25 May 2019 02:35
747
İQTİSADİYYAT
A- A+

Prezidentin regional inkişaf strategiyası bölgələrin sosial simasını dəyişmiş, iqtisadi gücünü artırmışdır


2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramları ölkəmizin ümumi inkişafında önəmli rol oynayır. Bu proqramların icrası Azərbaycanın hərtərəfli tərəqqisinin təmin edilməsinə, paytaxtla regionlar arasında fərqin azalmasına səbəb olur.

Təsadüfi deyil ki, proqramların qəbulundan sonra regionlarda minlərlə kiçik, orta və böyük həcmli müəssisələr istifadəyə verilmiş, münbit infrastruktur yaradılmış, turizm inkişaf etmiş, aqrar sektorda məhsul istehsalı dəfələrlə artmışdır. Uğurla icra olunan dövlət proqramları, həmçinin regionlardakı şəhər, qəsəbə və kəndlərin simasını dəyişmiş, sosial-iqtisadi inkişaf potensiallarının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə şərait yaranmışdır.

Prezident İlham Əliyevin bölgələrə mütəmadi səfərləri dövlət proqramlarının icrasını sürətləndirməklə, regionların hərtərəfli inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərə təkan vermişdir. Dövlət başçısı proqramların icra olunduğu dövr ərzində 1800-dən çox infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olmuş, sahibkarlarla görüşlər keçirmiş, qaldırılan məsələlərlə maraqlanmışdır. Prezident yerlərdə olunan müraciətləri və dövlət proqramlarının tələblərini nəzərə alaraq bölgələrdəki şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində 650-dək sərəncam imzalamışdır. Həmin sənədlərin imzalanması regionlarda çoxlu istehsal, sənaye, emal və sosial təyinatlı obyektlərin tikintisinə imkan yaratmışdır.

Dövlət proqramları çərçivəsində görülən işlər ölkədə həyata keçirilən sosial-iqtisadi inkişafa da müsbət təsir göstərmişdir. Bunun sayəsində 2004-2018-ci illərdə ümumi daxili məhsul real ifadədə 3,3, o cümlədən qeyri-neft sektoru 2,8 dəfə artmışdır. Bu dövrdə sənaye real ifadədə 2,6, o cümlədən qeyri-neft sənayesi 2,4, kənd təsərrüfatı 1,7 dəfə çoxalmışdır. Strateji valyuta ehtiyatları 2004-cü ilə nisbətən 24,3 dəfə artaraq 1 yanvar 2019-cu il tarixinə 45 milyard ABŞ dolları səviyyəsini keçmişdir. Dövlət proqramlarının icrası dövründə xarici ticarətin coğrafiyası daha da genişlənmiş, onun əmtəə strukturu təkmilləşmişdir. Bu dövrdə Azərbaycan 190-a yaxın ölkə ilə xarici ticarət əməliyyatları aparmış, qeyri-neft məhsullarının ixracı 4,2 dəfə artmışdır.

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ölkədə qeyri-neft sənayesinin inkişafına böyük təkan vermişdir. Belə ki, 2004-2018-ci illər ərzində innovasiya xarakterli texnologiyaların tətbiqi davam etmiş, yeni müəssisələr yaradılmış, onların istehsal potensialı artmış, ölkə sənayesində 2,6 dəfə real artım qeydə alınmışdır.

Həmin dövrdə ölkədə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi də öz müsbət nəticəsini vermişdir. Bunu statistik rəqəmlər də təsdiq edir. Məsələn, 2003-cü ildə sənaye məhsulunun ümumi həcmində özəl sektorun payı 56,8 faiz təşkil edirdisə, hazırda bu rəqəm 80 faizdən çoxdur. Bütün bunlar sənayedə işgüzar mühitin yaradılmasına, kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyi sayəsində mümkün olmuşdur.

Regional inkişafla bağlı qəbul olunan dövlət proqramları çərçivəsində qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrini təşkil etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə bölgələrdə sənaye parklarının, sənaye məhəllələrinin yaradılması istiqamətində xeyli iş görülmüşdür. Belə ki, Prezidentin müvafiq fərman və sərəncamları ilə Sumqayıt Kimya Sənaye və Mingəçevir Sənaye parkları, həmçinin Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələri yaradılmışdır. Bu isə regionlarda sənaye sahəsində fəaliyyət göstərən sahibkarların, o cümlədən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, əlverişli biznes və investisiya mühitinin yaradılması, yeni iş yerlərinin açılması baxımından mühüm əhəmiyyətə malikdir.

Dövlət proqramlarında ölkədə daha çox tələbat olan yüngül sənaye məhsullarının istehsalına da xüsusi diqqət yetirilmişdir. Bu sahədə idxaldan asılılığın azaldılması və ixrac potensialının artırılması, milli tekstil brendlərinin yaradılması istiqamətində həyata keçirilən işlərin davamı olaraq Mingəçevir Sənaye Parkı yaradılmışdır. Hazırda rezident kimi qeydiyyata alınmış "Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə 2 fabriki istifadəyə verilmiş və burada 750 yeni iş yeri açılmışdır.

Regionlarda kiçik və orta sahibkarlığın genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye məhəllələrinin yaradılması da xüsusi önəm kəsb edir. Azərbaycanda ilk sənaye məhəlləsi olan Neftçala Sənaye Məhəlləsində 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir.

Neftçala Sənaye Məhəlləsində "Azərmaş” ASC və "İran Khodro” şirkətlərinin birgə yaratdıqları "Khazar” Avtomobil Zavodu fəaliyyət göstərir. Hazırda 125 nəfərin çalışdığı zavodda gələcəkdə işçilərin 300 nəfərədək artırılacağı planlaşdırılır. İllik istehsal gücü 10 min avtomobil olan zavodda hazırlanan avtomobillərin bir hissəsi MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixrac ediləcək. Gələcəkdə zavodun istehsal gücünün 50 minə qədər çatdırılması planlaşdırılır. Bununla yanaşı, Masallı Sənaye Məhəlləsində 10 müəssisə fəaliyyət göstərir. Həmçinin Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyətə başlaması üçün tikinti-quraşdırma işləri həyata keçirilir.

Dövlət proqramlarının icrasında aqrar sektorun inkişafına geniş yer ayrılıb. Bu hesaba ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvandarlıq sahələri inkişaf etmiş, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daha da yaxşılaşmışdır. Həmin müddətdə iri fermer təsərrüfatları, aqroparklar, intensiv bağçılıq təsərrüfatları, müasir istixanalar, logistik mərkəzlər yaradılmış, kənd təsərrüfatı məhsulları istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazası möhkəmləndirilmişdir.

Aqrar sektorun innovativ əsaslara keçirilməsi, o cümlədən aqroparkların yaradılması əsas hədəflərdəndir. Dövlət başçısının tapşırığına uyğun olaraq hazırda 33 rayon üzrə 258,3 min hektar ərazidə 51 aqroparkın, o cümlədən 17 müasir cins heyvandarlıq kompleksinin və 34 iri bitkiçilik təsərrüfatlarının yaradılması üzrə işlər sürətlə davam edir. Bununla yanaşı, Prezidentin ənənəvi kənd təsərrüfatı sahələrinin - pambıqçılığın, baramaçılığın, ipəkçiliyin, tütünçülüyün, çəltikçiliyin, çayçılığın, fındıqçılığın, sitrus meyvəçiliyinin, üzümçülüyün və şərabçılığın inkişafı istiqamətində imzaladığı sərəncamlar, həmçinin istehsalçılara yetişdirdiyi məhsula görə subsidiyaların verilməsi istehsal və ixrac potensialının artırılmasına və məşğulluq səviyyəsinin yüksəlməsinə geniş imkan yaratmışdır. Aqrar sahədə həyata keçirilmiş sistemli tədbirlər sayəsində ölkəmizin kənd təsərrüfatı və ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlmiş, ərzaq məhsullarının istehsalı artmış, ixrac imkanları genişlənmişdir.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video