21 May 2019 00:28
653
İQTİSADİYYAT
A- A+

Türkdilli dövlətlərin Ticarət və Sənaye Palatası yaradılıb


Mayın 17-də Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin müvafiq işəgötürənlər təşkilatlarının, o cümlədən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə Türk Ticarət və Sənaye Palatası (TTSP) təsis edilmişdir.

Mərasimdə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Qazaxıstan Respublikası Sahibkarlar Milli Palatası (QRSMP), Qırğız Respublikası Ticarət və Sənaye Palatası (QRTSP), Türkiyə Palatalar və Birjalar Birliyinin (TƏMPB) rəhbərləri iştirak etmişlər.

Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi, səfir Bağdat Amreyev, Qazaxıstanın Baş naziri Askar Mamin, Qazaxıstanın Milli İqtisadiyyat naziri Ruslan Dalenov, "Atameken” Qazaxıstan Milli Sahibkarlar Konfederasiyasının İdarə heyətinin sədri Ablay Myrzahmedov, Türkiyə Odalar və Borsalar Birliyinin (TOBB) prezidenti Rifat Hısarcıklıoğlu, Qırğız Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti çıxış edərək, yeni qurulan beynəlxalq palatının regionun və ümumən türk dünyasının iqtisadi yüksəlişinə, əməkdaşlıq əlaqələrinin genişlənməsinə və dövlətlərimizin güclənməsinə təkan verəcəyini bildirmişlər.

Hazırda Türk Ticarət və Sənaye Palatasında Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Qazaxıstan Respublikası Sahibkarlar Milli Palatası (QRSMP), Qırğız Respublikası Ticarət və Sənaye Palatası (QRTSP), Türkiyə Palatalar və Birjalar Birliyi (TƏMPB) təsisçi üzvlərdir. Yaxın perspektivdə Türkmənistan, Özbəkistan Ticarət və Sənaye palataları, Macarıstanın müvafiq qurumu və digər qurumlar da təşkilata üzv ola bilərlər. Palatanın yaradılması tezliklə region ölkələrinin biznes sektorundakı əməkdaşlığı inkişaf etdirəcək və ölkələrimizin iqtisadi inteqrasiyasına şərait yaradacaqdır. İmzalanma mərasimində Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və digər qonaqlar iştirak etmişlər. Toplantıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana və Cholpon Ata şəhərlərində keçirilmiş sammitlərində səsləndirilmiş önəmli təkliflərin reallaşdırılması üçün belə bir beynəlxalq platformaya ehtiyac olması vurğulanmışdır.

Türkdilli dövlətlərin növbəti yubiley zirvə görüşü bu ilin oktyabr ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulub və bu görüş üzv dövlətlərdə kiçik və orta biznesin inkişaf perspektivlərinə həsr ediləcəkdir. Ümumiyyətlə, bölgə üzv dövlətlərinin biznes icmaları arasında iqtisadi əlaqələrin gücləndirilməsi və türkdilli dövlətlər arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsas hədəflərdəndir.

Türk Ticarət və Sənaye Palatasının əsas vəzifəsi kimi üzv ölkələr arasında mal və xidmətlərin mübadiləsinə mane olan amilləri, o cümlədən nəqliyyat problemlərini aradan qaldırmaqla bölgədə ticarətin asanlaşdırılmasını təmin etmək, xarici investisiya yatırımlarının artırılması məqsədilə investisiya mühitinin inkişafına kömək göstərmək və türkdilli dövlətlərin şirkətləri arasında yarana biləcək ticari mübahisələrin həllində qarşılıqlı yardım kimi məsələlər də nəzərdə tutulmuşdur.

Xatırladaq ki, Türkdilli Dövlətlərin Sənaye və Ticarət Palatasının yaradılması barədə razılıq 14 dekabr 2018-ci il tarixdə Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türkdilli Dövlətlərin Biznes Şurasının görüşündə əldə olunmuşdu.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video