30 May 2019 03:26
2629
Təhsil
A- A+

Elm və təhsil: gələcəyə aparan yol


Müasir dövrdə müstəqil Azərbaycan dövləti enerji sahəsində boyük layihələri həyata keçirərək dünya xəritəsində özünə layiq yer tutdu. Enerji sektoru ilə bərabər Azərbaycanda digər istiqamətlərin inkişafına da xüsusi diqqət verilir. Bu gün ölkəmizin qarşısında daha yüksək inkişaf səviyyəsinə nail olmaq vəzifəsi durur. Bunun üçün mühüm məsələlərdən biri digər sahələrlə bərabər elm və təhsilin inkişafıdır.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış və Prezident İlham Əliyev tərəfindən yeni nəfəs gətirilərək uğurla həyata keçirilən müstəqil Azərbaycanın dövlət siyasətinin kökündə elmi prinsiplər öz yerini tapmışdır. Bu prinsiplər akademik Ramiz Mehdiyevin bir çox əsərlərində öz əksini tapmış, geniş izah olunmuş və göstərilmişdir ki, hər bir dövlətin uğurlu dövlət siyasəti elmi prinsiplərə söykənməlidir.

Prezident İlham Əliyevin irəli sürdüyü "Neft kapitalını insan kapitalına çevirək” tezisinin uğurla həyata keçirilməsi üçün "...elmdə, təhsildə və intellektual fəaliyyətin bütün sahələrində əhəmiyyətli dönüşə nail olunması və əldə edilmiş biliklərin əsasında ölkənin iqtisadiyyatının gücləndirilməsi zəruridir”.


Elmi inkişafın əsasları və maliyyələşməsi


Müasir dünyada elm əsasən dövlət büdcəsindən maliyyələşir. Amma son illər dünyanın böyük korporasiyaları APPLE, MERCEDES, SONY, SAMSUNG, HUAWEY və digərləri elm sahəsinə böyük yatırımlar edərək ciddi qazanc əldə edirlər və istedadlı gənclər üçün elm, təhsil sahəsində xüsusi təqaüdlər və mükafatlar təsis etmişlər.

Bu gün informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoru dünyanın ən çox gəlir gətirən sahəsidir və onun həcmi 5,5 trln. ABŞ dolları miqyasında qiymətləndirilir. Artıq bu sahə enerji və bank sektorunu geridə qoyub. Son illər sürətlə inkişaf edən Sinqapur, Finlandiya, Danimarka, Çin və digər aparıcı ölkələrin iqtisadiyyatında İKT sektoru xüsusi yer tutur və ona ciddi diqqət verilir. Bu sahənin əsaslarını elmi nəaliyyətlər və keyfiyyətli təhsil təşkil edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycanda 2013-cü ili "İnformasiya-kommunikasiya texnologiyaları ili” elan etmişdi.

ABŞ-ın qurucularından biri olan Abraham Linkoln demişdi: "Dövlətin vəzifəsi yalnız varlığını sürdürmək deyil”. O hesab edirdi ki, "...yeni və faydalı kəşflər üçün düha ocağının alovlanmasını təmin edən yeni mənəvi yanacaq əlavə olunmalıdır”. Təbii ki, belə bir yanacaq kimi elm nəzərdə tutulurdu və dövlət əhəmiyyətli layihələr məhz Milli Elmlər Akademiyaları vasitəsilə həyata keçirilməlidir. Məhz onun təşəbbüsü ilə 1863-cü ildə Amerikanın Milli Elmlər Akademiyası təsis edilmişdi və bu gün ABŞ-ın inkişafında xüsusi rol oynayır. Hazırda çox ölkələrdə aktiv fəaliyyət göstərən elmlər akademiyaları mövcuddur. Gündən-günə möhkəmlənən Rusiya Elmlər Akademiyası, Ukrayna Milli Elmlər Akademiyası, Çinin inkişafında xüsusi rol oynamış Çin Xalq Respublikası Elmlər Akademiyası, Fransa Elmlər Akademiyası (Ölməzlər Akademiyası) və başqalarını misal göstərmək olar. 1666-cı ildə yaranan Fransa Elmlər Akademiyası yarandığı gündən dövlətin himayəsindədir. Bir müddət öncə Almaniyada Milli Elmlər Akademiyası təsis edildi. Amerika Milli Elmlər Akademiyasını "millətin elm, texnika və tibb sahəsində müşaviri-məsləhətçisi” adlandırırlar. Bu qurum kifayət qədər elmi nüfuzu olan təşkilat hesab edilir və dövlət büdcəsindən maliyyələşir. Həmin maliyyə akademiya tərəfindən elmi mərkəzlərə qrant şəklində paylanır.

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) növbəti illik iclası keçirildi. Son illər AMEA-nın fəaliyyətində böyük müsbət dəyişikliklər baş verir. AMEA-nın Prezidenti, akademik Akif Əlizadənin hesabatında bu dəyişikliklər haqda və son illərdə akademiyanın əldə etdiyi uğurlara və qarşıda duran mühüm məsələlərə geniş yer ayrıldı. Azərbaycanda elmin qarşısında böyük hədəflər durur və öncə elm dövlətin inkişafına xidmət etməlidir. Dövlət büdcəsindən maliyyələşən AMEA ona ayrılan vəsaitə uyğun olaraq bir çox dövlət əhəmiyyətli layihələri həyata keçirməlidir. Belə qayda bu gün bir çox inkişaf etmiş ölkələrdə müşahidə olunur. Dövlət proqramlarının həyata keçirilməsi üçün qrant formasında maliyyə ayrılır.

Bir neçə il bundan əvvəl ABŞ-da yaşayan dünyanın aparıcı alimlərinin birindən soruşdum: "ABŞ-da alimlər sadəcə istədikləri mövzularlamı məşğul olurlar?” Cavab belə oldu: "Əgər Amerikada hər bir alim sadəcə istədiyi mövzu ilə məşğul olsaydı, o zaman ABŞ dünyanın ən qüdrətli ölkəsi olmazdı”. Hər bir aparıcı alim orada əsasən dövlət əhəmiyyətli layihələri həyata keçirir və dövlət belə proqramlara qrantlar ayırır. ABŞ-ın xüsusi Elmi Doktrinası var və o doktrinaya uyğun olaraq elm dövlətə xidmət edir.

Bu gün Azərbaycanda Elmi Doktrinanın yaradılmasına ehtiyac var. Doktrina dövlət əhəmiyyətli proqramların həyata keçirilməsinə və dövlət üçün əhəmiyyətli olan yeni sahələrin inkişafına yönəldilməlidir. Dövlət elmin hər bir sahəsinə deyil, onun inkişafına yönəldilən yeni perspektiv sahələrə vəsait ayırmalıdır. Belə siyasət dünyanın inkişaf etmiş ölkələrində müşahidə olunur. Məsələn, riyazi iqtisadiyyat, maliyyə riyaziyyatı, İKT-nin ölkəmiz üçün vacib olan və digər istiqamətlərə xüsusi diqqət ayrılmalıdır. Müasir zamanda ölkəmiz üçün əhəmiyyətli olan sahələr - hərbi məsələlər, enerji sahəsi, kənd təsərrüfatı və turizmdir.

Elmin əsas sifarişçisi dövlətdir. Lakin dövlətin elmə ayırdığı vəsait ciddi nəzarət altında olmalıdır. Elmi-tədqiqat işi fərdi xarakter daşımamalıdır. Sovet dönəmində belə bir fikir səslənirdi: "Elmi iş dövlət vəsaiti hesabına şəxsi mənəvi tələbatın qarşılanmasıdır”. O zamanlar keçdi. İndi elm dövlətə və cəmiyyətə konkret gəlir gətirməlidir. Vəsaitin bir hissəsi tanınmış alimlərin fundamental tədqiqatlarına yönəldilməlidir. Bir çox tədqiqatların fikir sərbəstliyi tələb etməsinə baxmayaraq elmi investisiyaların sərhədləri dəqiq müəyyən edilməlidir. Vəsaitin hansı hissəsinin tətbiqi elm sahələrinə, hansının isə gələcəkdə effektiv istifadə oluna biləcək fundamental araşdırmalara yönəldilməsi sərhədləri dəqiq bilinməlidir.

Elmin siyasiləşməsi və ideologiyaya tabe edilməsi cəmiyyətin inkişafına əngəldir. Buna əyani misal keçmiş SSRİ-də iqtisadiyyat elminin siyasiləşməsidir ki, onun acı nəticələrini bu gün də MDB məkanında müşahidə etməkdəyik. Elmin siyasiləşməsi o qədər təhlükəlidir ki, o, elmin və siyasi quruluşun dayaqlarının çürüməsi və ölkənin iqtisadi inkişafının əngəllənməsi kimi fəsadlar törədir. Bu siyasiləşmə hətta yaradıcılıq prosesinə məhvedici təsir edir və yaradıcılığı idarə işi halına gətirir. Elmin siyasətləşdirilməsinə, məmurluğa tabe edilməsinə yol vermək olmaz. Bu elmin məhv olmasına aparan yoldur. Elmi siyasiləşdirmək yerinə siyasəti elmi təməllər üzərində qurmaq məqsədimiz olmalıdır.

Məsələn, SSRİ-də iqtisadiyyat humanitar elmlərə aid edilirdi və siyasi sifarişləri yerinə yetirirdi. Ona görə SSRİ-də minlərlə yüksək elmi dərəcəli iqtisadçının olduğuna baxmayaraq onların heç biri nüfuzlu elmi mükafat qazana bilmədilər. Yalnız bir nəfər, akademik Leonid Kantoroviç iqtisadiyyat üzrə Nobel mükafatına layiq görüldü. Akademik L.Kantoroviç isə ixtisasca riyaziyyatçı idi. Son illər iqtisadiyyat sahəsində Nobel mükafatları adətən iqtisadiyyatda riyazi metodlardan geniş istifadə etmiş alimlərə verilir.

İqtisadiyyat heç zaman humanitar elm olmamışdır. Bu elmin əsasında, xüsusən, indiki zamanda geniş və dərin riyazi aparat və informasiya texnologiyaları metodları durur. Bu səbəbdən Azərbaycanda elmin strukturunda iqtisadiyyat elmini humanitar elmlər cərçivəsindən çıxarıb təbiət elmləri sırasına daxil etmək məqsədəuyğun olardı.

2000-ci ildə Davos forumunda XXI əsrin şüarı - İnformatika və İqtisadiyyat elan olundu. Azərbaycan Milli Elmlər Akademiyasında İnformatika və İqtisadiyyat bölməsinin yaradılması məqsədəuyğun olardı. Bu, ölkəmizdə həm iqtisadiyyatın, həm də müxtəlif sahələrin inkişafına təkan verərdi.

Elmin inkişafının təməl şərtlərindən biri onun maliyyəsidir. ABŞ-ın keçmiş Prezidenti B.Obama Amerika Milli Elmlər Akademiyasında çıxışında qeyd edib ki, Amerikanın ən gözəl illəri elmə yüksək kapital qoyuluşu ilə yadda qalmışdır. Çıxışının sonunda Prezident demişdir: "Bu gün mən aşağıdakı vəzifələri əsas hədəfimiz kimi nəzərdə tuturam. Biz ümumi daxili məhsulun 3 faizini elmi tədqiqatlara ayıracağıq; kapitalı fundamental və tətbiqi araşdırmalara yönəldəcəyik; xüsusi innovasiyaların işlənib hazırlanması üçün yeni həvəsləndirici mühit yaradacağıq; energetika və tibb sahələrində yeni nailiyyətlərin əldə olunmasını təşviq edəcəyik; riyaziyyat və təbiət elmləri sahəsində təhsilin keyfiyyətini yüksəldəcəyik. Bu, Amerikanın bütün tarixində elmi-texniki tərəqqi yolunda ən böyük töhfə olacaqdır”.

Bu gün ABŞ-da elmə ayrılan vəsait 500 mlrd. dolları keçir (bir alimin fəaliyyətinə 330 min dollar) və bu vəsaitin böyük hissəsi Amerika Milli Elmlər Akademiyası tərəfindən alimlərə qrant şəklində ayrılır.

Azərbaycanda elmi araşdırmalara ayrılan vəsait büdcənin 0,54 faizini, ÜDM-in 0,16 faizini təşkil edir. Düşünürəm ki, elmin maliyyələşməsinə münasibət kökündən dəyişməlidir. Əlbəttə, bu o demək deyil ki, birdən-birə elmə ayrılan vəsaiti kəskin artırmaq lazımdır. "Mənə pul verin, mən hər şeyi düzəldərəm” prinsipi elmdə işləməz!

Elmə məsrəfi artırmaq sözsüz ki, lazımdır, amma bunu addım-addım və effektiv surətdə həyata keçirmək vacibdir. Bu gün Azərbaycanda ali məktəblərdə və AMEA-da çalışan professorların maaşları arasında ciddi (ən azı iki dəfə) fərq var. Bunun əsasında ali məktəblərdə çalışan müəllimlərə ödənişli tələbələrin ödədiyi vəsaitlərdən əlavələr durur. Belə vəziyyət AMEA-da çalışan aparıcı alimlərin ali məktəblərə axınına səbəb olur. Bu məsələnin həlli yollarından biri AMEA-da çalışan alimlər üçün dövlət əhəmiyyətli qrantların artırılması ilə həll oluna bilər.

Elmə ayrılan vəsaitin bir hissəsi qrant şəklində, ölkə üçün birinci dərəcəli əhəmiyyəti olan, Elmi Doktrinaya uyğun prioritet sahələrə və bununla yanaşı, beynəlxalq məlumat bazalarına (SCİ, SSCİ, SCOPUS və s.) daxil olan jurnallarda nəşr olunan məqalələrin aid olduğu sahələrə yönəldilməlidir. Eyni zamanda elə sahələr dəstəklənməlidir ki, onların nümayəndələri dünyanın aparıcı elm mərkəzlərinə dəvətlər alır, həmin mərkəzlərdə tədqiqatlar aparır, məruzələr edir və bununla, Azərbaycan elminin beynəlxalq elmlə əlaqələrini möhkəmləndirir.

Bir elm sahəsinə aid olan elmi nəticələrin ardıcıl olaraq aparıcı elmi jurnallarda yayımlanması və həmin sahənin təmsilçilərinin aparıcı elmi mərkəzlərə tez-tez dəvətlər alması həmin elm sahəsinin Azərbaycanda təşəkkül tapmasına və dünya elmində tanınmasına dəlalət edir və buna görə də onun inkişafını stimullaşdırmaq zəruridir. Əgər hər hansı elmi əməkdaş aktiv elmi fəaliyyətdən uzaqlaşmışsa, onun elmi istiqamətinin maliyyələşdirilməsi məsələsi nəzərdən keçirilməlidir. Eyni zamanda təqaüd yaşına çatmış alimlərin təcrübəsindən istifadə olunmaqda davam etməli və onların əməyi elmə verdikləri töhfələrə görə dövlət tərəfindən müxtəlif mükafatlar, təqaüdlər və s. şəklində qiymətləndirilməlidir.

Xüsusi diqqət beynəlxalq qrantların alınmasına verilməlidir. Dünyanın aparıcı alimləri ilə birgə tədqiqatlara qrantlar ayrılması üzərində düşünmək də məqsədəuyğundur. Bu münasibət bizim alimlərə beynəlxalq elmi-tədqiqatlara inteqrasiya və elmi nəticələrin praktik tətbiqi üçün beynəlxalq təcrübədən faydalanmaq imkanı verərdi. Məsələn, Amerika Mülki Tədqiqatlar Fondunun vaxtı ilə Azərbaycan daxil olmaqla MDB məkanında birgə tədqiqatların aparılmasına qrantlar ayırması təcrübəsi faydalı olardı. Avropa Birliyi nəzdində müxtəlif qrantlardan faydalanmaq məqsədəuyğun olardı (Horizon və d.). AB nəzdində İnnovasiya Şurasının qurulmasına 2 mlrd. avro ayrılıb və 2021-2027-ci illərdə bu fonddan yeni elmi istiqamətlərin inkişafına böyük vəsaitlər yönələcək. Bu istiqamətdə AMEA-nın və ümumiyyətcə bizim alimlərimizin fəaliyyəti ciddi sürətdə artırılmalıdır.

XX əsrin ikinci yarısı və XXI əsrin əvvəlində elmi tədqiqat artıq kollektiv anlayışa çevrilmişdir. Bunun parlaq sübutu Nobel və digər mükafatların əksər hallarda müxtəlif ölkələrdən olan alimlər qruplarına verilməsidir. Yüksək texnologiyaların sayəsində müxtəlif ölkələrdə yaşayan bir qrup alim öz ölkələrində qalaraq eyni elmi mövzu üzərində birgə çalışa bilirlər. Beləliklə, müxtəlif ölkələrdə yerləşən elmi mərkəzlərlə və ayrı-ayrı alimlərlə əlaqə yaratmaq zərurəti ortaya çıxır. Bu, həm dünya elminə inteqrasiya olunmağa, həm də yüksək beynəlxalq səviyyəyə uyğun elmi araşdırmalar aparmağa imkan verərdi. Amma bunlara baxmayaraq tanınmış elmi mərkəzlərin mühitində fəaliyyət göstərmək, bu mühitdən yararlanmaq öz aktuallığını bu gün də itirməyib.

Tanınmış elmi mərkəzlərin - Harvard, Oksford, Stanford, Kembric, Massaçusets Texnologiya İnstitutu və digərlərinin elmi mühitlərinin yaradılmasına illər yox, on illər deyil, bəlkədə yüz illər sərf olunmuşdur. Belə mərkəzlərdə çalışmaq, onların ab-havasını anlamaq hər bir alim üçün böyük şərəfdir. Bu gün Qərb ölkələrində Sabbatikal adlanan bir anlayış var. Buna uyğun olaraq hər bir alim 5 ildə bir dəfə tanınmış elmi mərkəzlərə ezam oluna və bir müddət orada çalışa bilər. Bunun üçün mərkəzin icazəsi və təşkilatdan ezam kifayətdir (ezamiyyət üçün vəsait verilmir, sadəcə alimin maaşı saxlanılır). Təbii ki, Azərbaycan alimlərinin bugünkü aldığı maaşla bunu həyata keçirmək mümkün deyil. Ona görə AMEA-nın Prezidentinin Fondunda belə vəsaitin yaradılması məqsədəuyğun olardı və alimlərimizin adı gedən elmi mühitdən bəhrələnməsi öz müsbət nəticəsini verərdi.

Digər imkan İtaliyada yerləşən Ümumdünya Elmlər Akademiyasının (The World Academy of Sciences - TWAS) vasitəsilə ola bilər. Əvvəlcə AMEA Ümumdünya Akademiyasının nəzdində olan Beynəlxalq Akademiyalar Assosiasiyasının üzvü olmalıdır. Bunun üçün zəruri şərt AMEA-nın Nizamnaməsinin ingilis dilinə tərcümə edilib Akademiyanın saytında yerləşdirilməsi və müraciət edilməsidir. Belə əməkdaşlıq AMEA-da çalışan alimlər üçün ən azı Ümumdünya Akademiyasının təşkil etdiyi elmi forumlarda iştirak və ayrılan qrantlardan bəhrələnmək imkanı olardı. Ümumdünya Elmlər Akademiyası belə forumlarda iştirak etmək üçün xüsusi vəsait ayırır və Azərbaycan alimlərinin belə tədbirlərdə iştirakı həm elmin inkişafına təkan olardı, eyni zamanda AMEA-nın beynəlxalq əlaqələrinin inkişafına kömək edərdi. Eyni zamanda, Ümumdünya Akademiyası magistr və PhD pillələrində təhsil alan tələbələrə də bu mərkəzdə fəaliyyət göstərməyə vəsait ayırır.


Elmi nəticələrin qiymətləndirilməsi və stimullaşdırılması


Elmi tədqiqatların effektliliyini yüksəltmək üçün elmi nəticələrin keyfiyyətinin qiymətləndirilməsinin informasiya sistemi yaradılmalıdır. Vaxtı ilə AMEA-nın İdarəetmə Sistemləri İnstitutu və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə belə informasiya sisteminin ilkin variantı yaradılmışdır. Belə informasiya sistemi dövlət qrantlarının paylanmasında, müxtəlif elmi mükafatların və təltiflərin verilməsində, AMEA-nın müxtəlif bölmələri üzrə aktiv elmi əməkdaşların ortaya çıxarılmasında və onların mükafatlandırılmasında və digər işlərdə istifadə oluna bilər. Bu, elmdə sağlam rəqabətə gətirər, elmi tədqiqatların öncül (prioritet) istiqamətlərini müəyyən edər və dövlət vəsaitinin elmi araşdırmalara daha şüurlu yönəldilməsinə imkan verərdi.

Universitetlərin reytinqinin təyin edilməsi üçün Azərbaycanda da analoji sistemin yaradılması məqsədəuyğundur. Elm, texnika, ədəbiyyat və mədəniyyət sahələrində Azərbaycan dövlət mükafatının təsis olunmasını məmnuniyyətlə qeyd etmək istərdik. Gənc alimlərə də elm və texnika sahəsində dövlət mükafatının verilməsi ənənəsini dirçəltmək məqsədəuyğundur.

Vacib məsələlərdən biri SCİ məlumatlar bazasına daxil olan jurnallarda alimlərimizin məqalələrinin nəşr olunmasıdır. Yuxarıdan verilmiş heç bir göstərişlə bu məsələ həll olunmaz. İlk növbədə, alimlərin səmərəli çalışmasına lazımi şərait yaradılmalıdır. Yeni eksperimental elmi araşdırmalar üçün müasir avadanlığın varlığı təmin olunmalıdır. Nəzəri tədqiqatlar üçün isə aparıcı elmi jurnallara və ya heç olmasa, onların elektron variantına giriş imkanı əldə edilməlidir. Bu məsələ AMEA-da qismən öz həllini tapmışdır. Dövlət qrantlarının ayrılması zamanı müasir avadanlığın alınması məsələsi xüsusi maddə ilə göstərilməlidir.


İnternet və elmi müəssisələrin saytları


Müasir zamanda hər bir təşkilatın fəaliyyəti haqqında məlumat internet vasitəsilə onun saytından alınır. AMEA-nın saytı digər təşkilatlar üçün nümunə olmalıdır. AMEA-nın saytında dəyişikliklərin edilməsi zəruridir. Bəzi məlumatlar, açığını desək, SSRİ-nin 50-60-cı illərini xatırladır.

Məsələn, AMEA-nın üzvləri haqqında olan məlumatlarda fəlsəfə doktoru (namizədlik) və elmlər doktoru dissertasiyalarının mövzusu və müdafiə ilinin və dissertasiyaların indeksinin göstərilməsi hər kəsi təəccübləndirir. Belə məlumatlar məmurluqdan başqa heç bir elmi informasiya daşımır və qısa zamanda aradan qaldırılmalıdır. AMEA-nın üzvləri haqqında olan məlumatda hansı ali məktəbin məzunudur, hansı elmi mərkəzlərdə dissertasiyalarını müdafiə edib və aldığı əsas nəticələr göstərilməlidir. Eyni zamanda, hansı elmi mərkəzlərlə əməkdaşlıq edilir, hansılarına dəvət olunub və əsas elmi nəşrlərinin siyahısı verilə bilər.

Dünyanın bütün tanınmış elmi mərkəzlərinin saytları məhz bu prinsiplər üzərində qurulub və biz də buna riayət etməliyik. Saytın müsbət tərəfi ondan ibarətdir ki, AMEA-da baş verən hadisələr və yeniliklər saytda vaxtında yerləşdirilir. Elm TV proqramının yaradılması təqdirəlayiqdir və düşünürük ki, bu proqram daha geniş şəkildə məktəb şagirdlərinə və ali məktəblərin tələbələrinə yönəldilməlidir.


Təhsilin problemləri


Ali məktəblərin əsas məqsədi keyfiyyətli təhsil vermək, beynəlxalq təhsil sisteminə inteqrasiya olunmaq və dünya universitetləri reytinqində mümkün qədər yüksək ranqa nail olmaqdır. Etiraf etmək lazımdır ki, Azərbaycanın təhsil sistemində müəyyən irəliləyiş var. Bununla bərabər, təcili həllini tələb edən çox sayda problemlər də qalmaqdadır.

Acı təəssüflə qeyd etmək lazımdır ki, dünyanın 500 universitetinin reytinq siyahısında Azərbaycanın heç bir ali məktəbinin adı yoxdur. Hətta keçmiş sovet respublikalarının xüsusiyyətlərini nəzərə alaraq tərtib olunmuş 400 ali məktəb siyahısında MDB məkanında fəaliyyət göstərən 60 ali məktəbin adı göstərilir, Azərbaycandan isə bir ali məktəbin belə adı həmin siyahıya düşməyib. Sonuncu siyahıda Qazaxıstanın, Litvanın, Latviyanın, Estoniyanın ali məktəblərinin adları var. Bu bizi ciddi düşündürməlidir.

Elm və təhsil sahəsində inqilabi dəyişikliklər ziyandan başqa bir şey vermir. Burada hər bir dəyişiklik təkamül xarakteri daşımalıdır. Vaxtilə heç bir hazırlıq tədbiri görmədən, tələsik olaraq Azərbaycanda bakalavr+magistr sistemi həyata keçirildi. Zaman göstərdi ki, bu sistem özünü lazımi qədər doğrultmadı, çünki bu keçiddə aspirantura (doktorantura) ilə bağlı heç bir dəyişiklik olmadı. Biz beynəlxalq təhsil sisteminin sadəcə bir parçasını qəbul edib digər hissəsinə nəzər yetirmədik. Bu da öz mənfi tərəfini indi göstərməkdədir. Təhlil göstərir ki, Azərbaycanda aspiranturanı (doktorantura) bitirən şəxslərin elmi səviyyəsi ürəkaçıcı deyil. Bu gün aspirantura (doktorantura) pilləsində çalışan səxslər üçün elmi rəhbərin təklifi ilə imtahanların sayı ciddi sayda artırılmalıdır, 5-6 imtahan olmalıdır.

Yeni fənlər üzrə dərslər verilməlidir və gələcəkdə bu artıq bir qanuna cevrilməlidir. Belə yanaşma iddiaçıların elmi səviyyəsinə və aldığı nəticələrin daha dərin olmasına yardım edərdi. Bu Qərb ölkələrində mövcuddur və öz bəhrəsini illər boyu göstərmişdir. Hətta SSRİ-nin aparıcı elmi mərkəzlərində belə yanaşma həyata keçirilirdi. Eyni zamanda, bu yanaşma yeni dərslərin verilməsini tələb edib müəllimlərin həm dərs yükünü, həm də elmin müasir sahələrinə qovuşmağa imkan yaradacaqdır.

Digər məsələ şagirdlərin müxtəlif fənlərdən dünya olimpiadalarında iştirakıdır. Bu məsələnin effektiv olması üçün bir çox ölkələrdə olduğu kimi, bacarıqlı, milli komandaya namizədlər üçün ildə bir neçə dəfə (10-12 günlük) xüsusi seminarlar (kamplar) təşkil olunmalıdır. Belə seminarlar Azərbaycanın müxtəlif səfalı bölgələrində, istirahət mərkəzlərində keçirilə bilər və bu sahədə tanınmış mütəxəssislər prosesə cəlb oluna bilər. Məsələn, qardaş Türkiyədə riyaziyyat üzrə Milli komandanı dünya olimpiadalarına hazırlayan üzvlərinin böyük hissəsi azərbaycanlılardır. Bu şəxslərin imkanlarından istifadə etmək məqsədəuyğun olardı.


Ali Attestasiya Komissiyası


Bu qurumda ciddi islahatlar keçirilməlidir. Yuxarıda qeyd olunduğu kimi, bu sahədə inqilabi deyil, addım-addım, tədrici xarakterli dəyişikliklər baş verməlidir. Əvvəlcə süründürməçilik, məmur maneələri aradan qaldırılmalıdır. AAK-ın ciddi nəzarəti altında bir neçə pilot elmi müdafiə şuraları yaradılmalıdır. Belə ki, bir pilot şurası BDU-da, digəri (ola bilsin bir neçəsi) AMEA-da, göstəriciləri ən yüksək olan institutlarda yaradıla bilər. Pilot şuralarında müdafiə olunan fəlsəfə doktorları dissertasiyalarına (müdafiə uğurlu olarsa) dərhal şuranın diplomları verilməlidir. Belə dəyişiklik AAK-ın üzərində olan böyük və ağır yükü aradan qaldıra bilər və gələcəkdə şuraların keyfiyyətini müqayisə etmək imkanı yaradar, hansı şuraların qalıb-qalmamaq məsələsini də həll edərdi. Elmlər doktoru dissertasiyalarının müdafiəsi üçün iddiaçı birbaşa şuraya müraciət etməlidir.

Koordinasiya şuralarının nəzdində bu sahənin bütün (elmlər doktoru) üzvlərindən ibarət olan seminarlar təşkil olunmalıdır. Hər bir elmlər doktoru dissertasiyası bu seminarda ciddi müzakirə olunduqdan sonra və seminarın qərarı ilə şuraya göndərilə bilər. Bu seminarlarda hər bir alim müzakirədə iştirak edə bilər. Belə yanaşma gözlənilmədən ortaya çıxan və qısa zamanda müdafiə olunub, təsdiq edilən doktorluq dissertasiyalarının müdafiəsinə son qoyardı. Gələcəkdə AAK-ın dissertasiyalar üzərində olan nəzarəti azalardı və bütün funksiyalar müdafiə şuralarına keçərdi. AAK-ın isə nəzarəti sadəcə müdafiə şuraları üzərində qalardı və AAK-ın hansı formada fəaliyyət etməsi məsələsi öz əksini tapardı. Belə qaydalar bütün inkişaf etmiş ölkələrdə mövcuddur. Əsas məqsəd məmurluğun elm üzərindən hökmünü götürməkdir.

Bu gün mövcud olan AAK-ın Ekspert Şuralarının üzvlərinin sayı ciddi sürətdə azaldılmalıdır. Ekspert şuraları əsasən hansı alimə dissertasiyanı göndərmək qərarını verməlidir. Bu alimlərin müdafiə şuralarında daha geniş istifadə etməsinə imkan yaradardı. Dissertasiyalar rəy üçün ancaq mütəxəssislərə göndərilməlidir və bu məsələdə ekspert şuralarının üzvləri olmayan mütəxəssislərindən də istifadə etmək lazımdır. SSRİ zamanı belə rəyçilərə "qara opponent” deyilərdi və bu sistem özünü tam doğrultmuşdu. Biz keçmişdə istifadə edilmiş, özünü doğrultmuş qaydalardan qorxmamalıyıq və yeri gələndə istifadə etməliyik. Müdafiə prosesində bu günə qədər istifadə olunmuş və məmur əngəlindən başqa bir şey verməmiş qaydalar aradan qaldırılmalıdır. Məsələn, ilk müzakirədə və ümumiyyətlə, müdafiə zamanı video çəkilişlərin aparılması aradan qaldırılmalıdır.

Hər bir elmi sahə üçün qaydalar xüsusi xarakter daşımalıdır. Məsələn, bu gün fəlsəfə doktoru (namizədlik) dissertasiyalarının müdafiəsi üçün 5 məqalənin çap olunması tələb olunur. Əgər eksperimental sahələrdə belə yanaşma məqbuldursa, riyaziyyat, nəzəri fizika və digər sahələrdə böyük problemə səbəb olur. Riyaziyyat və nəzəri fizika sahələrində adətən məqalələrdə bir, ən çox iki müəllif olur. Ona görə bu sahələrdə 5 məqalənin çap olunmasına ən azı 5-6 il tələb olunur. SSRİ zamanında bu sahələrdə dissertasiyaların müdafiəsi üçün sadəcə 2 məqalə tələb olunurdu və qeyd etmək lazımdır ki, o zaman müdafiə olunan dissertasiyaların keyfiyyəti bugünkü dissertasiyalardan müqayisəolunmaz qədər yüksək idi. Ona görə bəzi nəzəri sahələr üçün 2 məqalə ilə kifayətlənmək olardı, amma məqalələrdən biri ya İmpakt faktoru olan jurnallarda, ya da AAK-ın xüsusi qeyd etdiyi jurnallarda çap olunmalıdır. Belə sahələr üçün dissertasiyaların həcminə olan tələb (100 səhifə) məsələsinə də yenidən baxılıb bu həcm azaldılmalıdır.


Himayəçilər şurası


Azərbaycanda ilk dəfə olaraq BDU-nun Himayəçilər şurası təsis edilib. Belə şuralar dünyanın aparıcı universitetlərində mövcuddur və ali məktəbin dünya universitetləri arasında olan reytinqinə ciddi nəzarət edir. Ali məktəblərin reytinqi dedikdə, bu məfhum bir çox digər vəziyyətləri ehtiva edir: müasir informasiya texnologiyalarının istifadə olunduğu tədrisin səviyyəsi, elmi avadanlıqla təchizat; yerinə yetirilmiş elmi işlərin və nəşr olunmuş məqalələrin səviyyəsi; beynəlxalq əlaqələr; ali məktəbin mövcud resursları; sözügedən ali məktəbin nüfuzlu mükafatlar laureatı olmuş müəllimləri və məzunlarının sayı və s.

Yerinə yetirilmiş elmi işin səviyyəsi yalnız bu mövzuda nəşr olunmuş məqalələrin sayı ilə deyil, daha çox bu məqalələrə edilən istinad qeydləri ilə müəyyən olunur. Ali məktəbin beynəlxalq nüfuzu onun saytına edilmiş müraciətlərin Google statistikasında göstərilən sayı ilə qiymətləndirilir. Sadaladığımız bütün göstəricilər üzrə ali məktəblərimizin qarşısında təcili həll olunmalı çox problemlər var. Önəmli məsələrdən biri də BDU-nun yataqxanasının olmamasıdır. Bu məsələ qısa zamanda öz həllini tapmalıdır.

Bizim təhsilimizi geri salan bir zərərli göstərici də əlaçı tələbələrin süni surətdə şişirdilmiş sayıdır. Belə əlaçılar kimə gərəkdir? Tələbələr arasında bu əlaçılar zümrəsinin süni surətdə formalaşdırılması zərərdən başqa heç kimə heç nə gətirmir və eyni zamanda, bunun kökündə xoşagəlməyən hallar durur.

Başqa bir vacib məsələ isə ali məktəb müəllimlərinin yenidən hazırlanması məsələsidir. Bu məsələnin həlli üçün Qərb universitetlərinin təcrübəsində olduğu kimi, ali məktəb müəllimlərinin aparıcı ali məktəblərə tədrisin müasir metodlarının mənimsənilməsi üçün uzunmüddətli ezamiyyətini nəzərdə tutan, Sabbatical proqramı (əvvəldə qeyd olunub) deyilən proqram təşkil etməyi məqsədəuyğun hesab edirik. Burada başlanğıc üçün Rusiya ali məktəblərinin, daha sonra isə Qərb universitetlərinin təcrübəsindən istifadə etmək olar.

Ali məktəbin maliyyələşməsi vacib məsələlərdən biridir, daha dəqiq desək, vacib məsələ bir tələbənin birillik təhsilinə ayrılan vəsaitin miqdarıdır. Avropanın aparıcı ali məktəblərində hər tələbənin bir ildə təhsilinə ayrılan vəsaitin miqdarı 30 min ABŞ dollarıdır. Lakin onların da arasında elə yüksək ranqlıları var ki, orada bu rəqəm 100 min ABŞ dollarına qədər yüksəlir. Azərbaycanda bu rəqəm ortalama 1000-1200 ABŞ dolları civarındadır.

Avropa Birliyi ölkələrində təhsilə ayrılan vəsait orta hesabla ÜDM-in 1,1 faizini, ABŞ-da isə 2,3 faizini təşkil edir. Azərbaycanda bu rəqəm ÜDM-in 0,02 faizi qədərdir. Bu vəsaitlə çətin ki, yüksək səviyyəli mütəxəssis yetişdirmək mümkün olsun. Qısa zaman ərzində bu göstəricini ABŞ və ya Avropa səviyyəsinə çatdırmaq təbii ki, mümkün deyil, amma bir məqsəd kimi baxıla bilər!

Bu məsələnin həlli çox dərin təhlil və bir çox tədbirlərin tədricən və ehtiyatla həyata keçirilməsini tələb edir. Bu məbləğin mərhələlərlə optimal miqdara çatdırılması üçün dövlət proqramının işlənib hazırlanması məqsədəuyğundur. Bu mərhələlərdə ali məktəblərdəki çatışmazlıqlar daha qabarıq şəkildə görünəcək və onların aradan qaldırılması yollarını müəyyənləşdirmək daha rahat olacaqdır. Sadalanan məsələlər Himayəçilər şurasının nəzarətində olmalıdır.

Orta məktəblərdə 9+2 sxeminin tətbiqi ali məktəblərə axını bir qədər azaldacaqdır. Digər tərəfdən, biz hansı sahələrdə və nə qədər mütəxəssisin gərək olduğunu dəqiq müəyyənləşdirməli olacağıq. Bizə indi hazırlandığı qədər tibb mütəxəssislərinin, hüquqçuların, tarixçilərin və s. hazırlanması lazımdırmı? Mütəxəssislərin hazırlığını və onların miqdarını dəqiq tənzimləyən dövlət proqramı qəbul edilməlidir. Bu, tələbələrin təhsilinə ayrılan vəsaiti artırmağa imkan verərdi.

Azərbaycan Prezidenti dövlət dəstəyi ilə 5 min azərbaycanlı tələbənin təhsil almaq üçün xarici ölkələrdəki nüfuzlu universitetlərə göndərilməsi haqqında sərəncam verib. Bu əlamətdar sənəd Azərbaycanda nəinki təhsilə güclü impuls verəcək, eyni zamanda, ölkəmizdə informasiya texnologiyaları, iqtisadiyyat, beynəlxalq əlaqələr və s. kimi müasir elm sahələrinin möhkəm təməlini qoyacaqdır.

Prezidentin başqa bir sərəncamı ilə gənc tədqiqatçıların doktorluq dissertasiyaları hazırlaması üçün nüfuzlu beynəlxalq mərkəzlərə göndərilməsi məqsədilə dövlət vəsaiti ayrılmışdır.

Beləliklə, Azərbaycanda əsasını elm və təhsilin təşkil etdiyi inkişaf modelinin formalaşdığını təsbit etmək olar. Ona görə də Prezident sərəncamlarının effektiv surətdə həyata keçirilməsi üçün xaricdə təhsil alacaq tələbələrin seçilməsinin dövlət proqramı işlənib hazırlanmalı və bu proqramda üstün təhsil sahələri xüsusi göstərilməlidir.

Elmi menecment üzrə mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirilməsi zəruridir və gələcəkdə bizim ali məktəblərdə də bu ixtisas üzrə kadrlar hazırlanmalıdır. Əgər keçmişdə ölkənin inkişaf səviyyəsi təbii sərvətlərin varlığı ilə müəyyən olunurdusa, hazırda bu səviyyə yüksək texnologiyaların tətbiqi ilə ölçülür. Hər kəsin bildiyi kimi, təbii sərvətləri ilə öyünə bilməyən Yaponiya, Finlandiya, Hollandiya və digər ölkələr dediklərimizə ən yaxşı sübutdur. Bu səbəbdən, mühəndis kadrlarının hazırlanmasına və xarici ölkələrə "engineering”, "electronics”, "computer science” və digər sahələr üzrə təhsil almağa göndəriləcək tələbələrin seçilməsinə xüsusi diqqət yetirilməlidir.

Xaricdə təhsil alan tələbələrin məlumat bankı yaradılmalı, onların bu və ya digər sahələrdə hansı şəkildə və sayda istifadə olunacağının optimal planı hazırlanmalıdır. Bu banka xarici universitetlərdə çalışan həmvətənlərimiz haqqında məlumatlar da daxil etmək, onlarla əlaqə saxlamaq lazımdır. Çünki onlar həmin universitetlərlə əlaqələrin qaydaya salınmasında mühüm rol oynaya bilərlər.

Bu gün müxtəlif universitetlər arasında birgə tədris proqramları həyata keçirilir və bunun nəticəsində iki diplom verilir: yerli və xarici universitetin diplomu. Belə proqram Azərbaycan Dövlət Neft və Sənaye Universitetində mövcuddur və digər universitetlərdə də həyata keçirilməsi məqsədəuyğun olardı. Biz bütün yükü dövlətin üzərinə qoymamalıyıq və ali məktəblərə bu sahədə sərbəstlik vermək olardı.

Məlumdur ki, bir çox xarici universitetlərdə təhsil almaq üçün SAT, GMAT, A-level və s. kimi proqramlar əsasında xüsusi qəbul imtahanları verilməlidir. Ona görə də Dövlət İmtahan Mərkəzi nəzdində bu imtahanlara hazırlıq mərkəzi təşkil olunmalıdır. Bu tədbir bizim gənclərə nüfuzlu xarici universitetlərə qəbul olunmaq üçün müvəffəqiyyətlə qəbul imtahanı verərək təhsilə başlamasına daha yaxşı şərait yaradardı.

Asəf HACIYEV,

AMEA-nın həqiqi üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video