30 May 2019 04:29
2064
Tədbirlər
A- A+

Bakıda futbol coşqusu


Azərbaycan Prezidenti İlham Əliyev UEFA Avropa Liqasının final oyununa baxıb


Mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi "Çelsi” komandası olub.

AZƏRTAC xəbər verir ki, Londonun "Arsenal” və "Çelsi” komandaları arasında baş tutan maraqlı final oyununa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də baxıblar.

Azərbaycanın paytaxtında çoxdandır maraqla gözlənilən futbol yarışı uğurla baş tutdu.

Oyunu italiyalı referi Canluka Rokki idarə edib. Avropa Liqası tarixində ilk dəfə bu oyunda videonəzarət (VAR) sistemindən istifadə olunub. Bundan başqa, bu turnirdə ilk dəfə olaraq komandalar əlavə vaxt təyin olunacağı təqdirdə dördüncü əvəzetmədən istifadə etmək hüququ qazanıblar.

Final oyununun möhtəşəm açılış mərasimində ingiltərəli DJ, bəstəkar və remikser Conas Blu Bakı Olimpiya Stadionuna toplaşan azarkeşlərə unudulmaz anlar yaşatdı. O, möhtəşəm mərasimdə 150 yerli rəqqasla birlikdə səhnəyə çıxdı.

Şərq ilə Qərbin qovuşduğu Bakıda təşkil olunan bu möhtəşəm mərasimdə Conas Blunun bənzərsiz ifası azarkeşlərin coşqulu alqışları ilə qarşılandı.

Əsrarəngiz xüsusi effektlər "Odlar Yurdu” üzərində səmanı işıqlandırdığı zaman DJ Blu özünün ən böyük hitlərinin miksini ifa etdi. Bu, tamaşaçılara müsbət enerji verməklə final oyununda mübarizə aparacaq hər iki komandaya da ehtiramın ifadəsi oldu.

Mərasimin ən yaddaqalan hissəsi Conas Blunun bənzərsiz ifasının sədaları altında "Çelsi” və "Arsenal” komandalarının nəhəng formalarının arenaya gətirilməsi oldu.

Açılış mərasimindən sonra turnirin kuboku arenaya gətirildi. Daha sonra "Arsenal” və "Çelsi” komandalarının futbolçuları meydana çıxdılar.

"Çelsi”nin fransalı hücumçusu Oliviye Jiru isə vurduğu qol sayəsində UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün ən məhsuldar futbolçusu olub. O, cari mövsümdə bu turnirdə 11 dəfə fərqlənib.

Final matçından sonra qaliblərin təntənəli mükafatlandırılması mərasimi keçirildi.

Qalib komandaya kuboku UEFA prezidenti Aleksandr Çeferin təqdim etdi.

Bununla da "Çelsi” 2012-2013-cü il mövsümündən sonra ikinci dəfə UEFA Avropa Liqasının qalibi adını qazandı. "Arsenal” isə ikinci dəfə UEFA Avropa Liqasının finalında məğlub oldu.

Qeyd edək ki, bu oyunla peşəkar futbolda 851-ci dəfə meydana çıxan "Arsenal”ın çexiyalı qapıçısı Petr Çex final görüşündən sonra karyerasını başa vurub.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, final qarşılaşması ilə əlaqədar tamaşaçı tutumu 70 min yerə çatdırılan Bakı Olimpiya Stadionu bu baxımdan UEFA Avropa Liqasının tarixində 20 illik rekordu yeniləyib. Bakı Olimpiya Stadionu bu göstərici üzrə UEFA Avropa Liqasının final matçına evsahibliyi edən stadionlar arasında ən çox tamaşaçı tutumuna malik arena olub. Belə ki, 1999-cu ildə "Parma” və "Marsel” komandaları Moskvanın 62 min tamaşaçı tutumuna malik "Lujniki” stadionunda üz-üzə gəliblər.

Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi futbol üzrə UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyununun 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edib. UEFA Avropa Liqasının final qarşılaşmasının Bakıda keçirilməsi ilə əlaqədar Azərbaycan paytaxtında silsilə tədbirlər təşkil olunub. Belə ki, UEFA Avropa Liqasının zəngin irsinin təbliği məqsədilə Bakıda ötən il dekabrın 22-dən bu il yanvarın 7-dək "UEFA Avropa Liqası Muzeyi” fəaliyyət göstərib.

Bu mötəbər futbol turnirinin kubok səyahətinə martın 9-da Cenevrədə start verilib. Martın 22-23-də Sevilya, martın 29-30-da Berlin, aprelin 5-6-da London, aprelin 12-də Milan, aprelin 20-də Moskva, mayın 10-da Parisdə olan kubok mayın 19-da Gəncədə, 21-də isə Cocuq Mərcanlıda nümayiş olunduqdan sonra Bakıya gətirilib.

UEFA Avropa Liqasının final qa

rşılaşması çərçivəsində keçirilən tədbirlərdən biri də martın 3-də "Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma olub. Həmin oyunda məşhur futbolçular Yeju Dudek, Maykl Essien, Anderson Luis de Souza (Deku), Hamit Altıntop, Nihat Kahveci, Andrey Arşavin, Revaz Arveladze, eləcə də yerli veteran futbolçulardan Nazim Süleymanov və UEFA Avropa Liqasının Bakıda keçirilən final oyununun səfiri Vəli Qasımovun iştirakı ilə "Bakı 2019: Ulduzlar Finalı”nda "Qərb Ulduzları” və "Şərq Ulduzları” komandaları qarşılaşıblar.

UEFA Avropa Liqasının final matçının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı qərar son illər sürətlə inkişaf edən Azərbaycan idmanının qazandığı növbəti uğurdur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Azərbaycanın son illərdə bir neçə mötəbər beynəlxalq idman yarışına - I Avropa, IV İslam Həmrəyliyi Oyunlarına, "Formula-1” yarışına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına yüksək səviyyədə evsahibliyi etməsi Azərbaycanın idman dövləti olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, bu gün ən mötəbər idman qurumları nüfuzlu beynəlxalq yarışlara evsahibliyi hüququnu tərəddüd etmədən Azərbaycana verirlər. Belə ki, UEFA Avropa Liqasının final oyunu ilə yanaşı, 2020-ci ildə futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir oyununun, bu il iyulun 20-28-də Avropa Gənclərinin Yay Olimpiya Festivalının Bakıda keçirilməsi barədə qərarlar bunun göstəricisidir. İdmançılarımızın Olimpiada, dünya və Avropa, eyni zamanda, digər beynəlxalq idman tədbirlərində qazandıqları medalların sayının ilbəil artması dövlət səviyyəsində idman sahəsinə göstərilən diqqətin nəticəsidir. Təqdirəlayiq haldır ki, uşaqlar və gənclər arasında idmana böyük maraq var. Bütün bunlar digər sahələr kimi, Azərbaycan idmanının da inkişafının ən parlaq dövrünü yaşadığını nümayiş etdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video