28 May 2019 02:13
901
İQTİSADİYYAT
A- A+

Xəzərdən Adriatik sahillərinə uzanan əməkdaşlıq körpüsü


2018-ci il mayın 29-da Bakı yaxınlığındakı Səngəçal terminalında "Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasimi keçirilmişdir. "Cənub qaz dəhlizi” Azərbaycan qazının Avropa qitəsinə nəqlini həyata keçirəcək nəhəng bir layihədir. Layihə çərçivəsində çəkiləcək dəhliz dörd mühüm seqmenti birləşdirir.

Bunlar "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi, CQBK-nın (Cənubi Qafqaz Boru Kəməri) genişləndirilməsi, TANAP-ın (Transanadolu Qaz Boru Kəməri) və TAP-ın (Transadriatik Qaz Boru Kəməri) çəkilişidir. "Şahdəniz-2”dən qazın əldə olunması və CQBK-nın genişləndirilməsinin başa çatdırılması bir il əvvəl layihənin rəsmi açılışını etməyə imkan vermişdir.

Növbəti ayda - iyunun 12-də TANAP da istismara daxil oldu. Bu münasibətlə Türkiyədə, Əskişəhərdə təntənəli tədbir keçirildi. Beləliklə, artıq bir ildir üç seqmenti müvəffəqiyyətlə fəaliyyət göstərən "Cənub qaz dəhlizi” ilə "Şahdəniz” qazı nəql edilir. Sonuncu seqment olan TAP-ın çəkilişi uğurla yekunlaşmaqdadır. Gələn il bu kəmər də işə düşərək Azərbaycan qazını Avropaya çatdıracaq.

"Cənub qaz dəhlizi”nin uzunluğu 3500 kilometrdir. Dəhlizi təşkil edən, bir-birinə möhkəm "halqa” ilə bağlanan üç kəmər 1,2 trilyon kubmetr ehtiyata malik "Şahdəniz” yatağından hasil olunan qazın Avropa bazarına ötürülməsini təmin edəcək.

Layihə 40 milyard dollar həcmində dəyərləndirilir.

"Cənub qaz dəhlizi”nin təməli 2014-cü il sentyabrın 20-də - "Əsrin müqaviləsi”nin 20 illik yubileyi günü Səngəçal terminalında qoyulmuşdur. Layihənin nəhəngliyini nəzərə alsaq, onun təməlqoyma və açılış mərasimləri arasındakı vaxt çox qısa olmuşdur. Cəmi 4 ilə yaxın bir vaxt ərzində qazanılan böyük uğur - "Cənub qaz dəhlizi”nin işə düşməsi Azərbaycanın bundan əvvəl həyata keçirdiyi qlobal neft-qaz və ixrac layihələrinin təcrübəsinə əsaslanır. Belə ki, Azərbaycan üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərini də təxminən 4 ilə çəkmişdir. Sonra bu kəmərlə yanaşı "Şahdəniz-1” qazını Azərbaycanın 13 rayonundan keçməklə Gürcüstana və Türkiyəyə çatdıran Bakı-Tbilisi-Ərzurum boru xəttini inşa etmişdir. Əslində Bakı-Tbilisi-Ərzurum kəməri "Cənub qaz dəhlizi”nin bünövrəsi, başlanğıcı rolunu oynamışdır.

"Cənub qaz dəhlizi”nin açılış mərasimində Prezident İlham Əliyev demişdir: "2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bu da çox önəmli layihədir. Bu layihə olmadan "Şahdəniz” yatağının işlənməsi mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edilməyə başlamışdır... Doğrudan da bunlar tarixi nailiyyətlərdir. "Şahdəniz” yatağının gələcək işlənilməsi ilə bağlı addımlar atılmağa başlanıldı. Əlbəttə, biz hamımız yaxşı bilirdik ki, böyük həcmdə Azərbaycan qazını dünya bazarlarına çıxarmaq üçün qaz kəməri lazımdır. Beləliklə, "Cənub qaz dəhlizi”nin yaradılması ilə bağlı praktiki işlərə start verildi. Çox ciddi işlər, danışıqlar aparıldı”.

İndi bu işlərin əksəriyyəti reallığa çevrilib. Avropanın enerji xəritəsini dəyişdirəcək nəhəng layihə uğurla sona çatmaqdadır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, Azərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir. Dövlət başçısı, bununla yanaşı, "Cənub qaz dəhlizi”nin beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq şəraitində reallaşdığını da dəfələrlə vurğulamışdır.

"Cənub qaz dəhlizi”nin icrasında yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edirlər. Üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro da "Cənub qaz dəhlizi”nə çoxdan maraq göstərirdilər. Azərbaycan bu ölkələrlə də Avropada enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalayıb.

ABŞ digər mühüm enerji layihələri kimi, "Cənub qaz dəhlizi”nin reallaşmasına da siyasi və mənəvi dəstək vermiş, hərtərəfli kömək etmişdir. ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktublarda bildirmişdir ki, bu iki ölkə mürəkkəb regional çağırışların həlli üçün birgə işləyərək sıx tərəfdaşlıq edir.

Nəql olunan təbii yanacağın 9 Avropa şirkəti tərəfindən alınması nəzərdə tutulub. Bunlar ingilis-holland "Shell”, Bolqarıstanın "Bulgargaz”, Yunanıstanın DEPA, Almaniyanın "Uniper”, Fransanın "Engie”, İtaliyanın "Hera Trading”, "Edison”, "Enel” və İsveçrənin AXPO şirkətləridir.

"Cənub qaz dəhlizi” Məşvərət Şurasının indiyədək beş iclası keçirilib. Bu tədbirlərin hamısına Azərbaycan evsahibliyi edib. Cari ilin fevral ayında keçirilən beşinci toplantıda yuxarıda adları çəkilən ölkələrlə yanaşı, Böyük Britaniyadan, Macarıstandan, Rumıniyadan, Serbiyadan, San-Marinodan və Türkmənistandan olan nümayəndələr də iştirak etmişlər. Bu, artıq layihənin qlobal xarakterini və böyük beynəlxalq əməkdaşlıq platforması üzərində ucaldığını göstərir. Eyni zamanda, layihəyə maraq göstərən dövlətlərin sayının getdikcə artdığını təsdiqləyir.

"Cənub qaz dəhlizi” Azərbaycan iqtisadiyyatının inkişafında mühüm faktor kimi çıxış edəcək. Bütün iştirakçı ölkələrə və şirkətlərə gəlir gətirəcək. Avropanın enerji təchizatının şaxələndirilməsində ciddi amil olacaq. Dövlətlər və xalqlar arasında əməkdaşlığı, işgüzar əlaqələri inkişaf etdirməklə yanaşı, regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına müsbət təsir göstərəcək.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video