Alternative content

21:55 23 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Heydər Əliyev Azərbaycanda konstitusion dövlət quruculuğunun banisidir
Heydər Əliyev Azərbaycanda konstitusion dövlət quruculuğunun banisidir
ANA SƏHİFƏ / SİYASƏT
02:17 11.05.2019


Müstəqillik illərində demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçən Azərbaycan bu gün bölgədə və dünyada xüsusi nüfuza malikdir. Aparılan mütərəqqi islahatlar nəticəsində ölkəmizdə demokratik və hüquqi dövlət qurulub. Ölkədə tam ictimai-siyasi sabitlik və əmin-amanlıq bərqərar olunub, qanunun aliliyinə əsaslanan sivil vətəndaş cəmiyyəti formalaşıb.

Bu, müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Vətəni və xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ölkəmizin hər yerində və onun hüdudlarından kənarda da hər bir azərbaycanlının yüksək ehtiram və dərin məhəbbət hissi ilə geniş qeyd olunur.

Azərbaycana rəhbərlik etdiyi birinci dövrdən (1969-1982-ci illər) ulu öndər Heydər Əliyev milli ruhun və azərbaycançılığın dirçəlişi istiqamətində zəruri addımlar atdı. Eyni zamanda haqq-ədalət prinsipinin cəmiyyət həyatının aparıcı qüvvəsinə çevrilməsi istiqamətində müstəsna xidmətləri oldu. Heydər Əliyev dövlət idarəçiliyi sahəsində və siyasi fəaliyyətində bu prinsipi daim uca tutdu, qanunçuluğa hamı tərəfindən dürüst əməl edilməsini sağlam cəmiyyətin formalaşması üçün başlıca meyar kimi müəyyən etdi. Həmin dövrdə qarşıya qoyulmuş bu məqsədlərə nail olmaq üçün Azərbaycanın iqtisadi potensialının artırılması vacib idi. Ölkənin ittifaq məkanında birincilər sırasına çıxarılmasının əhəmiyyətini əvvəlcədən görən Heydər Əliyev Azərbaycanda irimiqyaslı dəyişikliklərə start verdi, iqtisadi və sosial sahələrdə böyük sturuktur islahatları apardı. Bu, xalqın maddi rifah halının keyfiyyətcə yaxşılaşmasında əsaslı şəkildə özünü göstərdi. Təhlilçilərin qeyd etdiyi kimi, Heydər Əliyev əmin idi ki, iqtisadi cəhətdən azad olmayan millətin siyasi müstəqilliyindən söhbət gedə bilməz. Məhz ulu öndərin səyi ilə SSRİ hökuməti Azərbaycanla əlaqədar hərtərəfli yüksəlişi və intensiv inkişafı nəzərdə tutan mühüm qərarlar qəbul etdi. Və o dövrdə Azərbaycan xalqı üçün, sözün əsl mənasında, tarixi əhəmiyyət daşıyan bu mühüm qərarlar 1969-1982-ci illər arasında və daha sonrakı perspektivdə ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə kompleks məsələlərin həlli üçün zəmin yaratdı.

Ümummilli lider Heydər Əliyev dövlət idarəçiliyinin bütün mərhələlərində qanunun aliliyinin və sosial ədalətin bərqərar edilməsi üçün məqsədyönlü addımlar atıb. 1969-cu ildən bu sahədə təkcə Azərbaycanda deyil, ümumən keçmiş ittifaqda haqsızlığa, hüquqazidd əməllərə qarşı, özünün qətiyyətli və barışmaz mövqeyi ilə böyük hörmət və ehtiram qazanan Heydər Əliyev daim qeyd edirdi ki, hüquq mühafizə orqanlarında sağlam mənəvi-əxlaqi mühitin yaradılması çox vacibdir. Cinayətkarlığa, xüsusən rüşvətxorluğa, korrupsiyaya qarşı kəskin və səmərəli mübarizə aparılması o dövrün ən səciyyəvi xüsusiyyətlərindən idi. Heydər Əliyev dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına böyük üstünlük verirdi. Ümummilli lider vəzifə səlahiyyətləri ilə bağlı cinayətlərə, rüşvətxorluğa qarşı barışmaz münasibət nümayiş etdirirdi.

Ulu öndər dərin zəkası, xarizması, milli ideallara, adət-ənənələrə sıx bağlılığı, zəngin idarəçilik keyfiyyətləri ilə həmin dövrdə "Qoy ədalət zəfər çalsın!” şüarını o zamanın ictimai postulatına çevirməyi bacardı. Heydər Əliyev qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi üçün prinsipial addımlar atdı. Doğma xalqının bəşəri hüquqlarının əzmkar və cəfakeş müdafiəçisi kimi çıxış edən ulu öndər milli ruh, iradə və özünüdərk meyillərinin ictimai fikirdə möhkəmlənməsinə nail oldu. Sovet dövründə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə respublikanın uğur və inkişafının geniş təhlilini verən cənab İlham Əliyev bildirib ki, 1969-cu ildə Azərbaycan sovet məkanında ən geridə qalmış respublikalardan biri idi: "Bunu sosial-iqtisadi göstəricilər də təsdiq edir. On üç il ərzində yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan sovet məkanında ən qabaqcıl respublikalardan birinə çevrilmişdir. Əgər sovet dövründə - 1980-ci illərdə iki donor respublika var idisə, onlardan biri Azərbaycan idi. Azərbaycan ümumittifaq xəzinəsinə daha çox vəsait verirdi, nəinki alırdı. Məhz o illərdə Azərbaycanda sənayenin inkişafı böyük templərlə təmin olunurdu. Yüngül sənayedə, ağır sənayedə, neft sənayesində böyük işlər görülmüşdür. O vaxt yaradılmış infrastruktur bu gün müstəqil Azərbaycanın inkişafına xidmət göstərir. Kənd təsərrüfatına böyük diqqət göstərilirdi. Azərbaycan böyük tikinti meydançasına çevrilmişdi. Yəni 1982-ci ilin sosial-iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, doğrudan da Heydər Əliyevin rəhbərliyi ilə 13 il ərzində böyük işlər görülmüşdür və Azərbaycan, qeyd etdiyim kimi, qabaqcıl yerlərdə idi”.

1982-1987-cil illərdə Heydər Əliyevin Sovet İttifaqı kimi super gücə malik dövlətin rəhbərliyində Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifə və mövqe tutması qürurverici hadisə idi. Heydər Əliyevin qətiyyəti, prinsipiallığı, şəxsi keyfiyyətləri yüksək qiymətləndirilirdi. Araşdırma və təhlillər göstərir ki, Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi Azərbaycan üçün xüsusilə böyük əhəmiyyət kəsb edirdi. Heydər Əliyev artan nüfuzundan və yüksək vəzifənin açdığı imkanlardan istifadə edərək ittifaq büdcəsindən Azərbaycana daha çox vəsait ayrılmasına, bir sıra layihələrin respublikamıza yönəldirilməsinə nail olurdu.

Lakin 1987-ci ildə heç bir əsas olmadan Heydər Əliyevin istefaya göndərilməsi ona qarşı edilən ədalətsizlik idi.

1985-ci ildən Sovet İttifaqında vəziyyətin pisləşməyə doğru getməsi, qəbul edilən qərarların dövlətin zəifləməsinə yol açması, milli münasibətlərin getdikcə pozulması prosesi gedirdi. Heydər Əliyev isə prinsipial mövqeyi ilə seçilir, bu mənfi hallara qarşı qəti münasibətini bildirirdi. Yaranmış vəziyyətdən istifadə edən ermənilər Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürməyə başladılar. Azərbaycanın əzəli torpağı Dağlıq Qarabağın başı üstünü qara buludlar aldı. Azadlıq hərəkatı dalğasında hakimiyyətə gələn AXC-Müsavat cütlüyünün səriştəsizliyi ölkəni xaos və anarxiyaya sürükləyirdi. Cəbhədəki uğursuzluqlar, daxildəki siyasi və hərbi qarşıdurmalar Azərbaycanı vətəndaş müharibəsi ilə üz-üzə qoymuşdu. Yenicə müstəqillik qazanan Azərbaycan süquta uğramaq təhlükəsi içində çapalayırdı. Düşmən qüvvələrin təhriki ilə şimal və cənub bölgələrində baş qaldıran separatçı meyillər ölkəni parçalamaq hədəfi güdürdü. Gəncə hadisələri, Əlikram Hümbətov və Surət Hüseynovun silahlı dəstələri vəziyyəti daha da gərginləşdirirdi.

Azərbaycanın bu ağır günlərində xalq və artıq öz bacarıqsızlığını anlayan AXC-Müsavat iqtidarı da ulu öndəri Bakıya dəvət edir və xilas yolunu yalnız onun siyasi hakimiyyətə qayıdışında görürdülər.

Xalqın təkidli dəvətini qəbul edən, harayına səs verən, çağırışını eşidən ulu öndər 1993-cü il iyun ayının 9-da Bakıya gəldi. Qarşıdurmanı aradan qaldırmaq üçün Gəncədə oldu. Oradan qayıdan ulu öndər yaranmış vəziyyətdən çıxış yolları barədə geniş məruzə etdi, məsləhət və tövsiyələrini verdi. 1993-cü il iyunun 15-də Milli Məclis Heydər Əliyevi yekdil səslə Ali Sovetin Sədri seçdi. Və həmin gün ümummilli lider Milli Məclisdəki geniş və əhatəli nitqində Azərbaycanın demokratik dövlət quruculuğunun gələcək inkişafının prioritet istiqamətlərini müəyyən etdi: "Biz Azərbaycanda demokratik, müstəqil respublika quraraq, sivilizasiyalı cəmiyyət uğrunda mübarizə apararaq, ümumi, dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra, ilk dəfə müstəqilliyini qazandıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından səmərəli istifadə olunarsa, Azərbaycan tam demokratik, hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan bir cəmiyyət olacaq”.

Azərbaycan ictimai fikrində xalqının və Vətəninin xilaskarı mücəssəməsinə çevrilən ulu öndər Heydər Əliyev çox az müddətdə vətəndaş sülhünə və həmrəyliyinə, yenicə müstəqillik əldə edən ölkənin başı üstünü alan bütün digər təhlükələrin qarşısının alınmasına nail oldu. Ümummilli liderin milli inkişaf konsepsiyası Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün aydın üfüqlər açdı. Bu konsepsiya spesifikliyi və unikallığı ilə fərqlənməklə Azərbaycan xalqının gələcək yaşam fəlsəfəsini, milli inkişaf prioritetlərini müəyyənləşdirir, demokratik dəyərləri özündə ehtiva edirdi. Beləliklə, insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasına xidmət edən islahatlar, habelə demokratikləşmə prosesinin sürətlənməsi fikri cəmiyyətdə getdikcə daha möhkəm əsaslarla intişar tapmağa başladı. Azərbaycanın inkişaf və uğur səmtini görən, duyan xalq bu yolun alternativsizliyinə qəti əmin oldu. Heydər Əliyevin qətiyyəti sayəsində siyasi anarxiya və eksperimentlərə son qoyuldu. Ölkədə cinayətkarlığın, özbaşınalığın qarşısı tam alındı, bütün qanunsuz silahlı dəstələr ləğv edildi. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Bu bir daha təsdiq etdi ki, müstəqillik və Azərbaycanın suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, Azərbaycanın müstəqilliyi, əbədiliyi və dönməzliyi ümummilli liderin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin inkaredilməz, pozulmaz səhifəsidir.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən və ölkənin təbii sərvətlərindən milli mənafeyə uyğun şəkildə istifadə etmək yolunu seçdi. Bu məqsədlə irimiqyaslı beynəlxalq iqtisadi sazişlər işlənib hazırlandı. Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizə artan inam və maraq müstəsna əhəmiyyət qazandı.

Heydər Əliyev tərəfindən işlənib hazırlanan və ölkənin iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyası uğurla həyata keçirildi. 1994-cü il sentyabr ayının 20-də "Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsi imzalandı. "Əsrin müqaviləsi” çərçivəsində reallaşan Bakı- Tbilisi- Ceyhan əsas ixrac boru kəməri ilə bu gün Azərbaycan nefti dünya bazarına çıxarılır. "Əsrin müqaviləsi” kimi bir sazişin imzalanması nəticəsində Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın ən aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda və dünyada nüfuzunu, əhəmiyyətini artırdı. Bunun uğurlu davamı Azərbaycanın iri regional layihələrlə Avropanın və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşulması oldu.

Dövlət quruculuğu nəzəriyyəsini və praktikasını mükəmməl bilən Heydər Əliyev ədalətli idarəçilik sistemi yaratmadan cəmiyyətin dövlətə etimad və inamının formalaşdırılmasını qeyri-mümkün hesab edirdi. Bunun üçün ilk növbədə məhkəmə-hüquq sistemində dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılmasına nail oldu. Yüksək humanizm, şəxsiyyətə inam və hörmət, insanpərvərlik prinsiplərinə böyük önəm verən ulu öndər Avratlantik məkana inteqrasiya yolunda qətiyyətli addımlar atdı. 1993-cü ildə ölüm cəzasının tətbiqi üzərində moratoriumun qoyulması, 1998-ci ildə Şərqdə ilk dəfə olaraq bu cəzanın ləğv edilməsi və Avropa Şurasına üzvlük istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi onun humanistliyinin təzahürü idi. Ulu öndərin 1994-cü ildə imzaladığı cinayətkarlıqla mübarizəyə yönəlmiş tarixi fərmanı qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı.

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı ümumxalq səsverməsi ilə - referendum yolu ilə ölkənin müstəqilliyi dövründə ilk Konstitusiyasını qəbul etdi. Bu Azərbaycan dövlətinin və xalqının tarixində müstəsna əhəmiyyətə malik bir hadisə idi. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni Konstitusiya çoxəsrlik dövlətçilik ənənələrimizə və qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, milli və ümumbəşəri dəyərləri də özündə əks etdirirdi. Əsas Qanun Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğuna, ictimai-siyasi, iqtisadi və mədəni həyatın inkişafına əhəmiyyətli dərəcədə təsir göstərdi. Heydər Əliyev demokratik, hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Konstitusiyanın qəbul edilməsi sadəcə yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, həm də ölkəmizin inkişafının yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Bu mərhələ siyasi sistemin mərkəzində insanın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyələnir. İnsanın, onun hüquqlarının və azadlıqlarının ali dəyər kimi qəbul olunması ölkə konstitusiyasının əsas qayəsini təşkil edir.

Əsas Qanunun preambulasında Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri qaydalara sadiq qalıb bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı münasibətlər qurmaq Azərbaycan xalqının istəkləri sırasında bəyan edilir. Konstitusiya Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik sənəddir və dövlətin qanunvericilik sisteminin əsasını təşkil edir. Bu ali sənəddə müasir sivil cəmiyyətlərin inkişaf istiqamətlərini müəyyən edən mütərəqqi ideya və dəyərlər geniş şəkildə əksini tapıb. Əsas qanun Azərbaycanın konstitusiya quruluşunun vacib əsası kimi xalq hakimiyyətini bəyan edir, ölkədə dövlət hakimiyyətinin yeganə mənbəyi kimi Azərbaycan xalqını elan edir, sərbəst və müstəqil öz müqəddəratını və idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi təsbit edir.

Konstitusiyada nəzərdə tutulur ki, Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Konstitusiya Azərbaycan dövlətini demokratik, dünyəvi, hüquqi, unitar respublika elan edir, insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi təsbit edir. Dövlət hakimiyyətinin təşkilinin hakimiyyətlərin bölünməsi prinsipinə əsasən aparılması hüquqi dövlətin təməl prinsiplərindəndir. Konstitusiyaya əsasən, qanunvericilik, icra və məhkəmə hakimiyyəti qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Azərbaycan Respublikasında sağlam siyasi mühitin formalaşmasına imkan verən, vətəndaşların cəmiyyətin siyasi həyatında və dövlətin idarə olunmasında iştirakını nəzərdə tutan siyasi plüralizm kimi mühüm prinsip də Konstitusiyada öz əksini tapır.

Qeyd edək ki, ilk dəfə 2002-ci ildə Azərbaycanda konstitusion dəyişikliklərə yaranan ehtiyac məhz bütün sahələrdə qabarıq nəzərə çarpan sürətli inkişafdan irəli gəlirdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi keçirilməsi haqqında” 22 iyun 2002-ci il tarixli fərmanına əsasən, 2002-ci il avqustun 24-də keçirilən referendumun nəticəsi kimi Konstitusiyaya obyektiv reallıqdan irəli gələn bir sıra mütərəqqi dəyişikliklər edildi. Bu əlavə və dəyişikliklər Konstitusiyanın qəbulundan sonrakı dövrdə demokratiyanın sürətli inkişafından irəli gəlməklə, ölkənin insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmasından, məhkəmə islahatlarının həyata keçirilməsindən irəli gələn öhdəliklərə əməl edilməsinə Milli Məclisin fəaliyyətinin, seçki sisteminin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə xidmət edirdi.

Ümummilli lider Heydər Əliyevin dövlət başçısı imicini şərtləndirən ən başlıca amillərdən biri də bağışlamağı bacaran, böyük qəlbə malik, humanist və nəcib şəxsiyyət olması idi. Ulu öndər respublika rəhbərliyinə qayıtdıqdan çox az sonra əfvetmə institutunu bərpa etməklə, vətəndaşların dövlətə, onun rəhbərinə güvənini, ümid və etimadını artırdı. 1993-2003-cü illərdə 32 əfv, 8 amnistiya aktı imzalamaqla cəzanın adekvatlığı və humanistliyi məsələlərinə xüsusi diqqətlə yanaşdığını sübuta yetirdi. Bu məqsədlə eyni zamanda məhkəmə-hüquq sistemində işlək və çevik mexanizmlərin tədbiqini, habelə ədalət mühakiməsinin səmərəliliyini təmin etdi. Ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olundu. İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) institutu yaradıldı. Hüquqi dövlət quruculuğu prosesi çərçivəsində ədliyyə orqanlarında əsaslı islahatlar aparıldı. İlk növbədə, penitensiar müəssisələrin Ədliyyə Nazirliyinin tabeliyinə verilməsi işi başa çatdırıldı. Bu addımın atılmasında məqsəd məhkəmə qərarlarının icrası sistemini təkmilləşdirmək, cəza-tərbiyə işini daha da humanistləşdirmək, ən əsası isə insan hüquqlarının, azadlıqlarının gözlənilməsini təmin etmək idi.

Azərbaycanda köklü məhkəmə-hüquq islahatlarının aparılmasının zəruriliyini nəzərə alan ümummilli liderin təşəbbüsü ilə 1997-ci ildə zəngin demokratik ənənələri olan ölkələrin təcrübəsinə əsaslanan "Məhkəmələr və hakimlər haqqında” yeni qanun qəbul olundu və məhkəmə islahatlarına dair proqram xarakterli fərman imzalandı. Ümummilli liderin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatı nəticəsində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək 2000-ci ildən yeni, insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başladı.

Heydər Əliyevin xarici ölkələrə səfərləri, beynəlxalq təşkilatlardakı çıxışları, yaxud ölkəmizə gələn dövlət rəhbərləri, rəsmi şəxslərlə görüşləri müstəqil Azərbaycan dövlətçiliyinin ən yaxşı təqdimatı idi. Ulu öndər Azərbaycan həqiqətlərini, ölkəmizin Ermənistan tərəfindən işğala məruz qaldığını, bir milyondan çox qaçqın və məcburi köçkünün problemləri ilə üzləşdiyi, lakin bunlara baxmayaraq, demokratik prinsiplərə və hüquqi dövlət quruculuğuna sadiq qaldığını, bölgəmizdə və dünyada sülhə və təhlükəsizliyə töhfə verdiyini dəfələrlə şərh etməkdən yorulmurdu.

Heydər Əliyevin "İqtisadiyyatı qüdrətli olan dövlət hər şeyə qadirdir” fikri bir daha təsdiq edir ki, ümummilli lider ölkə iqtisadiyyatının inkişafına dövlət quruculuğunun mühüm tərkib hissəsi kimi böyük önəm verirdi. Bu strategiya çərçivəsində həyata keçirilən islahatlar dövlətin iqtisadi və sosial dayaqlarının möhkəmləndirilməsində əsaslı rol oynadı. Ulu öndərin rəhbərliyi altında reallaşdırılan siyasi, sosial, iqtisadi islahatlar nəticəsində Azərbaycan dövlətçiliyin əsası və möhkəm təməllər üzərində qurulan baza sonrakı illərdə müstəqil Azərbaycanın daha da qüdrətlənməsini və tərəqqisini təmin etdi.

Heydər Əliyevin strategiyasını uğurla reallaşdıran ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev 2003-cü ilin oktyabrından xarakterindəki qətiyyəti və xarizması, praqmatik və müdrik siyasəti ilə ölkəni irəli aparır. Ötən on altı il ərzində elə bir sahə olmamışdır ki, orada islahatlar aparılmasın və davamlı inkişaf müşahidə edilməsin. Bu gün iqtisadi sahədə rəqabətqabiliyyətliliyinə görə Azərbaycan Davos Dünya İqtisadi Forumunun, Dünya Bankının hesabatlarında ön sıralarda yer alır və islahatçı dövlət kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilir. 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilib. 2014-cü il sentyabrın 20-də Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın perspektiv inkişafının və iqtisadi maraqlarının təmin edilməsində böyük rol oynayacaq "Cənub qaz dəhlizi”nin təməli qoyulub. 2018-ci ilin iyul ayında isə həmin dəhlizin tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi keçirilib. 1994-cü il sentyabrın 20-də Bakıda imzalanan "Xəzər dənizində yerləşən "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin ("Əsrin müqaviləsi”) müddəti 2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər uzadılıb. Yeni şərtlərə görə, SOCAR-ın payının 11 faizdən 25 faizə qaldırılması, mənfəət neftinin 75 faizinin Azərbaycana verilməsi nəzərdə tutulub. Bundan əlavə, 8 il ərzində xarici investorlar tərəfindən ölkəyə bərabər hissələrlə bonus kimi 3,6 milyard dollar ödəniləcəyi qərara alınıb. Müqavilənin müddətinin uzadılması Azərbaycanda uzun illər bundan sonra da neftin hasilat səviyyəsinin sabit qalmasına, neft sektoruna xarici investisiya qoyuluşunun təmin olunmasına imkan yaradıb.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində də böyük işlər görülüb. Təməli 2007-ci ildə qoyulan Bakı-Tbilisi-Qars dəmir yolunun 2017-ci il oktyabrın 30-da Bakıda rəsmi açılışı olub. Azərbaycanın Rusiya Federasiyası, İran, Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib. 2018-ci il sentyabrın 18-də İran İslam Respublikası ilə yeni Ələt-Astara dövlət sərhədi magistral avtomobil yolunun istifadəyə verilməsi ilə Azərbaycan "Şimal-Cənub nəqliyyat dəhlizi” layihəsinin reallaşması üçün bütün işlər başa çatdırılıb. Azərbaycan siyasi, iqtisadi və strateji baxımdan böyük əhəmiyyətə malik həmin beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak etməklə Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilib. Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı - Ələt Dəniz Ticarət Limanının fəaliyyətə başlaması da respublikamızın mühüm tranzit və logistika mərkəzi kimi tanınmasında mühüm rol oynayır. Eyni zamanda, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulub. 2013-cu il fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace-1”, 2014-cü ildə ikinci - Yer səthini müşahidə edən "Azer-sky” peyki, 2018-ci ilin sentyabrında isə daha bir telekommunikasiya peyki "Azerspace-2” orbitə çıxarılıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ötən illər ərzində məqsədyönlü, davamlı tədbirlər həyata keçirilib. Beynəlxalq reytinqlərə görə, Azərbaycan Silahlı Qüvvələri hazırda dünyada ən güclü 50 ordu sırasında yer tutur. Bu gün Azərbaycan Ordusu regionun güclü müasir silahlı qüvvəsidir və işğal olunmuş torpaqlarımızı hər an azad etməyə hazırdır. Azərbaycanın hərbi gücünü və qüdrətini Silahlı Qüvvələrimizin 100 illiyi münasibətilə 2018-ci ilin iyun ayında keçirilən hərbi parad əyani formada nümayiş etdirdi.

Praqmatik liderlik keyfiyyətlərinə malik dövlət başçısı cənab İlham Əliyev ölkəmizi müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə bəyanatlarla ifadə etməyib, qarşıya qoyduğu vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün konkret icra mexanizmləri müəyyənləşdirib. "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və "Milli İqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi” kimi konseptual əhəmiyyətli sənədlər qəbul edilib. Bütün bunlarla yanaşı, regionların sosial-iqtisadi inkişafına, biznes mühitinin liberallaşdırılmasına istiqamətlənən dövlət siyasətinin uğurla davam etdirilməsi istər ümumi daxili məhsulun, istərsə də ölkənin valyuta ehtiyatlarının artımına əlverişli şərait yaradıb.

Azərbaycanda sosial-iqtisadi inkişafa paralel şəkildə hüquqi və siyasi islahatlar da Prezident İlham Əliyev tərəfindən uğurla aparılır. Dövlət başçısının insan haqlarının etibarlı qorunması, hüquqi xidmətin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə imzaladığı çoxsaylı fərman və sərəncamların, verdiyi tapşırıqların icrası üzrə görülmüş tədbirlərin sayəsində Azərbaycan hüquq sistemi öz inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsinə qədəm qoyub. Azərbaycan Respublikası 2006-cı ilin may ayında BMT-nin İnsan Hüquqları Şurasına üzv seçilib. Bu, Azərbaycan dövlətinin insan hüquq və azadlıqları sahəsində apardığı ardıcıl işin beynəlxalq əhəmiyyət kəsb etdiyini və imicinin artdığını göstərir. Dövlət başçısı İlham Əliyev "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli fəaliyyət planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixdə imzaladığı sərəncamda Azərbaycanın müasir inkişaf dövrünün hüququ dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində əldə edilən uğurlar - sosial-iqtisadi islahatların dərinləşməsi, demokratikləşmə prosesinin sürətlənməsi, vətəndaş cəmiyyəti institutlarının, qeyri-dövlət təşkilatlarının dövlət dəstəyi ilə əhatə olunması, Avratlantik məkana inteqrasiya prosesinin yüksək dinamizmlə davam etdirilməsi və digər pozitiv yeniliklər Azərbaycan Konstitusiyasında yenidən bir sıra əlavə və dəyişikliklərin edilməsini tələb edirdi. 2009-cu il martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklərə münasibəti öyrənən ümumxalq səsverməsi insan hüquqlarının qorunmasında əlavə imkanlar açan islahatları dəstəklədiyini bir daha təsdiqlədi.

Respublikamızda sosial-iqtisadi inkişafa paralel şəkildə hüquqi və siyasi islahatların da genişləndirilməsinə təminat yaradan bu konstitusiya islahatı həm də xalqın hakimiyyətə olan inamının bariz təzahürüdür.

2016-cı il sentyabrın 26-da baş tutan referendumla Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərin məğzində insan hüquq və azadlıqlarının müdafiəsi, insanların şərəf və ləyaqətinin qorunması, ayrı-ayrı orqanlarda vətəndaşların müraciətlərinə baxılması, onların təhlükəsizliyinin təmin olunması və s. dururdu. Bundan əlavə, konstitusiyaya edilmiş yeni normalarla idarəetmə institutlarında yeni keyfiyyət dəyişikliklərinin yaradılması məqsədi daşıyırdı.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır. Xalq Azərbaycanı firavan və xoş gələcəyə aparan dövlət başçısının siyasətini birmənalı şəkildə dəstəkləyir.

Ziyafət ƏSGƏROV,

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM