Alternative content

16:53 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Varlığında bir dünya çırpınırdı
Varlığında bir dünya çırpınırdı
ANA SƏHİFƏ / Mədəniyyət
00:32 21.05.2019


"Cabbarlının ədəbi irsi xalqın qəlbində və şüurunda, müasirlərimizin adlarında və ənənələrində, yeni-yeni oxucu və tamaşaçı nəsillərinə sənətkarın mənəvi təsirinin zəifləmək bilməyən gücündə yaşayır. Bax budur görkəmli sənətkarın ölməzliyi. Cəfər Cabbarlı ədəbi irsi daşda və tuncda, küçələrin, meydançaların və mədəniyyət ocaqlarının adlarında, ədəbiyyatşünasların əsərlərində və yazıçıların, bəstəkarların, rəssamların yaradıcılığında əbədiləşmişdir”.

Heydər ƏLİYEV


Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, yazıçı, dramaturq, kinossenarist, tərcüməçi, publisist, teatrşünas və ictimai xadimdir. O, milli dramaturgiyamızın yeni mərhələsinin yeni tarixi şəraitdə yaradıcısıdır. Görkəmli sənətkar milli azadlıq ideyaları və istiqlal idealının iştirakçısı və tərənnümçüsüdür.

Cəfər Cabbarlının sovet və müstəqillik dövrü Azərbaycan ədəbiyyatında xüsusi yeri və mövqeyi vardır. Təsadüfi deyil ki, sovetlər zamanında onun ev-muzeyi və abidəsinin açılışında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Müstəqillik dövründə görkəmli dramaturqun 100 illik yubileyinə ulu öndər, 120 illik yubileyinə isə Prezident İlham Əliyev sərəncam vermişdir. 100 illik yubileyin keçirilməsi haqqında sərəncamda deyilir. "Cəfər Cabbarlı dərin zəkası və milli ruhu ilə səciyyələnən dahi sənətkar kimi özündən sonra zəngin bədii irs qoyub getmişdir”. 120 illik yubileyin keçirilməsi haqqındakı sərəncamda isə oxuyuruq: "Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Klassik ədəbi irs zəminində yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirmişdir. Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilmiş, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynamışdır”. Göründüyü kimi, zəngin ədəbi irsə varislik hər iki sərəncamda güclü ifadə olunmuşdur.


Milli ruhlu sənətkar


Ümummilli lider Heydər Əliyev Cəfər Cabbarlı irsini həmişə yüksək qiymətləndirmiş, Azərbaycan mədəniyyəti və teatrından söhbət gedəndə bu milli ruhlu yazıçının adını çəkmiş, ona hörmətini ifadə etmişdir. Bu hörmət əməli təzahürünü görkəmli sənətkarın ev-muzeyi və abidəsinin açılışında da göstərmişdir.

23 mart 1982-ci ildəki açılışda ulu öndər görkəmli dramaturqa hörmət və məhəbbətini belə ifadə etmişdir: "Cəfər Cabbarlının adı Azərbaycanda dramaturgiyanın, səhnə sənətinin və kinematoqrafiyanın təşəkkülü və inkişafı ilə qırılmaz surətdə bağlıdır. Doğma xalqının nəğməkar oğlu olan Cəfər Cabbarlı əsl beynəlmiləlçi idi, özünün bütün ilhamlı yaradıcılığı ilə xalqların dostluğu və qardaşlığı ideyalarını bərqərar edirdi. Həmid Sultanov küçəsində yaşadığı 44 nömrəli evdə Xatirə muzeyinin yaradılması yazıçıya hörmət və məhəbbətin ifadəsi olmuşdur. Martın 23-də Xatirə muzeyi təntənəli surətdə açılmışdır”.

Heydər Əliyev böyük dramaturqun bir bahar çağında abidəsinin açılışında geniş nitq söyləmişdir. Ulu öndər demişdir: "C.Cabbarlının həyatı öz böyük bədii istedadını xalqa xidmət göstərməyə həsr etmiş, möhkəm əqidəli və coşqun ehtiraslı döyüşçünün, alovlu vətəndaşın həyatıdır”.

Ümummilli lider Cəfər Cabbarlı yaradıcılığının və şəxsiyyətinin xüsusiyyətlərini ardıcıl səciyyələndirmiş, onun "yeni həyat yaradıcılığının mürəkkəb, çətin, lakin müzəffər prosesini və öz istedadını bütün qüdrəti ilə əks etdirmişdir, əsərlərində öz dövrünün fəlsəfəsini və psixologiyasını, dövlətlər arasındakı qırılmaz əqidəni, xalqın tarixi müqəddəratının rəşadətli səhifələrini açıb göstərmişdir”.

Dahi rəhbər parlaq sənətkara şair, nasir, dramaturq kimi fəaliyyətində yüksək dəyər vermiş, onun dram sənətini müəyyən mənada Cəfər Cabbarlı teatrının bəhrəsi hesab etmişdir. Mirzə Fətəli Axundzadə və Cəlil Məmmədquluzadənin böyük ənənələrini inkişaf etdirmiş görkəmli sənətkar "teatr yaradıcılığının həqiqi novatoru olmuş, Azərbaycan səhnəsində bu gün gözəl səmərə verən yeni ənənələrin əsasını qoymuşdur”.

Heydər Əliyev Cəfər Cabbarlının çoxşaxəli fəaliyyətinin əsaslarına yaxından bələd olmuşdur. Böyük rəhbər demişdir: "Azərbaycanın kino sənətinin təşəkkülü, o illərin dram və opera səhnələrinin ən yaxşı tamaşaları, parlaq publisistika və dərin professional teatr tənqidi Cabbarlının adı ilə bağlıdır”.

Dövlət xadimi Cəfər Cabbarlı irsinə sənət müxtəlifliyi, janr əlvanlığı baxımından dəyər vermiş, həm də onun bədii yaradıcılığını Azərbaycanda mövcud olmuş sosialist realizminə görə səciyyələndirmişdir: "Onun yeni ədəbiyyat və sənətin ən mühüm prinsiplərini qeyri-adi qüvvə və yetkinliklə təcəssüm etdirən əsərləri Azərbaycan ədəbiyyatı tarixində bütöv bir dövrü səciyyələndirən çox əhəmiyyətli ideya bədii hadisədir”.

Heydər Əliyevin görkəmli ədib haqqında fikirləri ədəbi-tarixi xidmətin göstəricisidir. Dahi rəhbər deyirdi: "Cabbarlının rolu həm də bununla səciyyələnir ki, o öz əsərləri ilə Azərbaycan ədəbiyyatını mədəniyyət ustalarının yerinə yetirdiyi bədii-estetik vəzifələr səviyyəsinə qaldırmışdır”.


Həqiqətpərvər ədib


Cəfər Cabbarlı mənsub olduğu mühitin sosial-siyasi hadisələrinə həssas olmuş, ölkə quruculuğunun səsinə vaxtında səs vermiş, vətəndaş mövqeyini vaxtında ifadə etmişdir. Bu səbəbdən görkəmli dövlət xadimi demişdir: "Dövrün ictimai sifarişinə, ölkəni yenidən qurmaq uğrunda xalqın mübarizəsinə əsaslanan dəqiq, aydın, döyüşkən həyat mövqeyi - bir sənətkar və vətəndaş kimi Cabbarlının başlıca xüsusiyyətləri bunlardır”.

Görkəmli ədib Cəfər Cabbarlı romantikmi, realistmi olmuşdur? Heydər Əliyev sovet həyat tərzinin qurucusu olduğundan Cəfər Cabbarlı irsində daha çox həyat reallığı axtarmışdır. "Bütün dolğun və çoxcəhətli real həyatla qırılmaz əlaqə - onun ədəbi irsinin ən qiymətli cəhətidir. Öz ideyalarını, süjetlərini, gözəl obrazlarını həyatımızdan alırdı. Onun əsərlərində zamanın ən vacib problemləri, gündəlik həyatın ən kəskin mərhələləri yüksək istedadla əks olunur və dərin fəlsəfi məna ilə səslənirdi”.

"Sevil”, "Almaz”, "1905-ci ildə”, "Yaşar” - unudulmaz dövrün salnaməsinin parlaq səhifələridir”.

Heydər Əliyev onun realizmindən, yoxsa romantik pafosundan danışmışdır? Faktlar buna müsbət cavab verir. Ulu öndər onun əsərlərində yüksək pafos, vüsət, romantika duymuşdur: "Cəfər Cabbarlının yaradıcılıq vüsəti özünün zənginliyi və rəngarəngliyi ilə valeh edir. O, xalqımızın qədim dövrünün, azadlıq mübarizəsi tarixinin parlaq lövhələrini yaratmış, doğma yurdumuzda dəyişikliklərin pafosunu, zəmanəmizin qəhrəmanlarının qüdrət və əzəmətini tərənnüm etmiş, istismarçı cəmiyyətin, altun və mənsəbpərəstlik dünyasının eybəcərliklərini sarsıdıcı tənqid atəşinə tutmuşdur”. Heydər Əliyev Cabbarlı pafosu və vüsətindən danışanda Şiller romantizmini xüsusi vurğulamışdır.

Cəfər Cabbarlı və qadın azadlığı mövzusu ümummilli liderin nitqində xüsusi yer tutmuş, "Cabbarlı Şərq qadınının məzlum vəziyyətinə qarşı bədii sözün nəhəng qüvvəsi ilə mübarizə aparmış, qadının azadlığa çıxmasını təsvir etmiş, unudulmaz qadın obrazlarının bütöv bir silsiləsini yaratmışdır”, - deyə fikirlərini ifadə etmişdir.


Aydın həyat mövqeyi


Heydər Əliyev Cəfər Cabbarlı irsinin sənət özəlliklərini nitqində dönə-dönə dəyərləndirmişdir. Məsələn, quruculuq uğrunda mübarizədə xalqın mübarizəsini, aydın həyat mövqeyini, həyatla qırılmaz əlaqəni, həyatdan gələn ideyanı, süjet və obraz fərdiliyini, yaradıcılıq vüsətini, pafosu, qəhrəmanların əzəmətini, dramaturgiyasının yüksək ideya qüvvəsini, prinsipiallığını və mənəvi paklığını, səhnə ilə tamaşaçı arasında həddi yox edən bədii təsir qüvvəsini, bütün zamanlar üçün aktuallığını...

Ulu öndər Cəfər Cabbarlı irsində həm də rus, dünya klassiklərinin ənənələrinin bədii-estetik mahiyyətini görmüş və qiymətləndirmişdir: "O, ustad bir tərcüməçi kimi böyük yaradıcılıq rəşadəti göstərən doğma Azərbaycan mədəniyyətinin üfüqlərini genişləndirmiş, Lev Tolstoyun qüdrətini və dühasını, Şekspirin fəlsəfi dərinliyini, Şillerin romantizmini, Maksim Qorkinin həqiqətpərvər yaradıcılığını Azərbaycan oxucusuna çatdırmışdır”.

Heydər Əliyev sənətkarı "vahid, çoxmillətli sovet ədəbiyyatının banilərindən, təməl daşını qoyanlardan biri” hesab etmişdir: "Sənət dostları, Azərbaycan ziyalılarının bütün nəsilləri üçün xalqa sədaqət və fədakarlıqla xidmət etməyin yüksək ənənəvi örnəyi olan Cabbarlı eyni zamanda bu böyük quruculuğun iştirakçısı və carçısı idi”.

Natiq Cəfər Cabbarlı irsinin varisliyindən də danışmış, bildirmişdir ki, "onun ənənələri, arzu və istəkləri müasir şairlərin və nasirlərin, teatr və kino xadimlərinin əsərlərində yaşayır”. "Elə buna görə də Cabbarlı bizim müasirimizdir, indi də bizimlə, bütün ölkəmizlə birlikdə addımlayır”.

Heydər Əliyev Cəfər Cabbarlı irsinin ölməzliyinin səbəbləri üzərində də dayanmışdır. Ümummilli lider dramaturqun sənət müasirliyini belə ifadə etmişdir: "Cabbarlı əsərlərinin yaradıcı qüvvəsi, həyatverici günəş enerjisi bu gün də vətənə xidmət göstərir və həyatın bugünkü parlaq, gur ahəngində biz Cəfər Cabbarlının mərd səsini aydın eşidirik”.

Vağzalyanı meydanda yaradılmış yeni heykəltəraşlıq - arxitektura ansamblı görkəmli yazıçı və vətəndaşın obrazını bədii inandırıcılıqla əks etdirir. Azərbaycan paytaxtının hüsnünə yaraşıq verir.

Ümummilli lider Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşündə (21 sentyabr 1993) çıxış etmiş, ədəbi-tarixi şəxsiyyətlər haqqında danışarkən Cəfər Cabbarlıya bir daha xitab etmiş, onun əzəmətli sənətkar kimi toxunulmaz olduğuna diqqət çəkmiş və demişdir: "Cəfər Cabbarlı böyük yazıçımız, böyük dramaturqumuz, Azərbaycan mədəniyyətinə böyük töhfə vermiş adamdır. Axı o da "Müsavat” partiyasının üzvü olmuşdur. Bunu bilirsiz. Cəfər Cabbarlı sovet dövründə ən böyük əsərlər yazmış adamdır. Bizim nəslin əksəriyyəti onun əsərləri ilə tərbiyə olunmuşdur. "Od gəlini”, "Yaşar”, "Almaz”, "1905-ci ildə”, "Oqtay Eloğlu”, "Solğun çiçəklər”, "Firuzə” və s. nə qədər gözəl əsərlərdir. Sonralar mən eşidirdim, deyirdilər, yaxşı ki, Cəfər Cabbarlı 1934-cü ildə vəfat etdi, yoxsa həbs olunacaqdı. Axı bunlar yaraşan sözlər deyildir.

Ola bilər, həbs edərdilər. Məsələn, böyük filosof şairimiz, dramaturqumuz Hüseyn Cavid həbs olundu, uzun illər əsərləri qadağan edildi. Ancaq tarix hər şeyi yerinə qoydu”.


Mənim tanrım - gözəllik


Ümummilli lider Heydər Əliyev Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli nümayəndəsi Cəfər Cabbarlının 100 illik yubileyinin keçirilməsi haqqında 23 fevral 1999-cu il tarixli sərəncam imzalamış, təşkilat komitəsi yaradılmışdır. Sərəncamda deyilirdi: "1999-cu ildə milli dramaturgiyanın banilərindən biri olan böyük yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 100 illiyi tamam olur. Cəfər Cabbarlı dərin zəkası və milli ruhu ilə səciyyələnən dahi sənətkar kimi özündən sonra zəngin bədii irs qoyub getmişdir. Azərbaycanda kino sənətinin inkişafında da Cəfər Cabbarlının xüsusi xidmətləri olmuşdur”.

Sərəncamdan sonra Azərbaycan mətbuatında "Sabaha boylanan düha”, "Mən bir solmaz yarpağam ki...”, "Görkəmli dramaturqun əsərləri etnoqrafik mənbə kimi”, "Cəfər Cabbarlının əsərlərində etnoqrafiya”, "C.Cabbarlının kinossenari yaradıcılığı” və "Cəfər Cabbarlı yaradıcılığında satira və yumor komponentləri” və onlarca digər məqalələr dərc olunmuşdur.

9 may 2000-ci ildə "Azərbaycan” qəzetində Azərbaycan Akademik Milli Dram Teatrında "Aydın” pyesinin yeni quruluşda tamaşası haqqında geniş yazı verilmiş və tamaşaya baxmış ulu öndər Heydər Əliyevin çıxışı dərc edilmişdir. Dramaturqun övladı Gülarə xanım Cabbarlı atasının əsərlər toplusunu, "Mənim tanrım - gözəllik” kitabını dövlət başçısına hədiyyə etmişdi...

Ümummilli liderin başladığı ənənəni Prezident İlham Əliyev davam etdirmiş, görkəmli dramaturqun 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam vermişdir.

Hazırda respublikanın elm, təhsil, ədəbiyyat və mədəniyyət xadimləri bu tarixi və əlamətdar hadisəni ləyaqətlə davam etdirməkdədir. "Söz üzüyünün yanar almazı” (M.Müşfiq) olan Cəfər Cabbarlı baharda dünyaya gəlmişdi. Baharın gəlişində də dünyamıza yenidən qayıdır. Sonsuz açılan panoramda, yerlə göyün qovuşduğu hüdudsuz üfüqlərdə yol gedir, ədəbiyyat və mədəniyyət adamlarını ardınca aparır. Ruhu şad olsun!

Əlizadə ƏSGƏRLİ,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM