22 May 2019 00:57
611
İQTİSADİYYAT
A- A+

Sərgilər Azərbaycanın nailiyyətlərini əyani şəkildə nümayiş etdirir


Hər bir ölkənin iqtisadiyyat, elm, texnika, mədəniyyət, incəsənət və digər sahələrdə qazandığı nailiyyətləri əyani göstərən ən əlverişli vasitələrdən biri sərgilərdir. Əhatə dairəsinə görə yerli, milli, beynəlxalq, ümumdünya sərgiləri olur.

Elə sərgilər var ki, müxtəlif sahələri əhatə edir. Bir çoxu isə ixtisaslaşmış xarakter daşıyır. Azərbaycan beynəlxalq sərgilərdə fəal iştirak edən ölkələrdəndir. Ölkəmizdə də hər il çoxsaylı sərgilər keçirilir. Xüsusilə son illərdə Azərbaycanın evsahibliyi etdiyi belə tədbirlər mütəşəkkilliyi, yüksək səviyyədə təşkil edilməsi ilə fərqlənir.

Cari ildə sərgi və konfrans təşkilatçıları - "Iteca Caspian” və "Caspian Event Organisers” (CEO) şirkətləri Azərbaycanda dövlət strukturlarının dəstəyi ilə 24 sərgi keçirməyi planlaşdırıb.

Bu tədbirlərə Turizm və Səyahətlər "AITF” sərgisi ilə start verilib. Artıq öz işini başa çatdırmış "AIFT”də dünyanın 30-dan çox ölkəsini təmsil edən turoperatorlar, turizm şirkətləri, aviaşirkətlər, sanatoriyalar, milli və regional turizm təşkilatları, habelə dövlət strukturları bir araya gəlmişdilər. Sərgidə həmçinin ölkəmizin turizm potensialını xarici qonaqlara və yerli turizm şirkətlərinə nümayiş etdirən Azərbaycan stendi də fəaliyyət göstərirdi.

2019-cu ilin sərgiləri sırasında bu günlərdə Bakı Ekspo Mərkəzində işini başa çatdıran XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi - "WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - "Caspian Agro” sərgilərinin mühüm əhəmiyyəti var. Mayın 15-də Prezident

İlham Əliyevin sərgilərlə tanış olması bunu bir daha təsdiqləyir.

Sözügedən iki sərgi ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına təkan verən və ən genişmiqyaslı, çox ziyarət edilən sərgilərdəndir. Belə ki, onlar regionda kənd təsərrüfatı sahəsinin inkişafına, Azərbaycanın aqrar-sənaye kompleksində mütərəqqi texnologiyaların tətbiqinə, eləcə də təcrübə mübadiləsinə, yerli və xarici təsərrüfatçılar arasında qarşılıqlı faydalı işgüzar əlaqələrin gücləndirilməsinə kömək edir.

"WorldFood Azerbaijan” və "Caspian Agro” sərgilərində Azərbaycanla yanaşı Litva, Rusiya, Sloveniya, Ukrayna, Xorvatiya və digər ölkələri təmsil edən şirkətlər də yer alıb. İtaliya, Türkiyə və Şri-Lanka tədbirə milli stendləri ilə gəliblər. Hər il bu iki sərgidə fəal iştirak edən Rusiyanın bir sıra regional qrupları yenə də yüksək səviyyədə təmsil olunublar. Belarusun milli stendinin ekspozisiyası iki zalda təqdim edilib. Burada, eyni zamanda, qida sənayesi sahəsində fəaliyyət göstərən startaplar, mikro və kiçik sahibkarlıq subyektləri də öz məhsul və xidmətlərini nümayiş etdiriblər. Gürcüstan və Niderland Krallığı sərgiyə milli qruplarını göndəriblər. Bu il həm sərgi sahəsi genişlənib, həm də iştirakçıların və ziyarətçilərin sayı artıb.

Sözügedən iki sərgi ilə eyni vaxtda Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya - "Ipack Caspian”, Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar - "HOREX Caucasus” sərgiləri də fəaliyyət göstərib və uğurla yekunlaşıb. Növbədə 9-cu Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - "Caspian Power”, 26-cı Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil & Gas” sərgiləridir.

18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika - "Transcaspian”, 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat - "Road & Traffic” və 6-cı Xəzər Beynəlxalq Kater və Yaxtalar Sərgisi - "Kater və Yaxtalar” sərgiləri ilə mövsümə yekun vurulacaq.

Builki irimiqyaslı sərgilərdən dördü öz yubileyini qeyd edəcək. Belə ki, "WorldFood Azerbaijan”, "BakuBuild”, "Bakutel” sərgiləri 25-ci, "Caspian Ecology” 10-cu dəfə sözügedən sahələrin aparıcı mütəxəssislərini bir araya toplayacaq. Keçirildiyi illər ərzində bu sərgilər Xəzəryanı regionda lider mövqeyə çıxaraq peşəkarların ənənəvi görüş yerinə çevrilib və xeyli sayda ziyarətçi cəlb edib. Yubiley sərgilərilə bağlı xüsusi tədbirlər proqramı da nəzərdə tutulub.

Bir sıra layihələr isə bu il debütünü edir. Məsələn, "Fərqli Fərdlər” konqresinin məqsədi ictimaiyyətin diqqətini fərqli inkişaf xüsusiyyətləri olan uşaqların inkişafına və tərbiyəsinə yönəltmək, valideynlər, mütəxəssislər və pedaqoqlar arasında dialoq qurmaq, eləcə də dövlət tərəfindən müəyyən edilmiş inklüziv cəmiyyətin inkişaf təmayülünü dəstəkləmək olmuşdur.

Daha bir yeni layihə noyabr ayında "Fairmont” hotelində keçirilməsi planlaşdırılan 1-ci Azərbaycan Beynəlxalq Tibbi İnnovasiyalar - "MEDINEX 2019” sərgisi və forumu olacaq. Tədbirin məqsədi sənayenin gələcək inkişafı naminə bu sahənin, o cümlədən rəqəmsal səhiyyə sektorunun mütəxəssislərini bir araya gətirməkdir.

"WorldFood Azerbaijan” sərgisi çərçivəsində isə Azərbaycan aşpazları, Barbekyu çempionatları və dünya səviyyəli qastronomiya ustalarının təqdimatları, eləcə də ustad dərsləri keçiriləcək. Qeyd edək ki, bu il Azərbaycan aşpazlarının 2-ci konqresinin toplanması da planlaşdırılıb.

Azərbaycanda keçirilən bütün sərgilər geniş işgüzar proqram və əlavə tədbirlərlə müşayiət olunur. Sərgilərin əksəriyyəti Bakı Ekspo Mərkəzində keçirilir. Mərkəzin binası 20 min kvadratmetrdən çox ümumi sahəsi ilə 3 hektar ərazini əhatə edir. Müxtəlif sərgilər keçirmək üçün üç iri pavilyonu var. Burada konfrans zalları, biznes mərkəzi, yemək kortları və s. fəaliyyət göstərir.

Mərkəzdə sərgilərdən əlavə müxtəlif konfransların, seminarların, biznes və əyləncə tədbirlərinin keçirilməsi üçün də şərait var. Bakı Ekspo Mərkəzinin rəsmi açılış mərasimi 2010-cu il iyunun 1-də olub. Burada ilk dəfə Xəzər regionunun neft-qaz sənayesində ən böyük tədbir olan Xəzər Neft və Qaz Sərgisi keçirilib.

Bakı Eksponun fəaliyyət göstərdiyi 9 ildə burada ənənəvi Xəzər neft-qaz sərgilərinin, I Avropa Oyunları çərçivəsində qılıncoynatma, taekvondo, stolüstü tennis və karate üzrə müsabiqələrin, eləcə də bir çox digər tədbirlərin yüksək səviyyədə təşkili mərkəzin bundan sonra da uğurlu sərgilər və yarışlar məkanı olacağına zəmanət verir.

Flora SADIQLI,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video