Alternative content

17:58 24 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İnsan - ali dəyərlərin inikası kimi
İnsan - ali dəyərlərin inikası kimi
ANA SƏHİFƏ / Mədəniyyət
01:54 16.05.2019


Orta əsr poeziyamızın tarixini humanizm problemlərindən kənarda tədqiq etmək qeyri-mümkündür. İnsanın tərənnümü klassik Azərbaycan ədəbiyyatının başlıca məzmun xüsusiyyətlərindən biridir. Bütün klassik Azərbaycan şeirindən qızıl bir xətlə keçən bu problem XIV əsr ədəbiyyatımızın görkəmli nümayəndəsi Nəsimi sənətinin əsas tərənnüm obyekti olmuşdur.

Şairin həyatı, sənəti və əqidəsi ilə bağlı orta əsrlər klassik ədəbiyyatımızın aparıcı tədqiqatçıları Salman Mümtaz, Həmid Araslı, Mirzağa Quluzadə, Fuad Qasımzadə, Cahangir Qəhrəmanov və bu kimi alim-mediyevistlərimiz Nəsimi dünyagörüşünə, fəlsəfə və poeziyasına xüsusi diqqət yetiriblər. Azərbaycanın hüdudlarından kənar - Türkiyədə nəsimişünaslığın görkəmli nümayəndələri F.Köprülü, A.Gölpinarlı, V.Kocatürk, İ.Olğun, Qərbdə isə H.Purqştall, E.Gibb, A.Bombaçı hürufizmin mahiyyəti və Nəsimi sənətindəki ilahi məhəbbət problemindən geniş söz açmışlar. Rus alimi V.Smirnov "ilahi hüsnün təcəllisi kimi Nəsimidə gözəlin üzünün Qurana bənzədildiyini” söyləyirdi. Professor Mirzağa Quluzadə yazırdı: "...Nəsimi heç yerdə və heç bir zaman insanı Allaha qarşı qoymur, onları birləşdirir, vəhdətdə götürür. Nəsimidə insan Allaha birləşir, onunla vahid olur və Allahın qüvvəsini, müqəddəsliyini, mənəvi hökmranlığını alır. Lakin bu zaman Nəsimidə Allah heç zaman yox olmur... insanın daxilində yaşayır, ondan ayrılmır”.


Əqidəsi yolunda fədakarlıq müqəddəsdir


Nəsimi əsərlərində insana, insan ləyaqətinə, insan qüdrətinə yüksək inam tərənnüm edilir. Hürufilər yaradıcılıq qüdrətinə böyük əhəmiyyət verirdilər. Hürufilərə görə "Allah öz varlığını insanda təcəssüm etdirmişdir”. İnsan - yüksək əxlaq, mənəvi gözəllik, ədalət, müqəddəslik, kamal və gözəllik rəmzidir. Sufilikdə, eləcə də hürufilikdə eşq ən ülvi, ən yüksək anlayışdır. "Nəsimidə isə hürufilik təriqətinə qurşanan şəxs geniş hövsələyə, mətin iradəyə malik olmalı, hər bir məşəqqətə, əzab-əziyyətə dözməli, sirr saxlamaqda möhkəm səbir nümayiş etdirməli, ideyası uğrunda ardıcıl mübariz, davamlı və sadiq olmalıdır. Əqidəsi yolunda fədakarlıq müqəddəsdir və hər adama nəsib olmaz, ona layiq olmaq lazımdır” (C.Qəhrəmanov).

Nəsimi fikri və bədii fəaliyyətinə ilk öncə təsəvvüfi ideyalarla başlamış, hürufi dünyagörüşünü qəbul etdikdən sonra da hürufizm onda təsəvvüfi çulğanışda öz təzahürünü tapmışdır.

Təsəvvüf nəzəriyyəsinin əsasını təşkil edən "vəhdəti-vücud” fəlsəfəsinə görə yeganə bir varlıq varsa, o da görünməz və görünən məqamları özündə birləşdirən Tanrı - Allahdır. Onun mahiyyəti görünməz, sifətləri isə nisbi varlıq kimi görünəndir. Kamil insan nəzərini hara yönəldirsə, güzgüdə olduğu tək Tanrı gözəlliyi ilə qarşılaşacaq, "Onu” görəcəkdir. İnsan xüsusilə təsəvvüfdə mərkəzi yer tutur, kamil insan və Tanrı vəhdətdə alınır.


Həqiqətə yetişən insan Allahla birləşir


Ancaq insanın da qarşısında ülvi bir məqsəd - ilahi gözəlliyə çatmaq və qovuşmaq məqsədi durur. Kamil insan İlahi sifətlərin aynası, haqqın kamal surətidir. İlahi təcəlli ilk növbədə kamil insanda öz təzahürünü tapır. Kamil insan "mən”ini yox etmiş, içində yalnız Allahın sözləri ilə danışan bir Tanrıdır. Kamil insanın kəlamı Allah kəlamıdır. Mənəvi təkamül yolu ilə saflaşan insani tərənnüm Nəsimi şeirindən qızıl bir xətlə keçir. Onun yaradıcılığının əsl çıxış nöqtəsi olan bu problem XIV əsrdə şairin qəzəllərində hürufi ideyalarına bürünərək təqdim olunur, həqiqətə yetişən insan Allaha çatır, Allahla birləşir, öz "mən”ini Allahda əridir. Tanrı ilə insan arasında "mən” və "o” məfhumları öz mahiyyətini itirir, "mən” "O” ya, "O” "mən”ə çevrilir və bu zaman insana "Ənəl həq”- "Mən Allaham” deyə maddi dünyasında da Tanrı dünyasının ilahi gözəlliyi və əsrarəngizliyini görmək nəsib olur, bütün yaranmışlarda Allahın həqqin-həqiqətin təzahürü ilə qarşılaşır. İnsan - Allahdır, Allah-mənəm, Allah-sənsən, hər yerdə ki, kamil İnsan vardır, Allah da içindədir. Allahı kamil İnsan mənəviyyatında axtarıb tapmaq lazımdır.

Həq taala adəm oğlu özüdür,

Otuz iki həq kəlamı sözüdür,

Cümlə aləm bil ki, Allah özüdür,

Adəm ol candır ki, günəş yüzüdür.

Eşqü məşuqü aşiq oldu yar,

"Leysə fiddara ğeyrana dəyyar”.

"Leysə fiddara ğeyrana dəyyar” cümləsinin ərəb dilindən tərcümədə mənası: "evdə bizdən başqa heç kəs yoxdur”. Bu sözlərlə Nəsimi demək istəyir ki, insan öz vəzifələrini və varlığın sirlərini biləndən sonra guya Allah ilə birləşir, aradan ikilik gedir, "əğyar” yəni ilahi ruha yad olan hər şey məhv olur, arada tək bir varlıq qalır.

Ənəl həq çağırır cəngü dəfü ney

Yalançı la ila İllayə düşmüş

Nəsimi bu beytdə öz vəhdəti-vücud görüşünü ifadə edərək deyir ki, cəng, dəf, ney, yəni hər şey "mənəm Allah” çağırır, Allah hər yerdədir, "La ila İlla”, yəni "Allahdan başqa heç bir şey yoxdur” fikri isə yalandır. Əlbəttə Nəsimi burada heç də Allahı inkar etmir, onun təbiətdə, əşyada, hər yerdə təzahür etdiyini ifadə edir. Nəsimi üçün nəinki dini ayrılıq, eləcə də xəlqi, irqi ayrılıq da əsas deyildi. Nəsimiyə görə "əzəmi məhəbbətin vacib şərtlərindən biri də məhz şairin dünyagörüşündə mühüm olan və yaradıcılığından bariz şəkildə keçib gedən bu təfəkkür tərzi insana dinindən, irqindən, milli xüsusiyyətlərindən asılı olmayaraq eyni gözlə, eyni sevgi ilə yanaşması olmuşdur.

Ey həqiqi hər yerdə hazırdır deyən əyrinəzər,

Bəs nə mənidən seçirsən Kəbədən bütxanəni.


Gözəllik elə həyatdadır


Klassik irsimizin görkəmli tədqiqatçısı professor R.Azadə yazırdı: "Yer üzərindəki bütün mövcudat Allahın - uca Tanrının məzhəridir, demək, gözəllik də elə həyatdadır. Əgər insan ilahi varlığın atributlarından biri sayılırsa, müqəddəsdir və pərəstişə layiqdir. Məhəbbət ilahidən gəlmədir. Tanrının Allahın təqdiri ilə yer övladına ünvanlanan ruhani-mənəvi sevgidir”. "Nəsimi şeirində İnsan, gözəllik və məhəbbət vəhdətdədir” məqaləsində alim yazır: "İnsan və insanın tərənnümü sənətin əsas mahiyyətini təşkil edir. İnsan sənətin həmişə diqqət mərkəzində durmuşdur... İnsan böyük bir qüvvədir, İnsan həyatın bəzəyidir, İnsan, onun amalı, mənəviyyatı müqəddəsdir”. Nəsimi poeziyasının nüvəsində fəlsəfi-irfani bir varlıq kimi Tanrı-Allah və özündə "ilahi nuru” gəzdirən insan amili durur. Bu İnsan şairin gözəllik və məhəbbət vəhdəti ilə səciyyələnir. Doğru deyilmişdir ki, "klassik sənətkarların ölməzliyinin sirri onların öz dövründə düşünməsi deyil, bizim dövrümüzə hansı mənəvi dəyərləri ünvanlaması ilə şərtlənir” (C.Məmmədquluzadə).

Kamil gözəllik və onun səcdəsində duran lirik "mən” - Nəsimi bədii irsini səciyyələndirir. Nəsimi dühasının işığı xalqına çatdıra bildiyi mənəvi mirasla ölümsüzlük qazanmışdır.

Fəridə ƏZİZOVA,

filologiya elmləri doktoru



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM