14 May 2019 02:28
1464
İDMAN
A- A+

Heydər Əliyevin əbədiyaşar xatirəsinə böyük ehtiram


Yelkənli qayıq yarışı sürət, həyəcan, əzmkarlıq və zəfər festivalına çevrildi


Əsası ulu öndər tərəfindən qoyulan, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən idman siyasəti, bu sahədə qazanılan nailiyyətlər sayəsində ölkəmiz beynəlxalq səviyyədə nüfuzlu dövlətlərdən biri kimi qəbul olunur.

Dövlətimizin diqqət və qayğısı ilə əhatə olunan idmançılarımız da bu etimadı layiqincə doğruldurlar. Elə bir mötəbər yarış yoxdur ki, orada ölkəmizi təmsil etməsinlər, medal və mükafatlar qazanmasınlar. Bu həm də müstəqil Azərbaycan dövlətinin gücünü, idmançılarının vətənpərvərliyini göstərir. Sevindirici və qürurverici haldır ki, beynəlxalq yarışlarda uğur qazanan, Azərbaycanı layiqincə təmsil edən idmançılar sırasında yelkənçilər də var.


Milli parkda bayram ab-havası


Azərbaycan idmanının inkişafında danılmaz rolu olan, gələcək nəsillərin sağlam ruhda böyüməsi üçün hər zaman səylərini səfərbər edən ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycan Yelkənli İdman Federasiyasının (AYİF/SFA) və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) birgə təşkilatçılığı ilə mayın 9-da Bakı buxtasında start verilən Yelkənli Qayıq Yarışı ("Baku Sailing Regatta-2019”) yekunlaşıb.

Ümumilikdə 30 yelkənçinin iştirak etdiyi yarışda idmançılar "Optimist”, "Laser-standard”, "Laser 4.7”, "Laser-radial” sinifləri üzrə mübarizə aparıblar.

Final günündə Dənizkənarı Milli parkda müxtəlif əyləncəli proqramlar, oyunlar və viktorinalar təşkil olunub. Bununla yanaşı, yarışı daha yaxından izləmək üçün "Yaxt Klub”da şəhərimizin qonaqları və sakinlər üçün əlverişli şərait yaradılıb.

Final günü bütün yarış iştirakçıları "iştirakçı diplomları” ilə təltif olunublar. "Baku Sailing Regatta-2019”un qaliblərini gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Yelkənli İdman Federasiyasının prezidenti Qüdrət Qurbanov, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Nəzrəddin Əhmədzadə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Cəbrayıl Mahmudlu, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov təltif ediblər.

Yarış iştirakçılarına dərin minnətdarlığını ifadə edən Yelkənli İdman Federasiyasının prezidenti Qüdrət Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi, idmanda da yüksək nailiyyətlərin əldə olunduğunu vurğuladı.

İdmançılara uğurlar arzulayan YİF-in prezidenti Azərbaycanda yelkənli idman növünə göstərilən qayğıdan, yelkənçilərin beynəlxalq yarışlarda əldə etdiyi uğurlardan söz açdı. O, valideynlərin övladlarının bu idman növündə iştirakına verdiyi önəmi yüksək qiymətləndirdi.

Dənizkənarı Milli parka bayram əhvali-ruhiyyəsi gətirən Yelkənli Qayıq Yarışı ("Baku Sailing Regatta-2019”) əylənmək, yarışı izləmək, yelkənli qayıq idman növü ilə yaxından tanış olmaq üçün əsl fürsət olmaqla yanaşı, hər bir kəs tərəfindən böyük rəğbət və diqqətlə qarşılanıb.

Xatırladaq ki, Yelkənli Qayıq Yarışı ("Baku Sailing Regatta) ikinci ildir ki, təşkil olunur. Ötən il keçirilən Regatta həm paytaxt sakinlərinin, həm də turistlərin böyük marağına səbəb olmuşdu.

Yekunda "Baku Sailing Regatta-2019”un qaliblərinin adlarına aydınlıq gətirilib. "Optimist” sinfi üzrə ümumi yarışda 1-ci, 2-ci və 3-cü yerləri müvafiq olaraq AYİF-in üzvləri Murad Hacızadə, Ayla Babayeva və Kristina Kərimova tutublar. Sonrakı pillələrdə isə Fidan Ağazadə (YİF), Timur Sikaçevski (YİF), Murad İsmayılov (YİF), Səxavət Əzimov (YİF), İsmayıl Həmidov (YİF), Bahadır Məmmədli (YİF), Ülviyyə Əhmədova (Xəzər klubu), Nikita Protasov (Xəzər klubu), Kamilla Haqverdiyeva (YİF) və Emil Əzizli (YİF) yer alıblar.

"Optimist” sinfi üzrə qızlar arasında yarışda isə Ayla Babayeva, Kristina Kərimova və Fidan Ağazadə ilk üçlükdə təmsil olunublar.

"Laser-standard” sinfi üzrə "Xəzər” idman klubunun üzvü Mixail Protasov, "Dənizçi” idman klubunun üzvü Nikita Vilayev və "Xəzər” klubunun üzvü Roman Fərruxov müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülüblər. Elçin İsmayılov ("Dənizçi”) isə 4-cü yerlə kifayətlənib.

"Laser 4.7” sinfi üzrə 1-ci, 2-ci və 3-cü yerləri AYİF-in üzvləri İsmayıl Kərimov, Murad Allahverdi və Fəqan Məmmədzadə qazanıblar. Rahim Abdullayev və Coşqun Məmmədli (hər ikisi "Xəzər”) sonrakı pillələrdə qərarlaşıblar.

"Laser-radial” sinfi üzrə AYİF-in üzvü Cavid Kərimov 1-ci yeri, "Xəzər” idman klubunun üzvləri Vaqif Qasımov və Rauf Abdullayev 2-ci və 3-cü yerləri tutublar.


Etimadı doğruldurlar


Aktiv bazası 2014-cü ildən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasında hazırda "Optimist” və "Laser” sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı-ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir. Xatırladaq ki, yelkənçilərimiz bundan əvvəlki yarışlarda da uğurla çıxış edərək ölkəmizin adını uca tutublar. Bu ilin əvvəllərində Azərbaycan Yelkənli İdman Federasiyasının yığma komandası Omanda "Optimist” və "Laser” sinifləri üzrə təşkil olunan "Mussanah Race Week 2019” turnirində mükafatçılar sırasına düşməklə növbəti dəfə onlara göstərilən etimadı doğruldublar.

Ötən il Qazaxıstanın Aktau şəhərində keçirilən "Beynəlxalq Xəzər Kuboku” yarışında kişi idmançılarımız birinci və üçüncü yerlərdə, qızlarımız isə fəxri kürsünün hər üç pilləsində qərarlaşaraq medallara sahib olublar. Yelkənli İdman Federasiyasının gənc yelkənçisi Kristina Kərimova isə Sloveniyada keçirilən "Easter Regatta” adlı beynəlxalq yarışda 139 idmançı arasında 4-cü yerdə qərarlaşaraq yüksək nəticə göstərmişdi.


Yelkənçilərimizə xüsusi dəvət


Xatırladaq ki, ötən ilin 31 may-3 iyun tarixlərində Yelkənli İdman Federasiyasının komandasının hazırlığı, o cümlədən yerli məşqçilərin təcrübə qazanması məqsədilə təlim düşərgəsi təşkil olunmuşdu. Məşqlərin yüksək keyfiyyətli olması və bu istiqamətdə peşəkarlığın artırılması məqsədilə beynəlxalq səviyyəli məşqçi Draqan Qasiç Yelkənli İdman Federasiyası tərəfindən təlimə cəlb edilmişdi. 30 il məşqçi kimi fəaliyyət göstərən, altıqat dünya və dördqat Avropa çempionu olan Draqan Qasiç məşq prosesindən və idmançılarımızın hazırlığından razı qalmışdı.

Beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edən yelkənçilərimiz dəfələrlə ölkə xaricində təşkil olunan təlim-məşq düşərgələrində iştirak ediblər. Toplanışlarda iştirakın əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitində yarış təcrübələrinin daha da gücləndirilməsidir.

Bütün bunlar onu deməyə əsas verir ki, yelkənli idman növü ölkəmizdə hər il daha da inkişaf edir və idmançılarımız Azərbaycana yeni-yeni uğurlar qazandırırlar.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video