14 May 2019 12:13
540
CƏMİYYƏT
A- A+

Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumu işə başlayıb


Mayın 14-də Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumu işə başlayıb. Üç gün davam edəcək forumda BSTA-dan, digər beynəlxalq qurumlardan və 35 ölkədən nümayəndələr iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, forumun açılışında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın Avropa qurumları ilə əməkdaşlığının daim inkişaf etdiyini vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatların sosial təminat sahəsində də uğurlu nəticələr verdiyini, sosial müdafiə sisteminin gücləndirilməsi və müasir, şəffaf iş üsulları üzərində qurulması istiqamətində mühüm addımlar atıldığını deyib.

Ə.Əhmədov aparılan islahatlarda Avropanın müvafiq təşkilatları, qitənin ölkələri ilə əməkdaşlığa, fəal təcrübə mübadilələrinə xüsusi önəm verildiyini bildirib. O, növbəti Avropa Regional Sosial Təminat Forumunun Azərbaycanda keçirilməsi qərarına görə BSTA-ya minnətdarlıq ifadə edib, ötən dövrdə mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycanda bu forumun da yüksək səviyyədə təşkil olunduğunu deyib.

BSTA-nın prezidenti Yoakim Bröyer bu gün Avropa ölkələrinin sosial təminat sistemlərində idarəçilik mexanizmlərinin əsas çağırışlara uyğun təkmilləşdirilərək mükəmməl şəkildə qurulması, problemlərin həll olunması üçün aparılan islahatlarda qarşılıqlı əməkdaşlıq mühitinin, qabaqcıl təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, hazırkı forumun da bu məqsədə xidmət etdiyini və Avropa məkanının sosial təminat sistemlərindəki aktual məsələlərə innovativ yanaşmaların təqdim edilməsi və bölüşülməsi üçün əlverişli imkan yaratdığını deyib. Y.Bröyer Azərbaycanda əldə olunan sosial-iqtisadi nailiyyətləri, sosial sahədə innovativ yenilikləri maraqla izlədiklərini bildirib. BSTA prezidenti ölkəmizin bu foruma layiqli şəkildə ev sahibliyi etməsindən razılıq ifadə edib, buna görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 15 ildir ki, BSTA ilə səmərəli əməkdaşlıq həyata keçirən ölkəmizin ötən dövrdə bu təşkilatın bir sıra tədbirlərinə ev sahibliyi etdiyini deyib. O bu dəfə BSTA-nın Avropa Regional Sosial Təminat Forumu kimi yüksək səviyyəli mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin fəxr hissi doğurduğunu bildirib. Nazir Avropa məkanında sosial təminatın inkişafına, gələcək sosial təhlükəsizliyin formalaşmasına nail olunması üçün birgə müzakirələrin və təcrübə mübadilələrinin aparılması baxımından forumun əhəmiyyətini qeyd edib.

S.Babayev Prezident İlham Əliyevin uğurlu sosial inkişaf kursuna uyğun olaraq ölkədə dinamik iqtisadi inkişafın təmin edilməsi şəraitində əldə edilən sosial uğurları, həmçinin son aylarda həyata keçirilən mühüm islahatları, atılan əhəmiyyətli addımları diqqətə çatdırıb. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) konsepsiyasını qeyd edib. Azərbaycanın sosial sahədə özünəməxsus yeni innovativ təcrübəsi - yeni yaradılan DOST Agentliyi və ilk "DOST” mərkəzi, 126 növdə sosialyönümlü xidmətin "bir pəncərə”dən, tam şəffaf və operativ, nəzakətlilik və son nəticədə vətəndaş məmnunluğuna nail olunması prinsipi ilə təqdim edilməsinə imkan verən "DOST” mərkəzləri şəbəkəsinin genişləndirilməsi üçün işlərin aparıldığını diqqətə çatdırıb.

Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində 18 altsistemin yaradıldığını deyən S.Babayev "E-sosial” internet portalı, "Məşğulluq” altsistemi, cari ilin əvvəlindən ölkədə ilk proaktiv xidmət kimi tətbiqinə başlanan avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi haqqında məlumat verib. Artıq on min nəfərə elektron qaydada pensiya təyin olunduğunu, bu ilin əvvəlindən "İşsizin DOSTu” proqramının bu günə kimi 36 min nəfər işsizin əmək müqaviləsi ilə ödənişli ictimai işlə təminatına imkan verdiyini deyib.

Qeyd edək ki, BSTA-nın hər üç ildən bir keçirilən Avropa Regional Sosial Təminat Forumu Avropa ölkələrinin sosial təminat sahəsində aktual problemlərinin müzakirə edilməsinə və onların innovativ həllərlə aradan qaldırılmasına, fəal əməkdaşlıq və təcrübə mübadilələrinə şərait yaradan unikal platformadır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video