19 May 2019 01:21
1430
Mədəniyyət
A- A+

Dəyərlərimizə sevgi nümunəsi


İçərişəhər qədim və orta əslər dövrünə aid zəngin maddi və mənəvi mədəniyyət abidələrini yüzillərdən bəridir qoruyub saxlayır. Bura ruhumuzun şəhəridir. Darısqal və dolanbac küçələrində dolaşdıqca daşların sükutunu pozan ayaq səslərimiz hər addımda bir tarix pıçıldayır. Qədim mədəniyyət və dövlətçilik ənənələrinə malik böyük bir xalqın həyat hekayəsini nəql edir. Bura milli varlığımızın daşların səsində, görkəmində, möhkəmliyində, doğmalığında əks olunduğu yerdir. Əsrlər boyu müxtəlif mədəniyyətlərin, dini inancların ahəngdarlıqla qovuşaraq mükəmməl harmoniya yaratdığı əfsanəvi məkandır. Bura tariximizin daş yaddaşıdır, onun hər parçası tarixin əbədiləşmiş məqamlarını, şəhərsalma memarlığının fundamental prinsiplərini özündə əks etdirir. Bura Azərbaycan xalqının milli sərvətidir.

İçərişəhər və onun ərazisindəki Qız qalası, Qala divarları, Şirvanşahlar Saray Kompleksi, məscidlər, karvansaralar, hamamlar və digər memarlıq abidələri öz orijinallığı və təkrarolunmaz gözəlliyi ilə bəşər mədəniyyəti inciləri sırasında xüsusi yer tutur.


Etiraf


Zaman keçdikcə İçərişəhərin tariximiz, bugünümüz və gələcəyimiz üçün nə qədər yüksək mənəvi dəyər daşıdığını daha dərindən anlayırıq. Əfsuslar olsun ki, uzun illər bu tarixi-mənəvi dəyərimizə layiq olduğu münasibəti göstərə bilməmişik.

İçərişəhərin dəniz tərəfini əhatə edən qala divarlarının XIX əsrin sonlarında sökülərək daşlarının küçəyə düzüldüyünü, yalnız Qafqaz canişinliyinin müdaxiləsindən sonra bu düşüncəsiz hərəkətin dayandırıldığını xatirələrdən oxuyanda vaxtilə bu şəhərə belə məsuliyyətsiz münasibətə görə heyifsilənməyə bilmirsən.

İndiki İstiqlaliyyət küçəsi boyunca üzüaşağı hərəkət edən zaman qala divarlarına bitişik tikilib onları görünməz edən tarixi-memarlıq incilərini seyr edərkən istər-istəməz cavabsız suallarla baş-başa qalırsan... Görəsən, bu binaları bir qədər aralıda ucaltmaq olmazdımı?! İçərişəhərin ətrafı Bayırşəhər adlanırdı. Orta əsrlərdə Bayırşəhər qala hasarından kənarda olan hissəyə deyilirdi. Burada sənətkar məhəllələri vardı. Bəzi sənətkarlar elə oradaca ev tikib yaşayırdılar.

Neft gəlirlərindən zənginləşən Bakı milyonçuları XX əsrin əvvəllərində bir-birinin bəhsinə qala divarlarından kənarda gözəl binaların inşasına başlamışdılar. Bu tikinti işləri qala divarlarının birinci cərgəsinin sökülməsi və daşlarının satılmasından sonra daha böyük vüsət almışdı. Bundan sonra qədim Bakının görünüşü də dəyişmişdi. XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Bayırşəhərdə barokko, qotik, klassik, neoklassik memarlıq üslublarını əsk etdirən bir çox avropasayağı binalar tikildi və Bakı böyüməyə başladı.

Bakı milyonçuları bir tərəfdən şəhəri genişləndirib gözəlləşdirir, digər tərəfdən isə özləri də hiss etmədən qədim şəhərin böyük tarixinə, zəngin mədəniyyətinə xələl gətirir, laqeydlik göstərirdilər. Əslində İçərişəhər Bakının qəlbində keçmişi əks etdirən mədəni irsimizin yadigarı idi.

İçərişəhərə laqeyd münasibət sovet dövründə də müəyyən qədər davam etmişdi və burada erməni hiyləgərliyi, tariximizə qarşı bu millətin düşmənçiliyi az rol oynamamışdı. O dövrdə belə layihələrin icrasında əsas söz sahiblərindən olan erməni mühəndislərindən birinin fitnəsi ilə indiki "İçərişəhər” metrostansiyasının qala divarlarının düz böyründə tikilməsi hər halda bunun sübutudur.

Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bir çox tarixi dəyərlərimiz kimi İçərişəhər də öz qüdrətli hamisini tapdı. Heydər Əliyev bu möhtəşəm tarixi-memarlıq abidələrini, mədəni irsimizin yadigarlarını hər zaman qoruyur, onu bizlərə düşmən kəsilənlərin dağıdıcı əməllərindən, öz içimizdən olanların tamahından hifz edirdi. İçərişəhəri Azərbaycanın qiymətli tarixi sərvəti kimi müxtəlif yollarla bütün dünyada tanıdırdı.


2005-ci ildən İçərişəhər üçün yeni həyat başladı


10 fevral 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradıldı. Dövlət başçısı belə bir addımla bu möhtəşəm memarlıq - şəhərsalma kompleksinin qorunub saxlanması üçün unikal idarəetmə sistemi formalaşdırdı. Ərazidə aparılan bütün işləri bununla vahid dövlət nəzarəti altına aldı. Qədim şəhərdə bütün abidə və tarixi binaların inventarizasiyası həyata keçirildi. Ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı mühüm tədbirlər görüldü.

Milli dəyərlərimizin qorunması və dünyada təbliği sahəsində misilsiz işlər görən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da bu tarixi məkanda gedən bərpa və abadlıq tədbirlərini birbaşa nəzarətində saxlayaraq görülən işlərə böyük qayğısı, qəlbinin istiliyi, səliqə-sahmanı ilə mənəvi dəyər qatdı.

İçərişəhərin mühafizəsi, bərpası, burada arxeoloji işlərin aparılması, tarix-memarlıq abidələrinin elmi, mədəni cəhətdən öyrənilməsi, milli mədəniyyətin inkişafına və təbliğinə kömək məqsədilə əksər kütləvi tədbirlərin həyata keçirilməsi, ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmaqla turizm infrastrukturunun qurulması istiqamətində əhəmiyyətli addımlar atıldı.

2009-cu ildə Mehriban xanımın dəstəyi ilə yerli və beynəlxalq ekspertlər qrupu tərəfindən Bakının tarixi mərkəzinin memarlıq irsinin sistemli şəkildə konservasiyası və gələcək inkişafını beynəlxalq prinsiplərə müvafiq olaraq planlaşdırılmasının təmin edilməsi məqsədilə İçərişəhərin "Baş Plan”ı hazırlandı. Elə həmin il Dünya İrs Komitəsi üzvlərinin İçərişəhərin Təhlükədə olan Ümumdünya İrs Siyahısından çıxarılmasına yekdilliklə səs verməsi də burada görülən işlərin, İçərişəhərə artan diqqətin və qayğının nəticəsi idi.


Muzeylər şəhəri


İndi qanunvericiliyə əsasən, İçərişəhərdə təmir, bərpa və yenidənqurma işləri yalnız "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılığı ilə aparıla bilər. Qoruq ərazisinin abadlaşdırılması, sanitar təmizliyi, abidələrin, yaşayış və qeyri-yaşayış sahələrinin təmiri, mühəndis-kommunikasiya xətlərinin, yol örtüyünün öz nizamında olması daim nəzarətdədir. "İçərişəhər” ərazisinin, arxeoloji abidələr və arxeoloji qazıntı yerlərinin rəqəmli elektron xəritəsi tərtib olunub. Yaradılmış elektron xəritə və məlumat bankı müxtəlif tarixi dövrlər üzrə şəhərin dəyişən planının izlənməsinə və tədqiqinə imkan yaradır.

Memarlıq abidələri üzərində aparılan bərpa işlərinə Avropanın bu sahədə zəngin təcrübəyə malik aparıcı bərpa şirkətləri cəlb edilib. Bərpa prosesi bu şirkətlərlə birlikdə həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində Məhəmməd Məscidi, Karvansara, Cümə Məscidi, Bəylər Məscidi, Məktəb-Məscid, "Qız Qalası” və Şirvanşahlar Sarayı kompleksində irimiqyaslı bərpa-konservasiya işləri aparılıb. İçərişəhər ərazisində açıq səma altında olan təbii irsin maksimum qorunması və inkişafı üçün arxeoloji qazıntı yerləri muzeyləşdirilib və "Arxeoloji Park” adı altında istirahət guşəsi kimi qonaqların istifadəsinə verilib. Qədim şəhərin ziyarətçiləri körpü və keçidlər vasitəsi ilə X-XIII əsrlərə aid olan, konservasiya olunmuş qədim tikili yerlərini indi rahatlıqla müşahidə edə bilirlər.

İçərişəhərdəki bir çox konservasiya işlərinə rəhbərliyi Avstriyanın məşhur bərpaçı-mütəxəssisi, dünyanın müxtəlif yerlərində 400-dən artıq abidəni bərpa etmiş Erix Pummer edib. Bərpa işləri beynəlxalq standartlara cavab verən ən müasir texnologiyalarla həyata keçirilib. Ümumiyyətlə, ərazidə gedən bərpa işləri UNESCO-nun təşkilati dəstəyi ilə beynəlxalq ekspertlər qrupu tərəfindən hazırlanmış "Master Plan”a əsasən aparılır.

Bu məkandakı tarixi memarlıq abidələrinin özünəməxsusluğunu və uzunömürlüyünü təmin etmək üçün müasir bərpa metodlarından istifadə edilir. Şəhərsalma tarixi nəzərə alınmaqla ərazinin ansanblında önəmli yer tutan, bir cox abidələrin hissələri, qalıqları üzərində elmi araşdırmalar aparılır. Obyektlərin ilkin görkəmi sırf elmi prinsiplər əsasında bərpa olunur. Bərpanın əsas məqsədi qədim tikilinin yenidən canlandırılması və abidənin özəlliklərinin sərgilənməsidir. Bu özəlliyi şəhərimizin qonaqlarına və yerli əhaliyə müasir üsullarla təqdim edən ən effektiv vasitə, təbii ki, abidələrin həm də muzeyləşdirilməsidir. İçərişəhərdə abidələr əhəmiyyət dərəcəsinə görə müxtəlif formada muzeyləşdirilir. Beləliklə tarixi şəhərin keçmişi abidələrin görkəmində dilə gətirilir, dövrün tarixi canlandırılır.

Bu gün İçərişəhər təkcə Azərbaycan üçün deyil, həm də bəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir. Bunu UNESCO-nun Dünya Maddi İrs Siyahısına İçərişəhərin Qız qalası və Şirvanşahlar Saray Kompleksi ilə birgə salınması da təsdiq edir. Azərbaycan memarlığının, onun tarixinin bir hissəsi, Azərbaycan xalqının maddi-mədəniyyət irsinin qiymətli nümunəsi olan bu abidələr UNESCO tərəfindən ümumdünya irsi kimi qəbul olunub. Bu da ölkəmizin dünya mədəni irsinə çox gözəl bir töhfəsidir.


Tarix davam edir


Burada abidələr üç qrupda təsnif edilir. İlk növbədə dünya əhəmiyyətli abidələr muzeyləşdirilir. Qız qalası, Şirvanşahlar sarayı, Məhəmməd məscidi kimi abidələr bu qrupa aiddir. Ölkə əhəmiyyətli abidələr isə qismən muzeyləşdirilərək funksiyasına uyğun müstəqil obyektə çevrilir. İçərişəhərdəki karvansaraları, məscidləri və hamamları buna nümunə göstərə bilərik. Yerli əhəmiyyətli abidələrdə isə qarışıq muzeyləşdirmə aparılaraq müxtəlif növ ekspozisiya kompleksləri cəmləşdirilir. Bunu XIX - XX əsrin yaşayış binalarında görmək olar.

İçərişəhərin özəlliyi həm də ondadır ki, burada tarix bitmir, əksinə davam edir. Keçmiş, bu gün və gələcək bu məkanda qovuşur. İçərişəhərdəki yaşayış evlərində bu gün də sakinlər yaşayır və bu tarixi məkanın hər biri misilsiz sərvət qədər qiymətli olan abidələr kimi adət-ənənələr, həyat və məişət ruhu da nəsillərdən-nəsillərə ötürülür. Əsrlər əvvəl olduğu kimi, bu gün də İçərişəhərdə dükan-bazar, Azərbaycan mətbəxinin unudulmaz dadını qoruyan ictimai-iaşə məkanları, sənətkarlıq köşkləri və s. fəaliyyət göstərir. Bu məkan canlı orqanizm kimi öz təbii halında əsrlərdən-əsrlərə qucaq açır. Şəhərin unikallığı ondadır ki, bura səhər açılıb, axşam bağlanan muzey deyil: canlı bir şəhərdir. Hətta insanlar unudurlar ki, tarixi məkandadırlar və hər gün XII, XV, XVII əsrlərin abidələri ilə ünsiyyətdə olurlar.

İçərişəhərin əsrarəngiz ruhunu gələcək nəsillərə ötürmək, bu əsrarəngizliyi şəhərimizin qonaqlarına göstərmək üçün mütəmadi kütləvi tədbirlər, maraqlı festivallar keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tez-tez İçərişəhərə baş çəkərək burada aparılan işləri birbaşa nəzarətdə saxlayırlar. Yerli sakinlərlə görüşərək onların istək və arzularını dinləyirlər.

Bu günlərdə, mayın 2-də Prezident İlham Əliyev tərəfindən İçərişəhərlə bağlı fərman imzalanmışdır. Həmin fərmanda mədəni irs abidələrinin mühafizə zonalarını müəyyən etmək, qorumaq, konservasiya işləri, mədəni sərvətlərin qabaqlayıcı mühafizə dərəcəsinin tətbiqi və bir çox məsələlər öz əksini tapmışdır.


Xoş niyyət


İçərişəhərdə aparılan abadlıq tədbirləri ətrafında məqsədli "fırtına qoparmağa” çalışanların qərəzli hay-küyünün insanlarımızda yaratdığı narahatlıqları nəzərə alaraq bu günlərdə də Mehriban xanım Əliyeva İçərişəhərə gəldi. Həyata keçirilən abadlıq tədbirləri ilə yerində bir daha tanış olaraq sakinlərlə görüşdü. Öz təmkini, bu yurdun hər məkanı kimi İçərişəhərə də sevgi dolu münasibəti ilə qərəzli kəslərin bəd niyyətlərini gözündə qoydu. Ən nəcib işlərə də ləkə atmaq istəyənləri, ən gözəl təşəbbüslərə də dodaq büzənləri öz vicdanları və inancları ilə baş-başa buraxdı. "Hər insan öz vicdanı və Allah qarşısında cavab verir. Ona görə mən əminəm ki, pis niyyətlə, təxribatla, nifrət hissi ilə heç vaxt yaxşı bir nəticə əldə etmək mümkün deyil. Vətənimizə, Vətənimizin hər bir mədəni abidəsinə, tarixinə, dininə yalnız və yalnız xoş niyyət, mərhəmət, sevgi bəsləməliyik”, - dedi Mehriban xanım. "İnsanlarımız bunu çox gözəl bilir, çox gözəl hiss edir. Ona görə mən bu gün şəxsən bura gəldim. Mən bilirdim, bütün bu hadisələrin gedişatı haqqında məndə məlumat var idi. Amma mən yenə də sahibkarlarla görüşmək istəyirdim. Bir daha əmin olmaq istəyirdim ki, yeni heç bir inşaat yoxdur. Buradakı tarixi və mədəni abidələrə heç bir təhlükə yoxdur. Əksinə, bütün bu addımlar onların qorunmasına yönəlib... İçərişəhərimiz gözəldir, bizim sərvətimizdir, bundan sonra biz onu qoruyub saxlayacağıq, gələcək nəsillərə eyni şəkildə təhvil verəcəyik”.

Bütün bunlar da göstərir ki, İçərişəhərə və onun timsalında Vətənimizin bütün tarixi-mədəni dəyərlərinə sevgisində Prezident İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevadan üstün və səmimi kimsə yoxdur, əslində.

Və bu sevgi hissi, səmimi doğmalıq çoxlarından fərqli olaraq real əmələ əsaslanır. Mənasız və cəmiyyətimiz üçün ziyanlı hay-küylərə deyil...

İradə ƏLİYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video