26 May 2019 00:34
1158
Mədəniyyət
A- A+

Yerlə göy arasında


İtaliyalı fotoqraf Aleksey Pivovarov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təsisçisi və baş redaktoru olduğu "Bakı” jurnalı ilə əməkdaşlıq edir. Aleksey 12 ildir Azərbaycana gəlib-gedir. Demək olar ki, bütün ölkəni şimaldan cənuba və şərqdən qərbə qarış-qarış gəzib, çoxsaylı insanlarla tanış olub, qəribə taleləri, istedad sahiblərini, müxtəlif insanları və təbiətimizin əsrarəngiz mənzərələrini kamerasının yaddaşına köçürüb, "Bakı” jurnalı üçün saysız fotoreportajlar hazırlayıb.

A.Pivovarov milliyyətcə rusdur. Rusiyada doğulub təhsil alsa da, gənc yaşlarından İtaliyaya köçüb və artıq 20 ilə yaxındır ki, orada yaşayır. Maraqlı tərcümeyi-halın sahibidir. Ömrünün dörd ilini Hindistanda yaşayıb, birinci qızı Misirdə Qırmızı dənizin sahilində anadan olub: "Biz orada Sinay yarımadasında bədəvilərin arasında yaşayırdıq. Qaldığımız evin həndəvərində bədəvilərin qoyun və keçi sürülərinin yataqları var idi. Rəvayətə görə, İsa Məsih də bədəvi kəndində anadan olub”.

Aleksey təbiətən sakit, əqidəcə tolerant insandır, sadədir, aza qane olandır da demək olar, çünki vegetariandır. Münasibətlərində çalışır ki, heç kimə çətinlik yaratmasın, nəzakətlidir, qətiyyən səsini qaldırmır, pəsdən danışır, tonunu dəyişmir. Həmişə eyni tərzdə sakit və nikbin görünür. Ətrafındakı insanlarla rəğbətlə davranır, reportajlarının qəhrəmanları sonralar dostlarına çevrilirlər.

Onun bir neçə gün boş vaxtının olduğunu nəzərə alaraq redaksiyamızın əməkdaşları ilə bir neçə mövzunu birlikdə işləməyi, bir növ, təcrübə mübadiləsi aparmağı təklif etdik. Aleksey məmnuniyyətlə razılıq verdi, təmənnasız əməkdaşlıq edəcəyini bildirdi.

Biz yolumuzu dağlara saldıq, Qubaya getdik, bir neçə mövzunu birlikdə işlədik, gecəni Haput kəndində keçirdik, bir daha xalqımızın qonaqpərvərliyinin şahidi olduq. Aleksey deyir ki, dünyada azərbaycanlılar kimi qonaqpərvər xalqlar çoxdur: "Qonaq Qafqaz dağlarında da, Himalayda da qonaqdır. Amma azərbaycanlılar seçilirlər. Əslində qonaq gedən insandan da çox şey asılıdır - insani dəyərlərə qiymət verən hər bir kəs müəyyən etik çərçivələri gözləyir, çalışır ki, ev sahibinə yük olmasın. Zənnimcə, azərbaycanlılar da qonaq gedəndə belə hərəkət edirlər”.

Haput kəndində iki gün qaldıq. Aleksey birinci gün xeyli şəkil çəkdi. Səhərisi isə biz oyananda artıq o, yerində yox idi, peşəkar fotoqraf kimi günəş doğar-doğmaz fotokameralarını götürüb dağlarda sübh çəkilişinə getmişdi. Qayıdanda atların rəqsinin fotosunu göstərdi. Bizi qardaşının evində qonaq saxlayan Mübariz müəllim şəklə baxan kimi atları tanıdı: "Minilməyən atlardı. Biri kəndin bir tərəfində, digəri də bir neçə ev o yanda qalır. Hər səhər sahibləri onları alaqaranlıqdan açıb otlağa buraxır, onlar da kəndin ortasındakı dikdə beləcə görüşüb atılıb-düşürlər”.

Aleksey isə işində qeyri-adi bir şey görmədi, sadəcə onu dedi ki, əgər sən dan yeri söküləndən günəş qüruba gedənədək işləyirsənsə, mütləq bir neçə maraqlı şəklin olmalıdır. Foto işinin xüsusiyyəti belədir.

Biz geri dönəndə italiyalı fotoqrafın uğuruna sevinirdik, o isə sakitcə maşının pəncərəsindən dağları seyr edərək növbəti mövzunu axtarırdı.

Bahadur İMANQULİYEV,

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video