Alternative content

16:33 24 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
16:02 24.08.2019 Yaponiyada zəlzələ
00:43 24.08.2019 Mütərəqqi nümunə
00:41 24.08.2019 Səngəçal terminalı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağ-qara dünyanın atlı şahzadəsi
Ağ-qara dünyanın atlı şahzadəsi
ANA SƏHİFƏ / Mədəniyyət
00:18 26.05.2019


Aynur Sofiyeva

Aynur Sofiyeva 19 iyul 1970-ci ildə Qax şəhərində anadan olub. 1977-ci ildə Qax şəhərindəki 1 nömrəli məktəbin ikinci (birbaşa) sinifinə daxil olub, 1986-cı ildə həmin məktəbi qızıl medalla bitirib.

1986-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olub. 1991-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurub və 1997-2001-ci illərdə Bakı Dövlət Universitetində hüquqşünas ixtisası alıb.

1998-2000-ci illərdə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində aparıcı, daha sonra baş hüquq məsləhətçisi vəzifələrində çalışıb. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 1974-cü ildən idmanın şahmat növü ilə məşğul olur. 6 yaşında gənclər arasında rayon çempionu, 14 yaşında qızlar arasında, 15 yaşında qadınlar arasında Azərbaycan çempionu, 16 yaşında qızlar arasında SSRİ çempionu adını qazanıb. 20 yaşında tələbələr arasında dünya çempionu (2 qızıl medal), həmin ildə 20 yaşadək qızlar arasında dünya çempionatının gümüş medalçısı, 1993-cü ildə Azərbaycan komandasının tərkibində 26 yaşadək gənclər arasında dünya çempionatında gümüş medal qazanıb, bir çox beynəlxalq turnirlərin qalibi olub.1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, islam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını qazanıb. 2002-2007-ci il illərdə Azərbaycan Şahmat Federasiyasının prezidenti olub.

2007-cı ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışır.

Ailəlidir, iki övladı var.

"Debütü keçmişəm, amma hələ həyatımın mittelşpil səviyyəsindəyəm, yəni orta. Sona - enşpilə isə yaxınlaşmamışam. Bu elə bir vəziyyətdir ki, orada düşünmə, uzağı hesablama, yaxşı təhlil, analiz bacarıqları tələb olunur. Düşünürəm ki, məndə o potensial var və belə davam etsəm, həyatımın enşpil mərhələsinə üzüağ, alnıaçıq gedib çatacağam. Və arxaya baxanda "niyə?” deyib heyifsiləndiyim bir məqam olmayacaq...”

Bir zamanlar dünyanı mat qoyan bir qızcığaz var idi...

Qızıl yallı atını şahə qaldıranda baş əyirdi cümlə-cahan qarşısında...

Zərif bir həmləsi yetərdi ki, ağ-qara dünyanı fəth etsin...

Müdriklikdə Afina ilə yarışırdı...

Məhsətinin, Natəvanın xələfi - Aynur Sofiyeva...


O, qəlblərdə şahmatçı kimi taxt qurmuşdu...


Ötən əsrin 80-ci illəri idi...

Hələ lap kiçik yaşlarından şahmat kimi ağır zehni fəaliyyət tələb edən bir idman növündə müvəffəqiyyətlərə nail olmuş, nəinki öz ölkəsində - SSRİ-də, hətta çox xarici dövlətlərdə şöhrət qazanmışdı. Dünyanın hər yerindən ardı-arası kəsilmədən ona məktublar, hədiyyələr ünvanlanır, xöş sözlər yağdırırdılar. Gənclərin örnək götürəcəyi sevimli kumirə çevrilmişdi...

Analar övladlarını, nənələr nəvələrini Aynur adlandırırdılar, onun kimi istedadlı, uğurlu, əzmkar olsun deyə...

Ətrafında yaranan bütün bu şöhrət hay-küyü isə Aynur üçün o qədər də əhəmiyyətli deyildi: "Mən məşhurlaşmağı, tanınmağı xoşlamırdım. Uşaqlıqdan xarakterim belə idi. Elə düşünürdüm ki, şahmatda uğur qazanaraq borcumu yerinə yetirirəm, əvvəlcə rayonumu təmsil edirdim, sonra ölkəmi tanıdırdım dünyada... Başqa necə ola bilərdi ki...”

Sonralar ölkənin müqəddəratı ilə bağlı bir çox vəzifələrdə eyni məsuliyyətlə çalışdı...

Amma o, qəlblərdə şahmatçı Aynur Sofiyeva kimi taxt qurmuşdu...

Aynur Sofiyeva dedikdə şahmat, şahmat dedikdə Aynur Sofiyeva gəlirdi gözlər önünə...

20 yaşı var idi, Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, islam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını qazanmışdı.

Reytinq cədvəlində dünyanın 10 ən güclü şahmatçısı sırasına daxil olmuşdu. Arzusu dünya çempionu olmaq, o tacı Azərbaycana gətirmək idi, amma zirvədə şahmatla yollarını ayırdı...

Aynur Sofiyeva şanlı, qürurlu ömür yoluna "Zəriflərin dünyası”ndan boylanır...


Rəqiblərim öncə atımı götürməyə çalışırdılar


- 4 yaşımdan şahmat oynamağa başlamışdım. Məndən bir yaş böyük qardaşımla 3 yaşından etibarən dama oynamağa başladım. 4 yaşımda isə atam şahmat alıb gətirmişdi. Dediklərinə görə, hiss ediblər ki, məndə nə isə xüsusi istedad var. Şahmat vurğunu idim, özü də yalnız güclü rəqiblərlə oynamaq istəyirdim. Yadımdadır, 5 yaşım olanda şahmat taxtasını vururdum qoltuğuma, yollanırdım yaxınlığımızdakı məktəbə ki, orada alman dili müəllimi Baba müəllimlə oynayım...

6 yaşımda artıq çempion idim. 7-8 yaşımda isə məni ölkə səviyyəsində tanımağa başladılar. O zaman Zərdabda zona yarışına getmişdim. Orada məni sonradan məşqçim olan Aleksandr Aslanov kəşf etmişdi. Oyunda atla etdiyim bir gedişi çox bəyənmişdi. Demişdi ki, 7 yaşlı şahmatçı belə uzağı görə bilməz...

Sonradan dünya səviyyəsinə çıxanda da məni atla güclü oynayan şahmatçı kimi tanıyırdılar. Ona görə rəqiblərim çalışırdı ki, taxtadan birinci atımı götürsünlər.


Birbaşa ikinci sinfə qəbul olundum...


- Bütün bunlarla yanaşı, təhsilimi də heç vaxt kənara qoymurdum. 6 yaşım olanda qardaşımın sinfinə gedirdim. Hətta elə olurdu ki, qardaşım dərslərini hazırlamayanda gecə gizlincə lampanı yandırıb onun dərslərini yazırdım. Mənim bu bacarığım barədə mərkəzə - Bakıya məlumat verdilər. O zaman komissiya məndən imtahan götürdü. Bütün toplama, çıxma misallarını həll edirdim. Elə hesablayırdım ki onlar bunu qeyri-adi üsul kimi dəyərləndirirdilər. Beləliklə, məni birbaşa ikinci sinfə götürdülər. 10-cu sinfə qədər qardaşımla bərabər oxuduq və hər ikimiz məktəbi qızıl medalla bitirdik. Şahmata necə idisə, dərslərimə də o cür məsuliyyətlə yanaşırdım. Yadımdadır, 16 yaşımda çempion olub qayıdanda gecə çatmışdıq rayona. Buna baxmayaraq, qardaşımdan sabah hansı dərslərin olduğunu öyrənib hazırladım. Hər zaman bu xasiyyətdə olmuşam. Heç zaman xoşlamamışam ki, kimsə mənim önümə keçsin. Ona görə də düşünmürdüm ki, yarışdan gəlmişəm, SSRİ çempionuyam, bütün Azərbaycan məndən danışır, dərslərimi hazırlamaya bilərəm...

O zaman SSRİ çempionu olmaq elə dünya çempionu olmaq kimi hesab edilirdi. SSRİ şahmat məktəbi həm kişilər, həm də qadınlar arasında dünyanın ən güclüsü idi. Buna baxmayaraq, son sinfə qədər çalışmışam ki, şahmata görə mənə hansısa bir qiymət verməsinlər, öz səyim, biliyim nəticəsində buna nail olum...


Jurnalistikanı seçdim, amma...


- Məktəbi bitirən il dünya çempionatına getməli idim və bu qəbul imtahanları ilə üst-üstə düşürdü. Buna görə də artıq seçim edib getməli idim. Mən də şahmat aləmində olduğum üçün federasiyadan yığıldılar və məsuliyyətli bir qərar verməyə çalışdılar ki, şahmata mane olmasın. Öz arzum hüquqşünas olmaq idi. Nənəm kitabxanaçı idi və lap kiçik yaşlarımdan onun evə gətirdiyi hüquq kitablarını oxuya-oxuya məndə bu sahəyə istək yaranmışdı. Amma o zaman məktəbi bitirib birbaşa bu sahəyə gəlmək olmazdı, ən azı iki il stajın olmalı idi. Ona görə də biz jurnalistikanın üstündə dayandıq. Amma özümdə jurnalist qabiliyyəti görmürdüm. Məni belə inandırdılar ki, gələcəkdə idman jurnalisti ola bilərəm və hər iki sahəni birlikdə apara bilərəm. Belə də etdim və jurnalistikanı qırmızı diplomla bitirdim. Amma hüquqşünas olmaq arzusu da ürəyimdə qalırdı. Ona görə də ikinci təhsil olaraq oranı da bitirdim...

2000-ci ildə isə Milli Məclisə deputat seçildim. Çalışırdım ki orada da səssiz qalmayım, müəyyən fəaliyyətlərim oldu. Amma indi düşünürəm ki, bugünkü təcrübəm ilə, hansı ki, 10 ilə yaxındır ailə, qadın, uşaq məsələlərinə ən incəliyinə qədər bələdəm, bu istiqamətdə Milli Məclisdə daha fərqli fəaliyyət göstərərdim...


Hələ də elə qadınlar var ki, öz hüquqlarını bilmirlər


- Hazırda çalışdığım sahə xüsusilə bu gün ən vacib, həssas istiqamətlərdən biridir. Bizim hər sözümüz, fikrimiz, fəaliyyətimiz həmin istiqaməti dəyişdirməyə qadirdir. Çalışırıq ki, insanları zamana və milli dəyərlərə uyğun olaraq düz yola yönləndirə bilək.

Bu gün Azərbaycan qadını fəaldır. Fərqi yoxdur, şəhərdədir, yoxsa uzaq rayonun ən ucqar kəndində. Bunun əsasında dövlətin siyasəti, formalaşmış qanunvericilik bazası durur. Bu gün cəmiyyətdə qadınlarımızın öz potensialını, bacarığını göstərməsi üçün bütün imkanlar var. Sadəcə, bu imkanlardan istifadə etmək lazımdır ki, bu gün Azərbaycan qadını buna nail ola bilsin. İnkişafın əsas göstəricisi olan statistik rəqəmlər təsdiqləyir ki, bütün sahələrdə, hətta qeyri-ənənəvi sahələrdə də qadınlarımızın irəliləyişi var. Amma hər bir cəmiyyətdə olduğu kimi, bizdə də müəyyən problemlər var. Hələ də elə qadınlar var ki, öz hüquqlarını bilmirlər. Məsələn, onlar bizə müraciət edəndə görürük ki, əgər o, öz hüququnu bilsəydi, həmin problemlərlə qarşılaşmazdı. Çalışırıq ki, fəaliyyət istiqamətimizdə qadınlarla daha çox maarifləndirmə işi aparaq. Qadınlarla danışanda onların daha çox məişət zorakılığı problemi ilə qarşı-qarşıya olduğunu görürük. Bəzən fikirlər səsləndirilir ki, məişət zorakılığı halları artıb. Amma biz bununla o mənada razı deyilik ki, nə qədər cəmiyyət var, bu problemlər həmişə olub. Sadəcə, bu gün mövcud olan informasiya- kommunikasiya texnologiyalarının inkişafı və hər hansı hadisə baş verəndə ilk sosial şəbəkələrin xəbər tutması, hadisələri çılpaqlığı ilə qabardıb vermələri cəmiyyətə əks təsir göstərir. Məsələn, elə intihar halları ilə bağlı araşdırma aparanda görürük ki, bu barədə sosial şəbəkələrədə, mətbuatda həddindən çox informasiya gedəndə təsirlənənlər və bu yola əl atanlar çoxalır...


Bəzən valideynlər uşağa olan sevgi ilə təminatını səhv salırlar


- Sadə ailənin övladıyam, anam müəllimə olub, atam mühəndis. Amma onlar atdığım bütün addımlarda hər zaman mənə dəstək olublar. Ailədə uşaqların valideynlərin dəstəyinə böyük ehtiyacı var. Mən özüm də bu sahə ilə məşğul oluram. Bəzən görürük ki, ailədə valideyn-uşaq münasibətləri düzgün qurulmur, o da gətirib müəyyən faciələrə çıxarır, bu bizi çox ağrıdır. Bizim dövrümüzdə də valideynlər çalışırdılar ki, uşaqları hərtərəfli inkişaf etsin. Musiqiyə, kitabxanalara aparırdılar. Biz, uşaqlar öz aramızda yarışırdıq ki, kimin evində daha zəngin kitabxana var, kim daha çox kitab oxuyub. Uşağın tərbiyəsinə yanaşma fərqli idi. Düzdür, indi də belə ailələrimiz çoxdur. Amma əksi olanlar da var və buna görə təəssüf edirəm. Çünki bu gün imkanlar daha çoxdur. Hər bir bölgədə uşağın inkişafı üçün mərkəzlər də, əyləncə yerləri də var. Amma təəssüflər olsun ki, təhlil edəndə görürük ki, valideynlər özlərinə əziyyət vermək istəmirlər. Bu maddi vəziyyətlə də bağlı deyil. Ən imkanlı ailələrdə də tez-tez rast gəlirik ki, uşağı ən bahalı məktəblərdə oxutmaq, yaxşı geyindirmək, telefon və s. ilə təmin etməklə ona sevgi verdiklərini düşünürlər. Bəzən valideynlər uşağa olan sevgi ilə onun təminatını səhv salırlar. Bu gün ailələrdə ən böyük problemlərdən biri ünsiyyətin olmamasıdır. Düzdür, hər kəsin işi, problemləri var, amma ən azından bir masa arxasında oturaraq uşağın iç dünyası ilə tanış olmaq, ona istiqamət vermək olar. Təəssüf ki, bu gün çox böyük bir kütlədə bu yoxdur. Bu zaman uşaq onda yaranan sualların cavabını sosial şəbəkələrdə axtarmağa başlayır...


Bu gün sosial şəbəkələrdə ziyalı insanların sözü vacibdir, sağlam düşüncələr irəli sürülməlidir...


- Bilirik ki, bu gün sosial şəbəkələrin başında müəyyən mənfi qüvvələr durur ki, onlar uşaqları, gəncləri məhz həmin istiqamətə yönləndirirlər. Bu gün biz övladımızda sosial immunitet yaratmasaq, o, cəmiyyətdə yanlış mövqe tutacaq.

Hazırda mən sosial şəbəkədə yoxam, amma müəyyən məsələlər ətrafında olan müzakirələr göstərir ki, burada fikrimizi bildirməliyik. Bu gün sosial şəbəkələr insanların fikir istiqamətini dəyişdirə bilir. Ona görə burada ziyalı insanların sözü vacibdir, sağlam düşüncələr irəli sürülməlidir. Təbii ki, indi də sosial şəbəkələrdə ziyalılarımız münasibət bildirir, amma daha da fəal olmalıyıq. Bizim gənclik dövrümüzdə internet ekzotik bir vasitə kimi qəbul olunurdu. Amma internetdə sürətli inkişaf baş verdikdən sonra bu sürətli keçidlə ayaqlaşa bilmədik, onun gerisində qaldıq və düzgün adaptasiya keçə bilmədik. Bax, bizim bugünkü problemimizdən biri də budur və düşünürəm ki, ziyalılar bu istiqamətdə də fəallaşmalıdırlar...


Atdığın addımın uğurlu olması üçün uzağı görmək vacibdir


- Həyatım boyu atdığım bütün addımlarımda şahmatın mənə köməyi olub. Hər hansı bir qərarın uğurlu olması üçün uzağı görmək vacibdir. Hətta bəzən evdə bəzi hərəkətlərimə gülürlər - o mənada ki, artıq birinci addım atılanda mən sonu görüb o barədə qızlarıma deyirəm. Amma onlar sona çatmadıqları üçün başa düşmür, deyirlər ki, sən nədən danışırsan? Mənim daxilimdə bu proses gedir və elə bilirəm ki, ətrafdakılar da belə düşünə bilir...

Şahmat ümumi zehnin inkişafı üçün faydalı oyundur və hamı şahmat oynaya bilər, amma yüksək nəticə qazanmaq üçün, professional şahmatda sözünü demək üçün istedad mütləqdir. Buna görə gözəl yaddaş, uzağı görmə, analiz etmə qabiliyyəti olmalıdır. Amma mən öz yaddaşımdan narazıyam. Məndə uzağı görmək və analiz qabiliyyəti daha yüksək idi. Düşünürəm ki, yaddaşımın ən yüksək səviyyədə olmamasını zəhmətkeşliyim və analizimin güclü olmağı sığortalayırdı. Hər oyun oynananda rəqib təxminən 20-ci gedişə qədər əzbərləyirdi ki, filankəs belə oynayır. Mən isə hər dəfə oynayanda yeni bir partiyaya başlayırdım. Bu isə mənə kömək edirdi, standart yollarla getmirdim. Haradasa kənara çıxırdım, düşünüb fərqli yollar tapırdım ki, bu da rəqibi çaşdırırdı...


Uğurlarıma belə sevinməyə zamanım yox idi


- Daim yarışlarda, məşqlərdə olduğum üçün tam olaraq uşaqlığımı keçirməmişəm. Həyətdə oynayım, rəfiqələrimlə əylənim, kinoya gedim...

Hətta uğurlarıma belə sevinməyə zamanım yox idi...

Bəzən olurdu ki, ən gərgin vaxtlarda fikrimdən keçirdi ki, niyə mən də digər yaşıdlarım kimi əylənə bilmirəm...

Amma bu hal tez ötüb keçirdi və dərhal düşünürdüm ki, təslim olmaq olmaz...

Həmçinin federasiyada böyüklərimizdən biri mənə belə bir söz demişdi: "Sən indi "çirkin ördək balası”san, amma zaman gələcək, sən gözəl bir qu-quşu olub göylərdə uçacaqsan və o zaman qiymətini biləcəksən ki, zamanında niyə bu əziyyətləri çəkmisən...”

Belə bir deyim var: nə zaman özünü rahat hiss edirsənsə, deməli, uçuruma, elə ki, gərginlik hiss edirsən, deməli, zirvəyə doğru gedirsən.


İkimiz də tanınmış idmançı idik


- 1990-91-ci illər idi. O dövrdə futbola böyük maraq var idi, xüsusilə də hamı "Neftçi” komandasına azarkeşlik edirdi. Yoldaşım Yunis Hüseynov da həmin komandanın kapitanı idi, qiyabi olaraq idmançı kimi televiziyadan tanıyırdım.

Elə o zamanlarda bir dəfə futbolçu tələbə yoldaşımın yanına gəlmişdi. Biz orada tanış olduq və sonra da, yəqin ki, xasiyyətimiz, dünyagörüşümüz üst-üstə düşdüyü üçün bir il keçmədən ailə qurduq.

Hər ikimiz tanınmış idmançı olduğumuz üçün toyumuz hər kəs tərəfindən maraqla qarşılanmışdı...


Qəbullardan hər gün ağlayaraq çıxırdım...


- Mən poeziyanı xoşlayıram. Bəxtiyar Vahabzadənin, Şəhriyarın özlərinin səsləndirdikləri şeirləri dinləməyi xoşlayıram və bu mənə ruhi qida verir. Ən yorğun zamanlarımda da o səs yazılarını dinləyib istirahət edirəm. Mənə elə gəlir ki, şairlər o şeiri yazanda hansı hisləri keçiriblərsə, onu özləri səsləndirəndə elə həmin hislər sanki onu dinləyənə də eynilə keçir...

Kiçik yaşlarımdan Səttar Bəhlulzadənin əsərlərini seyr etməyi xoşlayıram. O əsərlərdə vətənə vurğunluq görürəm...

Düzdür, zamanım olmur, amma vaxt tapan kimi ölkəmizdə və xaricdə sərgilərə getməyə çalışıram.

Çox duyğusal insanam. Yadımdadır ki, komitədə fəaliyyətə başlayanda qəbullardan hər gün ağlayaraq çıxırdım. Sonra özümə təlqin etməyə çalışdım ki, o insanların qarşısında həmin emosiyanı göstərmək düzgün deyil! Amma bəzən onlar özləri, övladları ilə bağlı elə problemlərlə gəlirlər ki, onu həll etmək mümkün deyil. Tutaq ki hansısa sağalmaz xəstəliyi var, ona heç nə ilə kömək edə bilmirsən, dərdinə şərik ola bilmirsən, nə desən, nə söyləsən faydasızdır. Bax o məqamda o ağrını-acını hiss etməmək mümkün deyil...


Hər məğlubiyyətin arxasınca qələbələr gəldiyini bilsəm də...


- 1990-cı il idi. Azərbaycanda xaos hökm sürürdü, nəinki şahmat, hətta Azərbaycan özü belə məhv olmaq təhlükəsi ilə üz-üzə idi. O dövrdə cəhdlərim olurdu ki, turnirlərə gedim. Amma idmançılar yaxşı bilirlər ki, ildə bir turnir ilə formada qalmaq mümkün deyil. O zaman bu çətinliklər məni şahmatdan küsdürdü.

Amma 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra hər bir sahə kimi, idmana da böyük qayğı göstərdi. Yadımdadır, 1994-cü ildə ulu öndər biz gəncləri qəbul etmişdi, problemlərlə maraqlanmış, fikirlərimizi öyrənmişdi. Həmin görüşdən sonra gözləmədiyimiz anda televiziyada eşitdik ki, Heydər Əliyev bir neçə idmançını, o cümlədən məni "Tərəqqi” medalı ilə təltif edib. Bu isə böyük şərəf idi mənim üçün. Düşünürdüm ki, bundan sonra fəaliyyətimi daha da gücləndirməliyəm. Həmin dövrdə imkanlar da yaradıldı, amma mən o dediyim zirvə dövründən təxminən 4-5 il keçmişdi. Yarışlara gedirdim, lakin məğlubiyyətlə üzləşəndə bunu qəbul edə bilmirdim. Hər zaman turniri birinciliklə bitirən şahmatçı haradasa ortalarda, yaxud bir az yuxarıda olmaqla barışa bilməzdi. Amma bu labüd idi, olmalı idi, çünki o formanı yığmaq üçün müəyyən illər lazım idi. Buna görə də yavaş-yavaş geri çəkilməyə başladım. Bəlkə də bu, mənim qələbə ilə bağlı eqoistliyimdən irəli gəlirdi. Halbuki bilirdim ki, hər bir məğlubiyyətin arxasınca mütləq qələbələr gəlir...

Elə buna görə də qızlarımın şahmatla məşğul olmasına razı olmadım. Bəlkə də onlarda bu istiqamətdə hansısa bir istedad var idi, amma mən şahmatdan küsdüyüm üçün onları tamamilə təhsilə yönəltdim. Bu addımı atmaqla düz edib-etmədiyimi isə bilmirəm...


İndi mənim evimdə şahmat yoxdur...


- Ən son qazandığım medal gümüş oldu. Tədricən şahmatla aramda məsafə yarandı və indi də o uçurum qalmaqdadır...

Amma boynumda o borc qaldı. Ölkənin ən çətin zamanlarında dəstək göstərmişdilər, inanmışdılar, təltif etmişdilər, amma mən özümü bir daha şahmatda göstərə bilmədim...

Ulu öndərlə son görüşümüz 2002-ci ilin əvvəllərində oldu. Heydər Əliyev tədbirlərdən sonra insanlarla görüşməyi, fikirlərini öyrənməyi xoşlayardı. Həmin gün də Şəhidlər xiyabanını ziyarət edəndən sonra adəti üzrə gəlib insanlarla görüşdü, söhbət etdi. Bir də gördüm ki, uzaqdan mənə tərəf gəlir. O cür dünya şöhrətli, idealım olan bir insan şəxsən mənimlə görüşdü. O zaman dediyi söz heç yadımdan çıxmır. Sonra yanımızdakı Svetlana xanımla da görüşüb dedi ki, "bu mənim keçmiş kadromdur, bu da gənc kadrom...”

Bax buna görə özümdən razı deyiləm. Belə bir şəxsiyyətin mənə verdiyi qiyməti, etimadı doğrulda bilmədim. Onun məndən umduğu, gözlədiyi o nəticəni Azərbaycana gətirə bilmədim...

Bilirsiniz, indi mənim evimdə şahmat yoxdur. Şahmat uşaqlığımın dostu idi, amma ondan uzaq düşdüm...

Kaş ki, özümdə güc tapardım, fərqi yox idi ki, arada 3 il itirmişdim. Məğlubiyyətə qarşı bir az dözümüm olaydı...

Həyatımda "kaş ki” dediyim məqam yalnız şahmatla bağlıdır, başqa hər şey necə düşünmüşəmsə, elə də davam edir...

Bu, Aynur Sofiyeva idi. Hər zaman məsuliyyətli, özünə qarşı tələbkar, səmimi, sadə və təvazökar Aynur Sofiyeva...

Həyatı boyu şan-şöhrət, ad-san xüsusi bir əhəmiyyət kəsb etməyib onun üçün...

Öz təbirincə desək, həmişə başını aşağı salıb, üzərində olan məsuliyyəti həyata keçirməyə çalışıb: "Heç zaman vəzifədəyəm kimi bir hissə qapılmamışam. İndi də həssas və çətin bir işdə çalışıram, amma layiqincə öhdəsindən gəlmək üçün əlimdən gələni edirəm”.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM