14 May 2019 18:05
743
İQTİSADİYYAT
A- A+

Azərbaycanda ilk dəfə elektrobus və taxılyığan kombayn istehsal olunub


"Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində (İB) iki yeni yığım xəttinin açılışı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilk dəfə olaraq Gəncə Avtomobil Zavodunda "E - 321” markalı elektrobus və "PALESSE KZS - 575” markalı taxılyığan kombayn konveyerdən çıxıb.

Mərasimdə Belarusun baş nazirinin müavini İqor Lyaşenko, sənaye nazirinin müavini Dmitri Korçik, "Qom Selmaş” ASC-nin baş direktoru Aleksandr Novikov, Belarusun ölkəmizdəki səfiri Gennadi Axramoviç, Gəncə şəhər rəhbərliyi, "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Mili Məclisin deputatı Xanlar Fətiyev, zavodun direktoru Kamran Nəzərov və digər qonaqlar iştirak edib.

Tədbiri açan "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri Xanlar Fətiyev bildirib ki, bu günədək müəssisədə, ümumilikdə, 11 modeldə 10549 ədəd traktor, 143 xüsusi təyinatlı traktor yığılaraq təhvil verilib. Bu texnikalardan 9825-i dövlət sifarişi əsasında "Aqrolizinq" ASC-yə, 724-ü isə fermerlərə və iş adamlarına satılıb. 2019-cu ilin 4 ayı ərzində Gəncə Avtomobil Zavodunda 478 texnika istehsal olunub. Bunlardan 469-sı müxtəlif model traktorlar, 1-i MAZ markalı qoşqulu avtomobil, 1-i "KAMAZ” markalı avtomobil, 2-si MAZ markalı avtobus, 5-i özüboşaldan traktor qoşqusudur. 2019-cu ilin aprel ayının sonuna qədər "Gəncə Avtomobil Zavodu” İB-də 8 modeldə, müxtəlif modifikasiyalarda 2864 ədəd MAZ avtomobili istehsal edilərək təyinatı üzrə təhvil verilib. Bu avtomobillərin yığımının 30-40 faizini yerli istehsal təşkil edib. Aprelin 30-dək müəssisədə 330 MAZ qoşqusu və 3202 asma avadanlıq istehsal olunub. Bu müddətədək "Gəncə Avtomobil Zavodu” İB-də, ümumilikdə, 208 ədəd "KAMAZ” markalı yük avtomobili və 411 ədəd "URAL” avtomobili istehsal edilib.

Bildirilib ki, "Gəncə Avtomobil Zavodu” İB və Belarusun "Belkommunaş” ASC arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində "E-321” markalı elektrobuslar və "PALESSE KZS-575” markalı taxılyığan kombaynlar yığılaraq konveyerdən çıxıb.

Elektrobuslar həm ekoloji, həm də yanacağa qənaət baxımından çox sərfəlidir. 83 sərnişinin daşınmasını reallaşdıra biləcək avtobuslar 26 oturacaqla, kondisionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub. 60 kilometr/saat sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində RGZP/G/300KW 600V-EN doldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur və enerji bərpa olunur.

"PALESSE KZS-575” markalı taxılyığan kombaynın mühərriki isə 114/155 at gücündədir. Texnikanın taxılbiçəninin uzunluğu 4-5 metr arası dəyişir. Taxıl döyümü sistemində üyüdən aparatın tipi barabanlı, barabanın firlanma tezliyi isə 510-875 dövr/dəqiqədir. Kombaynların hərəkət sürəti 20 kilometr saatdır. Əgər sifariş olarsa, "Gəncə Avtomobil Zavodu” İB il ərzində 150 elektrobus, 120 kombayn yığmaq gücünə malikdir.

Belarusun baş nazirinin müavini İqor Lyaşenko Azərbaycan və Belarus arasında bütün sahələrdə, xüsusən də sənayenin maşınqayırma sahəsində qurulmuş əlaqələrin uğurlu nəticələrindən danışıb. İqor Lyaşenko bu əlaqələrin inkişafında hər iki ölkə prezidentlərinin ümumi səyinə diqqət çəkib, iki dövlət arasında qurulmuş iqtisadi əlaqələrin inkişafında Gəncə Avtomobil Zavodunun əhəmiyyətini yüksək qiymətləndirib. Bu əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsinə inam ifadə olunub.

Sonra qonaqlar taxılyığan kombaynın və "E-321” markalı elektrobusun yığım xətti ilə taniş olublar. Həmçinin "E-321” markalı elektrobusun akkumlyatorunun enerji ilə doldurulması prosesi izlənilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video