12 May 2019 01:21
3642
Elm və texnika
A- A+

Qanq, sənin suların niyə bulanıqdır?


...Bura onlar üçün adi su axını deyil. Cənnətdən yerə enən çeşmədir...

Günahlarını yumaq, paklanmaq, qüsl etmək üçün ziyarətgahdır...

Ölülərin ruhunu günahlardan təmizləyəcək səcdəgahdır...

Bu dünyanı tərk etmiş bədənin ruhunu o dünyanın cənnətinə aparacaq yoldur...

Qısası, hindular üçün müqəddəs yerdir.

Bizlər üçünsə dünyanın adi çaylarından biridir - Qanq çayıdır...


Çaya atılan meyitlər


Amazon və Konqodan sonra dünyanın üçüncü bol sulu çayı olan Qanq Cənubi Asiyadan axır. Çay öz başlanğıcını Himalay dağlarının buzlaqlarından götürərək, Hindistan və Banqladeş ərazisindən keçir və Hind okeanında Benqal körfəzinə tökülür. Elə ən böyük deltanı da Qanq çayı əmələ gətirir. Onun sahəsi 105640 km2 təşkil edir.

Hinduizm mifologiyasında Qanq cənnətdən yerə enən çay adlanır. Onların etiqadına görə, bu çay Şiva, Rama, Krişna, yaxud hər hansı hindu məbudlarından birinin zühur və təcəlli yeri sayılır. Hinduların dini əfsanələrində nəql olunur ki, Qanq çayı səmada Vişnunun ayağından qaynaqlanıb, sonra Şivanın başının ortasına enib, onun saçlarından axıb və başdan-başa Hindistan torpaqlarına yayılıb. Qanq Himalay dağları arasında, hinduların ən mühüm ibadət mərkəzlərindən sayılan Hardvar adlı yerdən qaynaqlanır.

Digər əfsanəyə görə, Qanq çayı öncə səmavi olub, sonra isə hökmdar Bharatanın yalvarışlarına dözməyib, yerə enib. Ona görə də bu çay müqəddəs yer kimi ziyarət olunur.

Uzun illərdir hindular öz müqəddəs çaylarına səcdə edirlər. Onlar hesab edirlər ki, Qanq ölülərin ruhunu günahlardan təmizləyir. Odur ki, dəfn mərasimlərində öncə cəsədə xüsusi maddə sürtür, sonra isə yandırıb, külünü Qanqa tökürlər. Bəzi kasıblar isə ayinə tələb olunan maddəni ala bilmədikləri üçün doğmalarının nəşini yandırmadan birbaşa Qanqa atırlar.


Hinduların ölməyə gəldiyi şəhər


Qanq çayının sahilində yerləşən Benares şəhəri hindusların müqəddəs məkanlarındandır. Hər il saysız-hesabsız ziyarətçi Qanq çayında qüsl etmək məqsədilə Hindistanın hər yerindən ora tələsir. Hindular inanırlar ki, bu məkanda qüsl etmək onları bütün günahlardan təmizləyir. Ona görə də çayın sahilində zəvvarların qüsl verməsi üçün "qat” adlanan çoxsaylı yerlər inşa olunub. Qatların bir çoxu yuyunmaq, qalanları isə meyiti yandırmaq üçün istifadə edilir.

Hindular ziyarət mövsümündə Qanq çayının sahilində vəfat edənlərə, xüsusilə də ölüm anında ayaqları suda olanlara daha çox səadət və xoşbəxtlik nəsib olduğuna inanırlar. Onların etiqadına görə, belə bir şəxsin ruhu asimana gedir və Şivanın qonşuluğunda əbədi şadlıqda həyat sürür. Ona görə də bəzən çayda ölənləri dəfn etmirlər. Meyitlər elə suda qalır, onları qurd-quş yeyir.

Qanq çayı hinduların müqəddəs şəhəri Varanasidən də keçir. "Hinduların ölməyə gəldiyi şəhər” kimi də tanınan bu yerə hər il minlərlə hindu ölümünü gözləmək üçün gəlir. Onlar qatlarda - beton pillələrdə yuyunaraq, günahlarından təmizlənmək, ya da itirdikləri yaxınlarının bədənlərini çayın sahilində yandırmaq üçün bu şəhərə axın edirlər.

Yüz milyonlarla insan bu çayda çiməndə pak olduğunu, günahlarının yuyulduğunu düşünür. Mömin, xəstə və ehtiyacı olanlar burada öz diləklərini edir, xəstəlikdən şəfa tapmaları və günahlardan təmizlənmələri üçün çayın suyu ilə yuyunurlar. Elə bu məqsədlə çayın hər iki sahilində yüzlərlə hamam tikilib. Çayı müqəddəs hesab edən və onun sahilində yoqa ilə məşğul olan, ibadət edən, mənəvi rahatlıq tapan insanlar isə həyatlarını bu su hövzəsi olmadan təsəvvür edə bilmirlər.

Qanq çayı boyunca hər addımda aclıqdan, səfalətdən, xəstəlikdən ölənlərə də rast gəlmək olar. Ölüm-yaşam mərhələsindən çıxaraq, cənnətə çatacaqlarına inanaraq ölümü gözləmək üçün bura gələn kimsəsiz yaşlıları da görmək mümkündür. Bundan başqa, hindular doğuş zamanı ölən ana və körpələrin cəsədlərini də Qanqa atırlar.

Bunlarla yanaşı, çaya 450 milyon əhaliyə xidmət edən kanalizasiya sistemindən hər gün 4800 milyon litr çirkab su axıdılır. Buraya fabrik və zavodların sənaye tullantıları və yarım milyon tondan artıq plastik kütlə atılır. Əhalinin kasıb təbəqəsi isə bu suda paltarlarını yumaqdan və çimməkdən çəkinmir. Bütün bunlar isə milyonlarla insanın nəinki inanc, həm də içməli su mənbəyi olan Qanq çayının çirklənməsi deməkdir.


Çaya "axıdılan” 3 milyard dollar


Milyonlarla insan üçün su mənbəyi, 1 milyard nəfərin ibadət yeri olan "Ana Qanq” hindular üçün nə qədər müqəddəs sayılsa da, onların inanclarından doğan antigigiyenik davranışların minlərlə yoluxucu xəstəliyin yaranmasına və çayın günbəgün məhvinə səbəb olduğunu Hindistan hökuməti də bilir. Odur ki, ciddi risk və təhlükə mənbəyi olan Qanq çayının təmizlənməsi üçün Hindistan hökuməti tərəfindən 3 milyard dollar vəsait ayrılıb. Çayın yaxınlığında yerləşən fabrik və zavodların fəaliyyəti də dayandırılıb. İşin icrası məqsədilə bir neçə dəfə Qanqı təmizləmək üçün tədbirlər görülüb. Lakin bunlar heç bir nəticə verməyib. İnsanlar bir həftə sonra öz çirkin əməllərini davam etdiriblər. Nəticədə 3 milyard dollar boşuna çaya "axıdılıb”. Və beləliklə, Qanqın suları hələ də bulanmaqda davam edir...

Mütəxəssislərin fikrincə, bu durum davam edərsə, 2030-cu ilə qədər çayın üçdəiki hissəsi quruya bilər. Əsas təhlükə mənbəyi isə Qanqın Himalay dağlarından başlanan qollarında suyun daim azalmasıdır. Çayın dayazlaşmasının sürəti barədə proqnozlar düz çıxsa, Qanq çayının sahillərində yaşayan milyonlarla insan 20 ildən sonra içməli sudan məhrum olacaq.

Lakin çayın təmizlənməsinin mümkün olduğuna ümid yaradan məqam var: Qanqın canlı aləmi. Çayın illərdir bu qədər çirklənməsinə baxmayaraq, orada hələ də nadir Qanq delfinlərini görmək mümkündür. Ona görə də coğrafiyaçı mütəxəssislər ümid edirlər ki, Qanq yenə öz sularını təmizləyib, sözün əsl mənasında saflıq rəmzinə çevriləcək.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video