16 May 2019 02:20
1428
SİYASƏT
A- A+

Avropa İttifaqı Azərbaycanın regiondakı rolunu yüksək qiymətləndirir


Prezident İlham Əliyevin Belçika səfəri əlaqələrin gələcək inkişafına yeni töhfələr verəcək


Bu günlərdə Prezident İlham Əliyevin Belçikaya etdiyi işgüzar səfər Azərbaycan-Avropa İttifaqı münasibətlərinin qarşılıqlı maraqlar əsasında inkişaf etdiyini göstərdi. Bir daha təsdiq olundu ki, ölkəmiz Aİ üçün etibarlı və məsuliyyətli tərəfdaşdır. Ona görə Aİ Şurasının prezidenti Donald Tusk Azərbaycanın regiondakı rolunun bu təşkilat tərəfindən yüksək qiymətləndirildiyini bəyan etdi.

Hər bir mötəbər beynəlxalq təşkilatla əməkdaşlıq edilməsi Azərbaycanın xarici siyasət kursunda əsas yerlərdən birini tutur. Təcrübə göstərir ki, rəsmi Bakının bu məsələdə ortaya qoyduğu mövqe həm də respublikamızın yürütdüyü xarici siyasətin məzmununu nümayiş etdirir. Bu məzmun isə Azərbaycanın siyasi kursunun tamamilə müstəqil olduğunu, milli maraqlarımızı, dövlətimizin qlobal miqyasda mövqelərini layiqincə qoruduğunu göstərir. Aİ ilə əməkdaşlıqda da bu xətt özünü aydın göstərir.

Xatırladaq ki, 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi Azərbaycan-Aİ əlaqələrinin hüquqi bazasını təşkil edir. Amma bu o demək deyil ki, Azərbaycan-Aİ münasibətləri 1999-cu ildən başlayır. Buna qədər Aİ ilə münasibətlər TASIS, "Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), "Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), "Humanitar yardım” (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdirilib. Azərbaycan Aİ-nin təşəbbüskarı olduğu beynəlxalq layihələrdə fəal iştirak edib. Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması ilə təməli qoyulan əməkdaşlıq bu gün müxtəlif istiqamətləri əhatə etməklə münasibətlərə yeni çalarlar gətirməkdədir və əlaqələrdə son illərdə çox ciddi irəliləyişlər müşahidə olunmaqdadır. Bu, ölkəmizin xarici siyasətinin uğurunun təzahürü kimi təqdirəlayiqdir.

Aİ-nin Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsü də ölkəmizlə Aİ arasında əlaqələrə yeni nəfəs verib. Məlum olduğu kimi, ŞT təşəbbüsü Aİ-na üzv ölkələrin xarici işlər nazirlərinin 2008-ci ildə Brüsseldə keçirilmiş görüşü zamanı irəli sürülüb. 7 may 2009-cu il tarixində Praqada ŞT üzrə Zirvə görüşü keçirilib. Görüşdə sözügedən təşəbbüsün əsas məqsədləri və prinsipləri, həmçinin gələcək əməkdaşlıq prosesinin ümumi cizgilərini müəyyən edən Birgə Bəyannamə qəbul edilib və bununla da ŞT-yə yüksək rəsmi səviyyədə başlanğıc verilib. ŞT Aİ və tərəfdaş ölkələr arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasını, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsini nəzərdə tutur.

Ötən 10 ildə Azərbaycan ŞT təşəbbüsü çərçivəsində fəal əməkdaşlıq həyata keçirib. Brüsseldə Prezident İlham Əliyevin Donald Tuskla görüşündə bu məsələyə də toxunuldu və Azərbaycanın istər ŞT çərçivəsində və istərsə də ikitərəfli formatda Aİ ilə yaxından əməkdaşlığı xüsusi qeyd olundu. Prezident İlham Əliyev Azərbaycanla Aİ arasında münasibətlərin çox uğurla inkişaf etdiyini və ölkəmizin bu əlaqələrin genişlənməsinə böyük önəm verdiyini diqqətə çatdırdı.

Məlum olduğu kimi, enerji təhlükəsizliyi son vaxtlarda dünyanı və xüsusən Aİ-ni düşündürən ən vacib məsələyə çevrilib. Azərbaycanın isə zəngin karbohidrogen ehtiyatları və dünya bazarlarına çıxış yolları var. Elə buna görə hazırda enerji təhlükəsizliyi məsələsi xeyli vaxtdır ki, Aİ-Azərbaycan əməkdaşlığının mühüm tərkib hissəsinə çevrilib. Qərbin Azərbaycanı özünün enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi qəbul etməsi Aİ-Azərbaycan əlaqələrini strateji səviyyəyə yüksəldib. Prezident İlham Əliyevin hələ 2006-cı ilin noyabr ayında Brüsselə səfəri zamanı imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumundan sonra əməkdaşlıq yüksələn xətlə inkişaf edib. "Cənub qaz dəhlizi” isə bu əməkdaşlığın bəhrəsidir. Aİ ilk gündən bu layihənin həyata keçirilməsinə dəstək verib və onu özünün prioritetləri sırasına daxil edib.

Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə şam yeməyində iştirak edən Prezident İlham Əliyev bu barədə danışaraq Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayıb. Dövlət başçısı bildirib ki, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrində hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları onların əməkdaşlığı çərçivəsində birgə şəkildə qorunur. Xatırladaq ki, "Cənub qaz dəhlizi" layihəsinin həyata keçirilməsi vasitəsilə Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq davam edir. Bu layihə üzrə aparılan işlərin əsas hissəsi artıq yekunlaşdırılıb. Trans-Adriatik Boru kəməri (TAP) isə inşa olunmasının ən son mərhələsindədir.

Azərbaycan Aİ münasibətlərinin bir istiqamətini də ticarət əlaqələri təşkil edir. Hazırda bu təşkilat Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ona üzv dövlətlər ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış edirlər. Azərbaycan xarici ticarət dövriyyəsinin təxminən 42 faizi Aİ üzvü olan ölkələrin payına düşür.

Ötən il Azərbaycanla Avropa İttifaqı arasında paraflanan "Tərəfdaşlıq prioritetləri" sənədi isə rəsmi Bakının həm uğurlu, həm də müstəqil xarici siyasətinin növbəti təsdiqidir. Əməkdaşlığın davamı olaraq münasibətlərdə yeni səhifə açan sənəddə qeyd edildiyi kimi, münasibətlərin daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Aİ tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Bir sıra mühüm məsələlərin yer aldığı sənəddə Azərbaycan ilə Avropa İttifaqı arasında vizaların ləğvi sahəsində dialoqun perspektivləri də əksini tapıb. Bütövlükdə bu sənəd ikitərəfli tərəfdaşlıq əlaqələrinin inkişafı üçün yeni zəmin yaradıb. Ən əsası "Tərəfdaşlıq prioritetləri"ndə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub.

Bu gün Azərbaycan tək Aİ ilə deyil, həm də bu quruma üzv ölkələrlə sıx əlaqələrə malikdir. Belə ki, Azərbaycanın bu təşkilata üzvü olan doqquz ölkə ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu əlaqələrin bütün səviyyələrdə dərinləşdirilməsi isə həm Azərbaycanın, həm Aİ-nin, həm də bu quruma üzv ölkələrin maraqlarına cavab verir. Prezident İlham Əliyevin bu günlərdə Belçikaya səfəri bu əlaqələrin gələcək inkişafına yeni töhfələr verəcək.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video