23 May 2019 01:10
996
İQTİSADİYYAT
A- A+

Ölkə iqtisadiyyatının qan damarı


Azərbaycan dəmiryol infrastrukturunun yenidən qurulması davam edir


Azərbaycanda beynəlxalq və yerli əhəmiyyətli yol infrastrukturu layihələrinin icrası uğurla davam edir. Xüsusilə ölkəmizin dünya ilə birləşməsinə imkan yaradan dəmiryol xətlərinin çəkilişinə böyük önəm verilir.

Asiya ilə Avropanı birləşdirən və ölkəmizdən keçən İpək yolu nəqliyyat dəhlizinin əhəmiyyəti getdikcə daha çox strateji xarakter daşıyır. Ölkə iqtisadiyyatı üçün strateji xarakter daşıyan həm də yerli əhəmiyyətli dəmiryol infrastrukturudur.

Azərbaycanın nəqliyyat sisteminin əsas sahələrindən olan dəmiryol nəqliyyatı indi özünün yenidən qurulması dövrünü yaşayır. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahənin inkişafı, dünya standartlarına çatdırılması istiqamətində məqsədyönlü layihələr icra edilir. Həmin layihələr bu sahədə islahatların daha da sürətlənməsinə, dəmiryol nəqliyyatı vasitələrinin müasirləşdirilməsinə müsbət təsir göstərir.

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev mayın 21-də Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak etmiş, Bakı sərnişin-Sabunçu dəmiryol xətti üzrə görülən işlərlə tanış olmuşdur. Dövlət başçısına məlumat verilmişdir ki, Sabunçu dəmir yolu vağzalı üçmərtəbəli binada 4,1 min kvadratmetr sahədə yerləşir. Binanın birinci mərtəbəsində gözləmə zalı, bilet satışı kassaları, məlumat bürosu, server otağı, əşyaların saxlanması kamerası yerləşir. Vağzalda həmçinin müasir təhlükəsizlik kameraları, yanğınsöndürmə və havalandırma sistemləri, əlavə olaraq eskalator, lift, 17 turniket quraşdırılıb. Bunlardan savayı, vağzalda iki piyada alt keçidi inşa edilib, iki yeni platforma salınıb, işıqlandırma dirəkləri və müasir sərnişin dayanacaqları quraşdırılıb. Stansiyanın ərazisindəki üç dəmiryol xətti isə tamamilə yenidən quraşdırılıb.

Layihəyə əsasən, Bakı dairəvi dəmiryol xətti üzrə görülən işlərin davamı olaraq Məmmədli kəndində uzunluğu 17 metr olan yeraltı avtomobil, həmçinin Kürdəxanı kəndində uzunluğu 22 metr olan yeraltı avtomobil və yerüstü piyada keçidləri tikilib.

Dövlət başçısı kompleksin açılışında iştirak edən qəsəbə sakinləri ilə görüşündə sosial infrastrukturun yaradılmasının əhəmiyyətini vurğulayaraq demişdir: "...Bakıda, bütün rayonlarda, Bakıətrafı qəsəbələrdə, hər yerdə hansısa obyektin açılışı olur, istər sosial obyekt, istər infrastruktur obyekti. İndi yol çəkilişi sürətlə gedir, Sabunçu rayonunun da yollarının təmiri ilə bağlı işlər görülür. Yəni çalışırıq maksimum nə qədər mümkündürsə edək ki, insanlar daha yaxşı yaşasınlar, maddi rifah artsın, dolanışıq daha yaxşı olsun... Pensiyaların, əməkhaqlarının, müavinətlərin artırılması gündəlikdə duran məsələlərdən biridir”.

Bəli, bu bir həqiqətdir ki, Azərbaycanda həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələr ölkəmizə iqtisadi və siyasi dividendlər qazandırır. Lakin yerli əhəmiyyətli dəmiryol xətlərinin çəkilməsi də unudulmur. Dövlət başçısı 11 dekabr 2018-ci ildə sözügedən sahə üzrə bir sərəncam imzalamışdır. "Ləki-Qəbələ dəmiryol xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında” olan bu sərəncam ölkədə həm dəmir yolu nəqliyyatının, həm də turizm sektorunun inkişafına hədəflənib. Sərəncamda deyilir ki, ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması, digər sahələrdən gələn gəlirlərin artırılması, qeyri-neft sektorunun sürətli inkişafı Azərbaycanda aparılan iqtisadi islahatların əsas istiqamətlərindəndir: "Qeyri-neft sektorunun iqtisadi cəhətdən ən sərfəli sahələrindən biri hesab edilən turizmin inkişafı ilə bağlı son illər həyata keçirilən tədbirlər nəticəsində bu sahədə ciddi nailiyyətlər əldə edilmiş, o cümlədən turizm obyektlərinin sayı çoxalmış, xidmət sahəsi yüksəlmiş, yerli əhalinin milli turizmə marağı, eləcə də ölkəyə səfər edən turistlərin sayı xeyli artmışdır” deyə sərəncamda vurğulanır. Bir daha xatırladaq ki, ölkənin əsas turizm mərkəzlərindən olan Qəbələ şəhərinə və əks istiqamətə dəmir yolu ilə sərnişindaşımaların həyata keçirilməsi üçün Ağdaş rayonu ərazisində yerləşən Ləki stansiyasının yaxınlığından uzunluğu 43 kilometr olan yeni dəmiryol xəttinin tikintisi turizm infratstrukturunun yaxşılaşdırılmasına və turizm obyektlərinə yetərliyin təmin olunmasına xidmət edir. Yolun gələn il istifadəyə verilməsi gözlənilir.

Bu sırada Bakı-Yalama və Bakı-Astara dəmir yollarının modernləşdirilməsi layihələrini də qeyd etmək olar. Bundan əlavə, gələcəkdə Xaçmaz rayonu ərazisindən Qusar rayonuna dəmir yolunun çəkilməsi nəzərdə tutulur. Söz yox ki, bu layihələrin icrası bölgələrdə həm turizmin, həm də iqtisadiyyatın inkişafına geniş imkanlar yaradacaq.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video