09 May 2019 11:21
400
SİYASƏT
A- A+

Ulu öndər daim böyük ehtiramla xatırlanır

Tarixdə o kəslərin izi qalır ki, onların şərəfli, mənalı və zəngin həyat yolunu dövlətin və xalqın tarixindən kənarda təsəvvür etmək mümkün deyil. Ümummilli lider Heydər Əliyev də Azərbaycan xalqının yetişdirdiyi nadir şəxsiyyətlərdən biri olaraq müasir tariximizin bütöv bir epoxasının müəllifidir. 1969-cu ildən başlanan bu epoxa özündə dövlətçiliyimizin inkişaf, yüksəliş və müstəqillik mərhələlərini birləşdirir.

Xalqımız müasir dövrdə tarixi dövlətçilik ənənələrini Heydər Əliyev epoxasında təkmilləşdirərək sistem halına salmış, millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını və özünü idarə etmək bacarığını yüksək səviyyədə nümayiş etdirmişdir. Ona görə də həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndər bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla xatırlanır. Anadan olmasının 96-cı ildönümündə xalqımız öz dahi oğlunun əziz xatirəsini qədirbilənliklə, minnətdarlıqla anır.

Azərbaycanın dərin iqtisadi və mənəvi böhran keçirdiyi 1969-cu ildə ölkəyə rəhbərliyə başlayan Heydər Əliyev işıqlı gələcəyə doğru aparan yolun əsasını qoydu. Təsadüfi deyil ki, 1969-1982-ci illərdə həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı quruculuq və milli intibah salnaməsinin ən dolğun və şərəfli səhifələrini təşkil edir. Tarixin həvalə etdiyi dövlətə və xalqa şərəfli xidmət missiyasını Heydər Əliyev 1993-cü ildən sonra da layiqincə davam etdirdi. Bu mənada xalqımız dövlətimizin müstəqilliyimizin qorunub saxlanılmasına, müasir dövlətçiliyimizin əsaslarının formalaşdırılmasına, Azərbaycanın bir dövlət olaraq müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasına görə Heydər Əliyevə minnətdardır. Öz tarixi missiyası ilə ulu öndər müasir Azərbaycan dövlətini yaratdı, xalqımızı yenidən müstəqilliyini itirməkdən, əsarət altında yaşamaqdan xilas etdi.

Bu gün Azərbaycan Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu ilə inamla addımlayır, öz tarixinin yeni şərəfli səhifələrini yazır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 16 ildə qazanılan hər bir uğur göstərir ki, ulu öndərin ideyaları bu gün dövlətimizin yüksəlişinə, xalqımızın rifahına xidmət edir. Bu dövrdə gerçəkləşdirilən sosial-iqtisadi islahatların - davamlı və tarazlı inkişafı stimullaşdıran dövlət proqramlarının, ictimai həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların nəticəsi olaraq respublikamız dünyanın sürətli inkişaf yolunda olan, qlobal maliyyə-iqtisadi böhrana əzmlə sinə gərən dövlətləri sırasına yüksəlmişdir. Cənab İlham Əliyevin elmi əsaslarla yeritdiyi sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin həllinə real imkanlar açmışdır.

Qarşıya qoyduğu hədəflərə inamla yetişən, bütün sahələrdə yeniləşən respublikamız beynəlxalq aləmdə mövqelərini ildən-ilə möhkəmləndirir. Azərbaycan nəinki problemlərinin həllinə nail olur, hətta ümumregion əhəmiyyətli qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirir. Dövlətimizin qazandığı bu möhtəşəm uğurlar həm də bizə Heydər Əliyev fenomeninin milli dövlətçilik qarşısındakı əvəzsiz xidmətlərini mahiyyəti üzrə dərk etmək imkanı yaradır. Ölkəmizin müstəqillik tarixində baş verən proseslərə nəzər saldıqda bir daha aydın olur ki, Azərbaycanın tərəqqisinin, qüdrətlənməsinin və dövlətçiliyimizin əbədiliyinin yolu məhz Heydər Əliyev siyasi kursunun davam etdirilməsindən, ulu öndərin ideyalarının gerçəkləşdirilməsindən keçir. Ötən ilin aprelində keçirilən prezident seçkilərində xalqımızın cənab İlham Əliyevi yekdilliklə dəstəkləməsi bir daha təsdiqlədi ki, vətəndaşlar Heydər Əliyev yolunun davamına heç bir alternativi qəbul etmirlər. Ötən 16 ilin siyasi-iqtisadi-sosial mənzərəsi göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin siyasi kursunun varisliyini təmin edə biləcək alternativsiz rəhbər olduğunu təsdiqləmişdir.

Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması müasir qloballaşma dövründə xüsusi aktuallıq kəsb edir. Bu baxımdan 15 il öncə yaranan Heydər Əliyev Fondu ulu öndərin ideyalarını, xeyirxah və müqəddəs əməllərini yaşatmaq üçün ictimai həyatın ən müxtəlif sahələrində fundamental, çoxşaxəli layihələr həyata keçirir, hər bir vətəndaşın istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə həm maddi, həm də mənəvi dəstək verir. Dahi liderin yaradıcılıq irsinin təbliği və öyrənilməsi ilə yanaşı, fond xeyriyyəçiliyi və müxtəlif humanitar aksiyalar keçirməyi öz fəaliyyətinin prioritet istiqamətlərindən hesab edir. Odur ki, yarandığı gündən bu ali məqsədi qarşıya vəzifə kimi qoyan ulu öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan Heydər Əliyev fondu fəaliyyətilə insanların ümid yerinə çevrilmişdir.

Respublikamızın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dövlətimizin inkişafına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, Azərbaycanın dünya birliyində layiqli yerini tutmasına doğru istiqamətlənmiş tədbirlərini inamla davam etdirir. Ən mühümü odur ki, fondun fəaliyyəti, həyata keçirdiyi hər bir tədbir, proqram və layihə nəticə etibarilə Prezidentİlham Əliyevin yürütdüyü siyasi kursa layiqli töhfələr verir.


Tahir SÜLEYMANOV,
Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video