Alternative content

21:19 22 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Özünüməşğulluq - işsizlikdən kiçik ailə biznesinə keçmək imkanı
Özünüməşğulluq - işsizlikdən kiçik ailə biznesinə keçmək imkanı
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:58 15.05.2019


İlham ƏLİYEV: "Azərbaycanda özünüməşğulluq proqramının həm məşğulluq, həm iqtisadi inkişaf, həm də istehsal baxımından çox böyük gələcəyi var”


1991-ci ilin dekabrında dünyanın nəhəng və söz sahibi ölkələrindən biri - SSRİ-nin süqutu ilə faktiki müstəqilliyinə qovuşan Azərbaycanın da seçdiyi liberal bazar iqtisadiyyatının sübuta ehtiyacı olmayan üstünlükləri ilə bərabər, sosial bərabərsizlik kimi hamı tərəfindən qəbul edilməyən cəhəti də var.

Xüsusən iqtisadiyyatı və ideoloji təbliğatı sosial bərabərlik üzərində qurulan keçmiş sovetlər birliyində yaşamış adamlar üçün bu cəhət indi də aktualdır. Baxmayaraq ki, o, sosial ideologiya olaraq ölkənin, yaxud dövlətin özü kimi 28 ilə yaxındır süquta uğramışdır, həmin təbəqə hələ də eyni cür pis dolanışığı müxtəlif səviyyədə yaxşı yaşamaqdan üstün tutur.

Bunun bir səbəbi utopik kommunist təbliğatı ilə formalaşıb daşlaşmış şüurla bağlıdırsa, digər səbəbi yeni iqtisadi münasibətlərin tələblərindən baş çıxarmamaqla və ya el arasında deyildiyi kimi, bacarıqsızlıqla əlaqədardır.

Bununla belə, biz liberal bazar münasibətlərinin şərtlərinin hamının öhdəsindən gələ biləcək qədər asan olduğunu da iddia etmirik. Belə olsaydı, müstəqilliyinin yaşı heç 30-a çatmayan Azərbaycanı demirik, hətta bazar münasibətlərinin oturuşduğu inkişaf etmiş ölkələrdə cəmiyyət maddi cəhətdən məlum səviyyədə təbəqələşməzdi. Kiminsə milyonları və milyardları fonunda bir başqasının iş, yaxud başının üstünə dam axtarması liberal bazar iqtisadiyyatı üçün adi və qəbuledilən haldır.

Amma ilk baxışdan təzadlı görünən bu yolu seçmiş ölkələrdə dövlətin, hökumətin boynuna ikincilərin sosial problemlərini həll etmək kimi bir missiya da düşür. Və çox yaxşı haldır ki, Azərbaycanda dövlət bu missiyanın öhdəsindən layiqincə gəlir. "Bizim bütün iqtisadi fəaliyyətimizin məqsədi əhalinin sosial müdafiəsini gücləndirməkdir” deyən Prezident İlham Əliyev bunu həyata keçirdiyi islahatlar və həmin çərçivədə imzaladığı fərman və sərəncamlarla sübut edir. Təkcə cari ilin əvvəlindən reallaşmağa başlamış sosial paketə daxil olan tədbirlərin ölkə əhalisinin təxminən üçdəbirini əhatə etməsi İlham Əliyevin bu istiqamətdəki hədəflərinin aydın göstəricisidir.

Dövlət başçısının son illər sosial sahədə xüsusi diqqət və əhəmiyyət verdiyi məsələlərdən biri də özünüməşğulluqdur. Təsadüfi deyil ki, özünüməşğulluq əmək ehtiyatlarından dolğun istifadənin təmin olunması, əhalinin məşğulluq imkanlarının artırılması baxımından ölkənin dayanıqlı və uzunmüddətli inkişafını təmin edən dövlət siyasətinin strateji məqsədləri sırasındadır. Dövlət başçısının təşəbbüsü və tapşırığı əsasında icra edilən bu sosial proqram çərçivəsində aztəminatlı ailələrin fərdi təsərrüfatlara sahib olmaları onların dövlət yardımından asılılığının aradan qalxmasına, öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına şərait yaradır. Məhz bu amilləri əsas tutan Prezident Nazirlər Kabinetinin 2019-cu ilin ilk rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında özünüməşğulluq proqramının əhəmiyyətini bir daha qeyd etmişdir. "İş yerlərinin yaradılması üçün, əlbəttə ki, vacib amillərdən, vasitələrdən biri özünüməşğulluq proqramıdır. Biz buna da başlamışıq. Bu proqram çox böyük rəğbət qazanıb. Biz hər il özünüməşğulluq proqramı çərçivəsində təqribən 7 minə yaxın insanı işə cəlb etmək fikrindəyik. Ancaq yerlərdən gələn sifarişlər qat-qat çoxdur. Bunu biz nəzərə almalıyıq və öz planımıza düzəlişlər etməliyik” deyən dövlət başçısı Azərbaycanda özünüməşğulluq proqramının həm məşğulluq, həm iqtisadi inkişaf, həm də istehsal baxımından çox böyük gələcəyinin olduğunu vurğulamışdır.

Bu perspektivi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumatlar da təsdiqləyir. Məlumatda bildirilir ki, özünüməşğulluq proqramı üzrə verilmiş aktivlər hesabına yaradılan təsərrüfatların 83 faizi kənd təsərrüfatı (maldarlıq, quşçuluq, əkinçilik, arıçılıq, bağçılıq, istixana yaratma və s.), qalan hissəsi isə xidmət və istehsal sahələrini əhatə edir. Həmin təsərrüfatlar ölkədə qeyri-neft sektorunun inkişafına və bu sektorda məhsul istehsalının artımına, üstəlik gələcəkdə vergitutmaların əhatə dairəsinin genişlənməsinə əlavə dəstək verir. Ayrı-ayrı iqtisadi fəaliyyət növləri ilə yanaşı, xalçaçılıq, misgərlik və s. üzrə də ailə təsərrüfatları yaradılır ki, bu da eyni zamanda qədim xalq sənəti növlərinin yaşadılmasına hesablanıb.

Ümumiyyətlə, adıçəkilən nazirlik tərəfindən icra olunan özünüməşğulluq proqramına 2018-ci ildə cəlb edilənlərin sayı 2017-ci illə müqayisədə 6,5 dəfə artaraq 7896 nəfərə çatmışdır. Bu vətəndaşlar ilkin mərhələdə Beynəlxalq Əmək Təşkilatının təlimçiləri tərəfindən keçirilən kurslara cəlb edilmişlər. Kurslarda onlara kiçik ailə biznesinin təşkili, idarə olunması və inkişaf etdirilməsi üçün zəruri bilik və bacarıqlar öyrədilmişdir. Təlim kursunu uğurla bitirən və qiymətləndirmələr zamanı biznes planları keçərli hesab edilən 7267 nəfər proqramın iştirakçısı olmuşdur. Onu da bildirək ki, iştirakçılara biznes-planlarına uyğun aktivlər (mal-materiallar) verilərkən onların keyfiyyətinə nazirlik tərəfindən ciddi nəzarət olunur və bu barədə proqram iştirakçılarının rəyi nəzərə alınmaqla akt tərtib edilir.

Proqrama cəlb olunmaq üçün müraciət edənlər arasında həssas qruplara aid vətəndaşlara üstünlük verilməsi də xüsusi vurğulanmalıdır. Belə bir yanaşmanın nəticəsidir ki, ötənilki proqram iştirakçılarından 1255 nəfəri məcburi köçkünlər, 816 nəfəri ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, 913 əlil şəxslər, 1026 nəfəri gənclər, 158 nəfəri şəhid ailələrinin üzvləri olmuşlar. Bu şəxslərin hamısı proqram çərçivəsində verilən aktivlər hesabına öz kiçik ailə təsərrüfatlarını yaratmışlar. Baxış zamanı proqram iştirakçılarının təsərrüfatlarını nəinki normal idarə etdikləri, hətta fəaliyyətlərini genişləndirmək üçün səylə çalışdıqları müşahidə olunmuşdur.

Yeri gəlmişkən, özünüməşğulluq proqramının genişlənməsinə, bu proqram vasitəsilə kənd təsərrüfatının mühüm sahəsi olan bağçılığın inkişafına Heydər Əliyev Fondu fəal dəstək verir. Bu dəstəyin sayəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilən "Sosial bağlar” layihəsi üzrə 41 rayonda həssas qrupları əhatə edən 125 ailə üçün intensiv meyvə bağları, tərəvəz və bostançılıq təsərrüfatları yaradılmışdır. Cari ildə də davam edən layihənin iştirakçıları deyirlər ki, qısa müddətdən sonra artıq bağlardan yaxşı gəlir götürə biləcəklər.

Proqramın icrası çərçivəsində aparılan işlər eyni zamanda ölkədə ailə təsərrüfatlarının sayının artmasına şərait yaradır ki, bu da əmək resurslarının səmərəli məşğulluq imkanlarını artırmaqla bərabər, iqtisadiyyatda mühüm faktorlardan sayılan ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar açır. Bu fikirlərin arxasında real faktların dayandığını sübut etmək üçün proqram sayəsində işsizdən kiçik ailə biznesi sahibinə çevrilmiş bir neçə konkret misal çəkək.

Gəncə şəhərindən olan Şərqiyə Abbasova və Rauf Abbasov özünüməşğulluq proqramı çərçivəsində çörək-şirniyyat istehsalı üzrə kiçik müəssisə yaradıb və bununla onlar ələbaxımlıqdan qurtulublar. Neftçala sakini Sona Hüseynova isə deyir ki, rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatda olub: "İşləmək istəyirdim. Arzumsa sahibkar olmaq, istehsalyönümlü kiçik müəssisə yaratmaq idi. Amma buna maddi imkanım yox idi. Odur ki, özünüməşğulluq proqramı barədə eşidəndə çox sevindim. İştirak üçün müraciət etdim və ailəmizin müəyyən potensialı nəzərə alınaraq proqrama cəlb olundum. Əvvəlcə təlim kursunda kiçik biznesin təşkili və idarə edilməsini öyrəndim. Kursu bitirəndən sonra biznes-planım bəyənildi və istədiyim aktivlər, materiallar verildi. Bu gün artıq çörək və şirniyyat məmulatları istehsal edən kiçik ailə müəssisəmiz var. Artıq özünüməşğulluq proqramı hesabına işsizdən kiçik sahibkara çevrilmişəm deyə bilərəm”.

Qazaxlı Rəşid Namazov və Ümid İsmayılov isə işsiz vətəndaşların proqrama cəlb olunmasında həssas qruplara üstünlük verilməsindən razılıq edirlər. Çünki əlil olmalarına baxmayaraq, onlar proqrama çox rahat qoşulublar və verilmiş heyvanlar hesabına öz heyvandarlıq təsərrüfatlarını yaradıblar. İmişli rayonundan Nadir Əliyev, Zaur Mustafayev, Seymur Cəfərov da həssas qruplardan olanlara proqramda geniş iştirak imkanının yaradılmasını humanist addım kimi dəyərləndirirlər: "Bizdə də proqrama qoşulanların əksər hissəsi əlillər, müharibə veteranları, evində sağlamlıq imkanları məhdud uşağı olanlar, məcburi köçkünlər, sosial yardım alanlar, aztəminatlılardır. İşsiz olan insanların öz səmərəli məşğulluqlarını qurmaları və ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramı əsasında təmənnasız dəstək verilməsi, mal və materialların hədiyyə edilməsi kiçik güzəşt deyil. Bizi də bu proqram çərçivəsində heyvandarlıq üzrə ailə təsərrüfatımızı yaratmaq üçün mal-qara ilə təmin etdilər. Yaxşı bilirik ki, artıq bundan sonrakı işlərimiz öz səylərimizdən asılıdır”.

Çox yaxşı haldır ki, bu proqram Cocuq Mərcanlıda da icra olunur. Kənddə yaşayan 25 ailəyə heyvandarlıq üzrə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün mal-qara verilib. İndi onlar təsərrüfatlarını genişləndirməklə məşğuldurlar. Nazirliyin məlumatına görə, cari ildə də daha bir qrup Cocuq Mərcanlı sakininin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulur. Söz ki cəbhə bölgəsindən düşdü, Tərtəri qeyd etməmək düzgün olmazdı. Tərtərli proqram iştirakçıları Məhiyyədin Rəhimov, Gülyanaq Əliyeva, Elşən Kərimov, Ramil Mahmudov, Emin Həsənov deyirlər ki, indi onlar öz kiçik ailə təsərrüfatlarına malikdirlər və hazırda işlərini genişləndirmək, gəlirlərini artırmaq üçün gecə-gündüz çalışırlar.

Cari ilin birinci rübü ərzində görülən işlərə gəldikdə isə, artıq 1000-dən çox işsiz özünüməşğulluq proqramına cəlb olunub. Bu dəfə də onların əksəriyyəti əlillər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, gənclərdir. Nazirliyin cari il ərzində proqrama cəlb olunanların sayının 10 minə çatdırılacağı qeyd edilən məlumatında o da bildirilir ki, özünüməşğulluq proqramının genişləndirilməsi sahəsində Dünya Bankı ilə əməkdaşlıq imkanlarından geniş istifadə edilir və bu hesaba 2020-ci ildə proqram çərçivəsində 15 min mikromüəssisənin yaradılması planlaşdırılır.

Proqramın icra mexanizminin təkmilləşdirilməsi, sosial yardım alanların, daha çox sosial müdafiəyə ehtiyac duyanların proqramda iştirak səviyyəsinin artırılması da diqqətdə saxlanılır. Həmin çərçivədə nəzərdə tutulan işlər sırasında isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Məşğulluq” altsistemində özünüməşğulluq proqramı iştirakçılarının hər birinin ayrıca kabinetinin yaradılmasının planlaşdırıldığını göstərmək olar. Elektron kabinetdə vətəndaşın özünüməşğulluq proqramına müraciəti və proqrama qəbulu, bu çərçivədə təlim kursu keçməsi, müdafiə etdiyi biznes-plan, eləcə də proqram iştirakçısının biznes-planına uyğun verilən aktivlərlə bağlı bütün məlumatlar yerləşdiriləcək.

Raqif MƏMMƏDLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM