müqaviləsi” yekunlaşmadan, 2017-ci ilin sentyabrında "AÇG”nin 2049-cu ilin sonuna qədər birgə işlənməsinə dair yeni sazişin imzalanması ilə bir daha təsdiq etmişik. Bu yeni investisiya sazişi xarici tərəfdaşlarımızın Azərbaycana göstərdikləri yüksək etimadın təzahürüdür. Həm investor, həm də kontraktor şirkətləri ilə əməkdaşlığımız sağlam təməllər, qarşılıqlı faydalı maraqlar üzərində qurulub və əminəm ki, hələ uzun illər davamlı inkişaf edəcək”.

SOCAR-ın prezidenti qeyd edib ki, beynəlxalq aləmdə Avropanın ən böyük enerji və infrastruktur layihəsi kimi diqqət mərkəzində olan Cənub Qaz Dəhlizi çərçivəsində qazanılan uğurlar bunun daha bir təzahürüdür: "Ötən il biz Azərbaycanın təşəbbüsü və liderliyi ilə iki qitədə və bir neçə ölkədə həyata keçirilən bu möhtəşəm meqalayihənin 4 seqmentindən 3-nü - "Şahdəniz-2”, Cənub Qafqaz Kəmərinin genişləndirilməsini və TANAP layihəsinin birinci hissəsini uğurla başa çatdırdıq. Artıq təbii qazın Xəzər dənizindən Avropaya nəql olunmasının bir addımlığındayıq. İnanırıq ki, Azərbaycan perspektivli Avropa qaz bazarında artan tələbatla mövcud təchizat arasında yaxın illərdə yaranacaq boşluğun aradan qaldırılmasına öz töhfəsini verəcək və bütün hazırkı qaz təchizatçıları ilə bərabər bu bazarda özünə layiqli yer tutacaq”.

Onun sözlərinə görə, ilkin mərhələdə Cənub Qaz Dəhlizinin resurs mənbəyini dünyanın ən böyük qaz-kondensat yataqlarından biri olan "Şahdəniz” yatağından çıxarılacaq qaz həcmləri təşkil edəcək. Lakin dəhlizin layihələndirilməsi zamanı Xəzərin Azərbaycan sektorunun qaz-kondensat ehtiyatları ilə zəngin olması, böyük imkanların mövcudluğu da nəzərə alınıb. Bu imkanları reallaşdırmaq məqsədilə yeni yataq və sahələrdə xarici tərəfdaşlarla birgə işləri məqsədyönlü şəkildə davam etdiririk.

SOCAR-ın prezidenti karbohidrogen ehtiyatları 350 milyard kubmetr qaz, 45 milyon ton kondensat həcmində qiymətləndirilən "Abşeron” yatağı üzrə görülən işlərdən, "Qarabağ” yatağının neft və qaz ehtiyatları ilə bağlı gözləntilərdən söhbət açıb. Deyib ki, "Abşeron” və "Qarabağ” yataqlarından ilk məhsulun 2021-2022-ci illərdə əldə olunması gözlənilir: "Ümid” yatağında ikinci özülün inşası, "Babək” strukturunun kəşfiyyat işlərinə başlanılması və müvafiq infrastrukturun tikintisi planlaşdırılmış layihə proqramı üzrə davam etdirilir. Növbəti mərhələdə "Əşrəfi”, "Dan ulduzu”, "Aypara”, "Şəfəq-Asiman” və Abşeron yarımadası ətrafında dayaz sulu sahələrdə də axtarış-qazma işlərinə başlanması nəzərdə tutulur.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz isə deyib ki, BP 27 ildir Xəzər regionundadır: "Bu müddət ərzində biz maraqlı tərəflər və tərəfdaşlarımız ilə sıx əməkdaşlıq edərək həqiqətən də dünya səviyyəli hesab etdiyimiz bu layihələri uğurla reallaşdrımışıq. Bu il həmin layihələrdən biri olan AÇG layihəsinin 25 illiyidir. Ötən 25 il ərzində biz Azərbaycan hökuməti, SOCAR və tərəfdaşlarımızla birgə işləyərək dünyada dövlət sektoru ilə özəl sektoru birləşdirən ən uğurlu biznes tərəfdaşlıqlarından birini qurmuşuq. AÇG tərəfdaşları bu yaxınlarda "Azəri-Mərkəzi-Şərqi” layihəsinə sanksiya verib. Bu, gündəlik 100 min barrelədək neft hasil etmək üçün layihələndirilmiş yeni dəniz platforması və qurğularını özündə cəmləşdirən 6 milyard dollar dəyərində olan işlənmə layihəsidir. Layihə çərçivəsində ilk hasilatın 2023-cü ildə əldə ediləcəyi və yatağın istismar müddəti ərzində 300 milyon barelədək neft hasil olunacağı gözlənilir”.

O, Azərbaycan təbii qazının "Şahdəniz-2” layihəsi, bu layihə çərçivəsində Azərbaycanda və Gürcüstanda genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri və Türkiyədə TANAP boru kəməri vasitəsilə regional bazarlara nəql edildiyini deyib. Bildirib ki, növbəti il Avropaya ilk qazın nəql edilməsi üçün TAP boru kəmərində işlər qrafikə uyğun şəkildə yekunlaşmağa doğru yaxınlaşır”.

"Cari ildə "Şəfəq-Asiman” üzrə birinci kəşfiyyat qazma işlərinin başlanacağını gözləyirik. "Şəfəq-Asiman” böyük qaz və kondensat perspektiv strukturudur. Hesab edirik ki, buradakı nəticələr uğurlu olarsa, o, miqyasına görə "Şahdəniz” yatağı qədər ola bilər. Bundan başqa, neftin əlverişli zonada yerləşdiyi Abşeron yarımadasının dayazsulu sahəsi mövcuddur. Bu ərazidə biz seysmik tədqiqat işlərini artıq başa çatdırmışıq və növbəti iki ildə seçilmiş 3 perspektiv sahədə üç kəşfiyyat quyusu qazmağı planlaşdırırıq. D230 bloku bizim üçün Xəzər dənizində digər bir kəşfiyyat sahəsidir. Bu blok AÇG yatağının şimalında yerləşən böyük və əlverişli neft imkanı təmin edir. Bu il həmin sahədə kəşfiyyat aparılmalı potensial strukturları müəyyənləşdirmək üçün seysmik tədqiqat aparmağı planlaşdırırıq və tədqiqatın nəticələri uğurlu olarsa, tez bir zamanda, yəni növbəti il artıq quyunun qazılması nəzərdə tutulur. İnanırıq ki, bu sahə AÇG yatağının işlənməsindən bu vaxtadək Azərbaycanda ən böyük neft işlənməsi ola bilər. "Şahdəniz” yatağının dərin perspektiv strukturlarını qiymətləndirmək üçün növbəti il bir sıra kəşfiyyat işləri planlaşdırırıq. Bu, mövcud işlənilən Şahdəniz yatağının altında yerləşən əlverişli qaz perspektiv strukturudur. Oradakı ehtiyatların potensialı trilyonlarla kubfut həcmindədir və 2020-ci ildə burada qazma işlərinə başlanılması planlaşdırılır. Beləliklə, bu, qaz üzrə daha çox variantlar yarada bilər, xüsusən də dünya səviyyəli Cənub Qaz Dəhlizi infrastrukturunun hazır olduğu bir dövrdə.

Konfransın ilk günündə İranın Neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmirhüseyn Zamaninin, Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) baş katibi Yuriy Sentyurinin, "JOGMEC”in prezidenti Tomonobu Uçidanın, eləcə də "Nobel Upstream” şirkətinin icraçı direktoru Lari Beyts, SOCAR-ın vitse-prezidentlərinin çıxışları dinlənilib.

Neft-qaz sektorunun, eləcə də bu sektor ilə əlaqəli müxtəlif sahələrin rəhbərləri üçün də əsas platforma olan 2 günlük konfransda 30 ölkədən 600-dən çox nümayəndə iştirak edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video