30 May 2019 04:20
1196
İDMAN
A- A+

Qol yağışı


Mayın 29-da Azərbaycan daha bir əlamətdar idman hadisəsinin şahidi oldu. Paytaxtımız Avropanın nüfuzlu klub turnirlərindən UEFA Avropa Liqasının finalına evsahibliyi etdi. Həlledici qarşılaşmada İngiltərənin iki nəhəng komandası "Çelsi” və "Arsenal” komandaları üz-üzə gəldilər. Başqa sözlə, Bakıda London derbisi oynanıldı.

Qarşılaşmanın təhlilinə keçməzdən öncə vurğulayaq ki, paytaxtımızda əsl futbol bayramı yaşandı. Finalın təşkili Avropadan Bakıya gələn media təmsilçiləri, hər iki klubun azarkeşləri arasında böyük rəğbətlə qarşılandı, UEFA rəhbərliyinin qəlbində xoş hisslər oyatdı.

Müxtəlif ölkələrin media orqanları final matçının təşkilini və gedişini şərh edir, komandalar və rəhbərlərinin, futbol mütəxəssislərinin rəylərini öyrənirdi. Mütəxəssislərin ümumi fikri belədir ki, Bakının evsahibliyi etdiyi Avroliqanın finalı qitənin həyatında tarixi futbol hadisəsi olaraq ən yüksək səviyyədə təşkil edildi, komandaların ədalətli mübarizəsi üçün hər cür şərait yaradıldı, möhtəşəm qarşılaşmaya evsahibliyi edən Azərbaycan hər cür təqdirə layiqdir.

Qeyd edək ki, matçdan öncə "Çelsi” rəqibindən fərqli, gələn mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazandığından, "Arsenal” üçün Avropa Liqasının qalibi olmaq ikiqat əhəmiyyət kəsb edirdi. Çünki Unay Emerinin yetirmələri daxili çempionatı 5-ci pillədə başa vurduqlarından yalnız bu yolla növbəti mövsüm qitənin bir nömrəli klub turnirində iştirak hüququ qazanacaqdı. Eyni zamanda "Arsenal”ın ispaniyalı baş məşqçisi Emeri həm də tarixə düşə bilərdi. Belə ki, "Sevilya” (İspaniya) ilə 3 dəfə Avropa Liqasının qalibi olan mütəxəssis Bakıdan eyni nailiyyətlə ayrılsaydı, turnirin dördqat qalibi olmaqla yeni rekorda imza atacaqdı.

Hər iki komanda oyuna itkilərlə çıxmışdı. "Çelsi”də Ruben Loftus-Çek, Kallum Hadson-Odoi, Antonio Rüdiger və Etan Ampadu, "Arsenal”da isə Aaron Remsi, Denis Suares, Ektor Bellerin və Rob Holdinq komandalarına kömək edə bilmədilər.

Görüşün italiyalı baş hakimi Canluka Rokkinin start fitindən sonra komandalar oyuna ehtiyatlı başladılar. İlk 20 dəqiqə hücuma qoşulmaqda çətinlik çəkdilər. Meydançanın mərkəzində tətbiq edilən təzyiq top saxlamaqda və oyun qurmaqda hər iki tərəfə ciddi maneələr törətdi. Bir sözlə, tərəflərin oyuna daha sürətli başlayan, topa sahib olaraq, qısa ötürmələrlə rəqibin cərimə meydançası içərisinə daxil olmaq istəkləri alınmadı. Çünki hər iki komanda kollektiv oyun nümayiş etdirərək meydanın hər yerində mübarizə apararaq bir-birilərinə boş zona buraxmırdılar.

Lakin 25-ci dəqiqədən sonra tərəflər tədricən bu oyun üslubundan imtina etməyə başladılar. 28-ci dəqiqədə "Arsenal”ın hücumçusu Aleksandr Lyakezettin komanda yoldaşı Obameyanqın ideal hava ötürməsini başla dəqiq tamamlamasına son anda müdafiəçi mane oldu. Hücumu davam etdirən Qranit Xakanın qüvvətli zərbəsindən sonra top qapının azacıq üstündən keçdi. 34-cü dəqiqədə "Çelsi”nin heyətində Emersonun yaxın məsafədən vurduğu zərbəni qapıçı Petr Çex çətinliklə də olsa dəf edə bildi. Bunun ardınca komanda növbəti dəfə hesabı açmağa yaxın oldu. Oliviye Jirunun zərbəsindən sonra yenə də çexiyalı qapıçı komandasını qoldan xilas etdi.

Fasilədən sonra isə Bakı Olimpiya Stadionu qol yağışına şahid oldu. Oyunda üstünlüyü ələ alan "Çelsi” 49-cu dəqiqədə Jirunun baş zərbəsi ilə vurduğu qolla hesabı açdı. Qoldan sonra hesabı bərabərləşdirmək üçün irəli atılan "Arsenal”ın müdafiə xəttində ciddi boşluqlar yarandı. Bundan istifadə edən "Çelsi” 60-cı dəqiqədə Pedronun vurduğu qolla hesab arasındakı fərqi 2 topa çatdırdı.

"Arsenal” buraxdığı qolların şokundan özünə gəlməmiş 64-cü dəqiqədə Jiruya qarşı cərimə meydançası içərisində edilən kobudluğa görə qapısına 11 metrlik cərimə zərbəsi təyin edildi. Zərbəni dəqiq yerinə yetirən Azar hesabı 3:0-a çatdırdı. Bundan sonra irəli atılan "Arsenal” 69-cu dəqiqədə İvobinin qolu sayəsində hesab arasındakı fərqi azaltdı. Qoldan cəmi 3 dəqiqə sonra Azar vurduğu qolla "Çelsi”nin matçdakı üstünlüyünü 3 topa çatdırdı. Bundan sonra tərəflərin səylərinə baxmayaraq, görüşdə başqa qol olmadı.

Beləliklə, London derbisində 4:1 hesabı ilə qələbə qazanan "Çelsi” UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün qalibi oldu.


Elçin CƏFƏROV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video