Alternative content

02:35 19 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:28 19.07.2019 Böyük islahatlar ili
00:26 19.07.2019 İpək kimi
00:24 19.07.2019 Bakıda idman bayramı
00:22 19.07.2019 Yollar yenidən qurulur
00:21 19.07.2019 Hər uşaq bir ümiddir
00:16 19.07.2019 Hicran yaşı...
00:15 19.07.2019 Artemida məbədi
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 15 illik missiyanın şərəfli tarixi
15 illik missiyanın şərəfli tarixi
ANA SƏHİFƏ / SİYASƏT
02:14 11.05.2019


İnsan düşüncəsinin ən dərin qatlarında qərar tutmuş hikmət çeşməsində əsrlərlə çağlayan Nizami Gəncəvi bir zamanlar yazırdı ki, "Aqillər kam alır yaxşılıqlardan…”

Həqiqətən, yaxşılıqlara tapınaraq xeyir əməllərlə ad çıxarmaq aqilliyin, müdrikliyin başqa adıdır. Bu, əsl kamilliyə qovuşmaqdır. İnsanlığın ən ali məqamıdır.

Hərdən düşünürəm ki, müasir dünyamızda bəşəriyyətin qürur yeri, yalnız gündən-günə yeni möcüzələr yaradan texnologiyalar, böyük elmi kəşflər, iqtisadi nailiyyətlər olmamalıdır.

Bəşəriyyətin qüruru əslində bu qədər qarışıq, qloballaşan dünyamızda adi insanı, onun qayğılarını, problemlərini bir an unutmayanlardır. Onlara sevgi, mərhəmət göstərənlərin ruhani hissləridir. Çünki dünyanı yaşadan, onun gələcəyə ümidini formalaşdıran məhz bu ülvi duyğulardır. Bu duyğuları qəlbində yaşadan insanlardır. Onları real həyat mənzərələrinə çevirən şəxsiyyətlərdir. Onlar yoxdursa, deməli, sabaha ümid etməyə dəyməz. Bu kəslərin varlığı isə mənəvi dəyərlərin də dünya durduqca var olması deməkdir.


Dəyərlərdən gələn işıq


Xeyirxahlıq hissi sövq-təbii yaranmır. İnsan anadangəlmə xeyirxah olmur. Bu davranışları başqalarından görüb-götürür. Aldığı tərbiyədən, oxuduğu kitablardan, baxdığı filmlərdən, ideal kimi yanaşdığı şəxsiyyətlərin nurlu əməllərindən əxz edir. Buna görə də bizim hər birimizin xeyirxahlıq ruhunda tərbiyələndirəcək örnəklərə ehtiyacımız var.

Yaradılmasının 15-ci ildönümü tamamlanan Heydər Əliyev Fondu haqqında düşüncələrimə bu qeydlərlə başlamağım əsla təsadüfi deyil. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fond 15 ildə tarixi layihələri ilə cəmiyyətə xeyirxahlıq toxumları səpib. Ölkəmiz üçün, ümumən bəşəriyyət üçün dəyəri misilsiz olan nəcib əməllərə imza atıb. Düşünürəm ki, bu layihələrdən önəmlisi fondun çağdaş bəşəriyyət üçün yaratdığı nümunələrdir. Əsrlərdən bəri insanlıq tarixi ilə yol gələn xeyirxahlıq, mərhəmət, şəfqət, başqalarına sevgi kimi ali duyğulara həyat verməsidir. Bu hissləri ən azı Azərbaycan insanları üçün munis dəyərə çevirməsidir. Mehriban xanımın fəaliyyətindən əxz edilmiş örnək ruhunda yetişən gəncliyimizdir. Azərbaycanın öz gələcəyinə doğru bu mənəvi dəyərlər işığında yola çıxmasıdır.


İnsan xəyallarının gücü


Xeyriyyəçilik Azərbaycan xalqının ruhundan gəlir. Uzun illər ərzində həm epos təfəkkürümüzün təsiri, həm dini inancımızın təlqinləri, həm də qaynayıb-qarışdığımız mədəniyyətlərdən əldə etdiyimiz təcrübə ilə Azərbaycanda böyük xeyriyyəçilik ənənələri formalaşıb. Bu ənənəni yaşadan və daha da inkişaf etdirən böyük messenatlarımız olub. Azərbaycanda qadın fəallığı ənənələrinin formalaşması və inkişafı da ilk vaxtlar XIX əsrin sonu, XX əsrin əvvəllərində elə məhz xeyriyyəçilik zəminində baş verib.

Heydər Əliyev Fondunun fəaliyyətə başlaması faktı Azərbaycanda böyük ənənələri və tarixi olan xeyriyyəçilik məktəbini daha da dirçəltdi. Bu ənənələrə yeni bir həyat verdi. Bu hərəkatın önündə fondun prezidenti Mehriban xanım Əliyeva gedir. Mehriban Əliyeva fəaliyyətinin elə ilk dövrlərində sübut etdi ki, insan zəkasının, insan əməllərinin gücü ən əlçatmaz xəyalları və arzuları da reallaşdırmağa qadirdir. Bu, Mehriban Əliyeva üçün təkcə yüksək vəzifə borcu kimi qalmadı, özünü bəşəri mənada daha geniş əks etdirdi. Bu fəaliyyət vətənsevərliyə, iradəyə və qüdrətə kökləndi. Fondun prezidenti bu fəaliyyəti sadəcə bir ictimai vəzifə kimi yerinə yetirmədi, nə etdisə, qəlbinin səsi ilə etdi. İnsanlar üçün bu illər ərzində nə iş gördüsə, bu, onun zəngin mənəviyyatının diktəsi oldu. Ona görə də Mehriban xanımın başlatdığı hər bir iş uğurla nəticələndi. İnsanların böyük məhəbbətini qazandı.

Bu fondun fəaliyyəti ulu öndər Heydər Əliyevin milli dövlətçilik ideyalarının əbədiləşməsinə və həyata keçirilməsinə böyük töhfə oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin cəmiyyətə ünvanlanan ali məqsədlərinin reallaşdırılması yolunda tarixi nailiyyətə çevrildi.


Aydın hədəflərdən böyük nailiyyətlərə


Yarandığı gündən fond qarşısına böyük məqsədlər qoymuşdu. Artıq 15 ildir ki, Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu vəzifələrin hər birini böyük uğurla, ulu öndərin adına layiq bir tərzdə yerinə yetirir. Ümummilli liderin ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək verir. Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək göstərir. Fond elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid davamlı proqram və layihələr hazırlayıb həyata keçirir. Azərbaycanın və xarici ölkələrin fondları, QHT-ləri, ictimai təşkilatları ilə əməkdaşlığı genişləndirir. Onlarla birgə layihələr reallaşdırır. Yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olur. Xüsusi qayğıya ehtiyacı olan insanlara əl uzadır.

Vətəndaşlarımızın yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılması, öz qabiliyyətlərini göstərərək daha da inkişaf etdirmələrinə dəstək verilməsi də bu missiyaya daxildir.

Heydər Əliyev Fondu milli mədəniyyətimizin geniş təbliği, sağlam mənəvi dəyərlərimizin qorunması ilə bağlı mühüm işlər görür. Uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir. Ölkəmizin nüfuzunu yüksəklərə ucaldan beynəlxalq tədbirlər keçirir. Azərbaycan həqiqətlərini dünyaya çatdırır.

Respublikanın yaradıcı və elmi potensialının artırılmasına kömək, təhsil müəssisələrinin, tibbi təsisatların inkişafı, ətraf mühitin mühafizəsi, sağlam həyat tərzinin təbliği də Heydər Əliyev Fondunun gördüyü çoxşaxəli işlər sırasındadır. Fond cəmiyyətimizdə dini tolerantlığın bərqərar olması, vətəndaş cəmiyyəti quruculuğu, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılması sahəsində də tarixi addımlar atır.


Təhsil gələcəkdir


Bu məqsədlərin hər biri o qədər aydın, onların həyata keçirilməsi üçün atılan addımlar o qədər real və uğurludur ki, Heydər Əliyev Fondu ötən 15 ildə cəmiyyətdə müxtəlif sahələr üzrə yardıma, dəstəyə, həssas münasibətə ehtiyac duyan, hansısa fərdi və ictimai problemlərin həllini arzulayan hər kəsin ümid yerinə, pənah qapısına çevrilib.

Düşünürəm ki, müasir dünyamızda təhsilin cəmiyyət üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulamağa ehtiyac yoxdur. Əslində, təhsil bütün dövrlərdə inkişafın əsas hərəkətverici qüvvəsi olub. Bu gün isə təhsil hər bir cəmiyyət üçün də, fərd üçün də "olmazsa, olmaz” məsələsidir. Əgər bir cəmiyyət bu gün təhsilin inkişafı qayğısına qalmırsa, deməli, gələcək inkişafdan söhbət gedə bilməz. Yaxud bu gün təhsilə diqqət göstərən hər hansı cəmiyyətin çox tezliklə başqalarından xeyli irəli çıxması mütləqdir. Bu reallığı düzgün dəyərləndirən Heydər Əliyev Fondu fəaliyyətinin elə ilk günlərindən diqqəti təhsil sahəsinə yönəltdi. Bu diqqət Azərbaycanda təhsilin inkişafını ümumxalq hərəkatına çevirən "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsində öz əksini tapdı.

Mehriban Əliyevanın təşəbbüsü ilə bu 15 il ərzində ölkə boyu yüzlərlə yeni məktəb inşa olundu. Bir çox məktəblər əsaslı təmir edilərək yeniləndi. "Təhsilə dəstək” layihəsini uğurla həyata keçirən Heydər Əliyev Fondunun bu layihəsi sərhədlər aşdı. Pakistanda zəlzələ zamanı dağılmış qızlar məktəbini yenidən inşa etdirdi. Həştərxanda ulu öndər Heydər Əliyevin adını daşıyan məktəb, həmçinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kor və zəif görən uşaqlar və gənclər üçün fəaliyyət göstərən mərkəz yenidən quruldu. Fondun dəstəyilə Gürcüstan, Misir, Rumıniya və Hollandiyada da bir sıra məktəblər yenidən quruldu və əsaslı təmirə cəlb olundu.

Bakıda yəhudi uşaqlar üçün 450 şagird yerlik "Xabad-Or-Avner” təhsil mərkəzi və fransız liseyi yaradıldı. Fond məktəbəqədər təhsil müəssisələri ilə bağlı mühüm addımlar atdı. "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramını irəli sürdü və bu proqram çərçivəsində çox əhəmiyyətli işlər görüldü.


Sevgi ilə görülən işlər


"Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı Heydər Əliyev Fonduna ictimaiyyət arasında daha da böyük rəğbət qazandırdı. Proqram çərçivəsində ölkə üzrə 30-dan çox uşaq müəssisəsi əsaslı təmir edildi və avadanlıqla təchiz olundu. Uşaq evlərində tərbiyə alan və 18 yaşı tamam olmuş gənclər üçün Mehriban xanım Əliyevanın təşəbbüsü ilə indiyədək yalnız xəyallarda yaşayan bir arzu - Bakıda və bəzi bölgələrimizdə yeni mənzillər inşa edildi, həyatlarını müstəqil şəkildə davam etdirmələrinə imkan verən, normal məvacibli iş yerləri ilə təmin olundular.

Kimsəsiz körpələr, ahıllar üçün nəzərdə tutulmuş müəssisələrdə yaşayan insanlar bu gün də Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunublar. Əlbəttə, hər bir dövlət bu kateqoriyadan olan vətəndaşlarının problemlərinin həlli, onların himayəsi üçün imkanı daxilində nələrsə etməyə çalışır. Mehriban xanımın gördüyü işlər isə sadəcə dövlət tədbiri, hər hansı rəsmi öhdəlik deyil, bir övladın öz valideynlərinə göstərdiyi qayğıdır, hərarətli münasibətdir. Üstəlik, birinci xanım statusu onun sosial məsuliyyətini daha da artırır və öz müsahibələrinin birində etiraf etdiyi kimi, insanların rifahı naminə humanitar proqramların səmərəliliyinin gücləndirilməsinə yönəldilmiş bütün mümkün imkanlardan istifadə etməyə sövq edir. Mehriban xanım Əliyeva bütün bu savab işləri qəlbinin sevgisi, insanlığa olan sonsuz məhəbbəti ilə görür və ona görə bu münasibət insanlara bu qədər doğmadır, onun adı hər bir vətəndaşımıza bu qədər əziz, bu qədər dəyərlidir.

Heydər Əliyev Fondu bu illər ərzində ölkəmizdə səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasətinə də güclü dəstək verib və bu dəstək indi də davam etməkdədir. Paytaxtda və bölgələrdə tikilən çoxsaylı səhiyyə ocaqları ilə yanaşı, fond cəmiyyəti narahat edən bir çox problemlərin həllinə yardım göstərir. Diabetli uşaqlara ən yüksək qayğı, "Talassemiyasız həyat naminə” layihə uğurla icra edilir. Fondun təşəbbüsü ilə Bakıda müasir Talassemiya Mərkəzi tikilib. Bu gün həmin mərkəz yüzlərlə körpəni həyata bağlayan vasitədir. Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi də inşa olunub.


Sağlam həyat, sağlam ruh


Fond idman, ekologiya, sağlam həyatın təbliği sahəsində də nəcib işlər görür. Bu qurumun dəstəyi ilə ölkə üzrə bir çox idman qurğuları inşa olunub. "Hərəmiz bir ağac əkək!” aksiyası uğurla baş tutub. 2016-cı ildən start verilən və o vaxtdan bəri ölkəmizdə "Küləyə qalib gəl” devizi altında gözəl bir ənənəyə çevrilən "Bakı Marafonu” da fondun çox gözəl təşəbbüslərindən biridir. Bu qaçış marafonuna qoşulan insanların sayı hər il artır. Elə mayın 5-də keçirilmiş sonuncu marafonda 22 mindən çox şəxs iştirak etdi. Belə bir göstərici bu qədər insanın, xüsusilə gənclərimizin sağlam həyat tərzini seçmələrinin, ziyanlı vərdişlərdən uzaq olmalarının xoş bir müjdəsidir.


Dəyərlərimizin keşiyində


Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində həyata keçirdiyi fəaliyyət də böyük rəğbət doğurur. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin təbliği və inkişafı məramı ilə yaratdığı nəhəng layihələrin müəllifidir. Məhz Mehriban xanımın xidmətləri sayəsində ilk dəfə muğam sənətimiz UNESCO-nun "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına nadir inci kimi daxil edilib. İndi isə bu siyahıda "İçərişəhər” Tarixi-Memarlıq Kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Azərbaycan xalçaları, milli aşıq sənəti, həmçinin Novruz bayramımız yer alıb. Bakıda Beynəlxalq Muğam Mərkəzi və bir çox bölgələrimizdə yerli muğam mərkəzləri inşa olunub. "Qarabağ xanəndələri” musiqi albomu nəşr edilib. Hər il muğam televiziya müsabiqələrinin keçirilməsi dünya üçün maraqlı bir tədbirə çevrilib. Bu müsabiqələrdə qədim muğam ənənələrimizi, muğam sənətkarlarımızın ustalığını öz saf səslərində yaşadan onlarla gəncimizin istedadı kəşf olunur, böyük sənətə doğru yollar açılır.

Heydər Əliyev Fondu bir çox beynəlxalq musiqi festivallarının da təşkilatçısıdır. Bu sırada hər il keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalının mükəməlliyini, əhatə dairəsinin genişliyini xüsusi qeyd etmək lazım gəlir. Ölkəmizin uğurla evsahibliyi etdiyi misli görünməmiş "Eurovision-2012” Beynəlxalq Mahnı Müsabiqəsinin, 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının, 2017-ci ildə paytaxtımızda təşkil edilmiş İslam Həmrəyliyi Oyunlarının möhtəşəmliyi də Heydər Əliyev Fondunun müxtəlif layihələrin icrası üzrə əldə etdiyi zəngin təcrübənin və unikal zövqün, dərin biliyin bəhrəsi idi.

Bu beynəlxalq miqyaslı tədbirlərin təşkilati işlərinə rəhbərliyi bilavasitə Mehriban xanım Əliyeva edirdi. Məhz onun əzmkar fəaliyyəti, təşkilatçılıq qabiliyyəti, öz işinə yüksək məsuliyyətli münasibəti sayəsində Azərbaycan bu tədbirlərlə aləmə ün saldı. Qərblə Şərqin qovuşuğunda, fərqli mədəniyyətlərin təmas nöqtəsində yerləşən ölkəmiz sülh, sabitlik, sivilizasiyalararası dialoq məkanı kimi dünyada daha da məşhurlaşdı.


Dialoq və tolerantlıq məkanı


Azərbaycanın dünyaya tarixən malik olduğu fərqli mədəniyyətlərə hörmət və tolerantlıq ənənələri ruhunda təqdim edilməsi Heydər Əliyev Fondunun əsas fəaliyyət prioritetlərindəndir və fond bu nadir missiyanı uğurla davam etdirir.

Mehriban xanımın təşəbbüsü ilə reallaşdırılan "Tolerantlığın ünvanı. Azərbaycan” layihəsi çərçivəsində müxtəlif dini obyektlərdə - Pir Həsən ziyarətgahında, Bakıdakı Müqəddəs Mirodaşıyan Qadınlar Kafedral Kilsəsində və Müqəddəs Məryəm Kilsəsində, Gəncədə Həzrəti Zeynəb Məscidində, Fransanın müxtəlif regionlarındakı kilsələrdə restavrasiya işləri görülüb. Strasburqda XIV əsr Kafedral Kilsəsinin vitrajları bərpa edilib. Həştərxanda Knyaz Vladimirin abidəsi ucaldılıb. Fond Luvr Muzeyində aparılan bərpa işlərində iştirak edib. Mehriban Əliyevanın təşəbbüsü ilə Müqəddəs Roma katakombaları bərpa edilib. Və bu addım beynəlxalq ictimaiyyət tərəfindən müsəlman dünyasının xristianlığın müqəddəs abidələrinin qorunub saxlanmasına Azərbaycan töhfəsi kimi böyük rəğbət doğurub.

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə hər il ölkəmizdə ənənəvi qaydada qlobal humanitar forumlar, beynəlxalq mədəniyyət tədbirləri təşkil edilir. Dünyanın tanınmış elm, sənət, siyasət adamları, öz sahələrinin görkəmli liderləri paytaxtımızda toplaşır. Bakıdan dünyaya sülhün qorunması, konfliktlərin mədəniyyət müstəvisində həlli, insanın inkişafı, multikultural dəyərlərin dəstəklənməsi məzmunlu çağırışlar ünvanlanır. Bu gün Azərbaycan dövlətinin bəşəriyyətin sabahı naminə gördüyü işlərdən biri olaraq dünyanın BMT kimi ən nüfuzlu təşkilatları tərəfindən təqdir edilən "Bakı prosesi” təşəbbüslərinin reallığa çevrilməsində də Heydər Əliyev Fondunun, Mehriban xanım Əliyevanın inkaredilməz böyük əməyi var.


Azərbaycan həqiqətlərinin carçısı


Heydər Əliyev Fondu Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, torpaqlarımızın düşmən tərəfindən işğalı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında da çox mühüm işlər görür. Fondun dəstəyi ilə hər il Xocalı soyqırımının ildönümü dünyanın yüzlərlə ölkəsində qeyd olunur. Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən fəaliyyətə başlamış "Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası ermənilərin xalqımıza qarşı törətdikləri cinayətləri dünyəvi miqyasda ifşa edir. Düşmənlə informasiya müharibəsində üstünlüyü Azərbaycanın xeyrinə dəyişir.

Fond gənclərimizin vətənpərvərlik duyğularını yüksəldir. Tarixi keçmişimizə, xalqımızın qan yaddaşına həssas münasibətilə seçilən Heydər Əliyev Fondu Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasında və 1918-ci ildə erməni daşnaklarının Şamaxıda törətdikləri mart qırğınları zamanı yandırılan Şamaxı Cümə məscidinin əsaslı bərpasında da yaxından iştirak edib.


Mədəniyyət diplomatiyası


Fondun Azərbaycan dövləti və xalqı qarşısındakı ən böyük xidmətlərindən biri də görkəmli şəxsiyyətlərimizin dünyada tanıdılmasıdır. Azərbaycan xalqının müxtəlif sahələrdə böyük şəxsiyyətlər yetirmiş xalq kimi malik olduğu milli potensialın, yaradıcılıq ruhunun bütün Yer üzündə sərgilənməsidir.

Heydər Əliyev Fondunun beynəlxalq əlaqələrinin uğurları sayəsində akademik Yusif Məmmədəliyevin, görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 100 illik yubileyləri UNESCO səviyyəsində qeyd olunub. Dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahovun Parisdə fərdi sərgisi təşkil edilib. Fransanın sənət nümunələrinin toplandığı "Fransız inciləri” kolleksiyası Bakıda nümayiş olunub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə paytaxtda Müasir İncəsənət Muzeyi açılıb. Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi fəaliyyətə başlayıb. Heydər Əliyev Mərkəzində Heydər Əliyev Muzeyi yaradılıb. Fond indiyə qədər dünyanın bir çox məşhur şəhərlərində - Parisdə, Moskvada, Berlində, Romada, Vatikanda, Bolqarıstanda mədəniyyət tədbirləri təşkil edib. Təkcə bir faktı vurğulayaq ki, məhz Heydər Əliyev Fondunun nüfuzu sayəsində Azərbaycan Vatikanda sərgi təşkil edən ilk müsəlman ölkəsi kimi tarixə düşüb.

Heydər Əliyev Fondu dünyanın ən tanınmış mədəniyyət mərkəzlərində Azərbaycan mədəniyyəti evlərinin və mərkəzlərinin yaradılması ideyasına dəstək verir. Bir çox xarici ali təhsil müəssisələrində Azərbaycan dili və mədəniyyəti mərkəzləri yaradılır. Bütün bunlar Azərbaycanın mədəniyyət diplomatiyası müstəvisində əldə etdiyi nailiyyətlərdir.


Azərbaycan qadınının uğur rəmzi


Real, işıqlı əməllərlə, hər hansı vədlərə deyil, nəticələrə əsaslanan qlobal işlərlə Heydər Əliyev Fondu, onun rəhbəri Mehriban xanım Əliyeva ulu öndərin ideallarını yaşadır. Ümumbəşəri dəyərlərə layiqli töhfələr verir. Fondun fəaliyyəti vətəndaşların sonsuz sevgisi, rəğbəti ilə qarşılanaraq müasir Azərbaycan tarixinin parlaq bir qütbünə çevrilir. Bir Azərbaycan qadınının rəhbərlik etdiyi fondun 15 illik uğuru, Mehriban xanımın öz xalqının həssas ruhunun və ülvi arzularının reallaşmasına yönəldilmiş hərtərəfli, geniş fəaliyyəti, ümumilikdə Azərbaycan qadınının dünyaya səs salan nailiyyətləridir.

Mehriban xanım Əliyeva bu gün hər bir Azərbaycan insanı üçün humanizm və qayğı kimi keyfiyyətləri təcəssüm etdirən arzuların rəmzidir. Gözəllik, xeyirxahlıq və mərhəmət nümunəsidir. Bir insana, Azərbaycan qadınına, şəxsiyyətə xas ən gözəl keyfiyyətlərin ümumiləşmiş simvoludur. Bu gün Azərbaycan xalqı Mehriban Əliyeva şəxsiyyəti ilə fəxr edir, ondan nümunə götürməyə çalışır. O, cəmiyyət həyatında fəal iştirak istəyində olan qadınlarımız üçün bir meyardır. Mehriban xanım, eyni zamanda, insanlarımız üçün təkcə lider və ya ictimai xadim deyil, həm də köməyə ehtiyacı olanlara yardım əlini uzatmağa hazır olan etibarlı dayaq, xeyirxah insandır. Azərbaycan vətəndaşı onu ailəsinin doğma bir üzvü kimi görür, sevgi bəsləyir, ona inanır, ona güvənir.

Bu ali münasibət, böyük məhəbbət, ehtiram hər hansı təbliğatın, kampaniyanın gücü ilə formalaşmayıb. Bu, Mehriban xanımın gördüyü sərhədsiz real işlərdir, hər kəsə faydası çata bilən nəcib əməlləridir.

Bilirik ki, fond insanların rifahı, ayrı-ayrı vətəndaşların problemlərinin həllinə yönələn işlərin heç mindənbirini ictimailəşdirmir. Tanıdığımız kimlərinsə müəyyən bir müşkülünün fondun dəstəyi hesabına həll edildiyini sıx-sıx eşidirik. Yaxud insanların sosial problemlərinin fondun köməyi ilə aradan qalxdığını sonradan təsadüfən bildiyimiz faktlar da çox olub. Əgər bu nurlu əməllərin hamısı qələmə alınsa, 15 il ərzində fondun, Mehriban xanım Əliyevanın köməyi sayəsində həyat qazanmış, çətinliklərdən qurtulmuş insanların taleyi fonunda nəzərdən keçirilsə, bu xeyirxah, alicənab addımlar cild-cild kitablara sığmaz.

Fərqindəyəm ki, yazıdakı qeydlər də Heydər Əliyev Fondunun ötən 15 il ərzində gördüyü işlərin çox məhdud bir hissəsini əhatə etdi və bu şərəfli tarixin bir çox faktları yazının əhatə dairəsindən kənarda qaldı. Amma mühüm olan bu deyil. Əsas bəşər övladına qürurverən missiyadır.

O, davam edir və şərəfli tarixin yeni səhifələrini yaradır.


Nurlana ƏLİYEVA,

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Qadınlar Şurasının sədri, professor



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM