Alternative content

21:32 16 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
17:19 16.07.2019 Fransalı akademik tutuldu
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Assuriya qələbəsindən Lələtəpə zəfərinədək...
Assuriya qələbəsindən Lələtəpə zəfərinədək...
ANA SƏHİFƏ / Mədəniyyət
01:25 18.05.2019


Şanlı hərb tariximizin təcəssümü


Sürünə-sürünə irəliləyirik, yaxınlıqdan şeypur səsi, kamandan açılan oxların vıyıltısı, bir-birinə dəyən qılınc və qalxanın şaqqıltısı eşidilir...

Daşlara dəyən nallarından ətrafa qığılcım saçılan atlar şahə qalxaraq kişnəyir, düşmənin ardınca irəli şığıyan igidlər nərə çəkir...

Midiyanın cəsur hökmdarı Kiaksar nəhəng Assuriyanı diz çökdürür və onun paytaxtı Nineviyanı, yəni aslanlar yuvasını zəbt edir...

Qələbə nəğmələri oxuyan qəhrəman döyüşçülərlə birgə onların şərəfinə ucaldılmış zəfər tağlarının altından keçirik...

Burada bizi pəhləvan cüssəli, iti baxışlı, hökmündən yer titrəyən qüdrətli Atropat qarşılayır. Kəsərli qılınc belində, əlində toppuz, nəzərləri isə düz düşmənin ürəyinə saplanıb...

Haradansa yaxınlıqdan Cavanşirin cəng meydanlarından hayqırtısı eşidilir...

Vuruşur, döyüşür, çarpışır, ana torpağını parçalamaq istəyənlərə aman vermir...

Hərb meydanlarında Qaraqoyunlu, Ağqoyunlu bayraqları dalğalanır...

Bu zaman üfüqdə minlərlə Qızılbaşın arasından 12-13 yaşlı bir cəngavər parlayır...

Qılıncının bir zərbəsi yetər ki, düşmən topunun lüləsi iki hissəyə bölünsün...

"Mürşidi-kamil”, "şahların şahı” Şah İsmayıl Xətai...

Qala divarları arxasında qızğın döyüş gedir...

Gəncə bəylərbəyisi Qacar tayfasının görkəmli nümayəndəsi Ziyadoğlu Cavad xan and içib, heç zaman Gəncəni düşmənə təslim etməyəcək. General Sisyanovun ultimatumlarına qəti cavab verir: "Şəhəri verməyə gəlincə bu niyyətindən çəkin, çünki bu olan iş deyil. Sən Gəncəyə yalnız mənim meyitimin üzərindən girə bilərsən. Başa düşürsənmi? Ancaq mən öləndən sonra, başqa heç cür”...

***

İlıq bir yaz günüdür...

Nuru paşanın başçılıq etdiyi şanlı türk ordusu başdan-başa al qırmızı lalələrə bürünmüş Gəncə çölləri ilə Bakıya doğru yol alıb...

Göydən mərmi yağır, "artilleriyanın Allahı” Əliağa Şıxlinski qəzəblənib... Səs-küydən qulaq tutulur, toz-dumanı ərşə qalxıb və bu toz buludunun arası ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov və tank komandiri Albert Aqarunovun qoşa tankı irəliləyir...

Bir də baxırıq ki, yüksək bir dağın başındayıq...

Əllərində ay-ulduzlu, üçrəngli bayraq tutmuş milyonlarla insan həmin zirvəyə qalxır...

Səflərində isə Milli Qəhrəman, polkovnik leytenant Murad Mirzəyev, baş-leytenant Elnur İsgəndərov, mayor Təbriz Musazadə, baş leytenant Əbu Bəkir İsmayılov və daha neçə-neçə igidlərimiz...

Bu zəfər yürüşünün istiqaməti Lələtəpəyədir...


Helikopterlər havalanacaq, toplar guruldayacaq, tanklar irəli şığıyacaq...


18 may Beynəlxalq Muzeylər Günü ərəfəsində başdan-başa qəhrəmanlıq salnaməmizlə dolu zaman tunelində - Azərbaycan Hərb Tarixi Muzeyindəyik...

Muzey 1992-ci ildə keçmiş Salyan kazarmasının, indiki Qızıl Şərq hərbi şəhərciyi adlanan ərazidə yerləşən 295-ci motoatıcı diviziyanın "Döyüş şöhrəti” muzeyinin bazasında yaradılıb. 2003-cü ildə muzeyin hazırda yerləşdiyi bina istifadəyə verilib və açıq səma altında ekspozisiyası yaradılıb.

Muzeyin həyətinə daxil olduğumuz ilk andan etibarən özümüzü döyüş meydanında hiss edirik... Açıq hava altında nümayiş olunan tanklar, zirehli transportyorlar, piyada döyüş maşınları, artilleriya topları, hərbi təyyarə və helikopterlər, hərbi hava və hərbi dəniz qüvvələrinə aid texnikalar elə bir hiss yaradır ki, sanki bu dəqiqə helikopterlər havalanacaq, toplar guruldayacaq, nəhəng tanklar da irəli şığıyacaq...


"Dayan doldurum” gülləsi


İki mərtəbədən ibarət muzey Azərbaycanın hərb tarixini, onun hərb sənətini dövrlər üzrə öz ekspozisiya və vitrinlərində əks etdirir. Burada qədim və orta əsrlərdən müasir dövrə qədər Azərbaycan tarixini, ordu quruculuğunu, onun hərbi sursatlarını, silahlarını, hərb geyim formalarını özündə birləşdirən, eyni zamanda, görkəmli sərkərdələrə, generallara aid eksponatlar mühafizə olunur. Ekspozisiyada hərb tariximizin inkişaf mərhələləri geniş təhlil olunaraq xronoloji ardıcıllıqla əks etdirilib. Bu dəyərli tarixi nümunələrlə tanışlıqda muzeyin baş elmi işçisi Gülnar Bəşirova bizə bələdçilik edir.

Gəzintimizə lap qədimdən, muzeyin uzaq keçmişdən xəbər verən "Qədim, erkən, orta əsrlər dövrü” zalından başlayırıq. Burada nümayş etdirilən eksponatlar ibtidai icma quruluşunun bütün mərhələlərini əks etdirir. Qədim insanların istifadə etdiyi alətlər, silahlar o dövr haqqında aydın təəssürat yaradır. Eyni zamanda, zalda Manna-Midiya, Atropatena, Albaniya dövlətləri haqqında geniş məlumat verilir. Burada diqqəti ən çox cəlb edən eksponatlar arasında Naxçıvandakı Oğlanqalanın maketi, Atropatena dövlətinin başçısı Atropatın heykəli, öküzlər vasitəsilə hərəkət edən döyüş qülləsi, orijinal döyüşçü boyunbağıları, qolbağı, təbərzinlər, nizə, ox ucluqları xüsusi diqqət cəlb edir.

Həmçinin zallarda irəlilədikcə Səlcuqlu, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər dövrünə aid bir-birindən maraqlı eksponatlarla qarşılaşırsan və şahidi olursan ki, dövrünü əks etdirən toppuz, yay, ox, sadax, arbolet, qalxan nümunələri özünəməxsus işləmələri, naxışları ilə fərqlənir. Səfəvilər dövrünə aid məşhur "dayan doldurum” gülləsi isə maraq çəkən eksponatlar sırasındadır.


Xalq Cümhuriyyəti dövrü


Eksponatların zənginliyinə görə diqqət çəkən digər zal "Xanlıqlar dövrü” adlanır. Burada Azərbaycanda xanlıqların yaranması, onların qoşun növləri haqqında məlumat verilir. Zalda xəncər qını, dəhrə kimi orijinal silah alətləri nümayiş olunur.

Muzeyin "1801-1918-ci illər dövrü” zalında digər eksponatlarla bərabər, Azərbaycanın iki hissəyə bölünməsini əks etdirən stend də yer alıb. "1918-1920-ci illər dövrü” zalı isə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və onun fəaliyyəti dövrünü əhatə edir. Buradakı eksponatlar vasitəsilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları barədə ətraflı məlumat verilir. Bundan başqa, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributları - gerbi, bayrağı, himni ayrıca stenddə təqdim olunur. Stendlərdə Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatların planları, döyüş xəritələri, ordumuzun süvari və piyada geyim nümunələri və s. nümayiş etdirilir.

"1920-1939-cu illər dövrü” zalında stendlərin hər birinə uyğun fotolar nümayiş olunur. Zaldakı stendlərdə Azərbaycan SSR-in yaradılması, Azərbaycanda hərb işinin təşkili, Azərbaycan Ordusunun mühacirətdə olan zabitləri ilə bağlı məlumatlar, sovet ordusunun geyim forması və digər nümunələr yer alıb.


Ümummilli liderin müstəsna xidmətləri


"Azərbaycan İkinci Dünya müharibəsi dövründə” zalı 1939-1945-ci illəri əhatə edir. Burada iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun büstü, ona məxsus silah qabı, döyüş yolunu əks etdirən xəritə nümayiş olunur. Bu zalda Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun büstü və ona məxsus əşyalar da yer alıb. Həmçinin faşizm üzərində qələbə çalan qəhrəman azərbaycanlıların orden və medalları sərgilənir.

İçərisində stol, kətil, qum-quma, zabit səhra çantası, binokl, fənər, yemək qabı, bir neçə dilim qurumuş çörək olan müharibə illərindəki qərargah otağını seyr etdikcə bir anlıq da olsa özünü həmin yerdə, həmin şəraitdə hiss edirsən.

Muzeyin "1946-1991-ci illər dövrü” zalında isə azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistandan kütləvi deportasiyası, 1990-cı il 20 Yanvar hadisələri ilə bağlı geniş məlumat verilir.

Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri, fəaliyyəti sayəsində formalaşmış və inkişaf yoluna qədəm qoymuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi dəniz, hərbi hava hücumundan müdafiə, o cümlədən quru qoşunlarının inkişaf yolunu özündə əks etdirən zallarda silahlı qüvvələrimizin qısa zaman kəsiyində yenidən qurulması, onun döyüş hazırlığı, gücü, beynəlxalq hərbi təşkilatlarla əməkdaşlığı və s. məsələləri özündə əks etdirən materiallara xüsusi yer verilib. Bu zallarda Azərbaycan Ordusu haqqında kifayət qədər məlumatlar əldə etməklə yanaşı, hərb tariximizin maraqlı səhifələri ilə də yaxından tanış olmaq mümkündür.

"Quru qoşunlar” zalında Azərbaycanın Milli qəhrəmanlarına aid ayrıca stend var. Bu stendlər 1991-1993, 1993-2003 və 2003-2010-cu illəri əhatə edir. Bura gələnlər Milli qəhrəmanların fotostendinə, quru qoşunlara aid hərbi geyimlərə, milli ordumuzun əsgərlərinə məxsus əşyalara, cəbhə bölgəsində istifadə olunan hərbi sursat və s. tanış ola bilərlər.


Şəhid hərbçilərə məxsus şəxsi əşyalar


Müasir dövrə aid zalda Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsinə həsr olunmuş stendlər, həmin döyüşlərdə qəhrəmancasına şəhid olan hərbi qulluqçulara məxsus şəxsi əşyalar sərgilənir.

O cümlədən Milli Qəhrəman Murad Mirzəyevə məxsus qış səhra geyimi, baş leytenant Emil İsgəndərova, kapitan İnqilab Quliyevə məxsus geyim forması da nümayiş olunur...

Muzeyin zallarını gəzərkən kütləvi qəhrəmanlıqları əks etdirən rəsm əsərləri xüsusilə diqqətimizi cəlb edir. Bunların sırasına Birinci Dünya müharibəsi, İkinci Dünya müharibəsində, Port-Arturun müdafiəsində azərbaycanlıların iştirakı, Moskva, Leninqrad, Qafqaz, Kursk uğrunda gedən döyüşləri əks etdirən rəsm və diaramalar, Qarabağ müharibəsində Azərbaycan Ordusunun Kəlbəcərdə, Füzulidə, Goranboyda apardığı döyüş əməliyyatlarına həsr olunmuş rəsm əsərləri və diaramalar nümayiş olunur.


11775 eksponat


Muzeyin direktoru, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə məlumat verir ki, muzeyin daxili ekspozisiyasının yaradılmasına AMEA-nın Tarix İnstitutundan, Arxeologiya və Etnoqrafiya İnstitutundan, Bakı Dövlət Universitetindən tarixçi alimlər cəlb olunub. Bununla yanaşı, Mərkəzi Dövlət Arxivi və İctimai-Siyasi Partiyalar Arxivi ilə də əlaqələr genişləndirilib və ekspozisiyada qədim dövrdən müasir dövrədək hərb tariximizin inkişaf mərhələləri geniş təhlil olunaraq xronoloji ardıcıllıqla əks etdirilib.

Muzey əməkdaşları Azərbaycan Tarixi Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, Lənkəran şəhərində yerləşən iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ev-muzeyi, Mingəçevir, Gəncə, İsmayıllı, Biləsuvar, Quba, Qusar, Qazax, Naxçıvan Muxtar Respublikasında yerləşən muzeylərlə və digər tarix-diyarşünaslıq muzeyləri ilə yaxından əməkdaşlıq edərək, Azərbaycan hərb tarixinə dair bir sıra fotomateriallar, sənədlər, vəsiqə və geyim əşyaları toplayaraq, eksponatların sayını 11775-ə çatdırıblar.

Həmçinin muzeyin arxiv-fond hissəsində 12 minə yaxın eksponat mühafizə olunur ki, bu da hərb tariximizin bütün dövrlərini əhatə edir. Muzeyin emalatxana hissəsi də ölkəmizin qədim və orta əsrlər dövrünə dair mövzularda çox maraqlı əşyalar, qədim və müasir dövr silahlarının və ayrı-ayrı döyüş maşınlarının mulyajlarının hazırlanmasında əvəzsiz rol oynayır. Təcrübəli ustalar hazırladıqları əşyaların tarixi gerçəkliyi real şəkildə əks etdirməsi üçün səylə çalışırlar. Arxiv-fond hissə kitabxanası yeni tarixi faktların əldə olunması və elmi tədqiqata daxil edilməsində əvəzolunmaz rol oynayır. Kitabxanada 1000-ə qədər müxtəlif mövzuda kitab və nəşrlər toplanıb.

Muzey ordumuzun döyüş yolunu dünya əhəmiyyətli sərgilərdə də nümayiş etdirir. Ötən ilin sentyabrında ölkəmizdə keçirilən ADEX III Beynəlxalq Müdafiə Sənayesi sərgisində qədim dövrdən müasir dövrədək döyüş silahlarımızın inkişaf mərhələsini özündə əks etdirən "Azərbaycan silahının təkamülü” adlı ekspozisiya sərgilənib və bu, həm yerli, həm də xarici qonaqların diqqətini çəkib.


Keşməkeşli, qanlı-qadalı, zəfər dolu hərb tariximizə qısa nəzər


Hərb tariximizin güzgüsü olan bu muzey, xüsusilə azyaşlı, məktəbli, yeniyetmə və gənclərimizin ekskursiya edəcəkləri ən qürurverici və örnək götürəcəkləri ünvanlardan biridir...

Qeyd edək ki, muzeyin qapıları 1-5-ci günlər 09.00-dan 18.00-dək kollektiv ziyarətçilərin üzünə açıqdır...

Hərb Tarixi Muzeyinə ekskursiya nəticəsində keşməkeşli, qanlı-qadalı, zəfər dolu hərb tariximizə nəzər saldıq, mübariz, igid, cəngavər sərkərdələrimizlə tanışlıq imkanı qazandıq...

Tariximizin hər qatında, hər zaman dilimində irəlilədikcə öyünəcəyimiz, qürurlanacağımız, fəxr edəcəyimiz o qədər anlarla rastlaşdıq ki...

Və hərb tariximizə edilən bu qısa ekskursiya belə bunu deməyə əsas verir ki, Azərbaycan, ana vətən uğrunda çarpışan, döyüşən, canlarını belə qurban verməkdən çəkinməyən qəhrəmanlarımız saysızdır...

Min illər bundan əvvəl də belə olub, indi də belədir və minilliklərdən sonra da belə olacaq...

Yasəmən MUSAYEVA,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM