Alternative content

22:22 24 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV N.Paşinyanla separatçılar arasında münasibət gərginləşir
N.Paşinyanla separatçılar arasında münasibət gərginləşir
ANA SƏHİFƏ / SİYASƏT
00:54 22.05.2019


Ermənistan parlamenti məhkəmə binalarına giriş-çıxışın bağlanması məsələsini müzakirəyə çıxarır


Ermənistanda baş verən son hadisələr bu ölkədə mövcud gərginliyin daha da artacağını göstərir. Eyni zamanda yaşananlar bu ölkədə artıq məhkəmə sisteminin də nəzarət altına alınacağını, Yerevanla Qarabağ separatçıları arasında ziddiyyətlərin daha da dərinləşəcəyini nümayiş etdirir.

Baş verənləri şərh edən erməni politoloq Aleksandr İsgəndəryan qeyd edib ki, Ermənistanda hakimiyyətin bütün qollarında institutsuzlaşdırma gedir.

Onun sözlərinə görə, hazırda baş verənlər gözlənilməz deyil: "Hakimiyyətin tranziti prosesi davam edir, amma bu, bizim keçən il müşahidə etdiyimiz metodlarla aparılır. Əvvəlcə bu metodlarla icraedici, daha sonra qanunverici hakimiyyət ələ alındı. Aralıq dönəmdə böyük şəhərlərin lokal hakimiyyət orqanları ələ keçirildi. Küçələrdə dominantlıq hazırkı hakimiyyətin yeganə fəaliyyət alətidir. Hökumət bununla kifayətlənməyəcək. Biz dövlət orqanlarının çox funksiyalarının kollapsını indiyə qədər müşahidə etmişik.

Məhkəmə hakimiyyətindən sonra növbə mediaya çatacaq”.

Əslində Ermənistanın keçmiş prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbirinin ləğvi məhkəmə sistemində dəyişikliklərin edilməsi ilə bağlı aksiyaların başlaması üçün qığılcım da sayıla bilər. İnqilab nəzərdə tutduğu hədəflərə bütün sistemi dəyişdiyi halda çata, yaxud həmin istiqamətdə uğur əldə edə bilər.

Ermənistanda bir il əvvəlki mürəkkəb hadisələr fonunda parlament seçkiləri keçirildi. Nikol Paşinyanı dəstəkləyən siyasi qüvvələr bu kampaniyadan qalib çıxdılar. Ancaq Ermənistanda hakimiyyətin üç qolundan ikisinə onlar nəzarət etsələr də, məhkəmə sistemi köhnə rejimdən qalmadır. Paşinyan da xalqa son müraciətində ədliyyə sistemini qeyri-legitim adlandıraraq onu köhnə rejimin mirası sayıb. Ona görə də bu sistemdə inqilabın tələblərinə uyğun olaraq dəyişikliklərin aparılmasının vacibliyi gündəliyə çıxıb.

Qeyd edək ki, artıq bu gün Ermənistan parlamentinin növbədənkənar iclasının keçirilməsi planlaşdırılır. "İşıqlı Ermənistan” partiyasının mətbuat katibi Aren Petuns bildirib ki, partiyanın 18 deputatının təşəbbüsünə milyarder-deputat Qagik Sarukyanın "Çiçəklənən Ermənistan” partiyasına parlamentdəki "Sarukyan” fraksiyasının deputatları da qoşulub. Onlar Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışı ilə məhkəmə binalarına giriş-çıxışın bağlanması məsələsini müzakirə edəcəklər.

Ermənistan mediası yazır ki, yaşananlar arasında ən təhlükəli məqam Qarabağ separatçıları ilə Ermənistan arasında münasibətlərin gərginləşməsidir. Hesab edilir ki, bu durumda keçmiş hərbi xunta günahkardır və bura daxil olanlar Nikol Paşinyanı devirməkdə israrlıdırlar. Ermənistanın eks-prezidenti Robert Koçaryanın həbsdən azad edilməsi isə bunun başlanğıcı sayılır.

Xatırladaq ki, sabiq dövlət başçısının azadlığa buraxılması barədə qərar verilib. Qarabağ separatçılarının lideri Bako Saakyan və onun sələfi Arkadi Qukasyan məhkəməyə şəxsi zəmanətlərini təqdim ediblər. Onlar birbaşa məhkəmə zalında zəmanət verərək hərəsi 500 min dram və ya təxminən 1000 dollardan bir az çox təzminat ödəyiblər.

Bunlar isə Ermənistanın baş naziri Nikol Paşinyanı ciddi şəkildə narazı salıb. Məlumata görə, Paşinyan Qarabağ separatçılarının rəhbəri Bako Saakyanla görüşü zamanı ondan niyə Robert Koçaryana zamin dayanmasının izahını tələb edib. "Qraparak” qəzeti bu xüsusda yazır: "Paşinyanın izahat tələbinə Saakyan onların Qukasyanla davranışında heç bir siyasi məqsəd olmadığını və yalnız humanizm göstərdiklərini deməklə kifayətlənib. Paşinyanla bərabər Saakyan "Mənim addımım” blokunun deputatları ilə də görüşüb və onlara Qarabağda əks-inqilabın hazırlanmadığına zəmanət verib. Amma vəziyyət hər an dəyişə bilər”.

"Joxovurd” qəzeti Saakyanla deputatların görüşünün gərgin keçdiyini yazıb. Buna rəğmən qəzet bildirir ki, artıq Paşinyan Saakyanı əvəzləməkdə qərarlıdır və namizəd də tapıb. Bildirilir ki, məhz belə bir vaxtda Qarabağ separatçılarının keçmiş "baş naziri” Araik Arutyunyan rejimin rəhbərliyinə namizədliyini irəli sürüb.

Araik Arutyunyan separatçılar arasında nüfuzlu şəxslərdən sayılır. Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra Arutyunyan səssiz mövqe tutub və Paşinyan hökumətinə qarşı heç bir sərt ittiham səsləndirməyib. Məhz bu amilə görə sonradan hökumətə yaxın mətbuat Arutyunyanın qondarma rejimə Saakyanın yerinə rəhbər gətiriləcəyi haqqında məlumat yayıb.

Hazırkı separatçı rejim daxilində hakimiyyət uğrunda mübarizə Koçaryan və Paşinyanın dəstəklədiyi simalar arasında aparılır. Belə ki, bu mübarizədə Koçaryan klanının Vitali Balasanyanı, Paşinyanın isə Arutyunyanı dəstəklədiyi iddia edilir. Saakyan, təkzib etməsinə baxmayaraq, Paşinyana qarşı hərəkatın daxilində yer alır.

Odur ki, separatçı rejimlə Paşinyan arasında gərginliyin daha da dərinləşməsi gözlənilir.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM