15 May 2019 11:28
699
İQTİSADİYYAT
A- A+

Bakıda aqrar və qida sahəsi üzrə regionun ən ixtisaslaşmış sərgiləri işə başlayıb


Mayın 15-də Bakı Ekspo Mərkəzində 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi, 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı, Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya, 13-cü Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar sərgiləri öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov sərgilərin aqrar və qida sahəsində ən böyük tədbirlərdən biri olduğunu qeyd edib. Nazir, həmçinin Prezident İlham Əliyev tərəfindən ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən aqrar sahədə həyata keçirilən mütərəqqi islahatlardan söz açıb. Bildirib ki, kənd təsərrüfatı sahəsində qarşıda duran prioritet məsələlərdən biri də innovasiya və yeni texnologiyaların tətbiqidir. Bu baxımdan sərgi iştirakçıları nümayiş etdirilən startaplar və innovasiya sahəsində ən son yeniliklərlə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Aqrar sahənin sürətlə inkişaf etdiyini deyən İ.Kərimov diqqətə çatdırıb ki, cari ilin ilk rübündə kənd təsərrüfatında 3,6 faiz artım olub.

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində atılan addımlardan və iş adamları üçün yaradılan əlverişli biznes mühitindən danışıb. Diqqətə çatdırılıb ki, AQTA sərgidə 2 pavilyonla təmsil olunur.

Mərasimdə çıxış edən Belarus Respublikası Baş nazirinin müavini İqor Lyaşenko isə deyib ki, ölkəsi sərgilərdə 30 şirkətlə təmsil olunur. O, Azərbaycanda kənd təsərrüfatı, eləcə də qida təhlükəsizliyi sahələrinin sürətlə inkişaf etdiyini vurğulayıb.

Bildirib ki, Azərbaycan və Belarus bu sahələrdə sıx əməkdaşlıq edir. Kənd təsərrüfatı texnikasının istehsalı üzrə birgə müəssisələr yaradılır və proses davam edəcək.

Qeyd edək ki, sərgilər 32 ölkəni təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu bir araya gətirib. Ötən illə müqayisədə sərgilərin ekspozisiya sahəsi 20 faiz artıb. Eksponentlərin 70 faizini xarici şirkətlər təşkil edir.

Builki "Caspian Agro” sərgisi öz tarixinin ən genişmiqyaslı tədbirini keçirir. Sərgi 26 ölkəni təmsil edən 240 şirkət nümayəndələrini bir araya gətirib. Gürcüstan və Niderland Krallığı sərgidə milli qruplarla iştirak edir. Sərgidə ənənəvi iştirakçılar ilə yanaşı, debüt edən ölkə - Mərakeş də yer alır. Sərgidə debüt edən şirkətlərin sayı tədbir iştirakçılarının 40 faizinə bərabərdir.

"Caspian Agro 2019” sərgisinin iştirakçıları regionda ən böyük ekspozisiyanı təqdim edirlər. Buraya suvarma sistemləri, istixanalar üçün avadanlıqlar, parniklər, heyvandarlıq sahəsi üçün avadanlıqlar, heyvan yemləri, toxumlar, kənd təsərrüfatı texnikası, baytarlıq preparatları, laboratoriya avadanlıqları, heyvandarlıq və quşçuluq, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin becərilməsi və sair daxildir. Kənd təsərrüfatı məhsulları və avadanlıqlarının geniş çeşidi, suvarma və sulama sistemləri, istixanalar və yerli istehsalçıların digər məhsulları "Made in Azerbaijan" brendi ilə sərgidə təqdim olunur.

Bir çox illər ərzində sərgiyə dəstək vermiş Kənd Təsərrüfatı Nazirliyi sərgi çərçivəsində ilk dəfə olaraq 3-cü sərgi zalında, eləcə də açıq platformada innovativ stend ilə iştirak edir. Stenddə ölkənin kənd təsərrüfatı sahəsindəki ən son nailiyyətlər, eləcə də ən son sənaye yenilikləri nümayiş olunur. Həmçinin stenddə nazirlik tərəfindən dəstəklənən perspektivli "startaplar” geniş təqdim edilir. Bu təşəbbüs çərçivəsində tələbələr və gənc mütəxəssislər öz innovativ layihələrini sənayenin aparıcı iştirakçılarına nümayiş etdirmək, dəyərli təcrübə və dəstək almaq imkanı qazanırlar.

Sərgisi növbəti dəfə kənd təsərrüfatı kompleksinin bütün mütəxəssisləri, eləcə də fermerlər, kənd təsərrüfatı məhsullarının distribüterləri və Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafında maraqlı olan və bu prosesdə fəal iştirak edən hər kəs üçün görüş yerinə çevrilib.

Bu il 25 illik yubileyini qeyd edən "WorldFood Azerbaijan” sərgisi öz qapılarını ziyarətçilərin üzünə ilk dəfə 1995-ci ildə açıb və o vaxtdan etibarən həm Azərbaycanda, həm də regionda mütəxəssislər arasında artan nüfuza malikdir. Sərgi 25 illik uğurlu fəaliyyəti ərzində 40-dan çox müxtəlif ölkəni təmsil edən 2137 şirkəti bir araya gətirib. Nəticədə bu şirkətlərin çoxu Azərbaycanda distribüter tapıb və uğurlu biznes qurub. Sərgi qida sənayesinin aparıcı yerli və beynəlxalq istehsalçıları, distribüterləri və ixracatçılarının unikal görüş yeri olub.

"WorldFood Azerbaijan 2019” sərgisində 19 ölkədən 189 şirkət iştirak edir. Sərgi iştirakçıları arasında Azərbaycan, Litva, Rusiya, Sloveniya, Ukrayna, Xorvatiya və digər ölkələri təmsil edən şirkətlər yer alır. Bu il İtaliya, Türkiyə və Şri-Lanka tədbirdə milli stendlərlə çıxış edir. Ənənəvi olaraq, sərgidə Rusiyanın Başqırdıstan, Penza, Varonij, Vladimir, Kabarda-Balkar kimi regional qrupları da iştirak edir. Bu il sahəsi genişlənmiş Belarusun milli stendinin ekspozisiyası eyni anda iki zalda - ikinci və sərginin tarixində ilk dəfə açılmış üçüncü zalda təqdim edilir.

Ənənəvi olaraq, "Made in Azerbaijan" brendi ilə sərgidə geniş çeşiddə qida məhsulları, ət və süd məhsulları, çay, bal, şirələr və milli istehsalçıların digər məhsulları, həmçinin metal konstruksiyalar təqdim olunur. Sərginin sektorları arasında: "WorldFood” - qida sənayesi, "WorldDrink” - içkilər, "WorldFoodTech” texnologiyalar sektorları yer alır. Bu sektorlarda Azərbaycanın və bir sıra xarici ölkələrin təmsilçiləri qənnadı məmulatları, ət və süd məmulatları, şirələr, çay məhsulları, qəhvə, eləcə də meyvə-tərəvəzlər üçün avadanlıqlar, metal konstruksiyalar, markalama avadanlıqları və sair kimi məhsul və xidmətlərin geniş çeşidini təqdim edirlər. Sərgidə debüt edən şirkətlər tədbir iştirakçılarının 40 faizinə bərabərdir.

Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə qida sənayesi sahəsində fəaliyyət göstərən startaplar, mikro və kiçik sahibkarlıq subyektləri öz məhsul və xidmətlərini təqdim edirlər. Mikro və kiçik sahibkarlar üçün nəzərdə tutulmuş stenddə sahibkarlıq subyektləri tərəfindən meyvə quruları, süd və süd məhsulları, bal, milli sağlam qidalar, meyvə suları, bitki çayları, müxtəlif yağlar, şokolad və sair məhsullar, eləcə də bu sahədə xidmətlər təqdim olunur.

Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya Sərgisində isə Azərbaycan, Türkiyə, Xorvatiya və digər ölkələri təmsil edən iştirakçılar hazır qablaşdırma və etiketləri, qablaşdırma və markalama avadanlıqlarını, taraları, qablaşdırma məhsullarını istehsal etmək üçün material, xammal və avadanlıqları təqdim edirlər.

Qafqaz "HOREX Caucasus” ilk dəfə olaraq yuxarıda qeyd edilmiş sərgilər ilə eyni platformada keçirilir. Sərginin bu formatı səmərəli əməkdaşlığa yeni təkan verəcək və eksponentlərin qarşısında yeni imkanlar açır. Sərgidə Azərbaycan, Belarus, Rusiya, Türkiyə, Ukrayna və bir sıra digər ölkələri təmsil edən iştirakçılar ilə distribüter və istehsalçılar arasında qarşılıqlı faydalı sövdələşmələrin imzalanması üçün görüşlər keçirilir, habelə mehmanxana, restoran və super-marketlər üçün peşəkar soyuducu avadanlıqlar, mətbəx avadanlıqları, hava təmizləyici sistemlər, mebellər, qablar, turizm üçün mallar (odluqlar, manqallar, qazanlar, şişlər, hisə vermə sobaları), çörəkxana və qənnadı avadanlıqları nümayiş olunur.

Sərgi çərçivəsində təşkilatçılar tərəfindən zəngin işgüzar proqram hazırlanıb. Belə ki, sərginin keçiriləcəyi günlər ərzində müxtəlif treninq, seminar və işgüzar görüşlər təşkil ediləcək.

Həmçinin Azərbaycanda ilk dəfə olaraq Turizmə Dəstək və Milli Qastronomiya Təşkilatı və "chefs.az” internet resursunun təşkilati dəstəyi ilə "Chefs Cup” aşpazlar çempionatı keçiriləcək. Sözügedən tədbir Azərbaycanda qastronomik turizmin inkişafına töhfə verəcək. Müsabiqədə iştirak müxtəlif kulinariya sahələrini təmsil edən komandaların öz yüksək peşəkarlıq, istedad və beynəlxalq standartlara cavab vermək istəyini nümayiş etdirməsinə imkan yaradacaq.

Tədbir çərçivəsində artıq 200-dən çox görüş planlaşdırılıb. Bu görüşlər bütün mövcud işgüzar əlaqələrin gücləndirilməsi və biznesin inkişafı üçün yeni imkanlar axtarışı baxımından əla fürsətdir.

"WorldFood Azerbaijan” sərgisində "Rusiya İxrac Mərkəzi” SC və "Caspian Event Organisers” şirkəti tərəfindən "Russian Gastro Week” – "RGW Azərbaycan” tədbirlər silsiləsi çərçivəsində Rusiyanın işgüzar missiyası da iştirak edir. Missiyanın gedişində bazarın monitorinqi və Rusiya məhsullarının Azərbaycana idxalı mövzusunda dəyirmi masa təşkil olunur, alıcı-topdan satış şirkətləri ilə görüşlər keçirilir. İşgüzar missiyaya Rusiyanın qida məhsulları istehsalçıları və yerli sahibkarlar arasında keçirilən "B2B” formatlı görüşlər də daxildir. Onların arasında distribüterlər, ticarət şəbəkələrinin nümayəndələri, habelə qida məhsulları bazarının və qonaqpərvərlik sahəsinin peşəkar iştirakçıları yer alır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video