Alternative content

17:56 24 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Nicat” cəmiyyəti
“Nicat” cəmiyyəti
ANA SƏHİFƏ / Mədəniyyət
01:56 16.05.2019


Hər bir xalqın tarixində və yaddaşında xeyirxahlıq özünə daha çox yer tapır. Belə mənəvi dəyərlərimizdən biri də xeyriyyəçilikdir ki, ənənəvi hala çevrilənədək əsrdən-əsrə yol keçib. Odur ki, iyirminci yüzilliyin əvvəllərində xalqımızın maariflənməsi üçün xeyriyyə cəmiyyətlərinin yaradılması təsadüfi deyildi. Belə cəmiyyətlərdən biri Bakıda ziyalıların, eləcə də zəngin iş adamlarının təşəbbüsü və maddi dəstəyi ilə yaradılan "Nicat” idi.

1906-cı il martın 9-da təsis toplantısı keçirilən, məram və məqsədi ilk növbədə maddi cəhətdən imkansız uşaqların təhsil almalarına yardım etmək idi. Məhəmməd Əmin Rəsulzadə, Məmmədəli bəy Səlimbəyov, Həsən bəy Ağayev, Qasım Qasımov, İsa bəy Aşurbəyov, Əlimərdan bəy Topçubaşov kimi ziyalıları ətrafında cəm edən cəmiyyətin təşəbbüsü və dəstəyi ilə 1906-1910-cu illərdə Gəncədə "Mədrəseyi-ruhani”, Lənkəranda "Behcət”, Ağdaşda "Darülfənn”, Şamaxıda açılan "Üxüvvət” adlı məktəblərin tədris vəsaitləri ilə təminatı daim diqqət mərkəzində saxlanılıb. Cəmiyyətin nəzdində pedaqoji ədəbiyyat bölməsi yaradılaraq Azərbaycan dilinin orfoqrafiyasının hazırlanması istiqamətində iş aparılıb.

Əli bəy Hüseynzadə və Türkiyədən gələn naşir-pedaqoq Əhməd Kamalın Azərbaycan türkcəsinin orfoqrafiyası ilə bağlı təklifləri cəmiyyətin təsis etdiyi "Nicat” qəzetində müzakirəyə çıxarılıb.

Böyüklər üçün axşam kursları açılıb və onun da o dövrdə əhəmiyyəti az olmayıb. Bununla bağlı 1907-ci ildə cəmiyyətin illik hesabatında bildirilirdi ki, axşam kurslarının 300 nəfərədək dinləyicisi olub. Üç qrupda (bisavad, az savadlı və savadlı) fəaliyyət göstərən kurslarda Azərbaycan və rus dilləri ilə yanaşı, riyaziyyat fənni də tədris edilib.

Cəmiyyətin 4-cü rus-tatar məktəbində Əli Terequlovun rəhbərliyi altında həftədə bir gün olmaqla, üçsaatlıq cümə kursları da təşkil olunub. "Nicat”ın xətti ilə açılan ümumi qiraətxana və kitabxanalarda həmçinin gigiyena və müxtəlif xəstəliklər haqqında mühazirələr oxunub.

Təəssüf ki, hər xeyirxahlığın içərisində müəyyən nöqsan və qüsur axtarılıb. Ona görə cəmiyyətin belə nəcib təşəbbüsləri birmənalı qarşılanmayıb. Məsələn, belə bir maraqlı fakt diqqət çəkməkdədir: Bakının Maştağa kəndində Əhməd Dövlətoğlu adlı maarifpərvər bir kənd sakininin mülkündə açılan qiraətxana anlaşılmazlıq üzündən bağlanıb. Bunun səbəbi isə, əslində, heç nədir: məhəllə mollası qiraətxanaya gedərək orada qəzet oxunmasının şəriətə uyğun olmadığını deyib.

"Nicat”ın təşkilatçılığı ilə 1906-cı il 15-18 avqust tarixində Bakıda Azərbaycan müəllimlərinin ilk qurultayı keçirilib ki, bunun da ölkədə maarifçilik hərəkatının genişləndirilməsində mühüm rolu olub. Burada bir çox məsələlərlə yanaşı, Zaqafqaziya Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin Müəllimlər Seminariyasına çevrilməsi və orada Azərbaycan dilinin əsas fənn kimi tədrisi, müsəlman müəllimləri üçün pedaqoji kursların təşkil edilməsi tələbləri gündəmə gətirilib.

Milli mədəniyyətin inkişafını fəaliyyətinin prioritetlərindən birinə çevirən cəmiyyətin nəzdində təşkil olunan teatr bölməsi Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Mirzəağa Əliyev, Sidqi Ruhulla kimi dövrün məşhur aktyorları ilə yanaşı, səhnə sənətinin bir çox həvəskarlarını öz ətrafında toplamağı bacarıb. Maraqlı məqamlardan biri də əldə edilən vəsaitin ehtiyac içərisində oxuyan şagirdlər arasında bölüşdürülməsi idi.

Tağıyev teatrında Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun” operasının bu cəmiyyətin təşəbbüsü ilə (1908-ci il) göstərilib. Bununla da müsəlman Şərqində opera sənətinin əsası qoyulub.

Cəmiyyətin 14 nəfərdən ibarət olan qadınlar şurasının fəaliyyəti də yaddaşlarda yaşayır. Sənədlərdən məlum olur ki, 1908-ci il oktyabr ayının 26-da tanınmış ziyalı qadınlar - Hənifə Məlikova, Rübabə Qasımova, Xədicə Əlibəyova, Əminə Əfəndiyeva, Şərqiyyə Axundova, Səkinə Axundova, Səbirə Əbdülrəhmanova, Sara Vəzirova, Əminə Tanrıquliyeva, Xurşud Vəzirova, Səltənət Əmircanova, Rəhilə Hacıbababəyova, Qəribsultan Xanlarova və Ayşə Hacıqasımova "Nicat” maarif cəmiyyətinin qadın şöbəsini açmaq barədə qərar qəbul ediblər. Şöbənin qarşısında duran əsas vəzifə təhsil almaq istəyən müsəlman qızlara kömək etmək idi. Cəmiyyətin üzvü Xədicə Əlibəyova isə 1911-ci ildə "İşıq” adlı qəzetin redaktoru olub. Azərbaycan qadınlarının həyatında, xeyriyyə cəmiyyətlərinin işində yaxından iştirak edən "İşıq” qəzetinin ilk sayı 1911-ci il yanvarın 22-də çıxıb və 1912-ci ilin sonunadək 68 nömrəsi buraxılıb. Qəzetin "Təlimi-nisvan” ("Qadınların təlimi”), "Vəzayefe-beytiyyə” ("Məişət məsələləri”), "Hüquqi-müslümə” ("Müsəlman qadınının hüququ” və ya "Bacılarıma bir neçə söz”), təbabətə, ədəbiyyata, evdarlığa aid rubrikalarla yanaşı, "Xəbərlər”, "Elanlar” kimi bölmələrlə də oxucularını məlumatlandıran nəşrin missiyası əsasən savadsızlıqla mübarizə olub.

Pedaqoq Nabat Nərimanova, həkim Əminə Batrişina, Çayqıraqlı Həyat xanım, Həlimə Axundova, Xuraman Rəhimbəyzadə, Asya Axundova, Maral Nəbizadə və başqaları qəzetə tez-tez məqalələr, şeirlər göndərir, qadınların acınacaqlı həyatından söz açırdılar.

On il ərzində respublikada təhsil və mədəniyyətin inkişafına mühüm töhfələr verən "Nicat”ın xətti ilə 1916-cı ildə müxtəlif yerlərdə açılan bir və ikisinifli məktəblərin sayı 30-a çatmışdı. Təəssüf ki, 1917-ci ilin oktyabr çevrilişi ərəfəsində cəmiyyət fəaliyyətini dayandırmağa məcbur olub.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM