26 May 2019 00:15
2665
Mədəniyyət
A- A+

Nurlu insan


O, İkinci Dünya müharibəsinin ölüm saçan odundan-alovundan keçdikdən sonra ali təhsil alaraq 27 yaşında Bakının böyük bir sənaye rayonunun elektrik şəbəkəsinin baş mühəndisi olmuşdu. Çalışqanlığı, fitri istedadı və yüksək təşkilatçılıq bacarığı, səmərəli fəaliyyəti sayəsində 41 yaşında Azərbaycanın əməkdar mühəndisi fəxri adına layiq görülmüşdü.

Həmid Müfid-Zadə həyatının 50 ildən çoxunu Azərbaycan energetikasının inkişafına, ölkənin sənaye kompleksinin, şəhər və kəndlərimizin elektrik enerjisi ilə fasiləsiz olaraq təchizatına həsr etmişdi. Bakı (Suraxanı, Əzizbəyov rayonları), Gəncə və Sumqayıt kimi iri sənaye şəhərlərinin elektrik şəbəkələrinə uğurla rəhbərlik edərək respublikanın iqtisadi qüdrətinin artmasına mühüm töhfələr vermişdir.

H.Müfid-Zadə Azərbaycan Demokratik Respublikası dövründə - 1919-cu ilin 26 mayında qədim Ordubad şəhərində tanınmış Mir Müfid - ağır seyid nəslindən olan Miryusifin ailəsində dünyaya gəlmişdi. 1934-cü ildə 7 illik məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək, yaxşı bir sənət sahibi olmaq arzusu ilə Gəncə şəhərindəki Sənaye politexnikumunun dağ-mədən şöbəsinə qəbul olunmuşdu. Lakin bir müddət sonra həmin şöbənin Azərbaycan Sənaye Texnikumuna verilməsi onun təhsilini paytaxt mühitində davam etdirməsinə səbəb oldu və bu, gələcək həyat yolunun müəyyənləşməsində böyük uğurlarının ilk təməlinə yol açdı.

1939-cu ildə Həmid Müfid-Zadə sonralar AZİ kimi tanınan Azərbaycan Dövlət Sənaye institutunun Energetika fakültəsinin qiyabi şöbəsinə daxil olur. Elə həmin ildə ovaxtkı "Azərenerji” Baş İdarəsinin K.Marks adına Elektrik Şəbəkələri İdarəsində texnik vəzifəsinə qəbul edilir və 1942-ci ilədək Əzizbəyov rayonunun elektrik şəbəkəsində növbətçi dispetçer kimi çalışır.

Faşist Almaniyasının SSRİ-yə qarşı başladığı müharibə çox ağır, qanlı dəhşətləri ilə davam etsə də, Bakının strateji əhəmiyyəti, cəbhənin fasiləsiz olaraq böyük həcmdə neftə ehtiyacı, bunun üçün də elektrik enerjisinə tələbatın yüksək olduğu nəzərə alınaraq, 1941-1942-ci illərdə neft və energetika sahələrində çalışanların əksəriyyətinə bron verilmişdi. Çünki müharibədə qələbəyə nail olmaq üçün ölkəyə yüz minlərlə sıravi döyüşçülər və zabitlərlə yanaşı, ordu artilleriyası və hərbi aviasiya üçün milyonlarla ton neft və benzin də lazım idi. Ona görə də bir çox iş yoldaşları, yaşıdları kimi, Həmid də əvvəlcə orduya çağırılmamışdı. Lakin 1942-ci ilin avqustunda Stalinqradın başı üstünü qara buludlar alanda - sovet rəhbərinin adını daşıyan həmin şəhər uğrunda qanlı döyüşlər başlayanda Həmid də cəbhəyə yollanmalı olur və Şimali Qafqazdakı 319-cu diviziyanın 1341-ci atıcılıq alayının tərkibində döyüşlərdə iştirak edir. İkinci batalyonun tank əleyhinə tağım komandiri kimi düşmənə qarşı mətinliklə, mərdliklə vuruşur. Bilirdi ki, ondan arxada, Qafqazın o tayında Azərbaycandır, Bakıdır, düşmənə fürsət vermək olmaz. Düşmənin artıq geri oturdulduğu döyüşlərin birində yaxınlığında partlayan düşmən mərmisinin qəlpələrinin ağrısını əvvəlcə qolunda, çiyinlərində, sonra ayağında hiss etmişdi. Gözünü səhra hospitalında, ağır cərrahiyyə əməliyyatından sonra açmışdı. Hospitalda 3 ay müalicə aldıqdan sonra həkimlər Həmidin daha döyüşlərdə iştirak edə bilməyəcəyi qənaətinə gələrək onun ordudan tərxis olunmasına qərar vermişdilər.

Özündən kiçik qardaşı, xalq rəssamı Cəmil Müfid-Zadənin xatırladığına görə, Həmid Ordubada qoltuq ağaclarında, lakin sinəsində döyüş orden-medalları ilə dönmüşdü.

Müharibədən qayıtdıqdan sonra - 1944-cü ildə ali təhsilini başa vuran Həmid Müfid-Zadənin elmi biliyi, praktik təcrübəsi və çalışqanlığı nəzərə alınaraq, 1946-cı ildə ona - 27 yaşlı bir gəncə baş mühəndis vəzifəsi etibar edilir. Bu, olduqca məsuliyyətli bir vəzifə idi. Şəbəkə avadanlığının daim saz və işlək olmasına birbaşa məhz o, cavabdehlik daşıyırdı. Odur ki, gecə-gündüz, yorulmaq bilmədən çalışır, şəbəkədəki vəziyyəti hər an nəzarətdə saxlamalı olurdu.

Həmid Müfid-Zadə baş mühəndis kimi cəmi iki il səmərəli fəaliyyət göstərdikdən sonra - 1948-ci ildə - 29 yaşında Suraxanı rayonunun elektrik şəbəkəsinin rəisi vəzifəsinə təyin olunur. Bu, Azərbaycana Mircəfər Bağırovun rəhbərlik etdiyi elə bir dövr idi ki, bir-iki neft quyusuna verilən elektrik enerjisinin kəsilməsinə görə şəbəkənin "birinci şəxs”i kimi nəinki vəzifə ilə, hətta həyatla da xudahafizləşmək istisna deyildi. Çox ağır, məşəqqətli müharibədən çıxmış, şəhərləri, kəndləri dağıdılmış SSRİ-nin, onun rəhbərliyinin qəti, sərt tələbi belə idi. Ancaq işində hər zaman son dərəcə diqqətli, məsuliyyətli olan, çalışdığı neft rayonunda elektrik şəbəkəsinin fəaliyyətini səmərəli qurmağı bacaran Həmid Müfid-Zadə özünün yüksək peşəkarlığı, qazandığı zəngin praktik təcrübə sayəsində düz 10 il - 1948-ci ildən 1958-ci ilə qədər Suraxanı kimi mürəkkəb sənaye rayonunda elektrik şəbəkəsinin rəisi vəzifəsində uğurla fəaliyyət göstərmişdi.

Mingəçevir Su Elektrik Stansiyasının ilk direktorlarından olmuş İmamverdi Əliyev sonralar həmkarını ehtiramla xatırlayaraq söyləyirdi ki, o, Həmid Müfid-Zadə ilə özünün Bakıdakı "Qırmızı ulduz” ("Krasnaya zvezda”) İstilik-Elektrik Mərkəzində, dostunun isə Suraxanı elektrik şəbəkəsində işlədikləri vaxtlarda tanış olmuşdu. O, Həmid müəllimin çox savadlı bir mühəndis-energetik, işgüzar və yüksək təşkilatçılıq qabiliyyətinə malik rəhbər işçi olduğu barədə məmnunluqla danışardı. Sonralar tale onları qonşu şəhərlərə - Gəncəyə və Mingəçevirə aparmışdı. İmamverdi müəllim "Azərenerji” Baş İdarəsinin rəhbərliyi tərəfindən Mingəçevir SES-ə, Həmid müəllim isə o vaxt yenicə təsis edilərək, mərkəzi Gəncədə nəzərdə tutulan, Ağsu aşırımından tutmuş Gürcüstan sərhədlərinədək olan böyük bir ərazini əhatə edən Qərb Elektrik Şəbəkəsinə direktor təyin edilmişdilər. Bu yeni qurum yaradılarkən "Azərenerji”də ora kimin direktor təyin ediləcəyini müzakirə etməyə ehtiyac olmamışdı. Elə əvvəlcədən o məsuliyyətli sahəyə göndəriləcək şəxs məlum idi - bu, hər bir çətinliyin öhdəsindən mətinliklə gəlməyi bacaran Həmid Müfid-Zadə idi.

O zamanlar Azərbaycan sənayesi coşqun inkişaf dövrünü yaşayırdı və Gəncə respublikanın ikinci böyük sənaye mərkəzi idi. Qərb Elektrik Şəbəkəsi isə Azərbaycanda ən böyük şəbəkə idi və Gəncə ilə yanaşı, Mingəçevir, Daşkəsən, Yevlax, Şəki, Zaqatala, Qax və Balakən rayonlarını elektrik enerjisi ilə təmin edirdi.

Mingəçevir SES-in istehsal etdiyi elektrik enerjisinin regionun bütün sənaye istifadəçilərinə və hətta ucqar yaşayış məskənlərinə fasiləsiz olaraq itkisiz çatdırılması Qərb şəbəkəsi kollektivinin qarşısında duran mühüm vəzifə idi. Məhz həmin dövrdə Azərbaycanın qərb zonasında neçə-neçə ucqar kənd evləri, məktəblər, klublar, kitabxanalar və s. ilk dəfə olaraq işıqlandırıldı, əhaliyə işıq sevincləri bəxş edildi.

"Qərb”in rəhbəri kimi Həmid müəllimin qarşısında duran mühüm vəzifələrdən biri elektrik enerjisi verilişində fasilə və digər qüsurlara yol verilməməsi idi. Bunun üçün şəbəkə rəhbəri respublikanın qərb rayonlarına şəxsən baş çəkərək, yüksək gərginlikli elektrik xətlərinin, polad dirəklərin, şəbəkənin ayrı-ayrı sahələrindəki texniki avadanlığın vəziyyətinə nəzarət edir, lazım gəldikdə köhnə avadanlığın, o cümlədən yarımstansiyaların yenisi, daha müasiri və enerji itkisi minimum olanları ilə əvəz edilməsinə, paylayıcı yükü çox olan sahələrdə əlavə transformatorların, yarımstansiyaların quraşdırılmasına nail olurdu.

Təsadüfi deyildi ki, çalışdığı bütün sahələrdə nəinki məsuliyyətli olan, həm də sənətindən-peşəsindən böyük zövq alan yenilikçi şəbəkə rəhbəri Qərb Elektrik Şəbəkəsində iki il səmərəli fəaliyyət göstərdikdən sonra - 1960-cı il mayın 28-də yüksək fəxri ada - Azərbaycanın əməkdar mühəndisi adına layiq görülmüşdü. Bu, vətən, xalq yolunda gecə-gündüz, yorulmaq bilmədən çalışan 41 yaşlı energetikin əməyinə verilən layiqli qiymət, böyük dəyər idi.

Yüksək təşkilatçılıq xüsusiyyətləri, "işıqçı” istedadı və bacarığı 1963-cü ilin yanvarında Həmid müəllimi yenidən "yerindən oynatdı”. Bu dəfə o, daha yüksək və məsuliyyətli vəzifəyə - "Azərkəndenerji” Baş İdarəsinin rəisi vəzifəsinə irəli çəkilir. Bu isə o demək idi ki, Həmid müəllim daha hansısa bir region və bölgə üzrə deyil, bütün respublika üzrə kənd rayonlarının elektrik enerjisi ilə tam və fasiləsiz təminatına cavabdeh olacaqdı. Cəmi yarım il ərzində onun "Azərkəndenerji” sistemində kollektivlə birgə əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirildi və o, həmin ilin iyulunda "Azərenerji” Baş İdarəsinin Kollegiya üzvü seçilir.

...Həmid müəllimin 1964-cü ildə Azərbaycanın ən böyük sənaye şəhəri olan Sumqayıtın Elektrik Şəbəkəsinin direktoru vəzifəsinə təyin olunması onun həyatında yeni mərhələ açdı. Sumqayıtlılar yaxşı xatırlayırlar ki, Həmid müəllimin elektrik şəbəkəsinə rəhbərlik etdiyi dövrdə müəssisələrin ahəngdar rejiminin təmin olunması ilə yanaşı, şəhərdə mənzillərin, eləcə də sosial-mədəni obyektlərin elektrik və istilik enerjisi ilə təchiz edilməsində heç bir ciddi problem olmurdu. Onun Sumqayıtdakı fəaliyyəti dövründə şəbəkə üzrə səmərəliliyin artmasına xidmət edən bir çox mühüm yeniliklər tətbiq edilmiş, bu iri sənaye şəhəri üçün böyük əhəmiyyət kəsb edən 220 kilovoltluq Yaşma yarımstansiyası quraşdırılıb, istifadəyə verilmişdi.

Həmid müəllim Sumqayıtda 15 il səmərəli fəaliyyətindən sonra 1988-ci ilədək yenidən "Azərenerji” Baş İdarəsində məsul vəzifələrdə işləmişdi. Vaxtilə Bakıda neft rayonlarının keyfiyyətli işinin təmin edilməsində mühüm xidmətlərinə görə respublikanın o zaman məşhur neft sənayesi və hökumət rəhbərləri olan Ənvər Əlixanov, Süleyman Vəzirov və Əli Əmirov ona dəfələrlə təşəkkür və təbrik məktubları göndərmişdilər.

...Bu günlər görkəmli energetik, Azərbaycanın əməkdar mühəndisi, vətənə və xalqa həm bir döyüşçü, həm də istedadlı, zəngin təcrübəli mütəxəssis kimi çoxillik fəaliyyətinə, ən başlıcası sədaqətli xidmətə görə I dərəcəli "Vətən müharibəsi” ordeni, "1941-1945-ci illərdə Almaniya üzərində qələbəyə görə”, "Rəşadətli əməyə görə”, "Əməkdə fərqlənməyə görə” və s. medallarla təltif olunmuş unudulmaz insan Həmid Müfid-Zadənin 100 illik yubileyi yaxınlaşır. Görkəmli energetikin oğlu Röfət Müfid-Zadə də atasının yolunu davam etdirərək Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir, texnika elmləri namizədidir. Qızları Afət, Məlahət və Lətafət həkim və musiqiçidirlər.

...İllər ötdü, zaman dəyişdi, ancaq bir vaxtlar ölkəmizin hər yerində - Bakıda, Gəncədə, Sumqayıtda enerji təchizatı uğurla təmin edilmiş sənaye müəssisələrinin bugünkü inkişafında, nailiyyətlərində də Həmid müəllimin əməyi, payı vardır. Respublikamızın bütün kənd rayonlarında - Şəkidə, Göyçayda, Qubada, Qəbələdə, Qazaxda, Lənkəranda və s. ucqar dağ kəndlərində Həmid müəllimin qəlbinin odunu verdiyi minlərlə evin pəncərələrindən bu gün də onun bəxş etdiyi işıq seli süzülür.

Xalid İSMAYILOV,

Dövlət mükafatı laureatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video