12 May 2019 01:25
635
CƏMİYYƏT
A- A+

Ölməz ideallara sədaqətliyik


Ümummilli lider Heydər Əliyev bütün məqsədyönlü fəaliyyəti boyu Azərbaycan gəncliyinə xüsusi qayğı və diqqət göstərmişdir. Böyük uzaqgörənlik və siyasi müdrikliklə həyata keçirilən bu möhtəşəm missiyanın məntiqi nəticəsidir ki, müstəqil dövlətimizin idarə edilməsi bu gün etibarlı əllərdədir.

Ulu öndər Heydər Əliyevin xalq üçün, dövlət üçün başladığı tale yüklü, həyatı əhəmiyyətli işləri respublika Prezidenti İlham Əliyev böyük uğurla davam etdirir. Azərbaycan gəncliyinin ən böyük hamisi olan Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursuna sədaqətini bütün istiqamətlərdə olduğu kimi, ölkə gəncliyinə isti və doğma münasibətdə də parlaq şəkildə nümayiş etdirir. Yüksək intellektual səviyyəyə malik gənclərə səmərəli fəaliyyət göstərmələri, vətənin, xalqın, dövlətin xeyrinə çalışmaları üçün bütün sferalarda ideal şərait yaradılmış, onlar dövlətin güclü dəstəyi ilə təmin olunmuşlar.

Bu durum Ağcabədi rayonunda da özünü açıq şəkildə büruzə verir. Dövlətin qayğı və diqqətindən güc alan rayon gəncləri onlara etibar edilmiş bütün sahələrdə inamla çalışır, göstərilən etimadı layiqincə doğruldurlar. Müqəddəs Qarabağ savaşında ağcabədili gənclər yüksək vətənpərvərlik nümunəsi göstərmişlər. Sinəsini düşmən gülləsinə sipər edən 177 ağcabədili gənc qəhrəmanlıqla döyüşərək şəhid olmuşdur. Üç nəfər igid, vətənpərvər isə Milli Qəhrəman fəxri adına layiq görülmüşdür. Rayonda gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük önəm verilir. Məktəblərdə, gənclərin əksəriyyət təşkil etdiyi əmək kollektivlərində hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinə yönəlik məqsədyönlü tədbirlərin keçirilməsi artıq pozulmaz bir ənənəyə çevrilmişdir. Belə tədbirlərin keçirilməsində təbii olaraq Ağcabədi Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin təşkilatı dəstəyinə arxalanırıq. Bu istiqamətdə aparılan siyasi-ideoloji işin məntiqi nəticəsidir ki, son illər rayonumuzda bir nəfər də olsun ordu sıralarında xidmətdən yayınmır, fərarilik hallarına təsadüf edilmir. Rayon ərazisində fəaliyyət göstərən "N” saylı hərbi hissələrlə davamlı əlaqə, əsgər və zabitlərlə canlı ünsiyyət rayon gənclərinin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.

Vətən onu sevənlər, milli-mənəvi dəyərlərini yaradanlar, qoruyanlar üçün vətəndir. Bu gün milli-mənəvi dəyərləri ümumbəşəri dəyərlərdən kənarda təsəvvür etmək çətindir. Bu mənada biz Gənclər və idman idarəsi olaraq mənəvi tərbiyə sistemində milli və ümumbəşəri dəyərlərdən bütöv şəkildə bəhrələnməyə üstünlük veririk. "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında qarşıya qoyulan vəzifələri konkret fəaliyyət proqramı kimi qəbul edərək ümummilli lider Heydər Əliyevin vətənimizin və xalqımızın işıqlı sabahlarına hesablanmış dəyərli tövsiyələrini layiqincə yerinə yetirməyə çalışırıq. Gənc və yeniyetmələrlə işləyən bir dövlət qurumu olaraq bu tələb çoxşaxəli fəaliyyətimizdə hər zaman qırmızı xətt kimi keçir. Bu ilin arxada qalan aylarında keçirdiyimiz mədəni-kütləvi tədbirlərin əsas qayəsi sabahın qurucuları olan gənclərin fəal vətəndaş kimi formalaşmasına nail olmaqdır. Bu baxımdan "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı bu il fevralın 1-də keçirilən gənclərin ümumrayon toplantısı daha çox yaddaqalandır. Tədbirdə ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi qayğı və diqqətdən, bu isti münasibətin respublika Prezidenti İlham Əliyev tərəfindən daha dolğun şəkildə davam etdirilməsindən ətraflı danışıldı, gənclərə vətənə, xalqa, dövlətə sədaqətli xidmətdə uğurlar arzuladılar. Tədbir iştirakçıları dövlət başçısı

İlham Əliyevin təşəbbüsü ilə tikilib istifadəyə verilən Ağcabədi Olimpiya İdman Kompleksinin rayonda idmanın inkişafına böyük töhfələr verəcəyini minnətdarlıqla vurğulamışlar. Tədbirin sonunda beynəlxalq yarışlarda uğurlu nəticələr əldə etmiş bir qrup idmançıya Ağcabədi Rayon İcra Hakimiyyətinin, Gənclər və idman idarəsinin fəxri fərman və diplomları təqdim olunmuşdur.

Biz gənclər dövlətin qayğısını daim hiss edir, bundan böyük məmnunluq duyur və daha böyük nailiyyətlər qazanmağa ruhlanırıq. Bu ilin yanvarında Prezident İlham Əliyevin sərəncamı ilə "2 fevral Azərbaycan Gənclər Günü” münasibətilə və dövlət gənclər siyasətinin həyata keçirilməsində, gənclər hərəkatının formalaşmasında səmərəli fəaliyyətimə görə, "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşam. Əlbəttə, bu bütün Ağcabədi gənclərinin əməyinə verilən yüksək dəyər kimi qiymətləndirilməlidir. Bu gün Ağcabədi gəncləri təhsil müəssisələrində, ayrı-ayrı xidmət sahələrində, müxtəlif təsərrüfat işlərində səmərəli fəaliyyətləri ilə diqqət çəkir, nümunə göstərirlər.

Təbii ki, uğurlarımız kifayət qədər çox olsa da, arxayınlaşmır, daim yeni zirvələrə can atırıq. Yenə qayğılı günlərimizdir. Mayın 16-da "Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda rayonumuzda keçiriləcək konfransa ciddi hazırlaşırıq. Ağcabədili gənclər bu tədbirdə yüksək siyasi fəallıq və mütəşəkkil iştiraklarıyla Heydər Əliyev ideallarına yenilməz sədaqətini bir daha nümayiş etdirəcəklər.

Rüfət QULİYEV,

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video