17 May 2019 22:43
832
Mədəniyyət
A- A+

Filarmoniyada Xalq artisti Roza Cəlilovanın 90 illiyi qeyd edilib


Mayın 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Xalq artisti Roza Cəlilovanın 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev Roza Cəlilovanın yaradıcılığından danışıb, sənət fəaliyyətinə nəzər salıb.

Bildirilib ki, Roza Cəlilova milli xoreoqrafiya sənəti tarixində peşəkar təhsil alan ilk azərbaycanlı rəqqasələrdən biridir. O, əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında başlayıb. Qısa müddətdə öz məharəti ilə xalqın sevgi və rəğbətini qazanan Roza Cəlilova həmin ansamblın solisti olub. O, Azərbaycan xalq rəqslərinin mahir ifaçılarından birinə çevrilib, öz sənəti ilə böyük səhnə peşəkarlığına və fitri istedada malik olduğunu sübut edib. Onun repertuarında milli rəqslərimizlə bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də böyük yer tutur. O, səhnə fəaliyyətinin 30 ildən artıq dövrü ərzində Kanada, Efiopiya, Çin, ABŞ, Türkiyə, İraq, Mərakeş və digər ölkələrdə qastrol səfərlərində olub.

Nazir deyib ki, hər bir çıxışı tamaşaçı alqışları ilə qarşılanan sənətçi beynəlxalq festivalların laureatıdır. Rəqs sənətinin vurğunu olan görkəmli sənətkar dünyanın müxtəlif ölkələrində yüksək ifaçılıq məharəti ilə milli rəqs sənətimizi tamaşaçılara sevdirə bilib və mədəniyyətimizin təbliğində özünəməxsus xidmətlər göstərib.

Roza Cəlilova istedadlı xoreoqraf kimi uzun illər ərzində Azərbaycanda keçirilən el şənlikləri, xalq bayramları və bir sıra dövlət tədbirlərinin iştirakçısı olub, kütləvi xalq rəqslərinə gözəl quruluşlar verib.

Qeyd edilib ki, R.Cəlilovanın rəqqasə kimi ən üstün cəhəti professional rəqslə folkloru məharətlə birləşdirməsindədi. Lirik süjeti, bədən plastikasi və kəpənək uçuşunu xatırladan zərif əl hərəkətləri ilə rəqqasə hər bir rəqsində (Ağ çiçəyi, Lalə, Bənövşə, Qəşəngi, Qara göz və s.) mükəmməl, bitkin bir sənət əsəri yaradıb.

Ə.Qarayev deyib ki, rəqqasə parlaq ifaçılıqla yanaşı, uzun illər xoreoqraf kimi də fəaliyyət göstərib. 1989-cu ildə həyata vəsiqə alan Gülüstan Mahnı və Rəqs Ansamblı isə tam mənada Roza Cəlilovanın sənət övladıdır. Yüksək professional səviyyə və tərkibinə görə Gülüstan ansamblı qısa zamanda populyarlaşaraq xarici ölkələrdən dalbadal dəvətlər almağa başlayıb. Gülüstan ansamblı ilə bərabər Roza Cəlilova Bakı Dövlət Universiteti nəzdində olan "Sevinc” rəqs ansamblına da rəhbərlik edib.

Milli mədəniyyətimiz sahəsindəki uğurlarına görə Roza Cəlilova 1959-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2007-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb, Prezident təqaüdçüsüdür.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın adından yubilyarı təbrik edən Mədəniyyət naziri xüsusi olaraq qeyd edib ki, o, bu günlərdə ölkə başçısının müvafiq Sərəncamı ilə Azərbaycan rəqs sənətinin inkişafı və təbliğindəki xidmətlərinə görə "Şöhrət” ordeni ilə təltif edilib.

Bütün iştirakçıları salamlayan Roza Cəlilova əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Prezidentinə və birinci xanıma öz minnətdarlığını bildirib. Vurğulayıb ki, nə qədər ömrü var hər zaman Azərbaycan rəqslərinin təbliğinə çalışacaq.

Gecədə sənətkarın quruluş verdiyi rəqslərlə yanaşı, Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet artistləri, Bakı Xoreoqrafiya Akademiyası və İranın "Səhər” rəqs kollektivi, habelə "Asiman”, "Dəcəl qızlar”, "Azəri inciləri” gənc rəqs qrupları çıxış ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video