17 May 2019 12:40
844
İQTİSADİYYAT
A- A+

Bakıda Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının IV iclası keçirilib


İndiyədək ABŞ Azərbaycana 13,6 milyard dollar, ölkəmiz isə Birləşmiş Ştatlara 8,2 milyard dollardan çox investisiya yatırıb


Mayın 17-də Bakıda Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının IV iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Maliyyə naziri Samir Şərifov Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının ölkələrimiz arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından bütöv institusional çərçivə olduğunu deyib.

"Məmnunluqla qeyd edərdim ki, 7 illik fasilədən sonra bu iclasın keçirilməsi ilə komissiya öz fəaliyyətini bərpa edib. Komissiyanın bugünkü iclasının razılaşdırılmış gündəliyində duran əsas müzakirə mövzuları iki ölkə arasında investisiya münasibətləri, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, əqli mülkiyyət hüquqları, turizm sahəsində əməkdaşlıq, Azərbaycanın nəqliyyat, logistika və tranzit imkanları kimi sahələri əhatə edir. Azərbaycan ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 860 milyon dollar olub. Bunun 530 milyon dolları ABŞ-a ixracın, 330 milyon dolları isə ölkəmizə idxalın hesabına formalaşıb. Bu vaxtadək ABŞ Azərbaycana 13,6 milyard dollar birbaşa, ölkəmiz isə Birləşmiş Ştatlara 8,2 milyard dollardan çox portfel investisiyası yatırıb. Hesab edirik ki, bu göstəricilər bizim iqtisadi sahədə əməkdaşlığımızın potensialını tam əks etdirmir. Bu rəqəmlər daha yüksək ola bilər”, - deyə nazir bildirib.

Qeyd edib ki, son 15 ildə Azərbaycan iqtisadiyyatı çox yüksək templə inkişaf edib. ÜDM 3,3, sənaye istehsalı 2,6, ixrac 4,7, valyuta ehtiyatları isə 24 dəfə artıb. Bir neçə il öncə qlobal əmtəə bazarlarındakı qiymət dəyişkənliyi Azərbaycanın iqtisadiyyatına təsirsiz ötüşməyib. Neftin qiymətinin kəskin azaldığı, ölkənin əsas ticarət tərəfdaşlarının valyutalarının dəyərsizləşdiyi şəraitdə belə ölkədə makroiqtisadi sabitlik tezliklə bərqərar edilib, inflyasiya birrəqəmli səviyyəyə çatdırılıb, genişmiqyaslı iqtisadi islahat proqramı, əhalinin sosial həssas təbəqələri üçün əhatəli sosial paket həyata keçirilib. 2018-ci ildə ÜDM-in artımı 1,4 faiz təşkil edib, cari ilin birinci rübündə isə 3 faizədək yüksəlib.

"Əminliklə deyə bilərik ki, Azərbaycan iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirib, ölkəmizdə əlverişli biznes mühitinin yaradılması istiqamətində əməli tədbirlər həyata keçirilib və onlar ilk nəticələrini verməkdədir. Bu isə xarici investorlar üçün cəlbedicidir”, - deyə S.Şərifov vurğulayıb.

Nazir bildirib ki, Dünya Bankı tərəfindən hazırlanan "Doing Bussines 2019” hesabatında Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub. Hesabatda Azərbaycanın mövqeyi 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında lider mövqeyə yüksəlib. Bütün bunlarla yanaşı, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı hökumətin əsas uzunmüddətli hədəfidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər milli iqtisadiyyatın daha da inkişafını hədəfləyən mühüm islahatlar həyata keçirilməkdədir. On bir sektor üzrə Strateji Yol xəritələrinin hazırlanaraq qəbul edilməsi ölkədə həyata keçirilən iqtisadi islahatların daha da dərinləşməsinə və sistemli xarakter almasına xidmət edir. İqtisadiyyatın rəqabət qabiliyyətini və dayanıqlılığını artıran bu islahatların davam etdirilməsi üzrə bu artıq növbəti dövr - 2022-2025-ci illər üçün də daha dərin iqtisadi islahat proqramının hazırlanmasına başlanılıb.

"Təəssüf hissi ilə bildirmək istərdim ki, Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığına kölgə salan bir sıra məsələlər də mövcuddur. Bu baxımdan, ilk növbədə, 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunmuş və ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirən birbaşa dövlət yardımlarının göstərilməsini qadağan edən "Azadlığa Dəstək Aktı"na edilmiş 907-ci düzəlişin tamamilə ləğvinin əlaqələrimizin daha da möhləmləndirilməsinə töhfə verəcəyinə inanırıq. Ümidvarıq ki, ABŞ hökuməti bu istiqamətdə, yəni həmin düzəlişin aradan qaldırılması istiqamətində müvafiq addımların atılmasını təmin edəcək”, - deyə nazir vurğulayıb.

Azərbaycan ilə Birləşmiş Ştatlar arasında enerji sahəsində güclü tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu deyən ABŞ Dövlət Katibinin İqtisadiyyat və Biznes Məsələləri üzrə köməkçisinin birinci müavini Peter Haas bildirib: "Ümid edirik ki, bu əməkdaşlıq qeyri-neft sektoru üzrə sahələri də əhatə edəcək. Bu da ABŞ-Azərbaycan münasibətlərini daha da möhkəmləndirəcək”.

P.Haas Azərbaycan və ABŞ-ın güclü etibarlı tərəfdaşlar olduğunu qeyd edib. O, iki ölkə arasında enerji təhlükəsizliyi, sərhəd təhlükəsizliyi və digər sahələrdə mövcud olan güclü tərəfdaşlığı yüksək qiymətləndirib. P.Haas iqtisadi tərəfdaşlığın ikitərəfli münasibətlərdə inkişaf etdirilməli olan vacib sahələrdən biri olduğunu deyib.

Azərbaycanla ABŞ arasında 2012-ci ildən bəri belə formatda görüşün keçirilmədiyini qeyd edən Birləşmiş Ştatların ölkəmizdəki səfiri Li Litzenberqer bu dialoqun müntəzəm xarakter alacağına ümidvar olduğunu bildirib: "Birgə əməkdaşlıq edərək ikitərəfli ticarət və iqtisadi əlaqələr baxımından göstəriciləri daha da artıra bilərik”.

"ABŞ ilk gündən Azərbaycanın dostu və tərəfdaş olub. Biz ölkənizin müstəqilliyini və suverenliyini dəstək verərək Azərbaycanın iqtisadiyyatını genişləndirmək və şaxələndirmək, eləcə də iqtisadi inkişafı təşviq etmək istiqamətində Azərbaycan xalqı ilə çiyin-çiyinə dayanmışıq”, - deyə diplomat bildirib.

Səfir qeyd edib ki, bu gün ABŞ və Azərbaycanın mövcud güclü ikitərəfli əlaqələrini növbəti səviyyəyə yüksəltmək və daha sıx iqtisadi əlaqələr qurmaq üçün gözəl imkanları var. O, Cənub Qaz Dəhlizinin təkcə Azərbaycan üçün deyil, Avropanın enerji təhlükəsizliyini təmin etmək baxımından əhəmiyyətli layihə olduğunu qeyd edib.

L.Litzenberqer Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Limanı kimi yeni infrastruktur layihələrini yüksək qiymətləndirib. O, belə layihələrin yeni regional bağlılıq yaratdığını və Azərbaycanın iqtisadi inkişafı üçün böyük imkanlar açdığını bildirib.

Səfir Azərbaycanın çox qısa müddət ərzində həyata keçirdiyi islahatların artıq uğurlu nəticələr verdiyini də vurğulayıb: "ABŞ şirkətləri xüsusilə gömrük və vergi islahatları barədə öz müsbət rəylərini bildiriblər”.

O, yaxın müddətdə ölkədə həyata keçiriləcək hüquqi islahatların da ölkənin investisiya mühitinin daha da yaxşılaşmaşmasına xidmət edəcəyinə ümidvar olduğunu deyib.

İclasda iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, investisiya imkanları, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, habelə turizm, vergi, gömrük, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, əmək məsələləri, əqli mülkiyyət və digər sahələrdə əməkdaşlığa dair müzakirələr aparılıb. Həmçinin Azərbaycan və Birləşmiş Ştatlar arasında iqtisadi tərəfdaşlığın mövcud vəziyyəti, komissiyanın 3-cü iclasından sonrakı dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video