21 May 2019 00:46
2876
Elm və texnika
A- A+

Azərbaycan tarix elminə Prezident qayğısı


Tarix İnstitutu son 15 ildə


Tarix İnstitutu ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzidir.

İlham ƏLİYEV


Prezident İlham Əliyev "Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 26 aprel 2012-ci il tarixli sərəncamında Milli Elmlər Akademiyası Tarix İnstitutunun fəaliyyətini yüksək qiymətləndirərək bu elmi-tədqiqat müəssisəsini "ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi” adlandırmışdır.

İnstitutun yaradıcı heyəti son 15 il ərzində birbaşa Prezident İlham Əliyevin tariximizin taleyüklü problemləri ilə bağlı irəli sürdüyü təşəbbüslər, çağırışlar və dövlət başçısının konkret tapşırıqları əsasında fəaliyyət göstərmişdir.

Ölkə başçısı öz çıxışlarında, akademiyadakı görüşlərində, institut rəhbərliyinə verdiyi konkret tapşırıqlarda Tarix İnstitutu qarşısında başlıca olaraq aşağıdakı istiqamətlərdə tədqiqatlar aparılması vəzifəsini qoymuşdur:

- Tariximizin bütün dövrlərinin Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında tədqiq olunaraq xalqımıza olduğu kimi çatdırılması;

- Azərbaycan tarix elminin ayrı-ayrı dövrlərdə məqsədyönlü surətdə həyata keçirilmiş saxtalaşdırmalardan və təhriflərdən təmizlənməsi;

- İlk növbədə Azərbaycanın qədim dövlətçilik tarixini əks etdirən "Azərbaycan Tarixi Atlası”nın yaradılması;

- Xarici ölkələrdə saxlanılan ilk mənbələrin, o cümlədən arxiv sənədlərinin ölkəyə gətirilməsi və bununla Azərbaycan tarix elminin ilk mənbə bazasının genişləndirilməsi;

- Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımları və deportasiyalar tarixini Heydər Əliyevin müəyyən etdiyi konsepsiya istiqamətləri əsasında daha dərindən araşdıraraq 26 Bakı komissarının fəaliyyətinə düzgün elmi qiymət verilməsi və ölkəmizin müxtəlif bölgələrində həyata keçirilmiş soyqırımları barədə ayrı-ayrılıqda elmi-tədqiqat əsərlərinin yazılması və nəşr olunması;

- Erməni saxtakarlarının "Arsax”la (erməni saxtakarları sak türkləri ilə bağlı "Ərsak” terminini təhrif edərək və özününküləşdirərək "Arsax” kimi təqdim edirlər) bağlı cızmaqaralarını ifşa edən mükəmməl Qarabağ tarixinin yazılması və nəşr olunması;

- Ermənilərin Naxçıvanla və bu bölgəmizin tarixi abidələri ilə bağlı heç bir elmi əsası olmayan uydurmalarına qarşı ən qədim zamanlardan günümüzədək bütün dövrləri əhatə edən Naxçıvan tarixinin yazılması;

- Azərbaycanın itirilmiş torpaqlarının, o cümlədən İrəvan xanlığının tarixinin yazılması və milli tarixşünaslığımıza daxil edilməsi;

- Tarixi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Zəngəzurun mükəmməl tarixinin yaradılması;

- Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair tədqiqatların genişləndirilməsi və ulu öndərin vəsiyyətinə uyğun olaraq Xalq Cümhuriyyətinin tarixini əks etdirən ensiklopedik nəşrin hazırlanması.

Ölkə başçısının tarix elmimizin inkişafı ilə bağlı yuxarıda göstərilən müdrik göstərişlərinin yerinə yetirilməsi mahiyyətcə xalqımızın hər cür saxtalaşdırmalardan və təhriflərdən təmizlənmiş gerçək tarixinə sahib çıxmasının təmin olunması demək idi. Tarix İnstitutu totalitar sovet rejiminin doğurduğu bütün meyillərdən uzaqlaşaraq ölkənin mühüm azərbaycançılıq mərkəzinə çevrilməli idi. Əlbəttə, bu, asan məsələ deyildi. Qarşıya qoyulmuş son dərəcə şərəfli və bir o qədər də çətin vəzifələrin öhdəsindən gəlmək üçün bir tərəfdən tariximizin bütün dövrləri və taleyüklü problemləri barədə bundan əvvəl yazılanlar saxtalaşdırmalardan təmizlənməli, digər tərəfdən isə müstəqil təfəkkürlə vətənin hər bir dövrünün, hər bir elmi probleminin yeni tarixi yazılmalı idi. Bu ağır problemlərin həlli zamanı, təbiidir ki, həm daxildə, həm də xaricdə saxta konsepsiyalar əsasında tarix yazanların və onların tərəfdarlarının müqaviməti ilə qarşılaşacağımız labüd idi...

Çətinliklərlə və maneələrlə dolu olan yeni yolu seçmək və bu yoldan keçmək, əlbəttə, asan olmur. Tarix İnstitutu Prezident İlham Əliyevin qətiyyətinə arxalanaraq tariximizi xalqa olduğu kimi çatdırmaq yolunu tutdu. İnstitutun elmi-tədqiqat planları tamamilə dəyişdirildi. Ölkə başçısını narahat edən bütün məsələlər elmi-tədqiqat planlarına daxil edildi. Müstəqillik təfəkkürü əsasında yeni mövzu toplusu yaradıldı. Fəlsəfə doktorluğu və elmlər doktorluğu dissertasiyalarının mövzuları yeniləşdirildi. Əsaslı struktur islahatları keçirildi.

Bir sözlə, institutun tarixində yeni dövr başlandı: ulu öndər Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin konkret göstərişləri əsasında Tarix İnstitutunun ölkənin mühüm azərbaycançılıq mərkəzinə çevrilməsi dövrü.


İlk uğur


Öz fəaliyyətində vacib dövlət tapşırıqlarını əsas tutan institut az vaxt içərisində mühüm uğurlar qazandı. İnstitut ilk uğurlarından birinə Ensiklopediyanın xüsusi "Azərbaycan” cildi hazırlanarkən imza atdı. 2004-cü ilin aprelində tələm-tələsik təqdimat mərasimi keçirilərkən dövlət başçısı bu cildi kəskin tənqid etmişdi.

Prezident Administrasiyasında dövlət başçısının rəhbərliyi ilə keçirilən müşavirədə bu sətirlərin müəllifi də söz alaraq tənqidi çıxış etmişdi. Bu müzakirədən sonra hazırlanan yeni variantda da tariximiz lazımınca əks etdirilməmişdi. Azərbaycanın ən qədim zamanlarından günümüzə qədər davam edən tarixinə cəmi 30 səhifəlik səthi material ayrılmışdı. İnstitutun təkidi ilə xüsusi "Azərbaycan” cildinə tariximizlə bağlı nəzərdə tutulmuş 30 səhifə əvəzinə 220 səhifəlik mükəmməl Azərbaycan tarixi oçerki əlavə olundu. İlk dəfə məhz həmin cildə 40-a qədər tarix xəritəsi daxil edildi. Xüsusi cild saxtalaşdırmalardan və təhriflərdən təmizləndi. Bu, Tarix İnstitutunun vətənimizin tarixi keçmişini müstəqillik dövrünün azad təfəkkürü ilə yenidən yazmaq yolunda atdığı ilk addım idi, daha doğrusu, ilk uğurumuz idi.


İlk "Azərbaycan Tarixi Atlası”


İnstitut Prezidentin tapşırığına əsasən növbəti mühüm uğuruna 2007-ci ildə imza atdı. Azərbaycanın dövlətçilik tarixinin bütün dövrlərini əhatə edən 55 xəritədən ibarət olan "Azərbaycan Tarixi Atlası”nı nəşr etdi. Bu, olduqca mühüm elmi nailiyyət idi. Çünki ermənilər sovet dövründə tarixi Azərbaycan torpaqlarını əhatə edən qondarma "Ermənistan dövləti”nin tarixinə dair dəfələrlə atlaslar buraxdıqları halda Azərbaycan tarixi atlasının nəşr olunmasına imkan verməmişdilər. Bu istiqamətdə edilən bütün cəhdlər nəticəsiz qalmışdı. Yeri gəlmişkən, ötən əsrin 60-cı illərində ilk Azərbaycan Ensiklopediyasının nəşrinə başlanılarkən Baş redaktor Rəsul Rzanın təşəbbüsü ilə bununla bağlı ilk addım atılmışdı. O zaman Ensiklopediyanın Azərbaycan tarixi redaksiyasının müdiri, sonralar isə elmi işlər üzrə baş redaktor müavini olan bu sətirlərin müəllifi Rəsul Rzanın yaxından köməyi ilə Kiyev Xəritə Fabrikində (bu müəssisə SSRİ-də ermənilərin təsiri altında olmayan yeganə xəritə fabriki idi) Azərbaycan tarixi xəritələrinin nəşrinə nail olmuşdu. Lakin Moskvadan və İrəvandan olan bədxahlarımız, habelə onların əlaltıları olan daxildəki dönüklərdən ibarət antiazərbaycan qüvvələri bu xəritələrin müstəqil "Azərbaycan Tarixi Atlası” halında nəşr olunmasına imkan verməmişdilər.

Bu baxımdan Prezident İlham Əliyevin yüksək dövlətçilik qayğısı sayəsində 2007-ci ildə ilk "Azərbaycan Tarixi Atlası”nın işıq üzü görməsi tarixi nailiyyət idi. Məhz bu elmi uğur nəticəsində 2014-cü ildə dövlət başçımızın xeyir-duası ilə işıq üzü görən "Azərbaycanın Milli Atlası”nın nəşri üçün çox gərəkli bir zəmin yaradılmış oldu. Milli atlasın ilk səhifələrinə Azərbaycan tarixinə dair 70 xəritə daxil edildi. Beləliklə, ölkəmizin qədim dövlətçilik tarixinin bütün mərhələləri xəritələrdə öz əksini tapdı. Ermənilərin saxta xəritələri Azərbaycan tarixşünaslığında Cənubi Qafqaz tarixinin elmi dövriyyəsindən çıxarıldı.


"Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi və onun icrası


Tarix İnstitutu Prezidentin qarşıya qoyduğu tarixi vəzifələri icra etmək üçün "Azərbaycan tarixi ilk mənbələrdə” layihəsini hazırladı və onun icrasına başladı. Moskva, Sankt-Peterburq, İstanbul, Ankara, Berlin, Paris, London, Dehli, Tiflis, Mahaçqala, Həştərxan və dünyanın digər elmi mərkəzlərindən Tarix İnstitutuna minlərlə arxiv sənədi gətirildi. Bu sənədlərin xeyli hissəsi artıq onlarla sənəd toplusu halında nəşr olunmuşdur. Həmin sənədlər və sənəd topluları içərisində tariximizin taleyüklü problemlərini əhatə edən xanlıqlar dövrü və ölkəmizin çar Rusiyası ilə Qacarlar İranı arasında bölüşdürülməsi ilə bağlı sənədlər xüsusi yer tutur. İnstitut bu sənədlərin Azərbaycana gətirilməsini daim diqqət mərkəzində saxlamışdır.

Bunun nəticəsidir ki, artıq xanlıqlar dövrünə, Azərbaycan torpaqlarının bölüşdürülməsi və qanlı Qafqaz müharibələrinə aid "Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). I cild. Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivinin sənədləri”; "Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivinin sənədləri. II cild”; "Azərbaycan tarixi arxiv sənədlərində. XVIII əsr. Rusiya Federasiyası Dağıstan Respublikası Mərkəzi Dövlət Arxivinin sənədləri”; "Azərbaycan tarixi arxiv sənədlərində (XVI-XX əsrlər). I cild. Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivinin və Dağıstan Mərkəzi Dövlət Tarix Arxivinin sənədləri”; "Azərbaycan tarixi arxiv sənədlərində (XVI-XX əsrlər). II cild. Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivinin və Dağıstan Respublikası Elmlər Akademiyasının Əlyazmalar fondunun sənədləri”; "Rossiə i Azerbaydjanskie xanstva vo vtoroy polovine XVIII - naç. XIX vekov. Sbornik dokumentov), T. 1 (1751-1775 qq.)”; "Russkoəzıçnıe istoçniki po istorii Azerbaydjana pervoy polovinı XVIII veka T. II (1726-1750 qq.)”; "Russkoəzıçnıe istoçniki po istorii Azerbaydjana pervoy polovinı XVIII veka T. III (Prilojeniə)”; "Azerbaydjan v dokumentax qosudarstvennoqo arxiva Astraxanskoy oblasti (Sbornik dokumentov), T.2 (1734-1744 qq.)”; "Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrlər). I cild. Rusiya Dövlət Tarix Arxivinin sənədləri”; "Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). II cild. Rusiya Dövlət Hərbi Tarix Arxivinin sənədləri” adlı onlarla sənəd toplusu və bu toplulara daxil edilmiş yüzlərlə sənəd əlimizdədir.


Son iki yüz ilin tarixi yenidən yazılır


Ölkəmizə gətirilmiş yuxarıda göstərilən nadir sənədlər əsasında ulu öndərin "Son iki yüz ilin tarixi yenidən yazılmalıdır” göstərişi əsas götürülərək geniş tədqiqat işlərinə başlandı. Təkcə tariximizin xanlıqlar dövrünə aid 50-yə yaxın monoqrafiya və müxtəlif xarakterli toplular nəşr olundu. Dövlət mükafatı laureatı, əməkdar elm xadimi T.T.Mustafazadənin qiymətli monoqrafiyaları və nəşr etdirdiyi sənəd topluları Azərbaycan xanlıqlarının tarixinə yeni elmi baxışın təşəkkülündə mühüm rol oynadı. İnstitutda aparılan tədqiqat işləri Azərbaycanın həm Şimal, həm də Cənub xanlıqlarının tarixini əhatə etdi. Xanlıqlar tarixinə fəlsəfə doktorluğu və elmlər doktorluğu dissertasiyaları həsr olundu.

İnstitut xanlıqlar dövrünün tarixinin araşdırılmasında da ən mühüm addımı Prezident İlham Əliyevin təşəbbüsü ilə atdı. Birbaşa Prezidentin qayğısı sayəsində "Qarabağ: real tarix, faktlar, sənədlər”, "Naxçıvan: tarixi və abidələri”, "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kimi fundamental tədqiqatlar işıq üzü gördü. Ermənilərin Cənubi Qafqazın aborigen etnosu olmadığı və Azərbaycana çar Rusiyası tərəfindən XIX əsrdə köçürülüb gətirildiyi sübuta yetirildi. Bununla sak türklərinin tarixi ilə bağlı Ərsak yer adını saxtalaşdıran erməni cızmaqaraları, qədim oğuz yurdu Naxçıvanla bağlı uydurmalar ifşa olundu. "İrəvan xanlığı” dünya dillərinə tərcümə olunub yayıldı.

Bütün bunlar dövlət başçısının qətiyyəti sayəsində tarix elminin qazandığı böyük uğurlardır. Dövlət başçısı bu mühüm elmi nailiyyətə görə özünün 25 may 2012-ci il tarixli sərəncamı ilə Tarix İnstitutunun 13 nəfər əməkdaşını (Y.M.Mahmudov, T.T.Mustafazadə, K.K.Şükürov, S.A.Məmmədov, G.C.Nəcəfli, G.N.Məmmədova, H.N.Həsənov, İ.S.Məmmədov, V.V.Umudlu, İ.M.Məmmədova, S.M.Hacıyeva, N.R.Gözəlova) Dövlət mükafatına layiq gördü.


"Dünyanı bəzəyən Abbasın tarixi”


2010-2014-cü illərdə institutun tarixində ilk dəfə olaraq XVI-XVII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan tarixçisi İsgəndər bəy Münşinin "Dünyanı bəzəyən Abbasın tarixi” adlı irihəcmli (159 ç.v.) əsəri farscadan tərcümə olunaraq öz dilimizdə oxuculara təqdim olundu. Bu qiymətli ilk mənbənin tərcümə olunması barədə qərar hələ 1996-cı ildə qəbul olunsa da, iş görülməyərək qalırdı. Odur ki, iki kitabdan ibarət olan 2544 səhifəlik ilk mənbənin dilimizə çevrilməsi ölkə başçısının qayğısı sayəsində qazanılmış böyük elmi uğurdur. Yeri gəlmişkən, bu qiymətli ilk mənbəni çevirən professor Şahin Fərzəliyev XVI əsrdə yaşamış digər böyük tarixçimiz Həsən bəy Rumlunun "Tarixlərin ən yaxşısı” əsərinin də farscadan dilimizə çevrilməsini başa çatdırmışdır və həmin mənbə indi çapa hazırlanır. Bu gün Tarix İnstitutunda "Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi uğurla davam etdirilməkdədir. Bununla belə, tarixçilərimiz artıq ölkəmizə gətirilmiş ilk mənbələr, o cümlədən arxiv sənədləri əsasında tariximizin bütün dövrlərinin təhriflərdən və saxtalaşdırmalardan təmizlənmiş gerçək mənzərəsini yarada bilərlər.


Soyqırımlarının tarixi: institutun qarşısına qoyulan ən mühüm vəzifələrdən biri


Azərbaycan xalqına qarşı soyqırımları tarixinin dərindən və hərtərəfli araşdırılması, 26 Bakı komissarı adlanan daşnak-bolşevik güruhunun antiazərbaycan fəaliyyətinə düzgün elmi qiymət verilməsi dövlət başçısının Tarix İnstitutu qarşısında qoyduğu ən mühüm vəzifələrdən biri idi.

Ulu öndər Heydər Əliyev özünün 18 dekabr 1997-ci il tarixli "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” və 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında” sərəncamları ilə bu istiqamətdə aparılacaq tarixi tədqiqatların konseptual əsasını müəyyən etmişdir. Dahi şəxsiyyət imzaladığı bu mühüm dövlət sənədləri ilə əslində Azərbaycan tarix elmini yeni yola - müstəqillik yoluna çıxarmışdır.

Prezident İlham Əliyev ulu öndərin Azərbaycan tarixi ilə bağlı müəyyən etdiyi konseptual elmi istiqaməti yaradıcılıqla daha da zənginləşdirdi və qətiyyətlə davam etdirdi. Bu baxımdan dövlət başçısının 26 Bakı komissarına, daha doğrusu, soyqırımı cəlladlarına məxsus məzarlığın şəhərin mərkəzindən - Sahil bağından ümumşəhər qəbiristanlığına köçürülməsi barədə göstərişi müstəqillik dövrü tariximizin çox mühüm hadisəsi kimi heç zaman yaddaşlardan silinməyəcəkdir. Prezident bu müdrik və cəsarətli addımı ilə hər şeydən əvvəl xalqımızı onun qanını tökən cəlladların "abidəsi” qarşısında səcdə etmək həqarətindən xilas etdi. Digər tərəfdən, cəsədlərin köçürülməsi prosesində məzarlıqda 26 deyil, 23 cəsədin qalığı olduğu aşkar edildi. Bu fakt sovet dövründə yazılmış tarix əsərlərinin nə qədər iyrənc saxtakarlıqlarla və təhriflərlə dolu olduğunu bariz şəkildə sübut etdi. Bu baxımdan soyqırımı cəlladlarının cəsədlərinin qalıqlarının ümumi qəbiristanlığa köçürülməsi Prezident İlham Əliyevin öz xalqı qarşısında, Azərbaycan tarix elmi qarşısında misilsiz tarixi xidmətidir.

Məlum məzarlıqda 26 deyil, 23 cəsədin qalıqlarının aşkar edilməsi Tarix İnstitutunda elmi şuranın müzakirəsinə çıxarıldı. Tədqiqatlar genişləndirildi. Dünyanın müxtəlif ölkələrindən yeni sənədlər gətirildi. Daşnak cəlladı Stepan Şaumyanın 26-larla bir sırada güllələnmədiyi, onun 26-ların güllələnməsindən sonra 10 gün ərzində Krasnovodsk həbsxanasında Anastas Mikoyanla birlikdə eyni kamerada yaşadığı, bundan sonra hər iki məhbusun müəmmalı şəraitdə "yoxa çıxdığı” sübut olundu. Azərbaycan tarix elmi sübuta yetirdi ki, Stepan Şaumyan bolşevik şineli geyinməsinə baxmayaraq, "Daşnaksütyun” partiyasının rəhbərlərindən biri, həmin partiyanın Bakı komitəsinin üzvü olmuşdur.

Tarix İnstitutu xalqımıza qarşı soyqırımları tarixini sistemli şəkildə araşdırmaq üçün ayrıca Soyqırımları tarixi elmi tədqiqat şöbəsi və xüsusi tədqiqat qrupu (Natiq Məmmədzadə, Güntəkin Nəcəfli, İlqar Niftəliyev, Kamran İsmayılov, Vaqif Abışov, Nigar Maksvell, Rəşad Rüstəmov) yaratdı. Respublika Prokurorluğu işə cəlb olundu. Nəticədə "Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı”. I cild; "Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı”. II cild, 1-ci kitab. Gəncə quberniyası; "Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı”. II cild, 2-ci kitab. İrəvan quberniyasında soyqırımı; "Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. III cild. Xatirələr” kimi qiymətli sənəd topluları və ölkəmizin bütün bölgələrində həyata keçirilmiş soyqırımları tarixini əhatə edən aşağıdakı tədqiqat əsərləri nəşr olundu: "İstoriçeskie faktı o deəniəx armən na azerbaydjanskoy zemle”; "Historical facts of Armenians actions in Azerbaijan land”; "Qenoüid azerbaydjanskoqo naroda 1918 qoda: orqanizatorı i palaçi”; Abışov V.V. "Azərbaycanlıların soyqırımı (1917-1920-ci illər)”; "Vandalizm. Tarixi adlara qarşı soyqırımı”; Qafarov V. "A törtenelem veres, elfelejthetetlen pillanatai "Qenecıdium”; "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları”; Nəcəfli G.C. "1917-1918-ci illərdə Urmiya bölgəsində azərbaycanlılara qarşı soyqırımı” "(ATASE-nin sənədləri əsasında)”; Nifteliev İ.V. "Qenoüid azerbaydjanüev v İrevanskoy qubernii (1918-1920)”; Nəcəfli G.C. "1918-1920-ci illərdə Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgəsində ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımı”; Gözəlova N.R. "Azərbaycan türk-müsəlman əhalisinin soyqırımı Britaniya kitabxanasının arxiv sənədlərində”; Mustafa N. "İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)”; Abışov V.V. "Bakıda 1918-ci il mart soyqırımı”; yenə onun "Şamaxı qəzasında Azərbaycan xalqına qarşı soyqırımı”; və "Quba qəzasında türk-müsəlman soyqırımı”; Məmmədzadə N. "Qenoüid azerbaydjanüev v Karabaxskom reqione Azerbaydjana (1918-1920)”; İsmayılov K.N. "Zəngəzurda Azərbaycan xalqına qarşı soyqırımı. (1918-1920)”; Əlibəyli H.C. "Birinci Dünya müharibəsi illərində Urmiyada türk-müsəlman əhalinin soyqırımı”; Mahmudov Y.M. "Qenoüid turko-musulmanskoqo naseleniə Azerbaydjana v 1918-1920 qodax”; yenə onun "Genocide of turkic-muslim population of Azerbaijan in 1918-1920” və s.

İnstitut xalqımıza qarşı soyqırımları ilə bağlı toplanmış faktiki material əsasında xarici ölkələrin görkəmli alimlərinin iştirakı ilə Bakıda, Şamaxıda, Gəncədə, Qubada, Lənkəranda, Qusarda 6 beynəlxalq soyqırımı konfransı keçirdi. Qusarda keçirilən Beynəlxalq soyqırımı konfransında dünya alimləri A.A.Bakıxanov adına Tarix İnstitutunun Deportasiyalar və Soyqırımları Problemi üzrə Dünya Tarixçilərinin Əlaqələndirmə Mərkəzinin təsdiq olunması barədə qərar qəbul etdilər. Bütün bu soyqırımı konfranslarına ölkəmizin başçısı müraciətlər ünvanladı, Prezident Administrasiyasının məsul əməkdaşları bu müraciətləri səsləndirdi.

Yeri gəlmişkən, xalqımıza qarşı soyqırımları tarixinə dair yeni-yeni faktlar aşkar olunduqca Tarix İnstitutunu "tarixi siyasiləşdirməkdə” qınayanlar da tapıldı. Belələrinin cavabını yenə Prezidentimiz verdi: soyqırımları tarixinin dövlət səviyyəsində araşdırılması qərara alındı. Akademiyanın prezidenti akademik A.A.Əlizadə soyqırımlarını araşdıran komissiyanın sədri, vitse-prezident akademik İsa Həbibbəyli isə onun müavini təsdiq olundu.

Tarix İnstitutu xalqımıza qarşı həyata keçirilmiş soyqırımları tarixini araşdırmaqda davam edir. Bu yolu ulu öndər başlamışdır. Bu yolu böyük cəsarət və müdrikliklə Prezident İlham Əliyev davam etdirir. Tarixçilər isə onlara verilmiş dövlət tapşırığını yerinə yetirərək və qarşılarına çıxan bütün maneələri dəf edərək bu yolla irəliləməyi özlərinə şərəf borcu hesab edirlər.


(Ardı var)

Yaqub MAHMUDOV,

AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video