17 May 2019 01:05
1112
Mədəniyyət
A- A+

Rəqs bağçamızın qızılgülü


...O axşam sonuncu dəfə ailəlikcə süfrə başında əyləşmişdilər. İsmayıl həmişəki kimi masanın başında oturmuş, evin xanımı və övladları da onun ətrafına toplaşıb, dinmədən şam edirdilər. Bu susqunluq fırtınaqabağı sakitliyi xatırladırdı...

Həmin gün onu Mərkəzi Komitəyə çağırmışdılar. Mir Cəfər Bağırovdan 50 nəfərlik heyətlə döyüşə getmək göstərişi almışdı. Səhər ertə yola düşəcəkdilər. Xanımı, 4 balası onsuz necə dolanacaqdılar? Nə yeyib-içəcəkdilər? İçindəki təlatümlər İsmayılın üzünə hopmuşdu sanki. Yaman fikirli, qayğılı, tutqun idi. Özünü şən göstərmək istəsə də, alınmırdı ki, alınmırdı. Həyat yoldaşı Kübranın da sifəti avazımışdı. Dili qurumuşdu elə bil, danışmağa söz tapmırdı...

Yeməkdən sonra İsmayıl balalarını başına topladı. Açıq deməsə də, ürəyində onlarla vidalaşdı. Hər birini öpüb qoxladı, bağrına basdı. 2 yaşlı sonbeşiyini qucağına alıb, üz-gözündən xeyli öpdü, ətrini içinə çəkdi. Körpəni yerində donub qalan xanımının qucağına verib, ilkini - Rozanı yanında oturtdu. Saçlarını sığallayıb, alnından öpdü və dedi:

- Nə olursa-olsun xoreoqrafiya məktəbini atma. Sən səhnəmizin ən məşhur rəqqasəsi, balerinası olacaqsan. Bu saat mən səni səhnədə dəniz üzərində qanad çalan qağayı kimi təsəvvür edirəm. Səni necə alqışlayırlar, gül-çiçəklərə qərq edirlər...

Rozanın gözlərindən gilə-gilə yaş tökülməyə başladı. Qəhərdən boğuldu. Demək istədiyi sözlər boğazında düyünlənib ilişdi. Ancaq ürəyində and içdi ki, atasının bu arzusunu mütləq həyata keçirəcək.

O gecə 36 yaşlı professor İsmayıl Cəlilovun ailəsi ilə birgə keçirdiyi son gecə oldu...

O gecə həm də 13 yaşlı qızın böyük səhnəyə doğru addımlamaq uğrunda əzmlə, inadla çalışacağına and içdiyi gecə oldu. Və illər sonra bu qız yaddaşına əbədi həkk olunmuş atalı son günündə göz yaşları içində verdiyi sözünə, andına əməl etdi. Azərbaycanın məşhur rəqqasəsi, xoreoqraf-baletmeysteri oldu. Elə atasının arzuladığı kimi...

Bu gün Azərbaycanın xalq artisti, "Şərəf” və "Şöhrət” ordenli Roza Cəlilovanın 90 yaşı tamam olur. Yubiley günündə görkəmli sənətkarın həyat kitabını "Ömür səhifələri”ndə özü ilə birlikdə vərəqləyirik.


Gənc alimin balerina qızı


Roza Cəlilovanın babası Saleh kişi vaxtilə Cənubi Azərbaycandan Gürcüstana - Tiflisə gəlib. Burada Bahar adlı xanımla ailə qurub. Bu nikahdan 1906-cı il mayın 17-də İsmayıl dünyaya gəlib. Fitri istedadı, zəhmətsevərliyi ilə diqqəti cəlb edən İsmayıl gənc yaşlarında Zəngəzur, Gorus bölgəsinə dövlət qulluğuna göndərilir. Şahverdi kəndində Kübra adlı gözəl bir qıza rast gəlir və ilk baxışdan aşiq olur. Ancaq qızın 15 yaşı vardı. 21 yaşlı İsmayılın həddi büluğa çatmamış qızı qaçırması ona problemlər yarada, ən azı işini itirə bilərdi. Lakin gənc kommunist təhlükələri gözə alaraq 15 yaşlı Kübranı qaçırır. Təsadüfdənmi, yoxsa İsmayıla olan xoş münasibətdənmi bu hadisə xata-bəlasız ötüşür. 1929-cu il mayın 17-də isə onların ilk övladı - Roza dünyaya gəlir.

- Mən Qubada doğulmuşam. O vaxt atam Qubanın 1-ci katibi vəzifəsində işləyirdi. Amma nədənsə doğum şəhadətnaməmdə Quba yox, Dəvəçi yazılıb. İki yaşım olanda ailəmiz Bakıya köçüb. O illərdə atam elmi işlə məşğul olurdu. Azərbaycan Neft İnstitutunda dekan işləyirdi. Alimlər evində yaşayırdıq. Ailənin sevimlisi idim. Ata-bala ikimizin də doğum günü eyni gündə idi. Dost-tanış, qohum-əqrəba yığışıb qeyd edirdik. Atam musiqini, xanəndə və aşıqları çox sevirdi, onları dinləməkdən doymazdı. Tez-tez bizim üçün tarda ifa edirdi. Onun incəsənətə olan marağı mənə də keçmişdi. Pianonu, rəqs etməyi sevirdim. Mən rəqs edəndə atamın üzündə güllər açırdı elə bil.

Roza 1937-ci ildə 132 saylı məktəbin 1-ci sinfinə gedir. 9 yaşı olanda isə atası onu Bakı Xoreoqrafiya məktəbinə, Sara Mirəliyevanın sinfinə yazdırır. Bununla da qızcığazın həyatında yeni yol başlayır. Hər gün səhər dərsə, günortadan sonra Xoreoqrafiya məktəbinə gedir. Divara bərkidilmiş tirdən yapışıb müəllimin göstərdiyi hərəkətləri təkrarlamaq, ayaq barmaqları üstündə düz dayanmaq ilk vaxtlar ona çətin gəlirdi. Ayaq barmaqları günlərlə ağrıyırdı. Lakin bunlara dözürdü. Çünki atası onun balerina olmasını arzulayırdı.

- 1941-ci ildə müharibə başladı. Gənc professor, elm adamı və 4 uşağı olduğu üçün atamı müharibəyə aparmadılar. Amma 1942-ci ildə Mir Cəfər Bağırovun göstərişi ilə atam 50 nəfərlik dəstə ilə cəbhəyə gedəsi oldu. Onun ilk və son məktubu Kerçdən gəldi. Bir daha ondan səs soraq çıxmadı. İlk döyüşdəcə həlak olmuşdu. Ondan sonra ailəmizin çətin günləri başladı. 4 uşaq başsız qaldıq. Bütün yük anamın çiyinlərinə düşdü. Fikirdən saralıb-solmuşdu anam. Ailəni qənaətlə dolandırırdı. Yadımdadı, hər səhər mənə 6 qəpik yol pulu verirdi. İki yaşlı körpəyə görə pulsuz bir ağ çörək və bulka alırdıq. Bulkanı sonbeşiyə saxlayırdı. Ağ çörəyi mağazaya aparıb, qara çörəklə dəyişirdim. 400 qramlıq ağ çörəyin əvəzinə 1 kq 600 qramlıq qara çörək götürürdüm. Çox çətin günlər idi. Axırda anam Azərbaycan KP Mərkəzi Komitəsi Təbliğat-təşviqat şöbəsinin müdiri olan yazıçı Süleyman Rəhimova müraciət etdi. Anamı komitənin şöbə müdirlərinə xidmət edən bufetdə işə götürdülər. Bir müddət sonra atamın ölümünə görə bizə müəyyən məbləğdə pul verdilər və uşaqlara 18 yaşına qədər təqaüd kəsdilər. Bundan başqa, Xoreoqrafiya məktəbində oxuyan uşaqları həvəsləndirmək üçün ayda 62 manat təqaüd və səhər yeməyi verilirdi. Beləcə dolanırdıq birtəhər...


"Bala ceyran”ın "Qaragöz”ü


1943-cü lidə, müharibənin qızğın dövründə respublikada uşaq və gənclərin olimpiadası keçirilirdi. Komissiya üzvləri orta məktəblərə gedir, olimpiadaya qatılmaq üçün istedadlı uşaqları seçirdilər. 132 saylı məktəbə gələn komissiyanın tərkibində məşhur rəqqaslar Əlibaba Abdullayev və Əminə Dilbazi də vardı. 6-cı sinif şagirdi Rozanın rəqsi peşəkarların diqqətini cəlb edir. Əlibaba Abdullayev ona "Bala ceyran” rəqsini olimpiadada oynamağı təklif edir. Davamlı məşqlərdən sonra rəqs hazır olur. Və Roza Cəlilova olimpiadada 1-ci yeri tutur. Rəqqasə kimi ilk uğurunu qazanır. Bununla da Rozanın içində milli rəqslərə sevgi, rəğbət yaranır.

Roza Cəlilova 1947-ci ildə Bakı Xoreqorafiya məktəbini bitirir, təyinatını Opera və Balet Teatrına verirlər. İki il teatrın balet truppasında balerina işləyir. Ancaq xalq rəqslərimiz maqnit kimi onu özünə çəkirdi. Anasının israrına, etirazına baxmayaraq, nəhayət, teatrdan getmək qərarı verir.

- 1949-cu ilin əvvəli idi. Teatrdan çıxıb filarmoniyaya getdim. Dövlət Mahnı və Rəqs Ansamblında işləmək istəyirdim. Mənə yer olmadığını dedilər. Nazirlər Kabinetinin İncəsənət işləri üzrə idarəsinin rəisi Hökumə Sultanovanın qəbuluna getdim. Kağız parçasında diləkçə yazıb verdi. Ansamblda da "yerimiz yoxdur” dedilər. Təkrar Hökumə xanımın yanına getdim. Ansamblın bədii rəhbəri Qılman Salahova zəng vurub dedi ki, "yer yoxdursa, rəqqasələrdən birini çıxarıb bunu götürün. Axı bu qız peşəkardır”. Təbii ki, işdən heç kimi çıxarmadılar. Məni də ansambla işə götürdülər.

Beləliklə, 1949-cu ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında rəqqasə kimi fəaliyyətə başlayır. Azərbaycan xalq rəqslərinin akademik bazasının ilk ifaçısı olur. Tezliklə kollektivə isinişir, istedadı üzə çıxır. İllər öncə "Bala ceyran” rəqsini hazırlayan Əlibaba Abdullayev bu dəfə Üzeyir Hacıbəylinin "Qaragöz” mahnısı əsasında Rozanın solo ifaçılığı ilə musiqili proqram hazırlamağı təklif edir. Davamlı məşqlərdən sonra "Qaragöz”ün səhnə variantı hazır olur. Roza ansamblın növbəti konsertində "Qaragöz”lə səhnəyə çıxır və tamaşaçıların məhəbbətini qazanır. Sonra "Bənövşə”, istedadlı rəqqas Böyükağa Məmmədovla "Naz eləmə” rəqslərini böyük məharətlə ifa edir.


"Mir Cəfər Bağırovla küçədə rastlaşırdım...”


1951-ci ilin avqustunda Berlində 105 ölkənin iştirakı ilə III Ümumdünya Tələbə və Gənclər Festivalı keçirilirdi. Sovet hökumətini təmsil edən sənət adamlarının siyahısında Roza Cəlilovanın və Böyükağa Məmmədovun da adı vardı. Roza xanım o günləri belə xatırlayır:

- O vaxtlar sənət adamlarına ciddi nəzarət vardı. Berlindəki festivala hazırlaşanda düz bir il ərzində üç aydan bir Moskvada bizi yoxladılar, görsünlər kökəlib-arıqlamamışıq, zədə almamışıq ki. Festivalda milli geyim geyinmişdim. Başıma da milli geyimi tamamlayan tac qoymuşdum. Tacı rəqs qrupunun rəhbəri Əminə Dilbazi kinostudiyadan götürmüşdü. 6 min manat dəyəri olan o tacı "Fətəli xan” filmində Tutubikə rolunun ifaçısı Leyla Bədirbəyli başına qoymuşdu. Mən "Bənövşə”, Böyükağa Məmmədovla birlikdə "Naz eləmə” rəqslərini oynadım. Sonuncu qala-konsertə hazırlaşarkən xəbər verdilər ki, səni Moskvaya çağırırlar. Həyəcan keçirdim, qorxdum ki, görəsən neyləmişəm. Nigarançılıq içində Berlindən Moskvaya gəldim. Sən demə, boşuna narahat olmuşam, məni Albaniyaya qastrola göndərirmişlər.

1951-ci ilin sentyabrında Albaniyaya yola düşür Roza Cəlilova. Bir ay müddətində müxtəlif şəhərlərdə milli rəqslərimizi böyük ustalıqla nümayiş etdirməklə kifayətlənmir, həm də alban xalq rəqslərinin incəliklərini öyrənir. Bolqarıstan və Rumıniyaya da səfər etdikdən sonra Bakıya qayıdır. O gündən Rozanın sənət yolu açılır. Onu tez-tez müxtəlif konsertlərə, qastrol səfərlərinə göndərirlər. Hətta onu rəqs etmək üçün Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mir Cəfər Bağırovun təşkil etdiyi banketlərə çağırırlar.

- Bu banketlərə getmək heç ürəyimcə deyildi. Ancaq Mir Cəfər Bağırovun təşkil etdiyi banketə necə getməyə bilərdim? Banketlərdə oynasam da, heç vaxt Mir Cəfər Bağırovla təmasda olmamışdım. Halbuki küçədə rastlaşırdıq hərdən. O vaxt Mir Cəfər Bağırov indiki İncəsənət muzeyinin binasında, biz isə filarmoniya ilə üzbəüz Alimlər binasında yaşayırdıq. Bağırov əlləri arxasında ağır addımlarla tək-tənha addımlayar, xeyli arxada isə mühafizəçiləri onu izləyərdilər. Biz rastlaşanda çəkinə-çəkinə salam verirdim, o da eynəyinin altından diqqətlə mənə baxıb salamımı alardı.


İmperatordan qızıl medal...


Roza Cəlilova sənət zirvəsinə doğru addımlayırdı. Hər şey öz axarı ilə davam edirdi. Amma onun şəxsi həyatı da vardı axı. Bu gözəl rəqqasə ilə ailə qurmaq istəyənlər çox idi. Sadəcə şərt kəsirdilər: "Gərək sənəti atasan”. Roza isə bu şərti qəbul etmirdi. Çünki səhnəsiz yaşayacağını, rəqsdən ayrıla biləcəyini heç cür təsəvvür etmirdi. Günlərin birində pərəstişkarlarından biri ona evlənmək təklif edir - şərtsiz. Çox düşünüb-daşındıqdan sonra Roza razılıq verir. 1955-ci ildə evlənirlər. 1956-cı ildə oğulları Zahid dünyaya gəlir. Lakin bu, onun sənətinə mane olmur. Roza Cəlilova Ümumittifaq və VI Ümumdünya Tələbə və Gənclər festivalında iştirak etmək üçün Moskvaya gedəndə altı aylıq Zahidi də özü ilə aparmalı olur.

- Əlbəttə, uşağı anamın yanında da qoya bilərdim, amma yarı canım onun yanında qalacaqdı. Ona görə uşağı özümlə apardım. Mən səhnəyə çıxanda uşağı ansamblın digər üzvləri saxladı. Orda gözlənilməz hadisə də olmuşdu. Deməli, Ramiz Məmmədovla "Naz eləmə” rəqsini oynayırdım. Orda belə bir yer var ki, çökmüş halda rəqs edirəm. Ramiz rəqs edərək qarşıma gələcək, mən də nazlanaraq yerdən qalxacam və üz-üzə oynayıb rəqsi bitirəcəyik. Yerdən qalxmaq istəyəndə belimi sıxan tumanın düyməsinin qırıldığını hiss etdim. Fikirləşdim ki, ayağa qalxsam, tuman sürüşüb düşəcək, hamı da güləcək, biabır olacam. Bir əlimlə tumanı tutaraq oynaya-oynaya səhnədən çıxdım. Ramizə, musiqiçilərə işarə elədim ki, siz davam edin. Növbə gözləyən rəqqasələrdən birinin baş sancağını alaraq, özümü qaydaya saldım, oynaya-oynaya Ramizin qarşısına gəldim. Münsiflər elə bildilər ki, rəqsin quruluşu belə verilib. Orada müsabiqənin laureatı adına layiq görüldüm. Festival komitəsi mənə yazılı təşəkkürünü bildirdi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti isə fəxri fərmanla təltif etdi.

1958-ci ildə Roza Cəlilova Efiopiyaya üç aylıq qastrol səfərinə gedir. Paytaxt Əddis-Əbəbədə verilən ilk konsertə imperator Hayle Selasiya da gəlir. Konsert başa çatandan sonra imperator iştirakçılarla görüşür və azərbaycanlı rəqqasəyə "İmperator” qızıl medalını təqdim edir. Efiopiya səfərindən sonra Liviyaya, Tunisə də gedərək, orada konsertlər verirlər.

- Tunisdə Faina adlı rus rəqqasə ilə tanış oldum. O, hind rəqslərini dərindən öyrənmək üçün Hindistana gedib bu sahədə təhsil almışdı. Faina boş vaxtlarında mənə hind rəqsini öyrətdi. Ayrılarkən öyrətdiyi rəqsin notunu, əynindəki paltarı, boynundakı silsiləni, topuğuna taxdığı xalxalı da mənə hədiyyə etdi. Bakıya qayıdandan sonra həmin "Benqal” rəqsini oynadım. O rəqs məni daha da məşhurlaşdırdı. Bakıda Hindistan günləri keçirilərkən "Benqal” rəqsini ifa etdim. Azərbaycan səhnəsinə hind rəqsini ilk dəfə mən gətirmişəm. İndi hind rəqslərini oynayan rəqqasələr hind kasetlərinə baxıb hərəkətləri oradan götürürlər. Mənasını isə anlamırlar, ağıllarına gələn hərəkəti edirlər. Onu da deyim ki, mənim hind rəqsim xalq rəssamı Böyükağa Mirzəzadənin o qədər xoşuna gəlmişdi ki, "Rəqqasə” portretini çəkmişdi. Mənə həsr olunmuş həmin portret hazırda İncəsənət muzeyində saxlanılır.


"Qoca arvad sandığından gəlinliyini, tirmə şalını çıxarıb oynadı”


Roza Cəlilova keçmiş SSRİ-nin bütün respublikalarında, ərəb ölkələrində, Misir, Almaniya, Bolqarıstan, Rumıniya, Albaniya, Efiopiya, Türkiyə, Çin, Afrika, İraq və digər ölkələrdə qastrol səfərlərində olub. Azərbaycanda isə Roza Cəlilovanın çıxış etmədiyi şəhər və qəsəbə qalmayıb. 42 konsertlə çıxış etdikləri Çin səfərindən sonra Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti 1959-cu ildə ona əməkdar artist fəxri adı verir. İfa etdiyi "Azərbaycan süitası”, "Tirmə şal”, "Qaragöz”, "Tərəkəmə”, "Lalələr”, "İnnabı”, "Bənövşə”, "Ağ çiçək”, "Naz eləmə”, "Nazlana-nazlana”, "İlk bahar” və müxtəlif dünya xalqlarının digər rəqsləri hər kəs tərəfindən sevilirdi. Roza xanım yeganə rəqqasə idi ki, onun oyununda lirika ilə texnika bir-birini tamamlayırdı. Lirik süjeti, bədən plastikası və kəpənək uçusunu xatırladan zərif əl hərəkətiylə hər bir rəqsində mükəmməl, bitkin bir sənət əsəri yaradırdı. "Tirmə şal” rəqsindən söz düşəndə isə Roza xanım xalq artisti Əlibaba Abdullayevi minnətdarlıqla yad edir.

- O vaxtlar Əlibaba Abdullayev rayonlara gedirdi. Orada ən yaşlı qadınlardan, kişilərdən qədimlərdə hansı rəqslərimizin olduğunu soruşurdu. Heç yadımdan çıxmaz, bir dəfə Əlibaba müəllim danışdı ki, səfərlərin birində qoca arvad sandığından gəlinlik paltarını, tirmə şalını çıxarıb əyninə keçirdi, başına da bir su bardağı qoyub başladı oynayıb-oxumağa - "Dağlara şeh düşəndə, titrə, bənövşə, titrə”. Bu mahnının əsasında Əlibaba müəllim "Tirmə şal” rəqsini qurdu. Özü də məhz mənim üçün. Şalın eskizini isə məşhur cərrah Mustafa Topçubaşovun xanımı, rəssam Reyhan Topçubaşova vermişdi. Bu rəqsi sazın müşayiəti ilə oynayırdım. Sazla oynamaq və uğur qazanmaq isə elə də asan deyildi. Rəşid Behbudovun oxuduğu məşhur "Lalələr” mahnı rəqsinin ilk solo ifaçısı da mən olmuşam. Şeirin müəllifi Aslan Aslanov bacım Azadənin - Lenayın həyat yoldaşı olub. Çox gözəl insan idi. Oğul nəvələrimə Aslan və Lalə adlarını vermişəm. Qız nəvələrimə bacım və Aslan müəllimin şərəfinə Lenay və Aslanə adlarını qoymuşam.


"Şeir və musiqi kimi, rəqsin də öz "dil”i var”


1963-cü ildə ikinci dəfə ana olmağa hazırlaşan Roza Cəlilova həyatın ən ağır zərbəsini alır. Heç bir xəstəliyi olmayan həyat yoldaşı durduğu yerdə keçinir. Elə həmin gün qorxudan, sarsıntıdan qızı Yeganə dünyaya gəlir. Ərinin qəfil ölümü ilə 34 yaşlı Roza dul qalır. Böyük sarsıntı keçirir. Rəqs üçün qolları qalxmır. Ona elə gəlir ki, bir də səhnəyə çıxa bilməyəcək. Amma aylar keçdikcə düşünür ki, nə vaxta kimi qara geyinib, evin bir küncündə oturacaq. Bu, dünyadan köçən sevdiklərini geri qaytaracaqmı? Balalarının qarnını doyuracaqmı? Beləcə, uzun fasilədən sonra televiziyada konsert proqramı ilə çıxış edir, lakin qara paltarda...

Roza Cəlilova 1965-ci ildə Misir səfərindən qayıtdıqdan sonra Mahnı və Rəqs Ansamblının rəqs qrupuna rəhbər təyin edilir. Özü də rəqslərə quruluş verməyə başlayır. Bir dəfə filarmoniyada xalq artisti Şövkət Ələkbərovanın orkestrlə "Ağ çiçək” mahnısını məşq etdiyini görür. Melodiya Roza xanımın ruhunu elə oxşayır ki, mahnı əsasında rəqs qurmaq qərarı verir. Bu quruluşda üç rəqqasə iştirak edir: Roza Cəlilova, Nailə Mahmudova və Afaq Məlikova. Bu, görkəmli rəqqasənin quruluşunda ilk rəqs olur...

1974-cü ildə isə çox sevdiyi, ömrünün 25 ilini həsr etdiyi ansambldan ayrılır. Rəqsdən, rəqs dünyasından isə heç vaxt qopmur. Mədəniyyət Nazirliyinin Elmi-Metodik Mərkəzində metodist kimi çalışır. Masallıda, Lənkəranda, Şamaxıda, Cəbrayılda... rəqs dərnəkləri yaradır. Onun yaratdığı rəqs ansambllarından "Halay”ın, "Yallı”nın və "Gülüstan”ın şöhrəti respublikamızın sərhədini aşır. 1991-ci ildə yaratdığı "Gülüstan” ABŞ-a səfər edən ilk azərbaycanlı rəqs kollektivi olur. Bunlarla yanaşı, uzun illər tələbələrə xoreoqrafiya sənətinin incəliklərini öyrədir.

- Mən səhnə fəaliyyətim boyunca 57 rəqs ifa etmişəm. Gözəl rəqs etmək üçün böyük ürəyin, musiqi duyumun, eşitmə qabiliyyətin olmalıdır. Şeir və musiqi kimi, rəqsin də öz "dil”i, ahəngi var. Gərək çalınan havanın ahəngini hərəkətlərinlə nümayiş etdirəsən, baxışların, əllərin "danışsın” - onda sənin səhnədəki rəqsin rəssamın yaratdığı tabloya çevrilə bilər.

O, rəqsləriylə səhnədə müxtəlif tablolar yaradıb. Gah dəniz üzərində qanad çalan qağayıya, gah göy üzündə süzən durnaya, gah bağçada bənövşəyə, laləyə, ağ çiçəyə bənzəyib. Gah da tirmə şalı ilə nazlana-nazlana rəqs edib... Bu rəqslərlə iç dünyasını, özünü ifadə etməyə çalışıb. O, rəqsin, rəqs isə onun bir parçasına çevrilib, varlığına hakim kəsilib... Qisməti, tale payı, bütün həyatı olub. Ömrünün ən cazibədar, gözəl illərini bu sənətin inkişafına, təbliğinə həsr edib. Qarşılığında isə tamaşaçı məhəbbəti, uğur, şan-şöhrət, ən başlıcası isə mənəvi zənginlik qazanıb.

Hazırda isə 3 nəvəsi onun yolunu davam etdirir. Deyir, "kiçik nəvəm rəqs qrupu yaradıb, ona mənim adımı verəcəyinə söz verib”. Yəqin, nəvəsinə baxanda öz uşaqlığını xatırlayır Roza Cəlilova. Axı o da atasına söz vermişdi, and içmişdi. Məşhur rəqqasə olacağına...Və əhdinə xilaf çıxmadı...

İndi isə növbə nəvələrinindir...

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video