24 May 2019 02:31
555
CƏMİYYƏT
A- A+

Qafqaz tarixin bütün dövrlərində diqqət mərkəzində olub


Bakıda Qafqazşünasların II Beynəlxalq Forumu başlayıb


Mayın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda Qafqazşünasların II Beynəlxalq Forumu işə başlayıb. İki gün davam edəcək forumda Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Belarus, Şimali Makedoniya, İran, Qazaxıstan, Özbəkistan, Ukrayna və Gürcüstandan 220-dən çox alim və tədqiqatçı iştirak edir.

Forum iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

AZƏRTAC xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə beynəlxalq forumun əhəmiyyətindən danışıb. Bildirib ki, birinci forumla müqayisədə bu il iştirakçıların sayının artması Azərbaycan qafqazşünaslıq elminə marağın göstəricisidir. Dünyanın çox ölkəsində Qafqazla bağlı araşdırmalar aparılır. Amma bu gün Azərbaycan, Bakı Qafqazın öyrənilməsi, Qafqaz problemlərinin araşdırılması sahəsində apardığı işlərə görə qafqazşünaslığın mərkəzinə çevrilir.

AMEA-nın prezidenti qeyd edib ki, Qafqaz tarixin bütün dövrlərində diqqət mərkəzində olub. Ümummilli lider Heydər Əliyev Qafqaz problemlərindən danışarkən deyirdi: "Qafqaz dünyanın böyük dövlətlərinin diqqət mərkəzindədir, dünyanın diqqətini cəlb edir”.

Akif Əlizadə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, bir milyondan çox azərbaycanlının daimi yaşayış yerlərindən didərgin salındığını deyib. Bildirib ki, Qafqaz regionunda mövcud olan bir çox problemlərin başlıca səbəbi Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti ilə bağlıdır. Akademik tədbirdə iştirak edən alim və mütəxəssisləri bu kimi problemlərə obyektiv yanaşmağa və onların həlli ətrafında öz səylərini birləşdirməyə çağırıb.

Forumun plenar və bölmə iclaslarında dinlənilən məruzələrin, aparılan müzakirələrin qafqazşünaslıq elminə töhfə verəcəyini deyən akademik Akif Əlizadə tədbir iştirakçılarına uğurlar arzulayıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında qeyd edib ki, Qafqaz ölkəsi olaraq yaşadığımız regionu, burada baş verən prosesləri dərindən öyrənməliyik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: "Biz dünyada, bölgədə gedən prosesləri izləyərək çalışmalıyıq ki, ölkəmiz üçün riskləri nə qədər mümkünsə minimum səviyyəyə endirək”. AMEA-nın Qafqazşünaslıq İnstitutu bu sahədə mühüm işlər görür. Belə ki, institutda həm tədqiqatlar aparılır, həm də bu sahədə aparılan araşdırmalar sistemləşdirilir. Bu gün institut tərəfindən təşkil olunan forum Azərbaycan qafqazşünaslıq elmində atılan təqdirəlayiq addımdır. Ümid edirəm ki, forum qafqazşünaslıq elminin inkişafına müsbət təsir göstərəcək.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova forum çərçivəsində müxtəlif mövzularda müzakirələrin aparılacağını söyləyib. O, tədbirin sonunda müsbət nəticələrin əldə olunacağına əminliyini ifadə edib. Bildirib ki, forum Qafqaz tarixinin öyrənilməsində yeni səhifələrin açılmasına, innovativ ideyaların irəli sürülməsinə təkan verəcək. Eyni zamanda, görkəmli alimlərin birgə fəaliyyəti nəticəsində Qafqaz ölkələrində yaşayan xalqlar arasında qarşılıqlı anlaşma sürətlənəcək, dostluq münasibətləri daha da möhkəmlənəcək. Akademik belə tədbirlərin həm azərbaycanlıların öz tarixini yenidən dərk etmələrinə, həm də ölkəmizin dünya tarixində rolunun və yerinin müəyyənləşməsinə müsbət təsir edəcəyini vurğulayıb.

Çıxışlardan sonra akademik Akif Əlizadənin sədrliyi ilə keçirilən plenar iclasda Milli Məclisin deputatı, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı "Qafqazşünaslığın aktual problemləri: mövcud vəziyyət və perspektivlər” mövzusunda məruzə edib. Alim Qafqazşünaslıq İnstitutunda Qafqazın daha çox siyasi-ictimai və beynəlxalq münasibətlər müstəvisində öyrənildiyini qeyd edib. Bildirib ki, bu gün ABŞ-dan Çinə, Yaponiyaya qədər bütün ölkələrdə onlarla qafqazşünaslıq mərkəzi fəaliyyət göstərir. Qafqazın geosiyasi mövqeyi, Şərqlə Qərb arasında körpü rolunu oynaması, eləcə də Böyük İpək yolunun üzərində yerləşməsi bu regionun öyrənilməsinə göstərilən böyük marağın əsas səbəblərindəndir.

"Bu gün zəngin təbii sərvətlərə və kifayət qədər beynəlxalq nüfuza malik olan Qafqazın başlıca problemi terrordur” deyən professor Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun nəticələrinin aradan qaldırılmasının həlli vacib məsələlərdən olduğunu diqqətə çatdırıb.

Forum 24 bölmə iclasını əhatə edir. Bölmələrdə "Qafqaz regionunda ictimai-siyasi proseslər”, "Qafqazda münaqişələr və terror”, "Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü”, "Qafqaz ölkələrinin qarşılıqlı münasibətləri, xarici siyasəti və böyük dövlətlərin region siyasəti”, "Qafqazda geosiyasi şərait”, "Qafqazda sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqəsi” mövzularında müzakirələr aparılacaq. Xatırladaq ki, Qafqazşünasların I Beynəlxalq Forumu 2017-ci ildə keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video