30 May 2019 03:19
1341
Mədəniyyət
A- A+

Ən ağır dərd - qürbətdə ölmək...


"Yelizavetpol quberniyasının Şuşa, Zəngəzur və Nuxa qəzaları ilə ali silkə mənsub olmaq hüquqlarını müəyyən etmək üçün yaradılmış Şuşa bəy komissiyasının 21 dekabr 1827-ci il 374 saylı protokoluna əsasən Əli Paşa bəy Xan Murad bəy oğlu Sultanovun, onun arvadı Bəyim xanımın, oğlu Sultan bəyin, qızı Aftab xanımın bəy nəslinə mənsub olması təsdiq edilir”. Şuşa bəy komissiyasının bu qərarı 16 avqust 1877-ci ildə Qafqaz canişini tərəfindən təsdiq edildi. Əli Paşa bəy Sultanov və onun ailə üzvləri Yelizavetpol quberniyasının Zəngəzur qəzasının bəyləri siyahısına daxil edildi.

Bu şəhadətnamə veriləndən iki il sonra - 1879-cu il mayın 10-da Əli Paşa bəy Sultanovun ailəsində bir uşaq da dünyaya gəldi. Onu Xosrov bəy adlandırdılar. Qafan mis mədənləri, Bərgüşad çayının axarı boyu əkin, Çalbayır otlaq sahələri bu ailəyə - Sultanbəylərə məxsusdu. Evin böyüyü - Əli Paşa bəy mahalın sayılıb-seçilən, sözünün üstünə söz deyilməyən ağsaqqallarından idi. Əsilzadəliyi, mərdanəliyi ilə övladları da ona bənzəyirdilər. Dünyaya göz açdıqları yurd da igidlər məkanıydı. Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Kürdhacı kəndi, Qasımuşağı obası (indiki Laçın rayonu) yalnız Azərbaycanın deyil, bütövlükdə dünyanın ilk insan məskənlərindən biri idi.

Əli Paşa bəy övladlarının tərbiyəsi ilə ciddi məşğul oldu. Sultan bəy hərb sənətinin sirlərinə yiyələndi. Xosrov bəy isə Gəncə gimnaziyasını bitirdikdən sonra Odessa Tibb Universitetinə daxil oldu. Sonralar ictimai-siyasi hadisələrin tez-tez qarşılaşdıracağı Nəriman Nərimanovu da tələbəlik illərində tanıdı, dostlaşdı.


İstiqlal Bəyannaməsini imzalayan 26 nəfərdən biri


Xosrov bəyin cəsarəti, qətiyyəti o zamanlar da bəlliydi. Tələbəlik günlərinin birində o, rus zabitin yoldan keçən qıza sataşdığını gördü. Xosrov bəyin qızı müdafiə etməsi duellə nəticələndi. Birinci gülləni atmaq haqqından istifadə edən zabit Xosrov bəyi gözündən yaraladı. Ancaq sağ qalan Xosrov bəy oldu. O, Odessa Universitetinin rektorunun qızının yolunda duelə çıxdığını sonradan öyrəndi. Qızla evləndi. Murad adlı oğlu dünyaya gəldi. Ancaq uşağın ömrü qısa oldu.

1903-cü ildə Xosrov bəy universiteti bitirib vətənə döndü. Zəngəzurda, Qarabağda topladığı zəngin bitkilərdən hazırladığı dərmanlarla kəndlərə gedir, xəstələri təmənnasız müalicə edirdi. Gənc həkim həm də xalqının tarixi, ədəbiyyatı, mədəniyyəti ilə maraqlanır, araşdırır, öyrənirdi.

Xosrov bəy Bakı müsəlman Xeyriyyə Cəmiyyətinin Qafqaz cəbhəsində qaçqınların yerləşdirilməsi üzrə baş müvəkkil də oldu. "Qafqaz cəbhəsində qaçqınların yerləşdirilməsi üzrə baş müvəkkillik” adlı bu təşkilatın baş müvəkkili general-mayor Tamamşev 1916-cı il iyunun 4-də Xosrov bəy Sultanova göndərdiyi teleqramda bildirirdi: "Rəhbərlik etdiyiniz cəmiyyətin nəzdində neçə yetimxananın mövcudluğu və onlara nə qədər kimsəsizin yerləşməsi, habelə onların hökumət tərəfindən tam təmin olunması və ya cəmiyyətinizin də köməyinə ehtiyac olması haqqında mənə məlumat verməyinizi xahiş edirəm”.

İctimai-siyasi hadisələr getdikcə daha da mürəkkəbləşirdi. Belə gərgin, xalqı, vətəni üçün məsuliyyətli zamanda Xosrov bəy də siyasət meydanına atıldı. "Müsavat” partiyasına 1917-ci ildə daxil oldu, Rusiya Müəssislər Məclisinə deputat, Zaqafqaziya seyminə üzv seçildi. 1918-ci ildə "İttihad” partiyasına keçdi. Xosrov bəy Sultanov 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsini imzalayan 26 nəfərdən biri oldu. Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən təsdiq olunan Birinci hökumət kabinetində hərbi nazir vəzifəsini tutdu. Azərbaycan Milli Şurasının və hökumətinin qurulduğunu, məqsəd və vəzifələrini bəyan etmək, qayda-qanun yaratmaq məqsədilə Nəsib bəy Yusifbəyli və Şəfi bəy Rüstəmbəyli ilə birgə ilk nümayəndə heyətinin tərkibində Gəncəyə gəldi. Xosrov bəy 1918-ci il iyunun 17-də təşkil edilən İkinci hökumət kabinəsində əkinçilik naziri oldu.


Qarabağın general-qubernatoru


Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin yayında Ermənistan daşnak hökumətinin Zəngəzur bölgəsində azərbaycanlılara qarşı dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı siyasətinin, Andronikin, Njdenin, Dronun quldur dəstələrinin Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında törətdiyi kütləvi qətllərin, qarətlərin qarşısını almaq məqsədilə Müvəqqəti Qarabağ general-qubernatorluğu yaratdı. Xosrov bəy Sultanov 1919-cu ilin 29 yanvarında Qarabağın general-qubernatoru təyin olundu. Azərbaycan hökumətinin öz tarixi torpaqlarında general-qubernatorluq yaratması, üstəlik bu vəzifəyə Xosrov bəyi təyin etməsi daşnakları təşvişə saldı. Ermənilər Sultanbəyləri yaxşı tanıyırdılar. Xosrov bəyin atası Zəngəzurda ədaləti, düzgünlüyü sevən, qorxmaz adam kimi ad-san qazanmışdı. Hələ 1905-ci il erməni-müsəlman hadisələrində müsəlman dəstələrdən birinə başçılıq edirdi. Böyük qardaşı Sultan bəy atasının ən yaxın köməkçisi, silahdaşı idi. Elə o vaxtlar - 1905-ci il erməni-müsəlman hadisələrində göstərdiyi şücaətlə Sultan bəy xalq qəhrəmanına çevrildi...

Ermənistan Xarici İşlər Nazirliyi Rusiya hökumətinə və digər aparıcı dövlətlərə, beynəlxalq təşkilatlara şər, böhtan dolu müraciətlər etdi. Qarabağın erməni milli yığıncağı isə Xosrov bəy Sultanovun təyinatına etiraz məktubunda yazırdı: "Qarabağın erməni milli yığıncağı Azərbaycan hökuməti tərəfindən təyin olunan general-qubernatorla bağlı bildirir ki, onlar heç vaxt bu faktla barışmayacaqlar”.

Xosrov bəy Sultanov Şuşaya gələn kimi daşnak Andronik başda olmaqla erməni quldur dəstələriylə amansız mübarizəyə başladı, təhlükəli yerlərdə Milli Ordunun əsgərlərindən ibarət mühafızə dəstəsi yaratdı. 1919-cu ilin 21 martında erməni daşnakları Qarabağa yeganə keçid olan Əsgəran keçidini tutdular. Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edildi, Xankəndi və Şuşa geri alındı. Qarabağın general-qubernatoru erməni milli yığıncağından nəzarətində olan silahlı dəstələri buraxmağı, Qarabağda əmin-amanlığın təmin olunmasına maneçilik törətməməyi tələb edirdi. Bu dəfə daşnaklar cümhuriyyətin hərbiyyə nazirinin Xosrov bəyi general-qubernatorluqdan geri çağırdığı barədə şayiə yaydılar. Üzeyir bəy Hacıbəyli "Azərbaycan” qəzetinin 1919-cu il 24 iyun tarixli sayında bu barədə yazırdı: "Həqiqətən, o, Qarabağ üçün ən münasib bir rəisdir. Qarabağ həyatına tamamilə aşina olan bu zat sağlam bir vücudə malik olan kimi, sağlam və salamat politika yeridən və təht idarəsinə tapşırılmış olan yerin ümumi mənafeyini xüsusi surətdə nəzərdə tutan bir zatdır. Ermənilər Qarabağda qəsdən süni iğtişaşlar çıxarmaqla Qarabağ general-qubernatorunu baş komandanlıq gözündə ləkələmək istəyirlər. Əgər Qarabağ müsəlmanları arasında böyük və layiqli bir nüfuza malik olan və erməni cəmaəti tərəfindən dəxi möhtərəm sayılan bu zat Qarabağın hökuməti başında olmasa idi, burası - Azərbaycanın cənnəti hesab olunan bu yer çoxdan bəri cəhənnəmə dönüb qətli-qital olmuşdu”.

Xosrov bəy 1918-1920-ci illərdə daşnakların Qarabağ və Zəngəzurdan təmizlənməsində qardaşı Sultan bəylə birgə misilsiz xidmət göstərdi. Onlar ümumi işin xeyrinə aralarında illərdir ədavət olan bəylərin ayağına gedir, bütün gücləri birləşdirməyə, birgə mübarizəyə çağırırdılar. Sultanovlar öz var-dövlətlərini Türkiyə və İrandan silah-sursat almağa sərf edir, Azərbaycan Xalq Cümhuriyyətinin qorunmasında böyük işlər görürdülər.


Düşmən hiyləsi... həbsxana divarları...


1919-cu ilin yayında ermənilərin ərazi iddiası irəli sürdükləri Qarabağ, Zəngəzur və digər yerlərdə Azərbaycanın müstəqilliyinin bərqərar olmasında Xosrov bəy Sultanov müstəsna xidmət göstərdi. Onun mübarizliyi, hərbi şücaəti sayəsində Şuşadakı gizli daşnak komitəsi üzvlərinin qaçmaqdan başqa yolları qalmadı. Buna cavab olaraq erməni yaraqlıları Şuşada silahlı toqquşma törətsələr də, ertəsi gün - iyunun 6-da sülh əldə edildi, şəhərdəki dinc ermənilər üzrxahlıq məktubu yazıb, daşnakların fitnəkarlığına görə Xosrov bəyin şəxsində Şuşanın müsəlman əhalisindən üzr istədilər. 1919-cu ilin avqustunda Xosrov bəy Qarabağda yaşayan ermənilərə yığıncaq keçirərək Azərbaycan hökumətinə tabe olmaq qərarını qəbul etdirə bildi. Həmin ilin sentyabrında Azərbaycan hökuməti burada məskunlaşmış ermənilərə mədəni muxtariyyət verdi.

Cümhuriyyət hökuməti 1919-cu ilin oktyabr-noyabr aylarında asayişin bərpası üçün Qarabağa Cavad bəy Şıxlınskinin rəhbərliyi ilə 1-ci piyada diviziyasını göndərdi. Xosrov bəyin göstərişi ilə Sultan bəy də bu döyüşlərə qoşuldu.

Erməni-müsəlman münaqişəsinə son qoyulması məqsədilə 1919-cu il noyabrın 23-də ABŞ-ın köməyi və vasitəçiliyilə Azərbaycan hökuməti və Ermənistan arasında müqavilə bağlandı. Ancaq bu müqavilədən çox keçməmiş ermənilər Zəngəzurda və Qarabağda azərbaycanlılar yaşayan kəndlərə yenidən hücumlar etdilər. Əli hər yerdən üzülən Andronik bolşevik Rusiyası ilə danışıqlar apardı, aldığı dəstək sayəsində yeni silahlı dəstə yaratdı. Onun Zəngəzuru, Qarabağı və Gəncəni tutaraq yenidən Stepan Şaumyanın bolşevik-daşnak hərbi hissələri ilə birləşmək, Şimali Azərbaycanda erməni hakimiyyətini genəşləndirmək niyyətini bu dəfə də Sultan bəy və Xosrov bəy qardaşları puça çıxardılar.

1920-ci ildə bolşeviklər Azərbaycanda hakimiyyəti ələ keçirə bildilər. Təhlükələrə baxmayaraq, Xosrov bəy vətənini tərk etmədi. Bolşeviklər cümhuriyyət hökumətinin seçilən nümayəndələrindən biri kimi ona da aman verməyəcəkdilər... Xosrov bəy Nəriman Nərimanov, Çingiz İldırım kimi nüfuzlu söz sahibləri sayəsində Şuşada İnqilab Komitəsinin rəhbərliyində saxlandı. Amma hakimiyyət strukturlarında, XI ordunun rəhbərliyində, NKVD-də özlərinə yer tapmış daşnaklar Xosrov bəy və Sultan bəy qardaşlarının qanına susamışdılar. Bakıdan onun həbsinə razılıq ala bilməyib Moskvaya donoslar göndərirdilər. Nəhayət, Serqo Orconikidze və Mikoyanın razılığı ilə Xosrov bəy rus ordusunun xüsusi idarəsinin zabitləri tərəfindən həbs edilərək Bayıl türməsinə aparıldı. Bu xəbərə çox sevinən ermənilər yenidən Ermənistana birləşmək tələbi ilə Şuşada, Vərənddə Azərbaycan hökumətinə qarşı üsyan qaldırdılar. Qəza İnqilab Komitəsinin rəhbəri Şamil Mahmudbəyov 1920-ci ilin dekabrında Nəriman Nərimanova, Həmid Sultanova, Əliheydər Qarayevə məktub yazaraq Xosrov bəyin bölgədə böyük nüfuzunu, sülhpərvərliyini, dinc azərbaycanlı ailələrin erməni silahlılarından qorunmasında misilsiz xidmətlərini əsas gətirərək onun azad edilməsini xahiş etdi. O, Xosrov bəyi zaminə, loyallığı, bütün hərəkətləri üçün şəxsən məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu bildirdi. 1921-ci il fevralın 15-də Şamil Mahmudbəyov göndərdiyi məlumatda daşnakların daha da azğınlaşdığını yazaraq Bakıdan yardım istədi. O, Qarabağ və Zəngəzurda böyük nüfuzu olan Sultan bəyin imkanlarından istifadə olunmasını, bunun üçün əvvəlcə Xosrov bəyin azadlığa çıxarılmasını təklif etdi. Ancaq Xosrov bəyi zindana salanların məqsədi onu aradan götürmək idi... Eyni aqibət Sultan bəyi də gözləyirdi. 1920-ci il mayın 31-də XI ordu hissələri Zəngəzura yenidən hücuma keçdi, 1921-ci il iyulun 23-də Sultan bəyin hərbi dəstələri tərksilah edildi. O, sovet hakimiyyətindən qaçaq düşdü, Kürdhacı kəndində Gorgahatın meşəsində, yarğanda gizləndi. Ermənilərin hiylələri ilə bolşeviklər ona sui-qəsd hazırlayırdılar.

Erməni daşnakları arzularına çata bilmədilər. Xosrov bəy Sultanov Bayıl türməsindən qaçırıldı. Bəzi araşdırmaçılar bolşevik hökumətində hərbi və dəniz işləri üzrə xalq komissarı olan Çingiz İldırımın əmisi oğlunun - Xosrov bəyin həbsinə və onu gözləyən ölümə laqeyd qalmayaraq xüsusi əməliyyat planı qurduğunu, bəziləri isə Nərimanovun öz tələbəlik dostunu həbsxanadan qurtardığını yazırlar.


Gerçək olmayan ümid...


Laçına yetişən Xosrov bəy qardaşları Sultan bəy və İsgəndər bəylə İrana yollandı. Gedəndə tezliklə geri dönəcəklərinə, Azərbaycan Xalq Cümhuriyyətinin yenidən bərqərar olacağına ümidliydilər. İranda nə erməni daşnakları, nə də bolşeviklər onlardan əl çəkdilər. İsgəndər bəy mühacirətdə sovet hökumətinin xüsusi təyinatlı dəstələri tərəfindən qətlə yetirildi. Xosrov bəylə Sultan bəy Türkiyəyə getmək məcburiyyətində qaldılar.

General Xosrov bəy Sultanovun 1923-cü ildən başlanan mühacirət həyatı uzanırdı. O, yenə vətənin azadlığı uğrunda mübarizəsini davam etdirirdi. Qürbətdə sədri seçildiyi "İttihad” partiyasının xarici ölkələr bürosunu formalaşdırmağa və ittihadçıları bir təşkilat ətrafında birləşdirməyə çalışırdı. Azərbaycan istiqlalı ilə bağlı məqalələr yazırdı.

Xosrov bəy İranda, Türkiyə, Fransa və Almaniyada yaşadı. Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışdı. İkinci Dünya müharibəsi illərində yüzlərlə azərbaycanlı əsirin müalicəsi, xilası, onlardan ibarət xüsusi dəstələrin yaranmasında səy göstərdi. O zaman bütün siyasi mühacirlər kimi, almanların hücumundan ümidlənən Xosrov bəy fəaliyyətini daha da genişləndirdi. Ancaq vətənə qovuşmaq yenə ümiddən, arzudan gerçəkliyə dönmədi. Müharibədən sonra da o, siyasi fəaliyyətini davam etdirdi.

Qardaşı Sultan bəy 1942-ci ildə Qars ətrafında, Köçkoy kəndində vətən həsrəti ilə dünyadan köçdü. Xosrov bəyin isə 1947-ci ildə Trabzonda vəfat etdiyi söyləndi. 2016-cı ilin fevralında məzarının yeri dəqiqləşdirildikdən sonra onun 1943-cü il yanvarın 7-də dünyasını dəyişdiyi, məzarının İstanbulun Feriköy qəbiristanlığında olduğu məlum oldu.

Azərbaycanın bütövlüyü, müstəqilliyi uğrunda mübarizə aparmış, məmləkətinin düşmənləri tərəfindən sonunda ən ağır cəzaya - ömrünü qürbətdə başa vurmağa məhkum edilmiş bütün mücahidlərimiz kimi, Xosrov bəy Sultanov da bu dünyadan arxayın getmədi. Azərbaycan Xalq Cümhuriyyətinin uzaqgörən ilk hərbi naziri, millətinin düşmənlərini yaxşı tanıyan vətənpərvər sanki uzun illər sonra - XX əsrin sonlarında baş verə biləcəklərdən narahat, Zəngəzurdan, Zəngilandan, Qubadlıdan, Laçından, Şuşadan, Xankəndidən... bütöv vətənindən nigaran idi.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video