Alternative content

17:59 24 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ-Çin ticarət müharibəsi yenidən alovlanır
ABŞ-Çin ticarət müharibəsi yenidən alovlanır
ANA SƏHİFƏ / DÜNYA
01:52 16.05.2019


Tərəflər prinsipial məsələlərdə güzəştə getmək fikrində deyillər


Dünyanın iqtisadi cəhətdən iki ən güclü dövləti - ABŞ və Çin Xalq Respublikası arasında davam edən ticarət müharibəsində yeni mərhələ faktiki olaraq artıq başlamışdır. Xatırladaq ki, ticarət müharibəsi ötən il iyulun 6-da Vaşinqton və Pekinin gömrük rüsumlarını qarşılıqlı olaraq qaldırması ilə start götürmüşdür. Daha sonra avqust və sentyabrda ABŞ və Çin bir daha rüsum mübadiləsi etmişdir.

Keçən ilin dekabrında ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin Argentinada görüşərək üç ay ərzində ticarət sazişi bağlamağa yönəlik tədbirlər görmək barədə razılaşma əldə etmişlər. Bu razılaşmadan sonra Tramp bəyan etmişdi ki, yanvarın 1-dən etibarən ABŞ-a idxal edilən 200 milyard dollarlıq Çin məhsullarına qoyulan rüsumları, əvvəllər planlaşdırdığı kimi, 10 faizdən 25 faizə qaldırmayacaq.

Lakin göstərilən müddət bu il martın 1-də başa çatsa da, tərəflər ticarət sazişinə nail ola bilmədi. Bununla belə, Tramp ticarət danışıqları uğurla davam etdiyinə və Vaşinqton üçün doğru istiqamətdə getdiyinə görə rüsumları artırmamağa hazır olduğunu bildirmişdi. Cari ayın əvvəllərində isə ABŞ administrasiyasının ticarət danışıqlarının gedişinə münasibəti dəyişdi və yüksək rüsumların tətbiqi məsələsi gündəliyə qayıtdı. Tramp buna səbəb kimi danışıqların çox ləng getdiyini göstərirdi. Odur ki, Vaşinqton mayın 10-da Çinin 200 milyard dollarlıq məhsullarına 10 faizlik rüsumu 25 faizə qaldırdı. Üstəlik, Tramp növbəti addım kimi səlahiyyətli orqanlara Çindən idxal edilən daha 300 milyard dollarlıq məhsullara qoyulan rüsumları artırmaq prosesinə başlamağı tapşırmışdır. Bu isə o deməkdir ki, Çinin ABŞ-a praktik olaraq bütün ixracatına yüksək rüsumlar tətbiq olunacaq. Yeni tariflər barədə məlumatın mayın 14-də açıqlanacağı bildirilmişdi. Amma Tramp hələ də gözləyir və ümid edir ki, Çinlə danışıqların gedişində qarşıya qoyduğu məqsədə nail olacaq.

Öz növbəsində Çinin ABŞ-a cavabı özünü çox gözlətmədi. Pekin ABŞ-dan idxal olunan 60 milyard dollarlıq məhsullara iyunun 1-dən etibarən yüksək rüsumlar tətbiq etmək barədə qərar qəbul etmişdir. Yeni rüsumlar 5140 əmtəə növünə şamıl ediləcək. Həmin əmtəə növlərinin 2493-nə qoyulan rüsumlar 10 faizdən 25 faizə, qalanlarına qoyulan rüsumlar isə 5 faizdən 20 faizə qaldırılacaq.

Qarşılıqlı yüksək rüsum mübadiləsinə baxmayaraq, ABŞ-la Çin arasında ticarət münaqişəsini həll etmək üçün ikitərəfli təmaslar davam edir. Bu yaxınlarda ABŞ-ın maliyyə naziri Steven Mnuçinin başçılıq etdiyi nümayəndə heyəti Pekində səfərdə olmuşdur. Məlumata görə, tərəflər mövcud problemlərin həlli istiqamətində irəliləyiş əldə edə bilməmişdir.

Ticarət danışıqlarında durğunluğun yaranmasında tərəflərdən heç biri özünü günahkar saymır. Tramp və digər ABŞ rəsmiləri hesab edirlər ki, Çin məsləhətləşmələr zamanı əldə olunmuş razılaşmalardan geri çəkilir və ona görə də Vaşinqton Pekini cəzalandırmaq üçün yüksək rüsumlar tətbiq etmək məcburiyyətində qalır. Çin tərəfi isə bu ittihamı qətiyyətlə rədd edir. ÇXR Ticarət Nazirliyinin rəsmi nümayəndəsi Qao Fen bildirmişdir ki, Çin verdiyi vədləri yerinə yetirir və bu davranış heç vaxt dəyişməmişdir. O qeyd etmişdir ki, rüsumlar problemin həlli deyil, çünki yüksək tariflər ABŞ şirkətlərinə, amerikalı istehlakçılara və bütün dünya iqtisadiyyatına mənfi təsir göstərə bilər.

Eyni zamanda ABŞ-ın təzyiqinə baxmayaraq, Çin tərəfi prinsipial mövqeyindən geri çəkilmək fikrində deyil. ÇXR-in ABŞ-la ticarət danışıqlarında nümayəndə heyətinin rəhbəri, Dövlət Şurası Baş nazirinin müavini Lyu He bəyan etmişdir ki, onun ölkəsi ticarət məsləhətləşmələrinin gedişində özü üçün prinsipial hesab etdiyi məsələlərdə güzəştə gedə bilməz: "Hazırda tərəflər bir çox məsələlərə münasibətdə qarşılıqlı anlaşmaya nail olmuşdur. Amma ixtilaflar da qalır. Fikir ayrılığı əsasən mühüm prinsipial məsələlərə aiddir. Hər bir tərəfin özünün mühüm prinsipial məsələləri var. Bu məsələlərdə biz heç bir halda güzəşt edə bilmərik”.

Aydındır ki, ticarət danışıqlarında tərəflər güzəştə getməyəndə gərginliyin artması və ticarət müharibəsinin var qüvvə ilə alovlanması qaçılmaz olur. Hazırda ABŞ-Çin münasibətləri məhz bu vəziyyətdədir.

Şübhəsiz, gərginliyin artması həm iki ölkənin, həm də bütövlükdə dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Bir sıra ekspertlər əmindirlər ki, Vaşinqton və Pekin hətta ticarət sazişi əldə etsə belə, dünya ABŞ-Çin münasibətlərinin uzunmüddətli pisləşməsinə hazırlaşmalıdır. Belə ki, ticarət münaqişəsi aysberqin yalnız görünən hissəsidir, ABŞ-Çin rəqabəti indi-indi başlayır. Vaşinqton Çinin timsalında ABŞ-ı dünyada iqtisadi, siyasi və hərbi liderliyinə müqavimət göstərən rəqib kimi görür.

Bu arada ABŞ-Çin ticarət müharibəsinin bütün dünya üçün doğuracağı fəsadlar barədə elə indidən söhbət gedir. Müşahidəçilər xəbərdarlıq edirlər ki, Trampın bəyanatlarına baxmayaraq, ABŞ yüksək gömrük rüsumlarının tətbiqindən qazanclı çıxmayacaq. Doğrudur, rüsumları amerikalı idxalatçılar ödəyəcək, sonra isə əlavə xərcləri müştərilərinin üzərinə qoyacaqlar. Başqa sözlə, ABŞ bazarında satılan Çin məhsullarının qiyməti artacaq, nəticədə alıcı qənaətcil olacaq və istehlak azalacaq. Bundan başqa, ABŞ şirkətləri Çinin cavab tədbirləri ilə qarşılaşaraq satış bazarında əvvəlki güclü mövqeyini itirməli olacaq. Çətinliklərlə üzləşən Amerika qlobal iqtisadiyyatı ləngidəcək.

Eyni sözlər Çinə də aiddir. Özü də ticarət müharibəsi yalnız bu iki ölkəyə ziyan vurmayacaq. Başqa ölkələr, xüsusilə iki digər iqtisadi nəhəng - Avropa İttifaqı və Yaponiya hələlik gözləmə mövqeyindədir, vəziyyəti nizama salmaq üçün vasitəçilik etməyi düşünmür. Bəlkə də, Brüssel və Tokio hesab edir ki, iki rəqib bir-biri ilə mübarizə aparırsa, bir-birini zəiflədirsə, deməli, Avropa İttifaqı və Yaponiya uduşdadır. Lakin bu yalnız yaxınmüddətli perspektivdə belə ola bilər. Mübahisə necə qurtarırsa-qurtarsın, ABŞ-Çin ticarət münaqişəsi dünya iqtisadiyyatına ancaq mənfi təsir göstərəcək. Yeri gəlmişkən, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının məlumatına görə, Vaşinqton-Pekin ticarət qarşıdurması ucbatından 2020-ci ildə dünya ticarətinin artımı 0,4 faiz aşağı düşəcək.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM