18 May 2019 01:35
707
İQTİSADİYYAT
A- A+

Torpağın bərəkəti sudan keçir


Kənd təsərrüfatının inkişafı çərçivəsində meliorativ tədbirlərin həyata keçirilməsi üçün böyük layihələr icra olunur. Müxtəlif bölgələrdə suvarma sistemləri şəbəkəsi təzədən qurulur, yeni sututarlar yaradılır, su kanalları çəkilir.

Qədim əkinçilik mədəniyyəti olan Qubada da bu məsələ diqqət mərkəzindədir. Rayonun 120 mindən çox olan kənd əhalisinin böyük əksəriyyətinin dolanışığı bağçılıq, əkinçilik və tərəvəzçilikdən çıxır. Bu səbəbdən ilbəil fərdi əkin və bağ sahələri genişlənir. Son vaxtlar Qubada yeni təsərrüfat sahəsi - fındıqçılıq da inkişaf edir. Bütün bunlar isə suvarma suyuna tələbatı artırır.

Tələbatın ödənilməsi isə rayon suvarma sistemləri idarəsinin fəaliyyətindən çox asılıdır. Kollektiv torpaqları meliorativ cəhətdən sağlamlaşdırmaq və əkin dövriyyəsinə qaytarmaq, susuz əraziləri su ilə təmin etmək, çayların axınlarını təmizləmək, bəndlər tikmək kimi vacib işləri həyata keçirir. İdarənin rəisi, əməkdar mühəndis Nazir Dadaşov bildirdi ki, melioratorlar hazırda rayonda mövcud olan 26033 hektar suvarılan torpaq sahəsinə xidmət göstərir: "Rayonda özəl torpaq sahibləri tərəfindən bağ və əkin sahələrinin genişləndirilməsi böyük vüsət alıb.

Hazırda onların öhdəsində 14139 hektarı bağ, 4698 hektarı əkin, 360 hektarı tərəvəz-bostan, 3356 hektarı həyətyanı, 3480 hektarı yem bitkiləri olan torpaq sahəsi var. Torpaq sahələrinin su təminatının yaxşılaşdırılması, həmçinin sudan səmərəli istifadə olunması məqsədilə ilboyu müntəzəm iş aparılır ki, vegetasiya dövründə çətinliklər yaşanmasın. Suvarma sistemlərinin təmir-təmizləmə üzrə kompleks tədbirlərini artıq başa çatdırmışıq. Rayonun ərazisində şoranlaşmış və şorakətləşmiş torpaq sahələri də yoxdur. Belə ki, yeraltı qrunt sularının səviyyəsi aşağı olduğu üçün torpaqlarda meliorativ tədbirlərin həyata keçirilməsinə ehtiyac qalmır”.

İdarə tərəfindən bu il əkinlərin suvarılması üçün təsərrüfatlara 60,5 milyon kubmetr həcmində su verilməsi nəzərdə tutulub. Rayonda kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təmin olunmasında əsasən Qudyalçayın, eləcə də digər çayların (Quru çay, Qusar çay, Ağ çay, Qara çay, Cağacuğ çay və Vəlvələ çay) üzərindəki hidrotexniki qurğular və postlardan istifadə edilir. Bundan əlavə, Samur-Abşeron kanalından rayon üzrə su bölgüsünün təsdiq edilmiş su limitləri çərçivəsində cari il 4145 hektar sahənin suvarma suyu ilə təmin olunması nəzərdə tutulur.

Sudan səmərəli istifadə olunması idarənin qarşısında duran ən vacib məsələlərdəndir. Bu məqsədlə Azərbaycan suvarma drenaj infrastrukturunun bərpası və tamamlanması layihəsinin həyata keçirilməsi üzrə işçi qrupunun nəzarəti altında 9600 hektar sahədə mövcud olan suvarma paylayıcı sistemdə kompleks təmir-bərpa aparılıb. Dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemləri 2016-cı ilin yanvar ayından etibarən 20 illik müddətində Sudan İstifadəedən birliklərin istifadəsinə verilib.

Hazırda rayonda kənd təsərrüfatı istehsalçılarına suvarma suyunun çatdırılması mexanizminin təkmilləşdirilməsi, eləcə də sualtı torpaq sahələrinin su təminatının daha da yaxşılaşdırılması məqsədi ilə bir sıra layihələr həyata keçirilir. Artıq Qara çaydan 5000 hektardan artıq torpaq sahəsini su ilə təmin edən yeni baş qurğu və 17 kilometr uzunluqda nəqledici kanal tikilib istifadəyə verilib. Bu, Birinci Nügədi, İkinci Nügədi, Pirvahid, Mirzəqışlaq kəndləri ərazilərindəki bağ və əkin sahələrini suvarmağa imkan verir. Yeni subartezian quyularının istifadəyə verilməsi istiqamətində də işlər davam edir. Mirzəqışlaq, Atuc, Zərdabi, Pirvahid, Amsarqışlaq, Küpçalqışlaq kəndlərinin hər birində 1, İkinci Nügədi kəndində isə 2 subartezian quyusu istifadəyə verilib. Alpan, Əlibəyqışlaq, Birinci Nügədi, Vəlvələ və Zizik kəndlərində isə bu işə başlanılıb. Quyuların yaxın vaxtlaradək təhvil verilməsi nəzərdə tutulub.

N.Dadaşov onu da bildirdi ki, bu il rayonun kənd təsərrüfatına yararlı torpaq sahələrinin su təminatının daha da yaxşılaşdırılması məqsədilə 27,8 kilometr uzunluğunda təsərrüfat kanallarında təmir-təmizləmə işləri üzrə kompleks tədbirlər həyata keçirilib. Bundan əlavə, sudan daha səmərəli istifadə etmək üçün yeni suvarma üsullarının tətbiqi diqqət mərkəzindədir: "Hazırda rayonumuzda 1000 hektardan çox sahə damcı üsulu ilə suvarılır. Bu suvarma üsulunun üstünlükləri çoxdur. O, həm suya qənaətə imkan verir, həm də su

itkisini minimuma endirir. Gələcəkdə damcı üsulu ilə suvarılacaq sahələrin artırılması nəzərdə tutulub”.

Bu gün Qubanın ərazisində min hektarlarla istifadəsiz torpaq sahələri mövcuddur. Onların çox hissəsi münbit və əkinə yararlı olduğundan əkinə cəlb edilmələri üçün hazırda suvarma xətləri çəkilir. Ucqar dağ kəndlərindəki sahələrin suvarılmasında isə müasir qurğulardan istifadə edilir. Həmin qurğular suya iki dəfə qənaət edir, məhsuldarlığı artırır.

Bəzi ərazilərdə hidrotexniki qurğular da quraşdırılmaqdadır. Bu hesabla indiyədək 2000 hektar ərazi əkinə yararlı hala gətirilib. Bitkilər növünə uyğun suvarılır. Mövsümi bitkilərin suvarılması idarənin tərtib etdiyi xəritə ilə aparılır. Çünki elə bitkilər var ki, onlar bar verməyə başlayanda suvarılması dayandırılır. Elələri də var ki, daim su ilə təmin edilməlidir. Hazırda belə bitkilərdə damla suvarması geniş tətbiq olunur. Kəndli-fermerlər bu mütərəqqi metodun tətbiqini genişləndirirlər. Artıq əkinə yararlı torpaq sahələrinin su təminatının yaxşılaşdırılması üçün 32 kilometr uzunluğunda təsərrüfat kanallarında təmir-təmizləmə işləri üzrə kompleks tədbirlər həyata keçirilib. Rayon ərazisindən keçən çayların təhlükə gözlənilən hissələrində məcralar təmizlənib, sahilqoruyucu və su istiqamətləndirici torpaq bəndlər qurulub.

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video