17 May 2019 01:09
819
İQTİSADİYYAT
A- A+

Aqroparklar ümidləri doğruldur


Bu gün ölkənin bütün bölgələrində sosial-iqtisadi inkişafın nəticələri hiss olunur. Real vəziyyət regionlardan asılı olaraq fərqli formalarda özünü büruzə verir. Bununla belə, elə bir rayon və şəhər yoxdur ki, orada infrastruktur layihələri icra olunmasın, yeni sahibkarlıq subyektləri yaradılmasın.

Aqrar sektorda son illər aparılan islahatlar, bu sahəyə ayrılan diqqət isə nəticəsiz qalmır: məhsul istehsalı artır, kənd adamının güzəranı yaxşılaşır, ölkənin ixrac potensialı genişlənir.

Şamaxı Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Sərdar Ömərov deyir ki, rayonda dəmyə sahələrinin üstünlük təşkil etməsinə baxmayaraq, göstərilən aqrotexniki qulluq nəticəsində yüksək məhsuldarlığa nail olunur. Azlıq təşkil edən suvarılan torpaqlarda isə üzüm və dənli bitkilər yetişdirilir.

Şamaxıda üzümçülüyün inkişafı məqsədilə rayon icra hakimiyyətinin rəhbərinin dəstəyi ilə genişmiqyaslı fəaliyyət planı icra edilir. Rayon üzrə 1793 hektarda məhsuldar üzüm sortları əkilib. Onların çoxu süfrə sortlarıdır. Amma texniki sortlar da əkilib. Hazırkı bağların 1600 hektardan çoxu məhsuldardır. Bağlarda yüksəkkeyfiyyətli üzüm istehsal edilir. Onu da qeyd edək ki, SSRİ vaxtı Şamaxıda 27 min hektarda üzüm yetişdirilib. 1980-1985-ci illərdə hər il 200-250 min ton üzüm istehsal olunub. Mütəxəssislərin rəyinə görə, bu yerin torpağı üzümçülüyün inkişafı üçün çox əlverişlidir.

Prezidentin tapşırığına əsasən rayonda üzümçülüyün perspektivləri nəzərə alınaraq tinglik təsərrüfatı yaradılıb. Yaxın illərdə təsərrüfatda yetişdirilən tinglər fermerlərə veriləcək.

Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Şamaxıda üzüm tinglərinin calaq emalatxanasının quraşdırılmasına başlanıb. Layihə gücü 500 min ədəd calaq üzüm tingləri olan emalatxanada flokseriya xəstəliyinə davamlı sortlar digər məhsuldar sortlarla calaq ediləcək. Mütəxəssislərin qənaətinə görə, calaqaltı tinglərdə xəstəlik riski az olduğundan ömürləri digərlərindən daha uzundur.

Ümumiyyətlə, hər il rayonda 60-100 hektar aralığında üzüm bağları salınır. Cari ilin payızında isə yeni tinglər hesabına 100-150 hektar sahədə yeni üzümlüklər salınması nəzərdə tutulur.

Üzümçülüyün gəlirli sahə olması nəzərə alınaraq fiziki şəxslər bu sahəyə maraq göstərirlər. Onlar bu sahənin sərfəli olduğunu yaxşı bilirlər. Üstəlik, onu da bilirlər ki, indi istehsal olunan üzümün satışında heç bir problem yoxdur.

Rayonda həmçinin alma, gilas, badam və qoz bağları da salınır və bu sahələrə də maraq ilbəil artır.

Rayonda 54 min hektar yararlı torpaq sahəsi var. Bundan 35 min hektarı vətəndaşların pay, 19 min hektarı isə Nazirlər Kabinetinin qərarı ilə təyinatı dəyişdirilərək əkinçiliyə keçirilmiş dövlət torpaqlarıdır. Bu dövlət torpaqlarında 3 böyük aqropark yaradılıb.

"Aqrodays” MMC-nin balansına 2016-cı ildə 14 min 890 hektar torpaq verilib. 13 min hektar sahədə buğda və arpa əkilib. Qalan hissə isə əkinəyararlı vəziyyətə salınır. "Kürdəmir Süd İstehsalı və Emalı” MMC-yə isə 2700 hektardan çox torpaq sahəsi verilib. Onlar da həmin torpaq sahəsinin 2400 hektarında dənli bitkilər əkiblər. Sahələrdə "pivod” suvarma sisteminin təşkili, lazımi aqrotexniki qulluğun aparılması sayəsində məhsuldarlıq 44-50 sentnerdir. Qalan 300 hektar da əkinə hazırlanır.

"Aqro Fresh” MMC isə yeni yaradılır. Aqropark Hacıqədirli kəndində fəaliyyət göstərəcək. Hazırda müəssisə üçün ayrılmış torpaq sahəsi əkinəyararlı vəziyyətə gətirilir. Bu ilin payızında orada dənli bitkilər əkiləcək. MMC-də eyni zamanda 5 min başlıq heyvandarlıq kompleksi də yaradılacaq. Kompleksdə əsasən xaricdən gətirilmiş yüksək məhsuldarlıqlı cins heyvanlar olacaq.

Yeri gəlmişkən qeyd edək ki, Şamaxıda heyvandarlığa ciddi diqqət yetirilir. Hazırda rayon üzrə 28 min baş qara mal, 126 min baş davar var.

Əli SƏLİMOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video