17 May 2019 01:16
1445
Səhiyyə
A- A+

Azərbaycan səhiyyəsi inkişafında yeni mərhələyə keçəcək


2020-ci il yanvarın 1-dən ölkə üzrə icbari tibbi sığorta tətbiq ediləcək


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə rəhbəri tərəfindən xüsusi olaraq vurğulanmışdır ki, sabitlik, davamlı inkişaf, idarəetmə sistemində təkmilləşmə, yeni hədəflər Azərbaycanın bugünkü reallıqlarıdır.

Ölkə rəhbəri çıxışında icbari tibbi sığorta məsələsinə də toxunaraq bildirib ki, qarşıya qoyulan əsas hədəflərdən biri vətəndaşların yüksək tibbi xidmətlərlə təmin edilməsidir: "Azərbaycan əhalisinin bütün təbəqələri, həm muzdlu işçilər, həm işləməyənlər, həm də sahibkarlar qanunda tələb olunmuş şərtlər daxilində bütün ölkə üzrə əsas tibbi xidmətlərdən yararlana biləcəklər. Səhiyyə xidmətlərinin icbari tibbi sığorta ilə inkişaf etdirilməsi dünyada sınaqdan keçirilən uğurlu bir nümunə kimi təbliğ olunmalıdır”.

Dövlət başçısı əhatə etdiyi dövrün hesabatı kimi iclasda səsləndirilən statistik rəqəmlərin, verilən proqnozların özünü doğrultduğunu, hədəflərin gerçəkliyə çevrildiyini təsdiqlədi. Eyni zamanda, iclasda üç mühüm sahə üzrə yeni sosial-iqtisadi modelə keçilməsinin anonsu verildi.

Bu keçidlərin biri də Azərbaycanda dünya standartlarına uyğun icbari tibbi sığortanın tətbiqidir. Ölkəmizdə iki ilə yaxındır ki, icbari tibbi sığortanın pilot layihə şəklində həyata keçirilməsinə başlanmışdır. Məqsəd səhiyyə sisteminin maliyyələşdirilməsini dayanıqlı iqtisadi əsaslarla qurmaq, əhalini sağlamlığı ilə bağlı maliyyə risklərindən qorumaqdır. Bu, həm də səhiyyə sahəsinə ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsinə və əhalinin tibbi xidmətdən istifadə imkanlarının artırılmasına zəmin yaradır.

Pilot layihə ilk olaraq Mingəçevir şəhəri və Yevlax rayonunun ərazilərini əhatə etmişdir. Ötən ildən Ağdaş rayonunun ərazisində də pilot layihə tətbiq edilmişdir. Layihənin icrası zamanı əhalisi 340 min nəfər təşkil edən ərazilərdə sığorta olunanlar və 30 minə yaxın məcburi köçkün ödənişsiz tibbi xidmətlərlə təmin edilmişdir. Tibb müəssisələrinin fəaliyyətində məhsuldarlıq artırılmışdır. Xidmətin keyfiyyət göstəricisi yüksəlmiş, nəticədə ötən il pilot ərazilərdə ambulator-poliklinikalara gələnlərin sayı 1,1 milyon olmuşdur. Evə yazılan xəstələrin sayı 2016-cı illə müqayisədə 11 faizə çatmışdır. İcbari tibbi sığortanın tətbiqi nəticəsində pilot ərazilərdə anadangəlmə ürək qüsuru ilə doğulan 37 uşaq əməliyyat olunub, onlar əlillikdən xilas edilərək öz sağlamlıqlarına qovuşublar.

Pilot layihənin icrası zamanı rayon xəstəxanalarında əvvəllər aparılması mümkün olmayan müəyyən cərrahi əməliyyatlar həyata keçirilmişdir. Bəzi tibb işçilərinin təcrübəsinin artırılması məqsədilə onlar xarici ölkələrdə təlim və təcrübə proqramlarına göndərilmişlər. Ölkədə ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi məqsədilə ailə sağlamlıq mərkəzləri yaradılmışdır.

Pilot ərazilərdə fəaliyyət göstərən həkimlərin əməkhaqları artmışdır. Belə ki, həkimlərin orta aylıq maaşı 2018-ci ildə ölkə üzrə orta aylıq əməkhaqqının 1,9 mislini təşkil etmişdir. Bununla yanaşı, 2018-ci ildə icbari tibbi sığortanın vəsaitlərinə qənaət edilməsi məqsədilə pilot ərazilərdəki xəstəxanalarda idarəetmə müasirləşdirilmiş, texniki baza yaxşılaşdırılmış, tibb müəssisələri tam elektronlaşdırılmışdır.

Bunun nəticəsidir ki, icbari tibbi sığortanın tətbiq olunmasını Mingəçevir şəhərində əhalinin 88 faizi, Yevlaxda 79 faizi, Ağdaşda isə 86 faizi dəstəkləmişdir. Ekspertlərin fikrincə, pilot layihənin ikiillik nəticələrinə görə, ölkəmiz icbari tibbi sığortanın tətbiqi və sonrakı inkişafı üçün lazımi şəraitə və imkanlara malikdir. İcbari tibbi sığorta sahəsində görülmüş işlərin davamı olaraq 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək "Tibbi sığorta haqqında” qanunda bütün əhaliyə təcili və təxirəsalınmaz tibbi yardım, habelə ilkin səhiyyə xidməti üçün sığorta haqlarının dövlət büdcəsi tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Məmnunluq doğuran odur ki, ölkə əhalisinin 45 faizini təşkil edən işləməyənlər də bu qayğıdan bəhrələnə biləcəklər. Məsələn, uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar üçün sığorta haqqı dövlət büdcəsi tərəfindən ödəniləcək. "Tibbi sığorta haqqında” qanuna edilmiş dəyişikliklərin 2020-ci ildə qüvvəyə minməsi ilə əlaqədar 2019-cu il üzrə görüləcək işlərə dair tədbirlər planı hazırlanmışdır.

Əsas məsələ, Prezidentin vurğuladığı kimi, tibbi xidmətin hər kəs üçün əlçatanlığını təmin etməkdir. Bütün bunlar həm də dövlət başçısı tərəfindən əhaliyə göstərilən yüksək qayğının bariz nümunəsidir.

Rəhman SALMANLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video