19 May 2019 01:51
569
SİYASƏT
A- A+

Gənclər sosial təcrübəyə cəlb olunmalıdırlar


V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bu məsələyə xüsusi diqqət yetirildi


Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Gənclərdən nə öyrənə bilərik: sülhü təşviq etmək və müxtəlifliyi əhatə etmək məqsədilə inklüziv yanaşmaların müzakirəsi” mövzusunda UNESCO-nun təşkilatçılığı, "FUEL” layihəsinin təsisçisi və bədii rəhbəri Dipak Ramolanın moderatorluğu ilə sessiya keçirildi. Orada müasir dövrdə sülhün və əmin-amanlığın təbliği, zorakılığa və terrorizmə qarşı mübarizə yolları, bu sahədə gənclərin rolu və digər məsələlər müzakirə olundu.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev zorakılığa qarşı mübarizə yollarından, ekstremizmin qarşısının alınmasında görülən işlərdən, bu istiqamətdə dini liderlərin fəaliyyətindən söz açdı. O qeyd etdi ki, zorakılıq, ekstremizm və terrorizm zəminində qeyri-tolerantlıq yaranır, irqi, etnik və dini münaqişələr meydana gəlir: "...Bu münaqişələr dünyanı bürüyür, terrorizm və dözümsüzlük sərhəd tanımır. Bu da istənilən cəmiyyət, xüsusilə də gənclər üçün təhlükələr yaradır”.


Ən səmərəli platforma


"Müxtəlif qitələrdən olan insanları bir araya gətirən mədəniyyətlərarası dialoq mədəni fərqləri, xüsusiyyətləri, savadsızlığı aradan qaldıracaq və buna öz töhfəsini verəcək” deyən F.Hacıyev bir daha vurğuladı ki, fərqliliyi aradan qaldırmaq üçün bir olmalı, bunun üçün təhsil, idman, incəsənət, mədəniyyət və digər sahələrdən istifadə etməli və birləşdirici mövqe tutmalıyıq: "Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu məqsədlərə çatmaq və təcrübəni bölüşmək üçün ən səmərəli, əvəzsiz platformadır.

Dünya gəncləri öz həmkarları ilə qeyd olunan sahələr vasitəsilə əlaqə saxlayıb zorakılığa, terrorizmə qarşı birgə mübarizə apara bilərlər. Bunun üçün gənclər sosial təcrübəyə cəlb olunmalıdırlar”.

Sessiyada Azərbaycanın multikultural olduğu, bütün etnik qrupların və dini icmaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqları, ölkəmizin bütün sahələrdə uğurlara imza atdığı və regional inkişafa töhfələr verdiyi qeyd edildi.

UNESCO-nun nümayəndəsi Paula İsturiz Cavero bu qurum tərəfindən fərqli məkanlarda zorakılığa və ekstremizmə qarşı həyata keçirilən layihələrdən, görülən işlərdən söz açdı.

Qeyd edək ki, hazırda dünyada hər dörd gəncdən biri zorakılığa məruz qalır. Beynəlxalq təşkilatlar çalışır ki, gənclər də müvafiq qurumlarda fəaliyyət göstərərək, bu proseslərə öz töhfələrini versinlər. Bununla bağlı 2015-ci ildən müəyyən təşəbbüslər həyata keçirilir.


Bəşəriyyəti narahat edən mövzular


Dünyada ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı birgə fəaliyyət öz aktuallığı ilə diqqəti cəlb edir. Bu məsələ bəşəri narahatlıq yaratmaqdadır. Bunu aradan qaldırmaq, əlbəttə, birlik tələb edir. Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunin bağlanış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev söylədi ki, tədbir dünya miqyasında özünəməxsus, hörmətli və nüfuzlu yer tutur. Bu cür yanaşma dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn insanlara həm ölkədəki mövcud reallıqlarla tanış olmaq imkanı verir, həm də bəşəriyyəti narahat edən mövzular ətrafında müzakirələr aparmağa imkan yaradır: "Forumun hazırlıq dövründə xüsusi beyin mərkəzi fəaliyyət göstərir ki, həmin mərkəzdə bütün beynəlxalq qurumların nümayəndələri var. Onlar əvvəlcədən mövzuları müzakirə edir, planlaşdırırlar”.

"Bakı prosesi”nin uğuru burada elmi dairələri birləşdirən mütəxəssislərin, təcrübə ilə məşğul olan, dövlət siyasətini müəyyənləşdirən qurumların nümayəndələrinin, eləcə də qeyri-hökumət təşkilatlarının geniş şəbəkəsinin iştirak etməsidir. Bu, mədəniyyətlərarası dialoq mövzusunun bütün cəmiyyətlər üçün aktual olduğunu əyani sübut edir.

BMT-nin Sivilizasiyalar alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinosun fikrincə, beynəlxalq arenada mühüm dövr başlayıb. "Bakı prosesi” çərçivəsində çoxtərəfliliyə nail olunur: "Biz gənc, orta sinif təbəqəsinə diqqət yetirməliyik, dərin islahatlar aparmalıyıq, öz işimizdə vacib elementləri əks etdirməliyik. Multikulturalizm bizi irəliyə doğru səsləyir. Süni zəka dövründə dialoq kənarda qalmalı deyil. Nəhayət, insanlar arasında təmas olmalıdır”.

UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada al-Naşif də əməkdaşlıq şəraitində daha çox işləməyin vacibliyini qeyd etdi.


Dünyada nifrət hisləri aradan qaldırılmalıdır


ISESCO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tüveycrinin səsləndirdiyi fikirlər bir qədər də fərqli yanaşma kimi yadda qaldı. O, münaqişələrin həlli istiqamətində radikal addımlardan çəkinməyin vacibliyini xüsusi qeyd edərək bildirdi ki, müharibə çıxış yolu deyil, dialoq qurulmalıdır: "İnsana xas olan davranış sərgiləməliyik. Biz gənc nəsilləri maarifləndirməliyik, onlarla iş aparmalıyıq, onlara yaxşı, nəcib işləri öyrətməliyik. Bu gün dünyada terror aktları törədilir. Bu, bizi şoka salır. Dünya səviyyəsində, icmalar arasında fərqlər var: yoxsul, varlı təbəqə. Çalışırıq ki, çıxış yolunu tapaq”.

BMT-nin Ümumdünya Turizm Təşkilatının icraçı direktoru Manuel Butler Halter turizmlə bağlı fikir söylədi. Son illər bu sahədə ciddi araşdırmalar aparıldığını, sosial aspektlərin təhlil edildiyini vurğulayan qonaq bildirdi ki, turizm hamını etibarlı, açıq düşüncəli olmağa sövq edir. Ona görə də turizmlə daha yaxşı cəmiyyət formalaşdırmaq olar.

Məruzəçilər dünyada nifrət çıxışlarına qarşı mübarizə yollarından danışıb, bu sahədə həyata keçirdikləri layihələr barədə məlumat verdilər. Vurğulandı ki, gənclər bütün sahələrdə sülhün bərqərar edilməsində öndə olmalıdırlar.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video