Alternative content

22:00 23 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Heydər Əliyevin həyatı və fəaliyyəti xalqa xidmət simvoludur
Heydər Əliyevin həyatı və fəaliyyəti xalqa xidmət simvoludur
ANA SƏHİFƏ / SİYASƏT
01:50 09.05.2019


Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın son yarım əsrinin bütün çalarları ilə zəngin olan möhtəşəm tarixi ulu öndərin adı ilə bilavasitə bağlıdır. XX əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütünlüklə cəmiyyətimiz Heydər Əliyevin böyük səyləri sayəsində inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. Onun respublikaya rəhbərliyə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı olmuşdur. Heydər Əliyevin yaratdığı siyasi və dövlətçilik məfkurəsi Azərbaycanın dünyada özünəməxsus yerini müəyyənləşdirmiş, dövlətçiliyimizin əsasını təşkil etmiş və dünya azərbaycanlılarının həmrəyliyinin ideya əsasını yaratmışdır.


Milli özünüdərk və milli özünəqayıdış dövrü


Zəngin tarixə malik olan xalqımız hər zaman müstəqil dövlətə sahib olmaq arzusu ilə yaşamış və bu müqəddəs istəyini reallaşdırmaq üçün böyük mücadilələr aparmışdır. 1920-ci ildə bolşevik Rusiyasının hərbi-siyasi təcavüzü nəticəsində süquta uğrayan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə fəaliyyət göstərsə də, milli dövlətçiliyin inkişafı, milli varlığın və milli şüurun yüksəlişi yolunda mühüm xidmətlər göstərdi. Lakin fəal işğalçılıq siyasəti yeridən bolşevik imperiyası gələcək varlığının təhlükəsizliyini təmin etmək məqsədilə milli dövlətçilik məfkurəsinin daşıyıcılarına qarşı qırmızı terror həyata keçirdi. İmperiyanın mahiyyətinə və xislətinə uyğun olaraq hakimiyyət sükanı milli məfkurədən uzaq, kosmopolit şəxslərə tapşırılırdı.

Yalnız 1969-cu ildə Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə Azərbaycan tarixinə, milli soykökə, qan yaddaşına, iqtisadi inkişafa, milli-mənəvi tərəqqiyə dönüş mərhələsi başlandı. Heydər Əliyev Kremlin iqtisadi və mədəni asılılıq siyasətindən məharətlə yayınmaqla ittifaq miqyasında hökm sürən ümumi prinsip və qaydalardan kənara çıxaraq, mümkün imkanlardan həssaslıqla istifadə edib Azərbaycanı sürətli tərəqqi yoluna yönləndirir, respublikanın zəngin təbii sərvətlərini, əqli və intellektual potensialını gələcək müstəqil dövlətin əsaslarının yaradılması naminə səfərbər edirdi.

1960-cı illərin sonunda Azərbaycan iqtisadi inkişafın ən mühüm göstəricisi sayılan milli gəlirin artımına görə digər sovet respublikaları sırasında axırıncı yeri tuturdu. Respublikada əsaslı vəsait qoyuluşunun azlığı, elmi-texniki nailiyyətlərin tətbiqinə diqqət yetirilməməsi, əsas fondların aşınması, yeni sənaye sahələrinin yaradılmasına yarıtmaz münasibət ölkənin dinamik inkişafına imkan vermirdi. Sənaye müəssisələrinin 90 faizi ittifaq tabeçiliyində idi. Əsaslı vəsait qoyuluşu, investisiya və infrastruktur siyasəti, məqsədli proqramların hazırlanması ölkənin iqtisadi siyasətinin tərkib hissəsi kimi mərkəzdə formalaşdırılırdı. Bu problemlərin həllində dönüş yaratmaq o qədər də asan deyildi. Bütün bu və digər ciddi çətinlikllərə baxmayaraq, Heydər Əliyev Azərbaycana yüksək əsaslı vəsait qoyuluşu strategiyasını həyata keçirməyə müvəffəq oldu. Azərbaycanın 1970-1980-ci illərdə iqtisadi sahədə əldə etdiyi böyük uğurlar - iqtisadiyyatın yeni sahələrinin yaradılması, sənaye istehsalının sürətli artımı, yüzlərlə nəhəng sənaye müəssisələrinin işə salınması, kənd təsərrüfatının dinamik inkişafı özlüyündə siyasi müstəqilliyə xidmət edirdi. Çünki ölkənin siyasi müstəqilliyini şərtləndirən başlıca amil onun iqtisadi qüdrətidir. Böyük dövlət xadimi Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycanda yüksək iqtisadi, elmi, intellektual, kadr, energetika, infrastruktur potensialı formalaşdırmaqla bugünkü müstəqil dövlətçiliyin bünövrəsini yaratdı, onun yaşamasına tarixi şans verdi. Heydər Əliyevin rəhbərliyi ilə sovet dövründə Azərbaycanda görülən və intibahı şərtləndirən işlərdən biri də təhsilə xüsusi diqqət yetirilməsi, Azərbaycan dilinə dövlət dili statusu verilməsi olmuşdur. Hər il minlərlə gəncin Sovet İttifaqının böyük şəhərlərindəki nüfuzlu ali məktəblərə göndərilərək gələcək müstəqil dövlətin ixtisaslı kadrlara ehtiyacını ödəmək məqsədilə təhsil almaları təmin edilirdi. Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, azərbaycanlı gənclərin hərbi təhsilə cəlb olunması, minlərlə zabitin hərb sənətinə dərindən yiyələnməsi ölkəmizin bugünkü müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə əvəzsiz töhfələr verdi. Qəbul olunmuş qərarlarla respublikanın sənaye əsasında inkişaf etdirilməsi, iri cihazqayırma, radiotexnika, elektrotexnika, neft maşınqayırma müəssisələrinin yaradılması və təkmilləşdirilməsində yeni mərhələnin başlanğıcı qoyuldu. Təsadüfi deyildir ki, bu illər Azərbaycanın quruculuq tarixinə sürətli inkişaf dövrü kimi daxil olmaqla iqtisadi və sosial tərəqqiyə, struktur islahatlarının xarakterinə, xalqın maddi rifahının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına görə yeni tariximizin intibah mərhələsi kimi daxil olmuşdur.


Milli ruh və dövlətçilik məfkurəsi Kreml mühitində


Heydər Əliyev idarəetmə fəlsəfəsinin fonunda görülən işlər xalqın milli dövlətçilik məfkurəsini daha da inkişaf etdirmişdir. Bu dahi şəxsiyyət Azərbaycanın inkişaf potensialını sistemləşdirərək milli maraqlarımızı müdrikliklə reallaşdıra bilmişdir.

1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilən Heydər Əliyev 5 il bu nəhəng ölkənin rəhbərlərindən biri kimi dünyada gedən qlobal proseslərin fəal iştirakçısına çevrildi. Bu vəzifəsində də mövcud imkan və səlahiyyətlərindən maksimum istifadə etməklə Azərbaycanın hərtərəfli tərəqqisinə çalışan böyük dövlət xadimi mərkəzi büdcənin geniş investisiya imkanlarını respublikamıza yönəltməklə elmin, təhsilin, mədəniyyətin, iqtisadiyyatın əsaslı şəkildə inkişafına tarixi töhfələr verdi. İttifaq miqyasında açıq nəzərə çarpan tənəzzül və durğunluq fonunda Azərbaycan Heydər Əliyevin sayəsində tərəqqi və intibah mərhələsini yaşamaqda davam edirdi. Milli ruh, böyük dövlətçilik məfkurəsi, Vətənə və xalqa bağlılıq Heydər Əliyevi total siyasi və ideoloji məhdudiyyətlər çərşivəsində belə müstəqil Azərbaycan dövlətçiliyinin zəruri əsaslarının yaradılmasınaruhlandırırdı.


Xilaskarlıq missiyasından doğan siyasi iradə və cəsarət nümunəsi


1987-ci ildə görkəmli dövlət xadimi Heydər Əliyev istefaya göndərildikdən sonra erməni separatçıları və imperiya mərkəzi tərəfindən ortaya atılmış Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünə, vətəndaşlarımızın konstitusion hüquqlarına qarşı yönəldilmiş təcavüz aksiyası idi. Bu bənzərsiz ədalətsizliyə qarşı etiraz səsini ucaldan xalqa SSRİ rəhbərliyi vəhşicəsinə divan tutdu. Ayağa qalxan xalqın iradəsini qırmaq, Mərkəzin qərarlarını qeyd-şərtsiz qəbul etdirmək üçün 1990-cı il yanvar ayının 20-də sovet ordu hissələri Bakıya yeridilərək qanlı qırğın törədildi. Heydər Əliyevin Azərbaycandan ayrı salındığı dövr ölkəmizin tarixində Kremlin ağır repressiyaları, erməni təcavüzü, qanlı müharibə, torpaqlarımızın işğalı, soydaşlarımızın qətli və deportasiyası, iqtisadi, siyasi və hərbi böhranlarla müşahidə olundu. Ulu öndərin, görkəmli dövlət xadiminin xalqdan ayrı salınması Azərbaycanın ölçüyəgəlməz itkilərlə üzləşməsinə səbəb oldu. Heydər Əliyev yaranmış ağır vəziyyəti görür və hər vəchlə xalqının yanında olmağa, onu məkrli düşmənlərin çirkin planlarından hifz etməyə çalışırdı.

Ulu öndər 1990-cı ilin iyulunda çox çətinliklə Azərbaycana qayıda bildi. Lakin Moskvanın müti köləsinə çevrilmiş respublika rəhbərliyi də, hakimiyyət uğrunda mübarizədə ən çirkin vasitələrdən belə çəkinməyən avantürist qüvvələrin cəmləşdiyi AXC də Heydər Əliyevin Bakıya qayıdışından əndişələnir, onun aradan götürülməsi üçün yollar arayırdılar. Yaranmış gərgin durumu düzgün dəyərləndirən ümummilli lider Naxçıvana getməyə qərar verdi. Beləliklə, Heydər Əliyevin məşəqqətli, lakin tarixi fəaliyyətinin Naxçıvan dövrü başlandı. Amma onun fəaliyyət coğrafiyası nəinki Naxçıvanla məhdudlaşır, hətta Azərbaycan çərçivəsinə belə sığmırdı. Naxçıvanda Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin ən parlaq səhifələri yazılırdı. Lakin odövrkü hakimiyyət millətin və torpaqlarımızın taleyini düşünmək, Dağlıq Qarabağda və onun ətrafında, Ermənistanla sərhəd rayonlarda təcavüzə məruz qalmış kənd və şəhərlərimizi, soydaşlarımızı düşmənin caynağından xilas etmək əvəzinə Heydər Əliyev kimi dahi şəxsiyyəti susdurmaq, bütün proseslərdən kənarda saxlamaq, hətta onun fiziki cəhətdən məhvinə çalışırdı.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti tərəfindən Müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və xalqımızın həyatında keyfiyyətcə yeni mərhələnin bünövrəsi qoyuldu. Müstəqilliyin əldə edilməsi ölkəmiz qarşısında çox geniş inkişaf perspektivləri açırdı. Bu tarixi hadisə sayəsində Azərbaycan xalqı, ilk növbədə, öz həyatını sərbəst və müstəqil qurmaq imkanı qazandı. Yeni, qüdrətli dövlət qurmaq üçün respublikanın müəyyən imkanları mövcud idi. Ölkənin zəngin təbii sərvətləri, iqtisadi, siyasi və mədəni potensialı, əlverişli coğrafi mövqeyi və digər amillər Azərbaycanın regionda və dünyada özünün layiqli yerini tutmasını şərtləndirən vacib faktorlardan idi. Dünyanın aparıcı ölkələrinin regiona, xüsusən də Azərbaycana olan geostrateji maraqları, onların respublikamızla geniş əlaqə qurmağa can atmaları müstəqil dövlət quruculuğu prosesinin dinamik şəkildə inkişaf etməsinə əlavə təminatlar yaradırdı. Ancaq bütün bu üstünlüklərə, potensial imkanlara baxmayaraq, müstəqillik qazanıldıqdan sonra ilk illərdə başlanan dövlət quruculuğu prosesi çox böyük problemlər və çətinliklərlə müşayiət olunmağa başladı. Bu çətinliklərin bir qismi Ermənistanın ölkəmizə ərazi iddiaları irəli sürməsi və hərbi təcavüzə əl ataraq xarici havadarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində meydana çıxmışdı. Əslində, ermənilərin bu işğalçılıq siyasətinin arxasında böyük geostrateji maraqlar dayanırdı. Məlumdur ki, erməni millətçilərinin əsrlərlə "Böyük Ermənistan” xülyasına uyaraq Azərbaycan və Türkiyə torpaqlarında erməni dövləti yaratmaq cəhdləri həmişə bölgədə qanlı toqquşmalara səbəb olmuş və düşmən hər dəfə ciddi müqavimətlə üzləşərək layiqli cavabını almışdır. İstər XX əsrin əvvəllərində, istərsə də sovet hakimiyyəti illərində bu cəhdlər mütəmadi xarakter daşımış və məqam düşən kimi erməni separatizmi yenidən baş qaldırmışdır.

Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, görkəmli dövlət xadimi Heydər Əliyev sovet hakimiyyəti dövründə erməni separatizminin qarşısını qətiyyətlə alırdı.

Həmin dövrdə etnik separatizmin və digər anti-Azərbaycan planların qarşısını ala biləcək Heydər Əliyev kimi görkəmli şəxsiyyət bütün proseslərdən təcrid edilmiş, xalq hərəkatının rəhbərliyində səbatsız şəxslərin təmsil olunması üçün əlverişli şərait yaradılmışdı. Əslində, elə bir mühit formalaşdırılmışdı ki, siyasi hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Azərbaycanda gedən proseslər keçmiş imperiyanın maraqlarına cavab verirdi. Müstəqil dövlət quruculuğu prosesinə ciddi maneə yaradan amillərdən biri də həmin dövrdə səriştəsiz və təsadüfi adamların Azərbaycanda siyasi hakimiyyətdə təmsil olunmaları ilə bağlı idi. Milli mənafelərimizə biganə münasibət bəsləyən, dövlətçilik və idarəçilik səriştəsi olmayan, yalnız öz şəxsi maraqlarını düşünən həmin siyasi qüvvələr müstəqil Azərbaycan dövlətinin inkişaf perspektivləri haqqında heç bir konkret təsəvvürə və proqrama malik deyildilər.

1990-cı il yanvarın 20-də Azərbaycan xalqının müstəqil yaşamaq iradəsini qırmağa çalışanlar A.Mütəllibovu hakimiyyətə gətirə bildilər. Lakin bu şəxs yeni dövrün siyasi lideri tələblərinə cavab vermirdi. Ancaq o, mərkəzin, yəni Moskvanın əsas göstərişlərinə əməl etməyə canla-başla hazır idi. Çox keçmədi ki, milli maraqların mahiyyətini belə anlamayan A.Mütəllibov hakimiyyəti birdəfəlik tərk etmək məcburiyyətində qaldı. Həmin siyasi hakimiyyət Azərbaycan cəmiyyəti üçün çoxsaylı mürəkkəb problemlər miras qoydu.

Bu dövrdə cəmiyyətdə hökm sürən qeyri-müəyyənlik və özbaşınalıq siyasi hakimiyyəti ələ keçirmək niyyəti güdən müxtəlif təmayüllü qüvvələrin dağıdıcı fəaliyyəti üçün münbit şərait yaratdı. Beləliklə, ölkədəki böhrandan yararlanan Azərbaycan Xalq Cəbhəsi siyasi hakimiyyəti zəbt etdi. Təsadüfi və idarəetmə təcrübəsi olmayan şəxslərin müstəqilliyə yenicə qovuşan respublikanın siyasi hakimiyyətində təmsil olunmaları çox keçmədən özünün ağır fəsadlarını qabarıq şəkildə göstərdi. AXC- "Müsavat” hakimiyyəti özünün səriştəsizliyi ucbatından yaratdığı sosial-iqtisadi, siyasi və mənəvi-psixoloji böhranın aradan qaldırılması yollarını axtarıb tapmaq əvəzinə sağlam təfəkkürə sığmayan əməllərə rəvac verməyə başladı. Cəbhə hakimiyyəti Azərbaycanda zəngin dövlətçilik təcrübəsinə görə böyük nüfuza malik Heydər Əliyevə qarşı siyasi təqib yolunu tutdu. Bu diletantlar çox tez bir zamanda öz naşı əməlləri ilə ağır ictimai-siyasi, iqtisadi və hərbi problemlərin girovuna çevrildilər. AXC-"Müsavat” rəhbərliyinin təcrübəsizliyi və kobud səhvləri Azərbaycanda müstəqil dövlət quruculuğu prosesini xeyli ləngitdi və torpaqlarımızı zəbt edən Ermənistana layiqli cavab verilməsini çətinləşdirdi.

Bu hakimiyyətin səriştəsiz idarəçiliyi nəticəsində yaranmış sosial-iqtisadi böhran, getdikcə dərinləşən xaos və anarxiya ölkə ictimaiyyətini ciddi narahat etməyə başladı.


Çətin durumun nicat ünvanı olan Heydər Əliyevlə yeni, müstəqil, qüdrətli Azərbaycana doğru


Respublikanı belə çətin durumdan yalnız böyük və zəngin dövlətçilik təcrübəsinə malik olan, xalqını sevən müdrik dövlət xadimi Heydər Əliyevin xilas edə biləcəyini düşünən ziyalılar onun Azərbaycanın siyasi rəhbərliyinə gəlməsinə nail olmağa çalışırdılar. Əslində, ulu öndər Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə gəlməsi ilə bağlı getdikcə güclənən çağırışlar xalqın, cəmiyyətin sosial sifarişi idi. Ölkə vətəndaşları Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıdışını əngəlləməyə çalışan və bunun üçün müxtəlif üsullardan yararlanmaq istəyən respublikanın ovaxtkı yarıtmaz rəhbərlərinin qeyri-demokratik addımlarına qarşı etiraz səslərini qaldırırdılar. Gündən-günə pisləşən ictimai-siyasi vəziyyət, vətəndaş itaətsizliyinin, sosial-iqtisadi böhranın dözülməz həddə çatması xalqın haqlı tələbini daha da gücləndirirdi.

Belə bir vəziyyətdə, yəni ötən əsrin 90-cı illərinin əvvəlində, Azərbaycanın müstəqilliyinin ilk illərində xalqı öz ətrafında yumruq kimi birləşdirəcək, cəmiyyəti öz arxasınca aparacaq bir liderin və partiyanın bütün ölkə miqyasında siyasi fəaliyyət arenasına çıxmasına böyük ehtiyac var idi. Belə bir möhtəşəm siyasi qüvvə xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası oldu. Ulu öndər Heydər Əliyevin xeyir-duası və rəhbərliyi ilə həyata vəsiqə qazanan YAP yarandığı gündən etibarən ölkəmizin son onilliklərdə nail olduğu ən böyük uğurların carçısına çevrildi. Xalqımızın müqəddəs arzularının, sabaha olan ümidlərinin, müstəqilliyinin və azadlığının təminatçısı kimi yaranan Yeni Azərbaycan Partiyası ötən illər ərzində ümidləri bütünlüklə doğruldub, sözün əsl mənasında, ümumxalq partiyasına çevrildi.

Zaman XX əsrin yetişdirdiyi ən qüdrətli şəxsiyyətlərdən biri, müdrik siyasətçi olan Heydər Əlirza oğlu Əliyevin üzərinə daha böyük missiya qoydu. Yeni Azərbaycan Partiyasının yaranmasından az bir müddət keçəndən sonra ulu öndər 15 iyun 1993-cü ildə xalqın təkidli tələbindən sonra siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın çağdaş tarixində yeni bir şərəfli səhifə açdı. Onun qayıdışı partiyanın təsis konfransından keçən qısa müddət ərzində ölkənin ən böyük siyasi güc mərkəzlərindən birinə çevrilmiş YAP-ı da hakimiyyətə gətirdi və bu siyasi təşkilat Azərbaycanda dövlət quruculuğu, demokratikləşmə prosesinin hərəkətverici qüvvəsi kimi çıxış etdi.

1993-cü il iyunun 15-də H.Əliyevin parlamentin sədri seçilməsi Milli Məclisin nüfuzunu əsaslı şəkildə qaldırmaqla, onun təşəkkülünə, ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə, eyni zamanda, parlamentarizm ənənələrinin inkişafına böyük zəmin yaratdı. Bu vəzifədə cəmi 4 ay işləməsinə baxmayaraq qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə nümunəvi siyasi mədəniyyət gətirdi. Həmin müddətdə parlamentin qanunvericilik fəaliyyətinin mühüm istiqamətini cəmiyyət və dövlət həyatının bütün sahələrində stabilləşmə, qanunçuluğun bərqərar olması üçün məqsədyönlü şəkildə aparılacaq köklü islahatların hüquqi konturları müəyyənləşdirdi. Onun rəhbərliyi ilə Milli Məclisin qəbul etdiyi məcəllələr və bir sıra digər qanunvericilik aktları Azərbaycanın demokratik yolla ardıcıl inkişafı, respublikamızın hüquqi dövlətə çevrilməsi üçün zəruri olan hüquqi təminatları yaratdı.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın qurtuluşu üçün atdığı məqsədyönlü addımların real nəticələri isə elə ilk günlərdən özünü göstərməyə başladı. Ölkə parçalanmaq təhlükəsindən xilas oldu, vətəndaş müharibəsi qorxusu, anarxiya, itaətsizlik təzahürləri aradan qaldırıldı, qanunsuz silahlı dəstələr ləğv edildi, respublikada kriminogen vəziyyət nizamlandı, ictimai-siyasi sabitlik bərqərar oldu. Bu siyasət Azərbaycanda demokratik cəmiyyətin əsaslarını formalaşdırmaqla bərabər, insanların gələcəyə olan ümidlərini artırdı, müstəqil dövlətçiliyimizi möhkəmləndirdi. Azərbaycan bir sıra beynəlxalq təşkilatların bərabərhüquqlu üzvü seçildi. Müdafiə və təhlükəsizlik sahəsində böyük işlər görüldü. Ermənistan atəşkəs sazişini imzalamağa məcbur oldu.

1993-2003-cü illərdə Heydər Əliyevin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti quruldu, müstəqilliyin əbədiliyi və dönməzliyi təmin olundu, ölkəmiz dünya məkanında layiqli yeri tutdu. Bu gün də Azərbaycanda demokratiyanin inkişafı və insan hüquqlarının qorunması, milli qanunvericiliyimizin təkmilləşdirilməsi, hüquqi və sosial-iqtisadi islahatların reallaşdırılması, nəhəng transmilli layihələrin gerçəkləşdirilməsi, bir sözlə, xalqın rifahının yüksəldilməsini hədəfləyən fəaliyyət sahəsindəki bütün uğurların kökü məhz Heydər Əliyevin ideyalarından qaynaqlanır.


Xalqın milli iftixarı və qürur mənbəyi


Ulu öndər qəti və aydın şəkildə müəyyənləşdirilmiş həyat prinsiplərinə və amallarına malik şəxsiyyət idi. O, həyatının bütün mərhələlərində ali məqsədlərini - mənsub olduğu xalqa və cəmiyyətə sədaqət, vicdanlı və əzmkar xidmət prinsiplərini rəhbər tutmuş və bu yoldan heç vaxt dönməmişdir. Heydər Əliyev mənəvi keyfiyyətlərinə, biliyinə, möhkəm iradəsinə, idarəçilik və liderlik qabiliyyətinə görə fenomenal şəxsiyyət, xarizmatik lider kimi səciyyələndirilir. İşgüzar və mənəvi keyfiyyətlərlə fitri istedadın vəhdətini özündə ehtiva edən fövqəladə cəhətləri - müdrikliyi, aydın zəkası, fenomenal yaddaşı, dözüm və təmkini, diplomatiya məharəti, hədəfləri dəqiq müəyyənləşdirmək və insanlara özünə inam hissini aşılamaq qabiliyyəti Heydər Əliyevin lider portretini dolğunlaşdıran cizgilərdir. Məhz bu keyfiyyətlər ona ən çətin anlarda siyasi iradə nümayiş etdirərək qısa müddət ərzində milli mənafelərin, dövlətçiliyin ifadəçisi kimi Azərbaycan xalqının və dövlətinin əleyhinə olan qüvvələrin qarşısında keçilməz sədd çəkməklə ölkədə ictimai-siyasi sabitliyin əsaslarını formalaşdırmağa və xarici siyasətlə bağlı taleyüklü məsələlərin həllində əhəmiyyətli irəliləyişlərə nail olmağa imkan vermişdir.

Dünya siyasətinin və mədəniyyətinin kamil bilicisi kimi yüksək intellekti, dərin ensiklopedik biliyi, analitik düşüncə tərzi ilə hər kəsi heyrətləndirən Heydər Əliyev təkcə Azərbaycan səviyyəsində deyil, qlobal miqyasda sözünün keçəri olan görkəmli mütəfəkkir və Tanrının siyasi fəhm kimi nadir keyfiyyətlə mükafatlandırdığı qüdrət sahibi olmuşdur. Qürurvericidir ki, dünyanın bir çox tanınmış siyasi xadimləri, dövlət rəhbərləri, elm və mədəniyyət nümayəndələri Heydər Əliyevi idarəetmədə səriştəli və təcrübəli dövlət xadimi kimi yüksək qiymətləndirir, ondan çox şey öyrəndiklərini etiraf edirlər. Dünyada siyasətlə məşğul olan insanlar çoxdur, lakin öz xalqının və dövlətinin şəksiz lideri və öndəri titulunu qazanmaq çox az sayda şəxslərə müyəssər olmuşdur. Bu mənada o, xalqımızın milli iftixarı, güvənc yerimiz və qürur duyduğumuz ən böyük azərbaycanlıdır.


Çağdaş Azərbaycanın uğurları Heydər Əliyev ideyalarının təntənəsidir


Heydər Əliyev xalqımızın əsrlər boyu qəlbində daşıdığı ən ümdə arzuları -Azərbaycanın əbədi müstəqil olması, qüdrətlənməsi, dirçəlişi və davamlı inkişafı yolunda bütün ömrünü sərf etdi, özünün möhtəşəm əsərini - memarı və qurucusu olduğu müstəqil Azərbaycanı etibarlı əllərə əmanət etdi.

Bu gün arzuları gerçəkliyə çevirməyi bacaran, həyat amalını hər zaman xalqın xidmətçisi olmaqda görən cənab

İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosıal-iqtisadi və mədəni həyatını əhatə edən bütün sahələrdə görülən işlər, insanların sabaha olan inamını daha da artıran uğurlu nəticələr həm də dahi Heydər Əliyevin ruhu qarşısında bir hesabatdır. Ulu öndərin müstəqil, dinamik inkişafının əsasını qoyduğu ölkəmizi Prezident İlham Əliyev ləyaqətlə, inamla, qətiyyətlə irəliyə aparır və özünün gərgin, məhsuldar fəaliyyəti ilə dövlətçiliyimizə, müstəqilliyimizə, ölkəmizin sosial-iqtisadi tərəqqisinə şərəflə xidmət edir.

Beləliklə, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz tarixi xidmətlər haqqında təhlil apararkən haqlı olaraq onun müstəqil, suveren, azad Azərbaycan dövlətini qurması faktı birmənalı şəkildə təsdiqlənir. Bu mənada xalqımızın onu müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu sayması üçün tam və tutarlı əsasların olması faktları inkaredilməzdir. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, sabitlik və tərəqqi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur. Həyatımızı əhatə edən tarixi gerçəkliyin qərarlaşması birbaşa Heydər Əliyevin fövqəladə xidmətlərinin nəticəsidir və bu xidmətlər kənarında Azərbaycanın müasir tarixi təsəvvür belə oluna bilməz. Vətənə, xalqa xidmət onun həyat məramı, ömür amalı olmuşdur.

Xoş amalları və əməlləri ilə qədirbilən xalqımızın tükənməz sevgisini qazanmış və bu günlərdə anadan olmasının 96-cı ildönümünü böyük təntənə ilə qeyd edəcəyimiz ulu öndərin adı tarixdə təkrarolunmaz siyasətçi, qüdrətli dövlət başçısı, əfsanəvi şəxsiyyət kimi qalacaq, parlaq xatirəsi yaddaşlarda əbədi yaşayacaqdır.

Bahar MURADOVA,

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM