18 May 2019 01:35
839
İQTİSADİYYAT
A- A+

İndi Azərbaycan dünyada təkcə neft-qaz ölkəsi kimi tanınmır


Vaxtilə xarici sərmayəyə ehtiyacı olan ölkəmiz bu gün özü xaricə investisiya yatırır


Azərbaycanda aparılan iqtisadi islahatların əsas məqsədlərindən birinin qeyri-neft sektorunu inkişaf etdirmək olduğu məlum faktdır. Bu, ölkənin neft amilindən asılılığını aradan qaldırmaqla yanaşı, ixrac qabiliyyətini də artırır. Digər tərəfdən, yerli istehsal hesabına bir çox məhsulların idxalına son qoyulur və bu hesaba həm də ölkənin valyuta ehtiyatlarının xaricə axınının müəyyən qədər qarşısı alınır.

Qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən biri sənaye parklarının və məhəllələrinin yaradılmasıdır. Hazırda Bakı, Sumqayıt və Mingəçevir şəhərlərində müxtəlif sahələr üzrə sənaye parkları fəaliyyət göstərir. Neftçalada, Masallıda, Şirvanda, Sabirabadda sənaye məhəllələrinin daha geniş fəaliyyəti üçün mühüm işlər görülür. Neftçala və Masallı sənaye məhəllələrində isə istehsal edilən məhsullar yerli tələbatı ödəməklə yanaşı, xarici ölkələrə də idxal olunur. Bu sırada yeni yaradılan Pirallahı Sənaye Parkının da adını çəkmək olar.

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin iştirakı ilə mayın 16-da Pirallahı Sənaye Parkında "Diamed” şpris istehsalı zavodunun açılış mərasimi keçirilib. Tədbirdə dövlət başçısına məlumat verilib ki, ölkə üzrə kimya, təkrar emal, yüngül sənaye, gəmiqayırma, əczaçılıq sahələrində ixtisaslaşmış 5 sənaye parkı fəaliyyət göstərir. Hazırda həmin sənaye parklarında 9 minə yaxın insan daimi işlə təmin edilib. Pirallahı Sənaye Parkı dövlət başçısı tərəfindən 2016-cı ildə imzalanan müvafiq sərəncama əsasən "Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin tərkibində yaradılıb.

Prezident İlham Əliyev həmin tədbirdə qeyri-neft sektorunun inkişafına göstərilən dövlət dəstəyini və yeni açılan müəssisənin əhəmiyyətini vurğulayaraq demişdir: "Bu parkın yaradılmasında məqsəd qeyri-neft sənaye sahələrinin davamlı inkişafını, sənaye sahələrində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsini, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılmasını təmin etməkdir. Bundan başqa, bu layihənin icrası əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxaldan asılılığının azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində əhalinin məşğulluğunun artırılması məqsədi daşıyır.

Ümumi sahəsi 30 hektar olan parkın rezidentləri 7 il ərzində torpaq, gəlir, əmlak, əlavə dəyər vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlara görə gömrük rüsumundan azaddır”.

Bu müəssisənin açılması ölkəmiz üçün mühüm hadisədir. İllik istehsal gücü 150 milyon şpris olan müəssisənin investisiya dəyəri 9,5 milyon manatdır. Onun maliyyələşdirilməsi üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 5 milyon manat güzəştli vəsait ayrılıb. Zavodda Almaniya, İsveçrə, İtaliya, Türkiyə, İngiltərə və Yaponiyadan gətirilən yüksək texnoloji avadanlıqlar quraşdırılıb ki, bu da istehsal olunan məhsulların xarici bazara çıxarılmasına imkan verəcək. Hədəf ilkin olaraq Rusiya, Gürcüstan, İran və Orta Asiya ölkələridir. "Made in Azerbaijan” brendi ilə istehsal ediləcək məhsulun keyfiyyəti yüksək olduğu üçün digər ölkələrin bazarına da çıxmaq mümkün olacaq.

Bəli, bu gün Azərbaycanda aparılan islahatların əsas məqsədlərindən biri də iqtisadiyyatın şaxələndirilməsi yolu ilə qeyri-neft sektorunun inkişafıdır. Bunun üçün isə ilk növbədə qeyri-neft sənayesinin inkişafına nail olmaq lazımdır. Elə qeyd etdiyimiz sənaye parkları və məhəllələrinin yaradılması məhz bu zərurətdən doğur. İndi həmin park və məhəllələrdəki müəssisələrin istehsal etdikləri məhsullar rəqabətqabiliyyətli və ixracyönümlü olduğu üçün xarici bazara ixrac olunur. Bunun nəticəsidir ki, cari ilin 4 ayında qeyri-neft sektorunda 15 faizdən çox artım qeydə alınıb.

Ölkədə qeyri-neft sektorunun inkişafı sayəsində təkcə cari ilin yanvar-mart aylarında 415,3 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 16,5, real ifadədə isə 10,9 faiz çoxdur. Bu gün Azərbaycanın ixracatında təzə meyvə, tütün, tərəvəz, meyvə-tərəvəz şirələri, pambıq lifi, emal olunmamış alüminium, pambıq ipliyi, qara metallardan hazırlanan yarımfabrikatlar, meyvə-tərəvəz konsevrləri, təbii üzüm şərabları və üzüm suslosu, polietilen kimi qeyri-neft məhsulları var. Tezliklə həmin məhsulların sırasında şprislər də olacaq. Ölkəmizin ixrac coğrafiyası da getdikcə genişlənir. İtaliya, Türkiyə, Almaniya, Çin, İspaniya, Hindistan, İsrail, Gürcüstan, Çexiya, Portuqaliya, Rusiya, Avstriya, Yunanıstan və digər ölkələrin bu gün Azərbaycandan idxal etdikləri məhsullar arasında qeyri-neft sektorunun payı kifayət qədər yüksəkdir. Bütün bunlar təsdiqləyir ki, indi Azərbaycan dünyada təkcə neft ölkəsi kimi tanınmır.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video