Alternative content

22:22 24 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət qulluğu dövlət idarəçiliyinin başlıca komponentlərindəndir
Dövlət qulluğu dövlət idarəçiliyinin başlıca komponentlərindəndir
ANA SƏHİFƏ / SİYASƏT
01:36 19.05.2019


Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan demokratik prinsiplərə əsaslanan dövlət quruculuğu sahəsində qətiyyətli addımlar atdı. Qısa müddətdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazandı. Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi və siyasi uzaqgörənliyi müstəqillik yoluna qədəm qoymuş ölkəmizin mövqelərini möhkəmləndirdi. Bir sözlə, ulu öndər Azərbaycanın uğur strategiyasının konturlarını cızdı. Onun "Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında: yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” və ondan sonrakı başqa çıxış və nitqləri keçən əsrin tarixi salnaməsi olmaqla yanaşı, həm də XXI yüzilliyin siyasi və sosial-iqtisadi inkişafının bitkin konsepsiyası və aydın proqramıdır.

Bu gün Azərbaycan siyasi, iqtisadi, sosial, humanitar sahələrdə inkişaf templərinə görə dünyada analoqu olmayan özünəməxsus bir inkişaf modeli ortaya qoyub, üstün start imkanlarına malik ölkə imici qazanıb və artıq intensiv inkişaf dövrünü yaşayır. Bu arada xüsusi vurğulamaq lazımdır ki, dövlət siyasətinin məqsədlərinin uğurla reallaşdırılmasında dövlət qulluğu başlıca alət kimi çıxış edir. Azərbaycanda dövlət aparatının təkmilləşdirilməsi sahəsində görülən işlərin kökündə isə düzgün kadr siyasəti dayanır. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki islahatlarının vacib bir istiqamətini də müstəqil dövlətin qarşıya qoyduğu vəzifələri həyata keçirə biləcək kadrların hazırlanması təşkil edirdi. Onun hakimiyyətinin həm birinci, həm də ikinci mərhələsində bu sahəyə xüsusi diqqət yetirilmişdir. Elə Azərbaycanda prinsip etibarilə yeni, zamanın çağırışlarına və beynəlxalq standartlara cavab verən dövlət qulluğu sistemi və onun hüquqi bazasının formalaşdırılması da məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin dövlətçilik ənənələri və dövlət qulluqçusu üçün olduqca zəruri olan keyfiyyətləri onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən yaşadılır və ardıcıllıqla davam etdirilir. Azərbaycan dövlətinin həyatında keyfiyyətcə yeni mərhələyə yol açan cənab Prezident "qara qızılı insan kapitalına çevirək” deməklə əslində insan resursunu bütün sahələrdə inkişafın aparıcı lokomotivi kimi müəyyənləşdirib. "XXI əsrdə azərbaycançılıq ideyası kreativ insanlar milləti kontekstində” adlı elmi araşdırmasında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, sağlam düşüncəli hər bir şəxsiyyətin həyatda öz məqsədləri olur, o öz strategiyasına can atır. Bunun üçün öyrənmək, təhsil səviyyəsini artırmaq, düşünmək, fikirləşmək, əmək vərdişlərini təkmilləşdirmək, sosial məsuliyyəti və nəticə etibarilə şəxsiyyətin və bütövlükdə ölkənin rəqabət qabiliyyətini gücləndirmək lazımdır. Akademikin fikrincə, millətin tərkibində kreativ və ağıllı insanların, yaradıcı enerjiyə malik olan intellektualların sayının artması ona Azərbaycanda müasir cəmiyyət qurulmasına gətirib çıxaracaq başlıca qüvvə verə bilər. Əslində, bu deyilənlər ilk növbədə dövlət qulluğunda çalışanlara şamil edilməlidir. Çünki dövlət qulluğu dövlət idarəçiliyinin başlıca komponentlərindən biridir və dövlət quruculuğu və ümumiyyətlə, inkişaf proseslərinin avanqardı da məhz dövlət qulluqçuları olmalıdır. Və ilk növbədə onların kreativ düşünmək bacarığı, yaradıcılıq enerjisi sayəsində Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərə çataraq yeni innovativ-texnoloji təkamül möcüzəsi sərgiləmək olar.

Bu gün səmərəli və peşəkar hökumətin yaradılması Azərbaycan Respublikasında dövlət qulluğu islahatlarının prioritet istiqamətlərindəndir. Qeyd etmək lazımdır ki, ölkədə dövlət qulluğunun optimallaşdırılması sahəsində əsaslı nailiyyətlər əldə edilib.

Prezident İlham Əliyev "Hər bir dövlət qulluqçusu bilməlidir ki, o, ilk növbədə dövlətin güzgüsüdür. Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır” deməklə əslində çağdaş dönəmin dövlət qulluqçusunu dəqiqliklə ifadə edib və günümüzdə dövlət və onun institutlarının davamlı inkişafına şəraitin yaradılmasında rolunun diqqət mərkəzində olduğunu bir daha təsdiqləyib.

Azərbaycanda dövlət qulluğu sistemində islahatların uğuru ilk növbədə dövlət sektorunda dəyişiklikləri və inkişafı şərtləndirən amillərin düzgün müəyyənləşdirilməsi ilə birbaşa bağlıdır. Ölkədə inzibati sistemdə və dövlət qulluğunda islahatlara bir çox faktorlar təsir göstərib: dövlət xərclərinin ixtisar edilməsi, siyasi qərarlar və onların reallaşdırılması səmərəliliyinin yüksəldilməsi, dövlət qulluğunun cəlbediciliyi və imicinin yüksəldilməsi, dövlət xidmətləri sisteminin təkmilləşdirilməsi və vətəndaşların, özəl sektorun iqtidara inamının möhkəmləndirilməsi istəyi. Eyni zamanda, xarici təcrübənin ümumiləşdirilib sistemləşdirilməsi və Azərbaycan şəraitinə uyğunlaşdırılması prosesində konkret təkliflər, elmi-praktik tövsiyələr verilib.

Ekspertlərin də rəyinə görə, təkamül prosesində olan davamlı inkişaf konsepsiyası təkcə iqtisadi altsistemlərin deyil, eyni zamanda, sabitlik və rifaha önəmli təsir göstərən sosial amillərin bərabər və mütərəqqi inkişafını nəzərdə tutur. Azərbaycanda davamlı inkişaf ətraf mühitin qorunması şəraitində ölkənin və bütövlükdə sivilizasiyanın ayaqda durması və davamlı inkişafı strategiyasının reallaşdırılması imkanı kimi nəzərdən keçirilir. Heç şübhəsiz, istənilən dövlətin uzunmüddətli perspektivdə inkişafını dünyada baş verən transformasiyalar, beynəlxalq maliyyə arxitekturasının daim dəyişməsi riski üzündən proqnozlaşdırmaq olduqca mürəkkəb məsələdir. Qlobal iqtisadi rəqabətin kəskinləşməsi fərqli resurslara nəzarət sahəsində geosiyasi rəqabətlə müşayiət olunur. Danılmazdır ki, texnoloji dəyişikliklər, sosial-iqtisadi və ictimai inkişafda innovasiyaların artan rolu dövlət və onun institutlarından uyğun səviyyə, müasir informasiya-kommunikasiya texnologiyalarının istifadəsi ilə vətəndaşlarla qarşılıqlı əlaqə imkanı tələb edir. Bu səbəbdən ölkə rəhbərliyi tərəfindən dövlət sistemlərinin davamlı inkişafı prosesində insan potensialının getdikcə artan rolu kimi amillərə xüsusi diqqət yetirilir. Yeni ideyaların və ən əsası rəqabətədavamlı məhsul yaratmağa imkan verən bilik, bacarıq, qabiliyyət, motivasiyalar məcmusuna investisiyalar qismində insan potensialının inkişafı fikri vacib amil kimi dəyərləndirilir.

Azərbaycan Respublikasında ictimai-siyasi və sosial-iqtisadi sahələrdə qeydə alınan dəyişikliklər əhalinin tələbatlarının ödənilməsi və keyfiyyətli dövlət xidmətlərinin təklif olunmasına yönəlik yeni dövlət idarəçiliyi sisteminin formalaşması ilə bağlıdır. Bu, dövlət idarəçiliyi metodologiyası və təcrübəsinə dəyişikliklərin edilməsini, bütövlükdə davamlı və kompleks inkişafın reallaşdırılması məqsədilə yeni vasitə və metodların axtarışını nəzərdə tutur. Azərbaycanda hələ zamanında ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirilən dövlət idarəçilik sistemi islahatları və dövlət qulluğunun modernləşməsi proseslərinin əsasında məhz bu məqsəd dayanır. Dövlət qulluğu islahatları ictimai sektorda islahatların tərkib hissəsidir. Birmənalı olaraq ictimai sektorun inkişafı proqramları arasında dövlət qulluğu institutunun sistemli və struktur dəyişiklikləri xüsusi yerə malikdir. Belə ki, dövlət qulluqçuları islahatların təkcə obyekti deyil, həm də subyektləridir. Dövlət aparatı ictimai sektordakı bütün islahatlara məsuldur və onun fəal iştirakı olmadan heç bir islahat reallaşdırıla bilməz. Ümumiyyətlə, dövlət qulluğu institutu dövlət idarəçiliyi sisteminin səmərəliliyinin fundamental elementidir.

Nəticə etibarilə əsaslı olaraq dövlət aparatının keyfiyyəti, onun sadəcə baş verən dəyişikliklərin obyekti deyil, bəzən ambisiyalı, mövcud çərçivələrdən kənara çıxan layihələr reallaşdırmağa qabil fəal subyektinə çevrilmək qabiliyyəti, idarəetmə və sosial innovasiyalara imza atan çevik və innovativ institut olması ilə bağlı sual ortaya çıxır. Bu arada dövlət idarəçiliyi səmərəliliyi, dövlət qulluğunun keyfiyyəti və effekti, dövlət xidmətlərinin göstərilməsi prosesi və nəticələrindən məmnunluq sadalananların birgə sistemli və sinxron reallaşdırılmasından kumulyativ effektin yaradılmasına qabil əlaqəli proseslərdir. Dövlət qulluğu institutunun təkmilləşdirilməsinin əsas istiqaməti vətəndaş cəmiyyətinin inkişafı və dövlətin qüdrətlənməsi naminə bu sahədə keyfiyyət və səmərəliliyin köklü şəkildə yüksəldilməsidir. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyevin konturlarını dəqiq müəyyənləşdirdiyi siyasi xətt çərçivəsində rəqabətədavamlı, səmərəli dövlət institutları formalaşdırılıb. Onlar bu gün sosial-iqtisadi siyasətin formalaşdırılması və reallaşdırılmasına maraqlı subyektlərin cəlb olunması ilə cəmiyyətin yeni inkişaf modelini qurmağa, dövlətin inkişafının dinamikası və yüksək səviyyəsini təmin etməyə, korrupsiya səviyyəsinin azaldılması sayəsində onun institutlarının fəaliyyət səmərəliliyini yüksəltmək, dövlət idarəçiliyinin bütün səviyyələrində qərar qəbulu zamanı sosial qrupların maraqlarını müəyyənləşdirmək, strukturlaşdırmaq və nəzərə almağa, həmçinin qəbul edilmiş və reallaşdırılmış qərarlara görə məsuliyyət daşımağa, vətəndaş cəmiyyəti, biznes strukturları ilə ictimai həyatın önəmli məsələləri ətrafında bərabər dialoq aparmağa, vətəndaşların dövlət qulluğuna və dövlət institutlarına inamını təmin etmək və dəstəkləməyə, Azərbaycanın inkişafı ilə bağlı bütün məsələlərdə geniş ictimai konsensusa nail olmağa müvəffəq durumdadır. Bu sahədə tədbirlər kompleksini yekunlaşmış hesab etmək düzgün olmazdı. O səbəbdən ki, dövlət qulluğu institutunun təkmilləşdirilməsi prosesi tsiklik və mürəkkəbdir, həmçinin dövlət və ictimai sistemlərin inkişafı prosesi və nəticələrindən asılıdır. Azərbaycan Respublikasında dəqiq müəyyən edilmiş konsepsiyaya görə, dövlət qulluğunda önləyici inkişafa yönəlik proqramlar gerçəkləşdirilir. Dövlət qulluğu sisteminin önləyici inkişafı xarici ölkələrin müsbət örnəyinin ümumiləşdirilməsi və nəzərə alınmasına, cəmiyyətin müxtəlif təbəqələrinin, ekspert və dövlət qulluqçularının mövqeyinin göz önündə tutulmasına əsaslanıb. Nəticə etibarilə sabaha yönəlik iş quran dövlət qulluğu sisteminin formalaşması digər sahələrdə islahatların səmərəli reallaşdıra biləcək səriştəli kadrların yetişməsini təmin etməyə imkan verib. Etiraf etmək lazımdır ki, bu sistemə də biznes əsasları, biznes menecment sistemi nüfuz etməyə başlayıb. Və əgər biz əvvəllər yaxşı dövlət qulluqçusu deyə, bütün göstəriş, təlimatları gerçəkləşdirən, vacib zaman kəsiyində işdə olub zəruri miqdarda sənəd gözdən keçirənləri nəzərdə tuturduqsa, indi cəmiyyət və vətəndaşların dövlət qulluqçularından tələbləri daha fərqlidir. Biz artıq ictimai əhəmiyyətli layihələr, vəzifələrin yerinə yetirilməsi ilə maraqlanırıq. Bu isə dövlət qulluqçusu obrazının əsrlik şablonundan uzaqlaşmaq kimi psixoloji dəyişiklikdir. Dövlət qulluqçusu günümüzdə yalnız təlimatlara uyğun davranan darıxdırıcı və boz insan imicindən qurtula bilib.

Yeni addımlar sırasında Birinci vitse-prezident institutunun təsis edilməsi və bu yüksək vəzifəyə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təyin olunması da xüsusi əhəmiyyət kəsb edir. Məhz onun fəaliyyətinin nəticəsi olaraq ölkəmizdə dövlət qulluğu təkcə hüquqi və təşkilati deyil, həm də publik və sosial institut imici qazana bilib. Bu gün dövlət aparatı qarşısında daha səmərəli, mobil və vətəndaşlara yönəlik, daim təkmilləşən instituta çevrilmək kimi bir çağırış var. Bu institutun başlıca kapitalı insanlardır. Peşəkar insanların uzunmüddətli karyeralarını dövlət aparatı ilə bağlamaları üçün dövlət qulluğu həm "daxildən”, həm də "xaricdən” cəlbedici iş yerinə çevrilməlidir. Bunun üçün dövlət qulluğunda yeni yanaşmaların tətbiqi zəruri tələb kimi qarşıya qoyulub. Öncə dövlət qulluğunun cəlbedici işəgötürən kimi formalaşması üçün tədbirlər gerçəkləşdirilib, dövlət qulluqçularının sosial təminatları ilə bağlı bir çox məsələlər həllini tapıb. Dövlət qulluğunun cəlbediciliyinin yüksəldilməsi məqsədilə dövlət aparatının təşkilati mədəniyyəti təkcə daha çevik proses deyil, nəticəyə yönəlik və innovativ yanaşmalara açıq duruma gətirilib. Eyni zamanda, yeni çağırışlar fonunda dövlət qulluqçularının potensialı və bacarıqlarının inkişafı, həmçinin dövlət qulluğunda insan resurslarının idarə edilməsinə yönəlik texnologiyaların tətbiqinə başlanılıb, meritokratiya prinsiplərinin gücləndirilməsi prioritet kimi önə çəkilib.

Bəlli olduğu kimi, istənilən islahat eyni zamanda iki müstəvidə gerçəkləşdirilir: - normativ, yaxud hüquqi-təşkilati və kadr. Hər iki müstəvidə fəaliyyətin razılaşdırılması və sinxronlaşdırılması təkmilləşdirmə prosesində səmərəliliyə nail olmaq üçün vacib şərtdir. Dövlət qulluğunun cəmiyyət tərəfindən qəbul edilməsi dövlətin səmərəliliyi, yəni dövlət aparatının cəmiyyəti maraqlandıran problemləri nə dərəcədə uğurla həll etməsi səviyyəsi ilə müəyyənləşir. Bu gün Azərbaycanda dövlət qulluğunun imici kifayət qədər yüksəkdir. Bunun başlıca səbəbi kimi dövlət aparatının cəmiyyətin maraqlarının ödənilməsinə yönəlik və nəticəyə hesablanmış fəaliyyətinin təmin olunması göstərilə bilər. Azərbaycan dövlətinin diqqət mərkəzində bütövlükdə cəmiyyətin inkişafı dayanır. Beləliklə, dövlətin inkişafında mahiyyətcə sosial tərkib hissənin dominantlığı dövlət qulluğunun təkmilləşdirilməsi prosesində yeni şərtlərin ödənilməsinə ehtiyac yaradır. Bu şərtlər sırasında kadr siyasətinin xüsusi forması kimi volontyorluğun inkişafını nəzərdə tutan şəbəkə prinsipini, dövlət və vətəndaş cəmiyyəti arasında əməkdaşlığı və s. göstərmək olar. Bu arada yeni iş yerlərinin açılması ilə yanaşı, insan resurslarının şəxsi keyfiyyətlərinin və qabiliyyətlərin inkişaf etdirilməsinə xüsusi önəm verilməsi, ölkədə yaradılan müasir idarəetmə modelinin mərkəzində Azərbaycan vətəndaşı və onun maraqlarının dayanması, şəffaf, demokratik, səmərəli və innovativ idarəetmə çərçivəsində dövlət qulluğunun "xalqa xidmət” konsepsiyasında həyata keçirilməsi, vətəndaşla dövlət qulluqçusu, məmur arasındakı münasibətlərdə yeni düşüncə tərzinə keçidə nail olunması görülən işlərin məntiqi yekunudur.

Dövlət qulluğunun cəmiyyətdə üst quruluş deyil, başlıca məqsədinin ölkənin davamlı inkişafı və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi olan institut kimi qəbul edilməsi və real fəaliyyət göstərməsi prioritet hədəfdir. Bu qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, kadr hazırlığı sistemində və siyasətində də dəyişikliklər zərurətini ortaya çıxarıb. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası da ölkənin inkişafının indiki mərhələsinə uyğun olaraq dövlət qarşısında duran mürəkkəb və çoxyönlü vəzifələrin öhdəsindən gələ biləcək kadrların yeni innovativ yanaşmaların tətbiqi ilə hazırlanması və fasiləsiz təhsili prosesində yaxından iştirak edir və müasir şəraitdə effektiv dövlət kadr siyasətinin transformativ fəaliyyət üçün güclü bir vasitəyə çevrilməsi işinə töhfələrini verir.

Çağdaş, peşəkar və müstəqil dövlət aparatının formalaşması və daim təkmilləşdirilməsi Azərbaycanın gələcək sabit, davamlı inkişafının həlledici faktorlarındandır, həmçinin qlobal çağırışlara cavabıdır. Bu sahədə islahatların uğuruna strateji məqsəd və taktiki vəzifələrin dəqiq formalaşdırılması, ölkə rəhbərliyinin siyasi iradəsi, qərarlılığı və tələbkarlığının olması yol açıb. Beləliklə də, dövlət qulluğu institutunun təkmilləşdirilməsi ölkənin hərtərəfli inkişaf dinamikasının yüksəlməsini şərtləndirib. Çünki onun səmərəli və innovativ fəaliyyəti dövlət siyasətinin strateji məqsədlərinin yerinə yetirilməsini hədəfləyən dövlət idarəçiliyi sisteminin davamlı inkişafına zəmin yaratmış olub. Bu üzdən dövlət qulluğunun cəmiyyətdə rolu da olduqca önəmlidir. Bu günün məmuru maliyyə baxımından şəffafdır və peşəkardır. Ölkə Prezidentinin qarşıya qoyduğu başlıca strateji vəzifə dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsidir. Bu arada ən vacib tərkib hissə dövlət qulluqçularının peşəkar hazırlığıdır. Beləliklə, müasir inkişaf tendensiyaları yüksək səmərəyə malik dövlət aparatının yaradılması məqsədilə dövlət qulluğunun peşəkarlaşdırılması vəzifələrinə cavab verməlidir. Bu isə öz növbəsində Azərbaycanın gələcək inkişaf istiqamətlərinin reallaşdırılması üçün zəmin olacaqdır.

İndi əsas amal müstəqil dövlətçiliyimizin üzərində bərqərar olduğu dayaqlarından biri olan dövlət qulluğu institutu və peşəkar dövlət qulluqçuları ordusunu təkmilləşdirmək və gələcəyə aparmaqdır. Şübhəsiz, bu, belə də olacaq. Çünki Azərbaycanın dövlət qulluqçuları ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabaha - yeni uğurlara imza atmağa daha yaxındır. Bu gün ölkəmizdə gedən proseslər göstərir ki, Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi "böyük gələcək” siyasəti artıq öz bəhrələrini verir.

Ziyafət HƏBİBOVA,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının şöbə müdiri, siyasi elmlər doktoru, professor



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM