26 May 2019 15:21
903
İDMAN
A- A+

“The Daily Star”: Arsenal Henrix Mxitaryanı satmağı qərara alıb


Böyük Britaniyanın "The Daily Star” qəzetində "Arsenal Henrix Mxitaryanı satmağı qərara alıb – Onlar əmindilər ki, o, artıq heç bir şey edə bilməyəcək” sərlövhəli məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə "Arsenal”ın bu yay Henrix Mxitaryanı komandadan uzaqlaşdırmağı planlaşdırdığı bildirilir. Qeyd olunur ki, Mxitaryan mayın 29-da UEFA Avropa Liqasının "Arsenal” və "Çelsi” arasında Bakıda keçiriləcək final matçında iştirak etməyəcək. Mxitaryan təhlükəsizlik qorxusu ilə əlaqədar Azərbaycan paytaxtına səfər etmək əvəzinə Londonda qalmağa üstünlük verib.

Bəs Mxitaryanın bu Bakı "sevgisi” nədən qaynaqlanır? Qeyd edək ki, Mxitaryan "Arsenal”ın Premyer Liqadakı oyunlarında müntəzəm çıxış etmir. Bununla da ona bəslənən ümidləri doğrultmayan futbolçu çox vaxt ehtiyatda saxlanılır. Son matçlarda müşahidə edilən məqamlar da "Arsenal" rəhbərliyinin haqlı olduğunu düşünməyə əsas verir. Belə ki, futbolçu ona olan inamı doğrultmur. Məhz bu səbəbdən də bir çox matçı ehtiyat oyunçular skamyasında keçirir. Bu isə "Arsenal" rəhbərliyinin haqlı narahatlığına səbəb olub.

Bu yerdə bir xatırlatma etsək pis olmaz. "Henrix Mxitaryan Premyer Liqada çıxış etməyə başladığı 2016-cı ildən bəri ortaya yaxşı oyun qoya bilmir. Üç il əvvəl "Borussiya Dortmund”dan "Mançester Yunayted” klubuna transfer edilən erməni yarımmüdafiəçi burada ümidləri doğrultmadığından ötən il "Arsenal”a satılıb”. Bu fikirlər "football-news24.com” saytında dərc olunan məqalədə yer alıb. Zənnimizcə, əlavə şərhə ehtiyac qalmır.

Digər yandan, ölkəmizin onun təhlükəsizliyinə zəmanət verməsinə rəğmən, erməni əsilli futbolçunun Azərbaycana gəlmək istəməməsi xarici qüvvələrin də ölkəmizə qarşı çirkin kampaniyasının bir hissəsinə çevrilib. Mxitaryanı gündəmdə saxlamaqla onun transfer qiymətini artırmaq yolunu seçən "Arsenal”, istisna deyil ki, gələcək məğlubiyyətdən də sığortalanmaq məqsədi güdür. Eyni zamanda, Mxitaryan özü də bu qalmaqalda maraqlıdır. Çünki özünün də bildiyi kimi, sabun köpüyündən hazırlanan bu əsassız gündəmlə dünya mediasının diqqətinə düşüb və çox "reklam” olunub. Bu məsələdən Ermənistan dövləti və erməni lobbisi də Azərbaycana qarşı istifadə etməyə çalışdı. Ancaq istəklərinə nail olmadılar...

AFFA-nın baş katibi Elxan Məmmədov İspaniyanın məşhur idman qəzeti "Marca”ya müsahibəsində Mxitaryanın təhlükəsizliyi ilə bağlı danışarkən deyib ki, AFFA ilə UEFA-nın Mxitaryanın təhlükəsizliyinə zəmanət verilməsi barədə müvafiq məktub "Arsenal”a göndərilib: "Biz həmişə siyasəti futboldan ayırırıq. Biz çox məyusuq, çünki Mxitaryanın təhlükəsizliyinin təmin edilməsi üçün bizim tərəfimizdən bütün tədbirlər görülüb. Buna görə də narahatlığa heç bir əsas yoxdur. Bu zəmanət Azərbaycan tərəfindən verilib. Yeri gəlmişkən, son on ildə çoxlu sayda erməni idmançı Azərbaycanda keçirilən bir neçə beynəlxalq turnirdə heç bir problemlə üzləşmədən iştirak edib. Düşünürəm ki, Mxitaryanın iştirak etməməsi bu möhtəşəm oyunun nə keyfiyyətinə, nə də cəlbediciliyinə təsir göstərəcək”.

Hər kəsə aydındır ki, Bakı son illər dünyanın idman mərkəzlərindən birinə çevrilib, ölkəmizdə hər il keçirilən müxtəlif beynəlxalq yarışlarda və tədbirlərdə iştirak edənlər arasında ermənilər də var. Çox da uzağa getməyək. Bu günlərdə Bakıda start götürən aerobika üzrə Avropa çempionatında Rusiyanı təmsil edən erməni əsilli gimnast Qarsevan Canazyan AZƏRTAC-a müsahibəsində deyib: "Bakıda insanlar mehribandırlar. Onlar köməyə ehtiyac duyduğumuz zaman heç vaxt bunu əsirgəmirlər. Paytaxtınız çox gözəldir. İmkan olan kimi şəhəri gəzməyə çıxırıq. Burada tam sərbəst gəzə bilirik. 2015-ci ildə Bakıda keçirilmiş birinci Avropa Oyunlarında da iştirak etmişik. Həmin yarışlardan xoş təəssüratlarla ayrılmışıq. Bakıda təhlükəsizlik çox yüksək səviyyədə təmin olunub. Bizi burada hər şey qane edir”.

"Arsenal” komandasının erməni futbolçusu Henrix Mxitaryanın UEFA Avropa Liqasının Bakıda keçiriləcək final qarşılaşmasında iştirak etmək istəməməsinə münasibət bildirən Duxik Canazyan deyib: "Düşünürəm ki, idmanla siyasəti qarışdırmaq düzgün deyil. Mən onun yerinə olsaydım, komandamı dəstəkləyib onun yanında olardım”.

Erməni əsilli digər rusiyalı gimnast Duxik Canazyan: "Bakıda yarışlar yüksək səviyyədə təşkil edilib. Burada hər şey çox mükəmməldir. Bakı təhlükəsiz şəhərdir. Ona görə də buradakı yarışlarda məmnuniyyətlə iştirak edirik. İnsanlar çox mehribandırlar. Hər məsələdə bizə kömək edirlər. Azərbaycanın milli xörəkləri çox dadlıdır. Burada qalmaq, məşqlər etmək üçün hər cür şərait var. Dörd il əvvəl Bakıda keçirilən birinci Avropa Oyunlarında iştirak etmişik. Bakıda gözəl idman ab-havası var”.

Duxik Canazyan da açıqlamasında idmanı siyasətlə qarışdırmağın düzgün olmadığını vurğulayıb.

Başqa bir misalı isə elə Ermənistanın özündən çəkək. "Azərbaycana və UEFA-ya ünvanlanan tənqidlər başadüşülən deyil. Henrix Mxitaryan Bakıda keçiriləcək final oyununda iştirak etməməklə bağlı qərarı özü qəbul edib. Halbuki Azərbaycan tərəfi onun təhlükəsizliyi üçün tam zəmanət verib” - bu sözləri isə Ermənistan Boks Federasiyasının mətbuat xidmətinin rəhbəri Ervand Hakobyan özünün "Facebook” səhifəsində yazıb. Ermənistanda "Facebook” istifadəçiləri E.Hakobyanın bu sözlərinə müxtəlif şərhlər yazaraq öz fikirlərini bildiriblər. Onların bəziləri Mxitaryanı qorxaq adlandıraraq qeyd ediblər ki, erməni güləşçilər beynəlxalq yarışlarda, xüsusilə 2007-ci ildə keçirilən güləş üzrə dünya çempionatında və 2015-ci ildə təşkil olunan birinci Avropa Oyunlarında iştirak etmək üçün Bakıya gediblər.

Belə misalları çox çəkmək olar. Ancaq Mxitaryan çətin ki, əvvəlcədən başına soxduğu bu mənasız fikri çıxara. Onsuz da gecdi. Çünki artıq "Arsenal” klubunun futbolçuları Bakıya gəliblər və onlar üçün yaradılan şəraitdən heç də narazı görünmürlər…

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video